Aytən Haqverdiyeva: “Hər tətildə Bakıya gələndə Vətənimizi bir başqa cür görürük”
Tarix: 18.08.2014 | Saat: 23:25:00 | E-mail | Çapa göndər


Xaricdə təhsil alan gənclərlə bağlı layihəmiz çərçivəsində növbəti müsahibimiz Türkiyənin Adnan Menderes adına Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin 3-cü kurs tələbəsi Aytən
Haqverdiyevadır:


-Mən 3 may 1993-cü ildə Bakıda anadan olmuşam. Orta təhsilimə 158 saylı orta məktəbdə başlamışam. Çoxdan Türkiyədə oxumaq istəyim olduğu üçün ali təhsilimi orada almağa qərar verdim. Burada imtahana girərək topladığım bal nəticəsində Türkiyənin Adnan Menderes Universitetində Beynəlxalq münasibətlər ixtisasına qəbul oldum. Hazırda 3-cü kurs tələbəsiyəm. İxtisasımla bağlı onu deyə bilərəm ki, bizə beynəlxalq münasibətlərdə, beynəlxalq sistemdə dövlətlərin bir-birilə, eləcə də beynəlxalq hökumətlərarası təşkilatlar və digər qeyri-dövlət təşkilatları ilə münasibətləri öyrədilir. Sosioloji baxımdan da bizə bilik verir. Bu ixtisas üzrə biz öz ölkəmiz və basqa ölkələr haqqında biliklər əldə edirik. Bizlərə peşəkar vərdişlər öyrədir: danışıqlar aparmaq vərdişi öz ölkəmizi xaricdə ən gözəl şəkildə təqdim edə bilməyi öyrədir. Ən önəmlisi odur ki, intellektual maraqlılıq daim yeniliyi öyrənməyə can atmaq bacarığımızı ortaya çıxarır.
- Beynəlxalq münasibətlər ixtisasına adətən oğlanlar daha çox maraq göstərirlər. Sizin üçün bu ixtisası seçmək çətin deyilmi?
- Mən bu ixtisası seçmişəm. Ancaq bu o demək deyil ki, bu ixtisas üzrə ancaq oğlanlar təhsil ala bilər. Əlbəttə, qızlar da bu ixtisası seçib, bu ixtisas üzrə elmi biliklərə sahib ola bilər. Onlardan biri də mənəm. İstərdim ki, gələcəkdə ixtisasımı gözəl şəkildə bitirib diplomat olub, dövlətimi başqa dövlətlərdə təmsil edə bilim. Bu ixtisası seçməkdə heç də peşman deyiləm.
- Ümumiyyətlə, ölkələrimiz arasında təhsil sistemində hansı oxşar və fərqli cəhətləri görürsünüz?
- Öncə ölkələrimiz arasında təhsil sisteminin fərqli cəhətlərindən danışaq. Məsələn, Türkiyədə orta təhsil müddəti 12 ildir. Bizdə isə məlum olduğu kimi, 11 ildir. Yəni burdan belə bir nəticəyə gəlmək olar ki, orada verilən təhsil daha uzun müddətli olduğu üçün şagirdlər tərəfindən daha yaxşı mənimsənilir və proqramlar daha geniş imkanlarla verilir. Sözügedən təhsil müddəti eyni zamanda orta təhsil biliklərinin daha dərindən öyrənilməsinə səbəb olur.
Yəni göründüyü kimi, təhsil sistemi elə orta ümumtəhsil müəssisələrindən başlayaraq universitet səviyyəsinə qədər olan dövrdə Türkiyədə təhsil alan gənclərin universitetlərə daha hazırlıqlı və həqiqi təhsil almalarıyla müşayiət olunur. Bu təhsil bacarıqlı və uğura can atan gənclərin daha yaxşı formalaşmasında önəmli rol oynayır. Universitet təhsil-tədrisinə gəlincə, onu da deyə bilərəm ki, Türkiyə ali təhsil sistemi ən müasir standartlara uyğun olaraq təhsildə keyfiyyətə üstünlük prinsipinə görə aparılır. Buradan belə bir nəticəyə gəlmək olar ki, Türkiyə ali təhsil sistemi orada təhsil alan istər yerli, istərsə də xarici tələbələr üçün əla imkanlara sahib təhsil müəssisələrində həqiqi və keyfiyyətli təhsil almaq imkanlarını hər zaman pozitiv yöndə artırmaqdadır. Eləcə də Türkiyə inkişaf etməkdə olan ölkə kimi təhsil sisteminin də ən son texnologiyalarla tədrisdə innovasiyaların tətbiq olunması yönündə də önəmli addımlar atıb. Son illərdə azərbaycanlı gənclərin xüsusilə Türkiyədə təhsil almaq istəmələri təhsilin həqiqi və keyfiyyətli olmasıyla bilavasitə əlaqədardır. Bundan başqa, Türkiyədə təhsil sistemində məqsəd tələbələrə sadəcə diplom vermək deyil, ən üst səviyyədə onlara bilik verməkdir.
- Orada təshil alan azərbaycanlı tələbələrlə əlaqələriniz necədir?
