Təmas xəttində Azərbaycan ordusu tam üstünlük əldə edib
Tarix: 08.08.2014 | Saat: 00:55:00 | E-mail | Çapa göndər


Ali Baş Komandan: “Necə ki, siyasi və iqtisadi meydanda ermənilərə qalib gəlmişik, döyüş meydanında da onlara qalib gəlməyə qadirik”

Ermənistan rəhbərliyinin ölkədə həyata keçirdiyi faşist siyasəti bu dövlətin varlığını ciddi şəkildə sual altında qoyub. Sərkisyanın faşist xuntası Ermənistanı korrupsioner klan tərəfindən idarə edilən müəssisəyə çevirib. Sadəcə cari ilin ilk altı ayı ərzində Ermənistanı 100 min nəfər tərk edib. Daha doğrusu tərk edənlərin 100 min nəfəri geri qayıtmayıb.
Azərbaycan torpaqlarını işğal altında saxlayan, müharibə vəziyyətində olan ölkə üçün bu çox ciddi siqnaldır. Əhalinin fəal təbəqələri, yəni əli iş, silah tuta bilən təbəqəsi kütləvi şəkildə Ermənistanı tərk edirlər. Artıq son illərdə əhalinin kütləvi şəkildə ölkəni tərk etməsi adi hala çevrilib. Belə davam edərsə, bir neçə ildən sonra işğalçı orduya cəlb etməyə çağırışçı tapılmayacaq. Ermənistanın iqtisadi vəziyyəti necədirsə, ordusunun da durumu buna adekvatdır. O qədər acınacaqlı vəziyyətdədirlər ki, bütün dünyanın gözü qarşısında keçirdikləri hərbi paradda Rusiyanın Gümrüdə olan hərbi hissəsinin texnikasından və əsgərlərindən istifadə etdilər. Ermənilər yaxşı bilirlər ki, heç bir sahədə Azərbaycanla rəqabət apara bilməzlər. Regionun siyasi-iqtisadi-mədəni mərkəzinə çevrilən Azərbaycan ordusu da düşmən ordusundan qat-qat güclü vəziyyətdədir. Heç bir sahədə Azərbaycanla rəqabət apara bilməyəcəyini yaxşı bilən Ermənistan müxtəlif yollara baş vuraraq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına mane olur. Əgər, bu gün regionda müharibə başlamayıbsa, bu, Azərbaycanın həyata keçirdiyi siyasətin nəticəsində mümkün olub. Ermənistan Azərbaycanın güclənməsini, ordusunu müasir silahlarla təmin etməsini yaxşı bilir. Ən azı keçirilən hərbi paradlarda Azərbaycan ordusunun nümayiş olunan hərbi potensialını Ermənistan da görüb. Prezident İlham Əliyev Ağdamdakı “N” saylı hərbi hissədə hərbçilərlə görüşündə bu reallıqları bir daha diqqətə çatdırıb: “Son vaxtlar həm Azərbaycanda müasir silah və texnika istehsal olunur, eyni zamanda, xarici mənbələrdən aldığımız avadanlıq, texnika, silah-sursat ən müasir standartlara cavab verir. Hava hücumuna qarşı ən müasir qurğular əldə edilibdir.

“Birinci İnformasiya”:
“Ermənistanın Azərbaycanla rəqabət aparması mümkünsüzdür, heç bir şansımız yoxdur və gec-tez bu müharibədə məğlub olacağıq. Biz bu müharibədə məğlubiyyətə məhkumuq”


