Müasir dövrdə təbliğ olunan əxlaq anlayışı barədə
Tarix: 18.08.2014 | Saat: 20:12:00 | E-mail | Çapa göndər


XİX əsrdən etibarən Qərbdə tam təşəkkül edən və müasir dövrdə olduqca dəbdə olan bir düşüncə cərəyanı demək olar ki, bütün dünyanı öz təsiri altına alıb. Bu düşüncə və anlayışın əsasında dayanan ana fikir odur ki, insan bir fərd olaraq hər şeyə qadirdir və o, öz qüdrətindən yalnız tam müstəqil və azad olduqda istifadə edə bilər. İnsanın belə bir mühit və cəmiyyətdə yaşamasına imkan və şərait yaradılmırsa, onda insanların əslində fərd olaraq öz potensial inkişaf səviyyəsini əldə etmələrinə də maneə yaradılmış olar. Bu da son nəticədə əslində insanlardan təşkil olunan cəmiyyətin inkişafına da maneə yaratmaq deməkdir.
Bu anlayışa görə, insan həqiqətən hər şeyə qadirdir. Bu fikir qarşısında təbii olaraq "amma insan nəyin sayəsində hər şeyə qadirdir?" sualı yaranır. Bu suala verilən cavab da çox sadədir: ağlın sayəsində! Bu dəfə belə bir sual yaranır ki, yaxşı onda bu ağıl insanda necə yaran(ır)ıb və nəyə əsaslanır? Bu son sual da ümumi olaraq təxminən belə cavablandırılır: heç nəyə, fiziki (maddi) hadisələr nəticəsində öz-özunə formalaşıb, yəni öz-özunə baş vərən şüursuz fiziki hadisə və prosessler haqqında formalaşan ümumi məlumatlar ağlı əmələ gətirib. Beləliklə, bu anlayışa görə ağıl: ilahi əslinə bağlı deyildir, o, öz-özlüyündən olandır. Bu ağla sahib olan insan da heç bir şeyə ehtiyacı olmayan, hər şeyə də qadir olan bir bioloji varlıqdır. Bir bioloji varlıq olaraq insan, öz ağlı sayəsində hər şeyi özünə təmin edə bilən, hər şeyə qadir olan və hər kəsə qarşı müstəqil, azad və muxtar bir varlıqdır.
Müasir dövrdə insana birbaşa və dolaylı psixoloji təsir göstərə bilən bütün təsir vasitələri ilə təlqin edilən bu anlayışa görə, insanın tam azad və müstəqil olması demək, insanın özünə heç bir sərhəd qoymadan, öz hərəkət və həyat tərzində sırf öz istək və arzularına görə sərbəstcə seçim etməsi və edə bilməsi deməkdir. Bu düşüncə tərzinə görə, məhz belə bir azadlığa sahib olduğu təqdirdə insan, özünün hər şeyə qadir olduğunu həm göstərə bilir, həm də bu qüdrətdən istifadə edə bilir. Buna görə də insanın düşüncə və həyat tərzinə qoyulan hər cür maneələr, insanlığın ən böyük problemidir. Qısacası, insanın özünə heç bir sərhəd qoymadan, öz həyat tərzi və davranışlarında sırf öz istək və arzularına görə hərəkət edə bilməsinə qoyulan maneələr, əslində insanlığın inkişafına qarşı qoyulan maneələr deməkdir. Bu səbəblə də insana tam müstəqil və azad olması üçün hər cürə şərait yaradılmalı və bu həyatda hər bir məsələyə də məhz bu meyardan yanaşılmalıdır. Belə bir yanaşmanın məntiqi nəticəsi olaraq da insanın öz əxlaqi həyatı haqqında da ancaq özü qərar verə bilər, kənardan hər hansı bir yardımçıya və ya yol göstərənə əsla ehtiyacı yoxdur. Əxlaq, vicdan, namus, ləyaqət və s. bu kimi məfhumlar da əslində süni anlayışlardır: Bunlar sırf müəyyən bir yanaşma tərzinin təkrarlanmasi ilə bağlı olaraq əmələ gələn anlayışlardır. Əxlaq ən geniş mənada ehtiva etdiyi dəyərlər (vicdan, namus, ləyaqət və s.) baxımından əslində süni bir layihədir (proyektdir), çünki insanin təbiətindən irəli gəlmir. Buna ən bariz bir sübut kimi də əxlaq anlayışının özünün dəyişkən olması göstərilir. Həmçinin məna da onun kimidir, yəni əslində məna da yoxdur, sadəcə olaraq insanlar təkrar edilen müəyyən bir yanaşma tərzi ilə özlərindən süni olaraq bunu qəbullənirlər. Beləliklə, kökundə bütün əxlaqi dəyərləri və mənanı faktiki olaraq dəyərsizləşdirən, onu insanın insanlıgının inkişafindakı rolunu inkar edən bu düşüncə tərzinin nəticəsi olaraq insan getdikcə daha çox fironlaşdırılmış ağıl və psixologiya üzərində kökləşmiş bir bioloji varliq olaraq formalaşmağa başlayıb.
