“Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi musiqi mədəniyyətimizin yüksək səviyyədə təbliğatçısıdır”
Tarix: 21.08.2014 | Saat: 23:02:00 | E-mail | Çapa göndər


Alla Bayramova: “Fəaliyyətimizi müasir dövrün metodlarından istifadə etməklə inkişaf etdirməliyik”

Müsahibimiz Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramovadır:

- Alla xanım, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi haqqında ətraflı məlumat verməyinizi istəyirik.
- Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi 1967-ci ildə yaradılıb. İlk illərdə muzey İçərişəhərdə Karvansarayda kiçik otaqlarda fəaliyyət göstərib. 1996-cı ildən R. Behbudov 7 ünvanına köçürüldü.
Muzeyimizin 3 filialı fəaliyyət göstərir. 1987-ci ildən Xalq çalğı alətləri Daimi Sərgisi, 1994-cü ildən Niyazinin mənzil-muzeyi və Vaqif Mustafazadənin ev-muzeyi fəaliyyətə başlayıb.
Ümummilli lider Heydər Əliyevin göstərişi ilə Mədəniyyət Nazirliyinin sərəncamına əsasən muzeyin nəzdində 1996-cı ildən Qədim Musiqi Alətləri Ansamblı fəaliyyət göstərir. Ansamblda 15 nəfər musiqiçi fəaliyyət göstərir. Ansamblın yaradıcısı mərhum sənətkar, Xalq artisti, professor Məcnun Kərimov olub. Qeyd edim ki, Qədim Musiqi Alətləri Ansamblı həm respublikamızda, həm də xarici ölkələrdə Azərbaycan musiqisini yüksək səviyyədə təmsil edir.
Muzeyimizdə 70 nəfər əməkdaş çalışır. Sevindirici haldır ki, onlardan 6 nəfəri Prezident İlham Əliyevin sərəncamı ilə fəxri adlara layiq görülüb. 4 əməkdaşımızın elmi dərəcəsi var.
-Muzeyin əsas fəaliyyəti nədən ibarətdir?
- Muzeyin fəaliyyətinin əsas məqsədi və vəzifələri Azərbaycan musiqi tarixi ilə bağlı materialların toplanması, saxlanması, araşdırılması və təbliğidir. Muzeyin yarandığı dövrdən başlayaraq, burada profilə uyğun eksponatlar toplanıb. Eksponatlar muzey əməkdaşları tərəfindən yığılaraq, müxtəlif şəxslər və təşkilatların muzeyə hədiyyələri şəklində Mədəniyyət və Turizm Nazirliyinin ayırdığı vəsait hesabına toplanılır.
Muzeyin fondunda 50 mindən çox eksponat var. Bunlar Azərbaycan milli musiqi alətləri olan tar, kamança, saz, dəf, qoşanağara, zurna, ney, eləcə də özünəməxsus xüsusiyyətləri ilə fərqlənən digər musiqi alətləri olan qrammafonlar, patefonlar, qrammafon valları və sairdir.
Muzey eksponatlarının hamısı Azərbaycanın musiqi tarixinə həsr olunmuş müəyyən mövzulara aid olan və xronoloji ardıcıllığa riayət edən daimi sərgidə toplanıb. Muzeyin fondu arxiv-memuar, foto-neqativ, musiqi alətləri, fonoteka, eskiz-maket, not əlyazmalar kolleksiyalarından ibarətdir. Qeyd edim ki, kolleksiyamızda 265 ədəd musiqi aləti var. Onlardan 201-i milli, 65-i xarici musiqi alətləridir. Bu illər ərzində muzeyə 800-ə yaxın şəxsi arxiv verilib. Bunlar Azərbaycan bəstəkarlarından Soltan Hacıbəyovun, Cövdət Hacıyevin, Qara Qarayevin, Niyazinin, Fikrət Əmirovun, Tofiq Quliyevin, Süleyman Ələsgərovun, Şəfiqə Axundovanın, Oqtay Zülfüqarovun, Xəyyam Mirzəzadənin və başqa mədəniyyət xadimlərinin arxiv materiallarıdır. Muzeyin ilk eksponatı bəstəkar Müslüm Maqomayevin opera müğənnisi Məmmədtağı Bağırova verdiyi qeyd vərəqəsidir.
Muzeydə toplanan bu zəngin arxiv materialları Azərbaycanın musiqi tarixinin daha da dərindən öyrənilməsinə və araşdırılmasına imkan yaradır.
Muzeyimiz mütəmadi olaraq elmi işlə məşğul olur, elmi konfranslarda iştirak edir. Nəzərinizə təkcə son iki ildə görülən işləri çatdırmaq istərdim.
