“Küveytdəki azərbaycanlılar hamısı bir ailə kimidir”
Tarix: 21.08.2014 | Saat: 19:38:00 | E-mail | Çapa göndər


Könül Hacızadə: “Küveytlilərin Azərbaycanla bağlı iqtisadi və turizm maraqları da var”

Küveytdə yeganə milli diaspor təşkilatımız olan Vətənsevər Azərbaycan-Küveyt Dostluq Cəmiyyəti aktiv fəaliyyət göstər. Cəmiyyətin gördüyü işlər və həyata keçirdiyi layihələr, tədbirlər nəticəsində Küveyt ictimaiyyətinə Azərbaycan həqiqətləri, eləcə də Dağlıq Qarabağ münaqişəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı həyata keçirdiyi soyqırımları barədə ətraflı məlumat verilir. “Vətənsevər”in sədri Könül Hacızadə hazırda ölkəmizdədir. Onunla görüşüb bu haqda daha ətraflı məlumat aldıq. Xatırladaq ki, K.Hacızadə ailə həyatı qurması ilə əlaqədar 12 ildir ki, Küveytdə yaşayır. Həyat yoldaşı Bədi Haşim Əli Küveyt vətəndaşıdır. Amma buna baxmayaraq, Bədi Haşim Əli də diaspor işində Könül xanıma əlindən gələn köməkliyi göstərir.
- Könül xanım, Küveytdə təxminən nə qədər azərbaycanlı yaşayır?
- Mən Küveytə təzə gedən vaxtlarda orada azərbaycanlılar çox az idi. O vaxt Küveytdə heç səfirlik də yox idi. Ancaq 2004-cü ilin sonlarında Küveytdə Azərbaycan səfirliyi açıldı. İndi Allaha şükür, çox da demək olmaz, amma ümumilikdə 100 nəfərə yaxın olar.
- Diaspor təşkilatı yaratmaq hansı zərurətdən meydana çıxdı?
- Hələ Küveytdə diaspor yaranmamışdan əvvəl də biz özfəaliyyət olaraq, həyat yoldaşımla bərabər tədbirlər keçirirdik. Sonra bu işimizi ictimai olaraq daha da aktivləşdirib, müxtəlif tədbirlər təşkil etdik. Beləliklə, Novruz bayramı tədbirlərinin birində bu təşkilatı yaratmaq təşəbbüsü meydana gəldi. Mən daha çox bu işdə fəal olduğuma görə təşkilata sədrlik etmək mənə təklif olundu. Təşkilatın adını isə mən irəli sürdüm və bəyənilərək qəbul olundu. Artıq fəaliyyətimizi Vətənsevər Azərbaycan-Küveyt Dostluq Cəmiyyəti olaraq davam etdiririk. Təşkilatın rəsmi təqdimat mərasiminə dövlət nümayəndələri, o cümlədən yerli xalqdan qonaqlar da dəvət edildi. Eyni zamanda Azərbaycanla bağlı fotostendlər quruldu və film nümayiş olundu.
- Təşkilat olaraq indiyə qədər hansı tədbirlər keçirmisiniz?
- Təşkilatdan əlavə biz Küveytdəki soydaşlarımızın Azərbaycan bayrağı altında toplanmasına nail olmuşuq. Tədbirlərə gəlincə, Küveytdəki Azərbaycan səfirliyi ilə birgə Novruz bayramını, həmçinin 28 May Respublika Gününü qeyd etmişik. Küveytdə Azərbaycan Mədəniyyət Günləri oldu. Bu tədbir eyni zamanda ulu öndər Heydər Əliyevin anadan olmasının ildönümü ilə üst-üstə düşdü. Biz bunu çox təmtəraqlı şəkildə qeyd etdik. Əl-Küveyt şəhərinin “Dasma” adına mərkəzi sərgi və konsert kompleksində təşkil olunan mədəniyyət günlərində Azərbaycanın füsunkar təbiəti, zəngin tarixi mirası, iqtisadi inkişafını özündə əks etdirən fotosərgi də nümayiş olunmuşdu. Ekspozisiyanın xüsusi guşəsi isə ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuşdu. Eyni zamanda tədbirdə Azərbaycan mədəniyyət xadimlərinin ifasında maraqlı konsert proqramı da təşkil olundu. Küveytlilərə Azərbaycan Mədəniyyət Günləri o qədər maraqlı oldu ki, onlar yenə də bu tədbirlərin keçirilməsini istəyirlər.
- Küveytlilərə Azərbaycanı necə tanıdırsınız?
- Biz küveytlilərə Azərbaycanın tarixini, mədəniyyətini musiqisini və s. tanıdırıq. Biz orada kütləvi informasiya vasitələrində də çıxışlar edirik. Belə ki, Küveytin “Əl şahid” qəzetində müsahibəmiz dərc edilib. Orada həm özümüz, həm Azərbaycanın füsunkar yerləri haqda danışdıq, eləcə də Küveytdə Azərbaycan diasporunun fəaliyyəti haqda da məlumat verdik.