- Ümumiyyətlə, universitetimizdə çox sayda azərbaycanlı tələbələr təhsil alır. Demək olar ki, hər kəs orada bir-birini tanıyır. Bir yerdə çox vaxt keçirirlər. Onu deyə bilərəm ki, bizim sayımız orada çoxdur. Bir yerdə toplaşaraq bir-birimizə yardım, köməklik edirik, dərslərimizdə bir-birimizə yardımçı oluruq. Azərbaycanlı tələbə olaraq orada ölkəmizin tanıdılması istiqamətində azərbaycanlı tələbələrimizlə birlikdə iki dəfə Azərbaycan gecəsi keçirmişik. Bu gecədə Azərbaycanın tanıtımı olub. Hətta biz azərbaycanlı qızlar olaraq milli şirniyyatlarımızdan hazırlamışıq və deyə bilərəm ki, bu tədbirimiz çox uğurlu nəticələndi. Bundan başqa bizim bir neçə dəfə Xocalı faciəsinə aid tədbirlərimiz olub. Bundan başqa orada fəaliyyət göstərən diaspor təşkilatlarımız tərəfindən təşkil olunan bir çox tədbirlərdə də iştirak edirəm. İzmirdə keçirilən Azərbaycan sərgisində olmuşam. Universitetimizdə keçirilən bir çox tədbirlərə qatılmışam. Ən önəmlisi “Zəngin Azərbaycan uğrunda mübarizə” İctimai Birliyinin və AZEDER-in təmsilçisiyəm. Bu təşkilat artıq Türkiyədə bir ildir fəaliyyət göstərir və bir çox nailiyyətlər əldə edib.
-Dövlətimiz gənclərin xaricdə təhsil alması üçün imkanlar yaradır. Siz bu gün dövlətin gənclər siyasəti, onlara göstərilən diqqət və qayğı ilə bağlı nə deyərdiniz?
- Öncə onu deyim ki, son illər xaricdə təhsil alan gənclərin sayı artıb. Dövlət də onlara dəstək göstərir. Xaricdə təhsillə bağlı dövlət proqramı bunun bariz nümunəsidir. İndiki zamanda dövlətimiz tələbələr üçün hər bir imkan yaradır. Bəzi tələbələrimizə maddi yardımla da dəstək verdiklərini deyə bilərik. Azərbaycan hökuməti xaricdə oxuyan tələbələrimizə diqqət və qayğı göstərir və biz bu qayğını hər zaman hiss edirik.
-Gənclərimiz xaricdə təhsil almaqla hansı üstünlüklər əldə edirlər?
- Öncə onu deyə bilərəm ki, xaricdə təhsil almaqla o ölkənin tarixini, mədəniyyətini, dilini, siyasətini daha yaxşı öyrənirik. Eyni zamanda ədəbiyyatını, yazıçılarını, şairlərini tanımaq şansımız yaranır. Sonra təhsil sistemində çox şey öyrənmək şansımız var. İqtisadiyyat üzrə biliklərimiz artır. Öz ölkəmizi orada tanıtmaq imkanı olur. Ən önəmlisi - bilikli kadr olaraq geri dönürük və bunlar Vətənimizə çox şey qazandırır.
- Gələcəkdə təhsilinizi davam etdirmək niyyətiniz varmı? Çalışmaq üçün hansı ölkəni seçmək fikrindəsiniz? Ümumiyyətlə, gələcək planlarınız barədə nə deyərdiniz?
- Əgər bu ixtisas üzrə davam etmək istəyirəmsə, əlbəttə ki, təhsilimi də davam etdirmək niyyətindəyəm. Öncə təhsilimi gözəl bir şəkildə bitirmək niyyətindəyəm və bunun davamı olaraq magistr təhsili almaq istəyirəm. Beynəlxalq münasibətlər üçün bir neçə xarici dilə sahib olmaq lazımdır və mən bu istiqamət üzrə özümü təkmilləşdirməyə çalışıram. İş sahəmdə Fransada dövlətimi təmsil etmək istərdim. Planlar əlbəttə ki, çoxdur. Amma ən önəmlisi öz ixtisasım üzrə irəliləməkdir və gələcəyin diplomatı olmaqdır.
-Boş vaxtlarınızda nə ilə məşğul olursunuz?
- Boş zamanlarımda daha çox kitab oxuyuram. İmkan olduğu halda tarixi yerləri gəzirəm. Necə deyərlər, çox oxuyan deyil, çox gəzən çox bilər. Həqiqətən də onu deyə bilərəm ki, gəzmək insana çox şey öyrədir.
Dostlarımla sıx münasibətdə oluram. Sosial şəbəkələrdən istifadə edib məlumatlar əldə edirəm.
- Hazırda yay tətili ilə bağlı Bakıdasınız. Ötən müddətdə paytaxtda hansı dəyişikliklərin şahidi olmusunuz?
- Mən demək olar ki, təhsilimlə bağlı olaraq 3 ildir ki, öz doğma Vətənimdə ola bilmirəm. Hər tətildə Bakıya gəldiyimiz zaman Vətənimizi bir başqa cür görürük. Onu deyə bilərəm ki, Bakı həqiqətən günü-gündən gözəlləşir, inkişaf edir. Öz uğurları və nəticələri ilə diğər ölkələrdən geri qalmır. Bu da bizi sevindirir. İnsanlar üçün lazımi şəraitlər, parklar, istirahət və əyləncə mərkəzləri salınır. Hətta Bakımıza kiçik Nyu-York adını belə verə bilərik. Bakı öz gözəlliyi ilə fərqlənir.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir
08.11.2018
“Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10469

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info