“Əmək müqaviləsinin qeydiyyatdan keçirilməməsi qanun pozuntusu kimi qarşılanacaq”
Tarix: 14.08.2014 | Saat: 18:18:00 | E-mail | Çapa göndər


Məlum olduğu kimi, Prezidentin 2014-cü il 3 fevral tarixli fərmanına əsasən, 2014-cü ilin 1 iyul tarixindən Azərbaycanın əmək münasibətləri sistemində yeni islahat tədbiri kimi, əmək müqaviləsi bildirişlərinin elektron informasiya sistemində qeydiyyatdan keçirilməsi prosesinə start verilib. Ötən müddətdə xeyli sayda əmək müqaviləsi bildirişlərinin sistemdə qeydiyyatdan keçirilməsi təmin olunub. Bununla belə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qeyd olunan bildirişlərin sistemdə qeydiyyatdan keçirilməsi prosesində fəallığın daha da artırılmasının vacibliyini, əmək müqaviləsi bildirişlərinin qeydiyyatdan keçirilməməsinin qanunvericiliyin pozulması halı kimi qiymətləndiriləcəyini diqqətə çatdırır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işəgötürənlərin nəzərinə çatdırır ki, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 27 dekabr 2013-cü il tarixli 875-IVQD nömrəli qanunu əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin yaradılmasının hüquqi əsasını müəyyən edib, Əmək Məcəlləsinin 12-ci maddəsinə edilən dəyişiklikliyə əsasən isə əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmək işəgötürənlərin vəzifələrinə aid edilib. Məcəllənin 49.1-ci maddəsinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi, bununla bağlı elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Dəyişikliklərə əsasən, təşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq bütün işəgötürənlər (Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində nəzərdə tutulan dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri istisna olmaqla) əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişini elektron informasiya sistemində qeydiyyatdan keçirməlidirlər. Elektron informasiya sisteminə daxil edilməsi istisna edilən əmək müqavilələri Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2014-cü il tarixli 206 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlanıldıqda yaranan vəzifələrin (peşələrin) Siyahısı”na əsasən müəyyən edilir.
Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar” təsdiq edilib. Əmək Məcəlləsinin 3-cü maddəsinə edilmiş dəyişikliyə əsasən, əmək müqaviləsi bildirişi əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin sistemə daxil edilən elektron sənəddir. Qeyd edilən Qaydalara əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənlər və ya onların səlahiyyət verdiyi şəxslər gücləndirilmiş elektron imzaya malik olmalıdırlar.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi “Elektron hökumət” portalında (www.e-gov.az) yerləşdirilərək 2014-cü il 1 iyul tarixindən istifadəyə verilməklə yanaşı, sistemdən istifadə olunması ilə bağlı metodiki göstərişlər və sistemdən istifadəyə dair müvafiq yardımçı materiallar Nazirliyin rəsmi internet saytında (www.mlspp.gov.az) yerləşdirilib.
Nazirlik bildirir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan üç min manatadək, vəzifəli şəxslər üç min manatdan beş min manatadək, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir. Bu Məcəllənin 53.1-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.
Cinayət Məcəlləsinin 162-1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər təkrar törədildikdə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Bu maddədə “xeyli sayda” dedikdə, on nəfər və ondan çox olan işçinin sayı nəzərdə tutulur. Eyni zamanda, Azərbaycan Respublikasının Vergilər Məcəlləsinin 58.10-cu maddəsinə əsasən, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
Göstərilənlər nəzərə alınaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində edilən müvafiq dəyişikliklərin tələbləri ilə işəgötürənlərdən onların üzərinizə qoyulan öhdəliklərin icrası tələb olunur. Bu sahədə işəgötürənlərə əməli köməklik göstərilməsi məqsədi ilə regionlar üzrə Dövlət Əmək Müfəttişliklərində “Yardımçı masaları” və işçi qrupları yaradılmışdır. Eyni zamanda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 – “Çağrı mərkəzi” əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi ilə bağlı məlumatlandırma funksiyalarını gücləndirmişdir. İşəgötürənlər əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi ilə bağlı www.e-gov.az və www.mlspp.gov.az portallarına, habelə 142-“Çağrı mərkəzi”nə müraciət edə bilərlər.

İlkin




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Bakcell” “ASAN Məktub”dan təşəkkürnamə alıb
21.11.2018
Türkcə “Vikipediya”da Azərbaycanla bağlı məqalələrin yaradılması prosesi sürətlənir
21.11.2018
Sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi istiqamətində görülən tədbirlər müzakirə edilib
21.11.2018
Bakıda Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu işə başlayıb
21.11.2018
YAP-ın yaranmasının 26 illiyi ilə əlaqədar Pirallahıda tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info