Ordumuzda ən güclü artilleriya qurğuları vardır. Böyük dəqiqliyə və çox böyük dağıdıcı qüvvəyə malik olan raket sistemləri, döyüş və nəqliyyat helikopterləri, döyüş təyyarələri, zirehli texnika, tanklar - bütün bunlar bu gün Azərbaycan ordusunun potensialını təşkil edən amillərdir. Bu gün Azərbaycan ordusu Dağlıq Qarabağdakı istənilən obyekti məhv edə bilər. Bunu biz də bilirik, Azərbaycan xalqı da, düşmən də bilməlidir. Bu gün ancaq Azərbaycan dövlətinin siyasəti sayəsində bölgədə sabitlik hələ ki, təmin edilir. Azərbaycan sabitləşdirici ölkədir. Biz bu gün öz imkanlarımızı artıraraq daha da güclü orduya malik oluruq və bu ordu istənilən vaxtda, istənilən vəzifəni icra edə bilər”. Bu reallıqları yaxşı bilən Sərkisyan xuntası müharibə başlayacağı təqdirdə məğlub olacaqlarına əmindirlər. Buna görə də müxtəlif təxribatlara əl ataraq cəbhə xəttində vəziyyəti gərginləşdirərək bununla həm danışıqlar prosesinə mane olur, həm də beynəlxalq təşkilatlar qarşısında yalançı hay-küy qaldıraraq özlərini sığortalamağa çalışırlar. Mövcud status-kvonu qorumaq, danışıqlar prosesində irəliləyiş əldə olunmasının qarşısını almaq üçün cəbhə xəttində təxribatlar edərək atəşkəsi tez-tez pozurlar. Bu təxribatlar sırf daxili gərginliyi sakitləşdirməyə, diqqəti yayındırmağa və danışıqlar prosesinə mane olmağa hesablanıb. Amma bu sahədə uğursuzluğa düçar olublar. Belə ki, Azərbaycan dövlət başçısının qeyd etdiyi kimi erməni işğalçı qüvvələri qorxaqcasına, namərdcəsinə gecə vaxtı bizim mövqelərimizə hücum ediblər: “Biz itki vermişik, əsgərlərimiz şəhid olmuşlar. Allah bütün şəhidlərə rəhmət eləsin, onların ailələrinə, yaxınlarına səbir versin. Ancaq, eyni zamanda, düşmən layiqli cavab aldı. Həmişə olduğu kimi, erməni tərəfi öz itkilərini gizlədir. Ancaq biz bilirik ki, onlarla işğalçı məhv edilib”. Ali Baş Komandan deyib ki, bu gün təmas xəttində vəziyyət tam nəzarət altındadır. Bizim mövqelərimiz möhkəmdir, güclüdür və təmas xəttində Azərbaycan ordusu tam üstünlüyü əldə edib. Qeyd edək ki, Ermənistan rəhbərliyinin təxribatları onlara baha başa gəlib. Ciddi şəkildə itki verən işğalçılar hər vəchlə bunu gizlətməyə çalışırlar. Həqiqətlərin üzə çıxması Ermənistan cəmiyyətində yeni ciddi narazılıq dalğasının yaranmasına səbəb ola bilər. Onsuz da cəbhə xəttində olan son təxribatlardan sonra müharibə təhlükəsinin yaranması Ermənistanda ciddi təşviş, panika yaradıb. Ermənistan mətbuatında dərc edilən yazılardan da aydın görünür ki, yeni köç dalğası başlayıb. Ermənistan rəhbərliyi, ordusu, cəmiyyəti Azərbaycanın siyasi-iqtisadi-hərbi gücündən qorxduqları üçün isterikaya düşüblər. Azərbaycan Prezidenti Ağdamda əsgərlərlə keçirdiyi görüşdə də qeyd edib ki, bu gün ölkəmizin iqtisadi, siyasi potensialı Ermənistandan qat-qat artıqdır: “Son illər ordu quruculuğu sahəsində görülən işlər nəticəsində biz hərbi üstünlüyü də əldə etmişik və öz potensialımızı getdikcə daha da artıracağıq. Münaqişənin həlli yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində mümkündür. Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Tarixi, əzəli Azərbaycan torpağıdır. Beynəlxalq hüquq normaları bizim mövqeyimizi dəstəkləyir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyır.

“Ermənistandan isə son hadisələrdən sonra əhali kütləvi köçə başlamışdır. Onsuz da son illər ərzində Ermənistanı orta hesabla ildə 70-80 min vətəndaş həmişəlik tərk edirdi. Ancaq son günlər ərzində bu köç daha da güclü olmuşdur. Yəni onlar bizdən qorxurlar, panikadadırlar”