16-17 dekabr 2010-cu il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Mədəniyyət və Turizm Nazirliyi və TÜRKSOY-un təşkilatçılığı ilə “Türk xalqlarının musiqi alətləri” beynəlxalq simpoziumu keçirildi.
Mən “Nizami Gəncəvi və musiqi” mövzusu ilə İtaliyanın Kyaravalle şəhərində keçirilən Ədəbiyyat Muzeyləri Beynəlxalq Komitəsinin konfransında (26-28 sentyabr 2011-ci il), Londonda keçirilən “Mərkəzi Asiyanın musiqi coğrafiyaları” adlı konfransda (15-19 may 2012-ci il) “Nizami yaradıcılığı Mərkəzi Asiyanın musiqi mədəniyyətinin öyrənilməsində mənbə kimi” mövzusunda çıxış etdim.
9-19 mart 2013-cü il tarixində Bakı şəhərində “Muğam Aləmi” III Beynəlxalq Muğam Festivalı keçirildi.
III Beynəlxalq “Muğam Aləmi” elmi simpoziumunun 14 mart 2013-cü il tarixli işində mən “Milli musiqi alətləri: mətn və ikonaqrafiyanın düzgün oxunuşu haqqında” mövzusunda, muzeyin Qədim Musiqi Alətləri Ansamblının artist-ifaçısı Təranə Əliyeva isə “Azərbaycan muğam ifaçılıq sənətində qanun aləti” adlı məruzələr ilə çıxış etdik.
2008-ci ildən Azərbaycanda ilk dəfə olaraq Mədəniyyət və Turizm Nazirliyinin maddi dəstəyi ilə muzeydə KAMİS-kompleks avtomatlaşdırılmış muzey informasiya sisteminin proqramı çərçivəsində fondların kompüterləşdirilməsi işi aparılır. Hal-hazırda da bu iş muzeydə davam etdirilir.
-Alla xanım, sizin Niyazinin mənzil-muzeyinin yaradılmasında xüsusi rolunuz var. Həmin muzey haqqında nə deyə bilərsiniz?
- Niyazinin həyat yoldaşı Həcər xanımın vəfatından sonra Niyazinin mənzil muzeyinin Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı kimi təşkil olunması barədə Mədəniyyət Nazirliyi tərəfindən əmr verildi. Biz yalnız 1991-ci ilin fevral ayından işə başlaya bildik. Çünki mənzilin açarını çətinliklə əldə etdik. Ekspozisiyanı yaratmaq üzrə gərgin iş başlandı. Təkcə bu mənzildə qalan eksponatlarla yox, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyalarından olan materiallar əsasında ekspozisiya yaradıldı və 18 sentyabr 1994-cü ildə ümummilli lider Heydər Əliyevin iştirakı ilə muzeyin təntənəli açılışı oldu. Artıq 20 ildir ki, Niyazinin mənzil-muzeyinin qapıları tamaşaçılara açıqdır. Muzey müxtəlif işlər görür, ekskursiyalar aparır, tədbirlər keçirir, elmi-tədqiqat işləri və araşdırmalar aparır.
Niyazinin çoxcəhətli yaradıcılığı Azərbaycan musiqi tarixində böyük iz qoyub. Biz bununla əlaqədar axtarış-tədqiqat işimizi davam etdiririk. Düşünürəm ki, bizi xoş sürprizlər gözləyir. Muzeyimiz hər zaman axtarışdadır.
Maestronun arxivi üzərində iş aparılarkən, Niyazinin əvvəllər adı heç bir yerdə çəkilməyən, bəstəkarın 1929-1950-ci illərdə yazdığı bir sıra piano əsərlərinin not əlyazmaları aşkar edilib. XX əsrin birinci yarısında gənc Azərbaycan bəstəkarlarının piano əsərləri ilə tanışlıq faktı çox maraqlıdır. Bu, Niyazinin çoxşaxəli istedadının yeni cəhətlərini açıb göstərir. Niyazinin piano pyeslərinin not əlyazmaları üzərində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi elmi iş aparıb, redaktə edib və nəşr etdirib.
Niyazinin piano üçün pyeslərini ilk dəfə olaraq gözəl pianoçular Ülviyyə Hacıbəyova və Rəna Rzayeva ifa ediblər.
Xalq artisti Fərhad Bədəlbəyli tərəfindən muzeyə Niyazinin fortepiano ilə orkestr üçün yazdığı konsertinin III hissəsinin əlyazması, 1972-ci ildə Mikayıl Abdullayevin hazırladığı “Çitra” baletinin səhnə eskizləri və başqa hədiyyələr təqdim edilib. Bir-iki il bundan əvvəl biz aşkar etdik ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının kitabxanasında Niyazinin “Xosrov və Şirin” baletinin not əlyazması saxlanılır. Teatrın müdiriyyətinin razılığı ilə bu not əlyazmasının əsli muzeyimizə təqdim edilib.