Sırf fiziki hadisə və proseslərə dair maddi məlumatlar nəticəsində formalaşdığı zənn edilən ağlın sayəsində hər şeyə qadir olan və heç nəyə möhtac olmayan insan və ya insanlara gündəlik həyatımızda rast gəlmirik və rast gələ də bilmərik. Yəni maddi məlumatlar nəticəsində öz-özlüyündən formalaşan ağlın sayəsində "hər şeyə qadır olan və heç nəyə möhtac olmayan insan" anlayışı, sırf aydın olmayan və idrak süzgəcindən keçməsi mümkün olmayan süni bir illuziyadır, yəni əslində çox böyük yalanlar nəticəsində meydana gətirilmiş olan bariz aldadıcı bir hissdir. Yəni belə bir insan anlayışı faktiki olaraq əslində elə ən əvvəl insanın daşıdığı ağlın özünə kökündən ziddir. Çünki hamı köməyə, yardıma (başqa insanlara, sağlamlığı əldə etməyə, maddi imkana və s.) ehtiyacı olduğunu bütün həyatı boyunca həmişə hiss edir və bütün ömrü boyunca, istəsə də istəməsə də bu hisslərlə yaşayır.
"İnsan" sözü, kökundə ünsiyyətdə olan varlıq mənasından gəlir. "Dağ dağa möhtac olmaz, amma insan insana möhtac olar" sözü həyatın reallıqlarından süzülüb gələn aşkar bir həqiqətdir. İnsan bir başqasına möhtac isə, demək ki, hər şeyə qadir deyil və təkbaşına muxtar da deyil. Halbuki, təkbaşına var ola bilmək, özu-özunə yetərli ola bilmək müasir dövrdə təlqin olunan bu düşüncə tərzinə görə əslində insanın başlıca xüsusiyyətidir. Həqiqətdə belə bir insan olmadığına və ola bilmədiyinə görə, bu boşluq, süni olaraq, insanın belə bir iddia ilə yaşamasının lazım gəldiyi fikrinin təlqin edilməsi surətilə doldurulmağa çalışılır. Başqa sözlə, hamının öz həyatında qaçılmaz olaraq düçar olduğu qəzəb, üzüntü, arzu, çarəsizlik və s. bu kimi faktiki yaşanan hisslərin təsirindən insanları uzaqlaşdırmaq, onların diqqətini reallıqlardan yayındırmaq üçün ağla-xəyala gəlməyən hər cürə əyləncə, oyun və şou proqramlarından istifadə olunur. Yəni əslində sözdə insan "tam azad və müstəqil olmalıdır ki, o hər şeyə qadir ola bilsin" deyildiyi halda, faktiki olaraq insanlar kütləvi şəkildə ağla əsaslanan bir həyat tərzi ilə deyil, tamamilə bədəni hisslərinin təsiri ilə hərəkət edən, təbliğat və əyləncələr vasitəsilə ilə reallıqları nəzərə almaq istəməyən və nəticədə reallıqları başa düşməyən bioloji varlıqlar şəklində bir həyat tərzi sürməyə sövq edilirlər.