Biz heç vaxt Azərbaycan torpağında ikinci qondarma “erməni dövləti”nin yaradılmasına imkan verməyəcəyik, öz ərazi bütövlüyümüzü bərpa edəcəyik: ya sülh yolu ilə, ya hərbi yolla. Biz hər iki varianta hazırıq. Son həftə ərzində və ondan əvvəlki dövrdə təmas xəttində müşahidə olunan mənzərə onu deməyə əsas verir ki, biz istənilən varianta hazırıq. Necə ki, siyasi və iqtisadi meydanda ermənilərə qalib gəlmişik, döyüş meydanında da onlara qalib gəlməyə qadirik. Biz güclü hərbi potensiala malikik. Artıq bu, müxtəlif vaxtlarda nümayiş etdirilib. Hərbi təlimlərdə və paradlarda bizim texnikamız nümayiş etdirilir. Amma bizim ən böyük gücümüz əsgərlərimizin cəsarəti, vətənpərvərliyidir. Bu gün Azərbaycanda elə gözəl gənc nəsil yetişib ki, onların hamısı Ali Baş Komandanın əmrini gözləyir. Son hadisələr də bunu göstərir. Hətta hərb işindən kənarda olan insanlar da öz fikirlərini, istəklərini bildirirlər, könüllü olaraq cəbhə bölgəsinə getmək istəyirlər. Bu, məni çox sevindirir və onu göstərir ki, Azərbaycanda vətənpərvərlik ruhu yüksəkdir. Mənəvi üstünlük bizim tərəfimizdədir. Ermənistandan isə son hadisələrdən sonra əhali kütləvi köçə başlamışdır. Onsuz da son illər ərzində Ermənistanı orta hesabla ildə 70-80 min vətəndaş həmişəlik tərk edirdi. Ancaq son günlər ərzində bu köç daha da güclü olmuşdur. Yəni onlar bizdən qorxurlar, panikadadırlar. Özləri etiraf edirlər ki, xarici yardım olmadan Ermənistanın müstəqilliyini saxlaya bilməzlər. Açıq şəkildə etiraf edirlər ki, xarici qüvvələrə güvənirlər. Biz isə öz xalqımıza, öz gücümüzə güvənirik. Biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik və etməliyik”. “Birinci İnformasiya” saytının təqdim etdiyi məqalədə qeyd edilir ki, Ermənistan hazırda Azərbaycanla müharibə dövründə yaşayır. Müəllif yazır ki, Ermənistan özünün və Qarabağın təhlükəsizliyini təmin etmək üçün iqtisadi sahədə Azərbaycandan geri qalmamalıdır: “Biz varlanan Azərbaycandan geri qalmamalıyıq. Çünki iqtisadiyyatlarımız arasında yaranan ciddi fərqin siyasi nəticələri də olacaq. Amma bunu bizim hakimiyyət dərk etmir. Azərbaycan iqtisadi cəhətdən inkişaf edir. Biz isə Azərbaycana çatmaq üçün mədən qazır, meşələri qırır, ətraf mühiti çirkələndiririk. Azərbaycan isə dünyanın ən hündür binasını inşa edir, Xəzərin sahilində yeni şəhər salır, super müasir binalar inşa edir, insanı heyrətə salan digər layihələrə imza atır. İndi gedin neft və qazın yaratdığı bu var-dövlətə, inkişafa çatın görüm, necə çatacaqsınız. Aydındır ki, biz mədən qazma və ya istilikxana yaratmaqla bu inkişafa çata bilmərik. Məgər aydın deyilmi ki, bizim Azərbaycanla iqtisadi sahədə rəqabət aparmağımız mümkünsüzdür. Təkcə ona görə yox ki, bizim heç bir şansımızı yoxdur və gec-tez bu müharibədə məğlub olacağıq. Biz heç vaxt Azərbaycan kimi super müasir hündür binalar inşa edə bilmərik. Azərbaycana çatmaq, rəqabət aparmaq üçün ciddi şəkildə düşünməli, təhlillər aparmalıyıq. Ölkədən qaçmaq yox, rəqabətə necə dözmək barəsində düşünməliyik. Bu problemi biz dövlət, xalq, cəmiyyət olaraq həll etməliyik. Biz onsuz da rəqabət sayında Azərbaycana uduzuruq və həmişə geridən onları təqib etməyə məcbur oluruq. Heç olmasa potensialımız olan sahələrdə Azərbaycanla keyfiyyətli rəqabət aparmaq, arada olan ciddi fərqi azaltmaq haqqında düşünməliyik. Amma reallıqda nə baş verir? Bu gün Ermənistanda siyasi-iqtisadi-sosial-hüquqi sahələrdə qeyri-bərabərlik hökm sürür. Biz bu müharibədə ümidsiz məğlubiyyətə məhkum olmuşuq. Hakim sistem isə bu məğlubiyyət təhlükəsini müdafiə edir. Bu vəziyyət Ermənistanın və Qarabağın gələcək milli təhlükəsizliyi üçün ciddi təhdiddir”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Qəbələli fermerlər bu il 75 hektar sahədə tütün yetişdiriblər
26.09.2018
Müşfiq Cəfərov: Aprel şəhidləri gənclər üçün əsl qəhrəmanlıq məktəbinə çevrilib
25.09.2018
“ADEX-2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10146

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info