Tanınmış türk pianoçusu İdil Biret 2013-cü ildə Bakıda olarkən Niyazinin mənzil-muzeyini ziyarət edib. Niyazi ilə bağlı xatirələrini bölüşən pianoçu Türkiyəyə qayıtdıqdan sonra Maestro ilə yaradıcılıq əlaqələrini əks etdirən bəzi materialları, o cümlədən fotoları muzeyə göndərdi.
Biz bundan sonra da qeyri-adi şəxsiyyətin yaradıcılığına aid yeni faktları, materialları əldə etməyə çalışacağıq.
-Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Azərbaycan mədəniyyətinin təbliğçisidir.
- Məlum olduğu kimi, hər bir muzeyin fəaliyyətində təbliğat işi mühüm yer tutur. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Azərbaycan musiqi mədəniyyətinin yüksək səviyyədə təbliğçisidir. Muzeyimiz kolleksiyaları təbliğ etmək məqsədilə kitablar nəşr etdirir.
2002-ci ildə “Azərbaycan musiqi mədəniyyəti simalarda” təqvimi, 2004-cü ildə “Qadınlar Azərbaycanın musiqi həyatında” kitabını, 2005-ci ildə “Niyazinin piano üçün pyesləri”, Azərbaycan bəstəkarlarının piano üçün əsərləri, 2010-cu ildə Üzeyir Hacıbəylinin 1932-ci ildə yazdığı “Ləzgi rəqsi” çap olunub. 2011-ci ildə Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyinin maddi dəstəyi ilə “Qara Qarayev. Həyat və yaradıcılığı Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin materiallarında” kitabı da nəşr edildi. Bütün bu nəşrlərin elmi redaktorluğunu mən etdim.
Muzeyimizdə həmçinin, elmi-maarif işi aparılır. Muzeydə və onun filiallarında mütəmadi olaraq tədbirlər keçirilir və sərgilər təşkil edilir. Muzeyin təşkil etdiyi elmi-kütləvi tədbirlər sırasında Klassik Musiqi Həvəskarları Klubunun işini xüsusilə qeyd etmək lazımdır. 2008-ci ildən muzeydə Klassik Musiqi Həvəskarları Klubu fəaliyyətə başlayıb. Əsas məqsəd klubun iştirakçılarını klassik musiqi sahəsində maarifləndirməkdir. Klubun tədbirləri ənənəvi olaraq maestro Niyazinin musiqi ocağı olan onun mənzil-muzeyində keçirilir.
Klassik Musiqi Həvəskarları Klubunun fəaliyyət göstərdiyi vaxtdan bu günə qədər 70-dən çox tədbir keçirilib.
Sevindirici haldır ki, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sərəncamı ilə Musiqi Alətləri Dövlət Kolleksiyası yaradılıb. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Musiqi Alətləri Dövlət Kolleksiyasına 9 skripka, 4 violonçel, 2 alt və 11 kaman təqdim edilib. Azərbaycan mədəniyyətini beynəlxalq müsabiqələrdə və tədbirlərdə yüksək səviyyədə təmsil edən istedadlı, gənc musiqiçilər, Xalq artistləri, Prezident təqaüdçüləri xaricdən alınmış ən yaxşı ustaların hazırladığı bu qiymətli skripka, violonçel, alt musiqi alətlərində ifa edirlər.
Bir faktı da qeyd edim ki, Azərbaycanda ilk veb-saytı olan muzey bizim muzeydir. Sayt 3 dildə - Azərbaycan, rus və ingilis dilində məlumatlarla yenilənir. Bu iş hal-hazırda sistemli şəkildə davam edir. Saytımızda muzeyin keçirdiyi tədbirlərin anonsları və onlar haqqında məlumatlar verilir.
Muzeyimizin fəaliyyətində sosial şəbəkə olan “Facebook”da 3 səhifə yaradılıb - Azərbaycan, rus və ingilis dillərində. Muzeyin keçirdiyi tədbirlərin anonsları və onlar haqqında məlumat verilir. Tədbirlərimiz KİV tərəfindən işıqlandırılır.
-Alla xanım, sonda ürək sözləriniz...
- Muzey direktoru kimi, muzeyin fəaliyyətində musiqi mədəniyyəti tariximizə aid kolleksiyalarımızı daha da zənginləşdirmək, təbliğ etmək, elmi araşdırmalarımızın artırılmasına çalışmalıyıq. Öz fəaliyyətimizi müasir dövrün metodlarından istifadə etməklə inkişaf etdirməliyik.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info