- Bəs, Küveytdəki azərbaycanlı uşaqların dilimizi unutmaması üçün hansı addımlar atırsınız?
- Başqasını deməzdim, amma mənim övladlarımın hər biri iki dil - ərəb və Azərbaycan dilini təmiz bilirlər. Özü də onlar ləhcəsiz və qüsursuz bu dillərdə danışırlar.
- Ümumiyyətlə, Küveytdə Azərbaycan necə tanınır?
- Azərbaycan demək olar ki, Küveytdə indi-indi tanınır. Biz səfirliyin dəstəyi ilə orada sərgilər açmışdıq. Xüsusən Xocalı faciəsi ilə bağlı sərgilərə gün ərzində yüzlərlə insan tamaşa edirdi. Sərgilər Küveyt ictimaiyyəti və kütləvi informasiya vasitələrinin, eyni zamanda Küveytdə akkreditə olunmuş səfirliklərin nümayəndələrinin və dünyanın müxtəlif ölkələrindən sərgidə iştirak edən insanların diqqət mərkəzində olurdu. Küveytlilər özləri bizim adət-ənənələrimiz, tariximiz, kitablarımız, mətbəx və milli geyimlərimizlə maraqlanırdılar. Onlar deyirdilər ki, Küveytlə Azərbaycanın tarix və mədəniyyət baxımından oxşarlığı çoxdur. Doğrudan da, bizim adət-ənənələrimizin haradasa Küveytlə bənzərliyi var. Bizim xalqla Küveyt xalqının qonaqpərvərliyində çox oxşarlıq var. Buna görə onlar bizi haradasa öz milləti kimi qəbul edirlər. Onların birinci sualı o olur ki, “dinimiz nədir?” Dinimizin İslam olduğunu biləndə bizə daha çox yaxınlıq göstərirlər. Ümumiyyətlə, küveytlilərin Azərbaycana qarşı münasibətləri çox yaxşıdır. Fərdi münasibətdən başqa onların bizə iqtisadi və turizm maraqları da çoxdur. Biz turizm baxımından sərgilər keçiririk. Orada əvvəllər heç bilmirdilər ki, Azərbaycan necə ölkədir. Son iki ildə tez-tez tədbirlər keçirildi və Küveyt rəsmiləri, eləcə də ictimaiyyət bu tədbirlərdə iştirak etdilər. Bir neçə sərgi keçirəndən sonra indi hamısı maraqlanırlar. Azərbaycan haqqında, o cümlədən Xocalı faciəsi ilə bağlı ərəbcə kitabların nəşr olunması və filmlərin göstərilməsinin də bu baxımdan köməyi oldu. Bir də tarixi baxımdan bu xalqlar eyni faciəni yaşayıblar. Çünki ötən əsrin 90-cı illərinin əvvəllərində İraq tərəfindən Küveytin torpaqları işğal olunmuşdu. Eyni vaxtlarda ermənilər Dağlıq Qarabağ torpaqlarını zəbt ediblər. Sevindirici haldır ki, Küveyt rəhbərliyi də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqlar prosesində Azərbaycanın haqlı, ədalətli mövqeyini dəstəkləyir.
- Küveytdə azərbaycanlılar əsasən hansı sahələrdə çalışırlar?
- Azərbaycanlılardan orada neft sahəsində çalışanlar var. Bundan başqa müəllimlər, ofis işçiləri, biznesmenlər yaşayırlar. Bir iş yaxşıdır ki, Küveytdəki azərbaycanlılar hamısı bir ailə kimdir. Tədbirlər keçirdikdə hər bir azərbaycanlı gücü çatdığı dəstəyi göstərir.
- Küveytdəki səfirliyimiz sizin hər hansı problemlərinizin həll olunmasına nə kimi köməklik göstərir?
- Xaricdəki hər bir Azərbaycan vətəndaşı yaşadığı ölkədə ilk növbədə öz səfirinə, sonra isə diaspor rəhbərinə güvənir. Səfirlik orada azərbaycanlıların hüquqlarını qoruyan orqandır. Allaha şükür, heç bir problemimiz yoxdur. Küveytdəki fövqəladə və səlahiyyətli səfirimiz də çox gözəl insandır. Hər bir sahədə bizə dəstək göstərdiyinə görə minnətdarlığımı bildirirəm. Ümumiyyətlə, səfirlik işçilərinin hamısı öz köməkliklərini bizdən əsirgəmirlər.
- Bəs, Diasporla İş üzrə Dövlət Komitəsi ilə əlaqələriniz necədir?
- Diasporla İş üzrə Dövlət Komitəsi ilə əlaqələrimiz çox yaxşıdır. İnşallah, münasibətlərimiz bundan sonra daha da dərinləşəcək.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info