Həqiqətdə insan, təbiəti etibarı ilə (fitri olaraq) bir şeyə bağlanmağa meyilli və məcbur olduğuna görə, bu anlayışin təsirində qalan insanın bağlanacağı şey, qaçılmaz bir şəkildə maddi iştah və həvəsləri olur. Belə olan halda "bədən" insanın həyat və davranış tərzində ən əsas meyar olaraq ali mərkəzi dəyər halına gəlir. Yəni insanın xarakteri, əxlaqı, onun davranışlarına dair qəbul və qadağalarla bağlı qayda və anlayışlar bütövlükdə "bədən" meyarı əsasında təşəkkül tapmağa başlayıb. Başqa sözlə, insan həyatının mənası, faktitki olaraq bədənin zövq və ləzzətləri, yəni maddi həzzlərində görülməkdədir. Bütün bunlar, tərənnüm edilən ağlı, tamamilə bədən mərkəzli həvəs və istəklərinə xidmət edən bir vasitə halına gətirib. Bu səbəblə də kütlələr halında insanlar öz ağılları sayəsində özünə hər şeyi təmin edə bilən və hər şeyə qadir olan varlıqlar şəklində deyil, hər hansı canlılar kimi şərti refleksləri ilə, daha dəqiq desək, tamamilə bədən mərkəzli həvəs və maddi maraqlarına görə hərəkət edən varlıqlar şəklində, yəni əslində ağılsız varlıqlar və bəlkə də ən ağılsız varlıqlar şəklində ömürlərini keçirirlər. Belə bir mühitdə bu anlayış çərçivəsində formalaşan insan üçün tək dəyər onun şəxsi istək və həzləridir, başqa heç nə.! Bütün bunların nəticəsində insanların həyat tərzində "günahlar" da "insan azadlığı və hüquqları" kimi təqdim edilirək qəbul edilir və bu günahlar toxunulmaz, məhdudlaşdırılmaz "ali bir dəyər" halına gətirilir. Bu prosesin ən diqqətçəkən xüsusiyyətlərindən biri də günah işləmə azadlığının əhatəsinin getdikcə daha da sürətlə artan bir böyümə xüsusiyyətinə malik olmasıdır. Bu anlayış çərçivəsində formalaşan insanların valideynleri qocaldıqda, onlar bu valideynlərinə qarşı çox biganə qalırlar. Həmçinin, bu anlayış çərçivəsində formlaşan valideynlər də uşaqları yetkinlik yaşına catdiqdan sonra uşaqlarına qarşı “artıq onlar müstəqil insanlardır, öz həyatlarını özləri qazanmalı və müəyyən etməlidir” deyib, uşaqlarını həyat mübarizəsində və həyat tərzində yalnız qoyurlar. Bu şəkildə köməksiz və yalnız qoyulan yeni yetkinlik yaşına çatmış insanlar isə həyat imtahanına qarşı çox vaxt olduqca hazırlıqsız bir vəziyyətdə olurlar. Çünki bunlar uşaqlıq dövrlərini də onsuz da yuxarıda təsvir edilmiş düşüncə tərzindəki valideynlerinin yanında və bu anlayışa sahib olan cəmiyyətin içərisində keçiriblər və “tərbiyələri” də buna görə formalaşıb. Nəticədə, hər kəs heç kimdən asılı olmadan, heç bir məcburi bir mənəvi anlayış ilə özünü bağlamadan öz müstəqil həyatını yaşamağa və qazanmağa çalışır. Bunun nəticəsində də insanlar başqalarına qarşı laqeyd və mərhəmətsiz olur, sadəcə öz peşəkar iş fəaliyyətlərində öz həyatlarını qazanma mülahizəsi ilə üst-üstə düşdüyü nisbətdə başqaları ilə maraqlanırlar. İnsanlar getdikcə daha mərhəmətsiz bir şəkildə bir-birilərinə qarşı yalnız maddi mənfəət nöqteyi-nəzərindən münasibət bəsləyirlər. Bu cür ruhi-psixoloji vəziyyət mərhəmət və ülviliklə bağlı hər şeyə, o cümlədən ailə münasibətlərinə də kökündən dağıdıcı bir təsir göstərir. Bütün bunların nəticəsində, ailə üzvləri arasında yadlaşma prosesi başladığı kimi, valideynlər də yaşlandıqca övladları baxımından tamamilə yadlaşır və faktiki olaraq tərk edilirlər. Təsadüfi deyil ki, bu düşüncə tərzinin daha dərin bir şəkildə kök saldığı cəmiyyətlərdə ailə məfhumu gaçınılmaz bir səkildə əriməyə başlayıb. Hətta rəsmi nikah olmadan müvəqqəti olaraq faktiki nikah şəklindəki bir həyat tərzi getdikcə daha geniş bir şəkildə vüsət alır. Nəticədə, hər kəs müstəqil, sərbəst və azad, heç kimdən və heç nədən asılı olmayan bir insan olmağa çalışarkən, hamı yalnız və etimadsızlıq hissləri içərisində kimsəsizliyə düçar olmaqda və bədbəxtlik hissləri içərisində yaşamağa məhkum qalmaqdadır. Məhz bu reallıqdan insanların ağlını uzaqlaşdırmaq üçün ağla-xəyala gəlməyən min cür əyləncə və tədbirlər ilə sistematik olaraq insanların başları qatılır.
Belə olan halda insanların tək hamisi, tək sığınacağı dövlətdir: qocalanda ona təqaüd pulu və qocalar evi təmin edən (Və ya öz evində olsa belə bu cür yaşlılara qulluq edən xüsusi dövlət təşkilatları vasitəsilə bu təşkilatda işləyən şəxslər onlara müəyyən vaxtlarda baş çəkirlər), müxtəlif sosial müavinətlər ilə qayğı göstərən tək etibarlı şey dövlət olur. Uşaqlar, valideynləri olmayanda və ya onları tərk edəndə onları yenə də himayə edən dövlətdir... Qədim yunan şəhər-dövlətlərində də yurtdaşın şəhər dövlətindən kənarda qalması, onun insan olmaqdan çıxması və dəyəsiz bir əşya halına gəlməsi demək idi. Ancaq bu danılmaz bir həqiqətdir ki, yetimlər evində işləyənlər, uşaqlara qarşı heç vaxt o uşaqların öz valideynləri və doğmaları kimi münasibət bəsləyə bilməzlər, o qayğı və şəfqəti onlar qədər vərə bilməz, onu hiss etdirə bilməzlər. Nəticədə, uşaqlar bundan məhrum qalırlar! Qocalar heç vaxt başqalarının yanında olanda, öz övlad və nəvələrinin ya da əzizlərinin yanında olduğu qədər özlərini rahat və xoşbəxt hiss edə bilməzlər. Hətta “müstəqil və hər şeyə qadir olan bu insan” nəyəsə (iş, karyera və ya vəzifəyə), ya da kiməsə (öz doğma və yaxınlarına) bağlanmış (nə qədər qarşısı alınmaq istənsə də insanın təbiətində belə bir bağlanma xüsusiyyəti var!) olsa belə, bu bağlandıqlarını itirdiklərində, onlara həqiqi təsəlli olacaqları heç nələri olmaz. Beləliklə, bu müasir liberal düşüncə, nəticədə insanları bədbəxt edir, amma onlara bu bədbəxtliklərini unutdurmaq və bu bədbəxtliklərini unuda bilmələri üçün süni əyləncə və fantaziyalar ilə onların başlarını qatır və ağlanacaq hallarına onları güldürməyə çalışır. Bəs onda niyə belə bir düşüncə müasir dövrdə ən rəvacdadır? Niyə müasir dövrdə birbaşa və ya dolaylı olaraq bu anlayış insanların şüuruna ən amansız bir səkildə dərindən dərinə yeridilir?! Bunun həddindən artıq çox səbəbləri var, amma burada sadəcə ikisini qeyd etməklə kifayətlənmək məcburiyyətindəyik: 1-insanın ağlı, öz əsl kökündən uzaqlaşdırıldığı üçün, onun (insanın) ağlı faktiki olaraq bu məhrumiyyət(lər)i başa düşə bilmir, tam əksinə, onu bu məhrumiyyətə səbəb olan amilləri və əsl reallıqları düşünməməyə sövq edir; 2- yer üzündə gücü ələ keçirmiş olan qüvvələr, bu cür bir ruhi-psixoloji vəziyyətdə olan insan yığınlarını daha rahat idarə edə bilirlər və onları öz məqsədləri istiqamətində daha rahat bir şəkildə istifadə edə bilirlər.
Son qeydlər: Bu həyatda hər bir insanın özünə təmin edə biləcəyi bütün faydalar (xeyirlər), ondan (insandan) o xeyirlərin faydalılıq dərəcəsinə mütənasib olaraq çətinliklər və zəhmətlər tələb edir. İnsanın özünə olan bütün zərərli işləri isə, çox asan və əksər hallarda da ləzzətlidir, amma nəticəsi acı və izdirablıdır.
İnsanlar nə vaxt xoşbəxt ola bilərlər və niyə xoşbəxt deyillər? Cavab: insanlar öz xeyirlərini həqiqətdə bilsəydilər və bunu əldə etməyə çalışsaydılar, bu xeyirlərin çoxunu əldə edərdilər və hamısı da həqiqətdə xoşbəxt olarlardı. Halbuki, insanlar çox vaxt, fərqinə varmadan, öz xeyirlərinə qarşı mübarizə aparırlar və buna görə də həqiqi xeyirlərdən və həqiqi xoşbəxtliklərindən məhrum qalırlar..!

Süleyman Əbdürrəhmanlı




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info