“Son vaxtlar xaricdə təhsil alan tələbələrimizin fəallığı çox yüksəlib”
Tarix: 26.08.2014 | Saat: 21:51:00 | E-mail | Çapa göndər


Doğu Akdeniz Universitetinin tələbəsi Rəşad Bədirli:“Yaxın gələcəkdə təklif edəcəyim layihələr Azərbaycanımızın inkişafına dəstək olacaq. Hər bir xaricdə təhsil alan gəncimizin təklifləri dəyərləndirilməli və önəm verilməlidir”
Qəzetimizin xaricdə təhsil alan tələbələrlə bağlı layihəsi davam edir. Qeyd edək ki, hazırda xaricdə təhsil alan tələbələrimizin bir qismi yay tətili ilə bağlı Vətənə dönüblər. Növbəti müsahibimiz, Doğu Akdeniz Universitetinin tələbəsi Rəşad Bədirlidir:
-Artıq üç ildir ki, mən Kiprdə diaspor fəaliyyəti ilə məşğul oluram. 2011-ci ildə Beynəlxalq Kipr Universtetində 1 il müddətində ingilizcə səviyyəmi yüksəltmək üçün hazırlıq keçmişəm. Bundan sonra bu universitetdə təhsilimi 2013-cü ilə qədər davam etdirmişəm. 2013-cü ildən hələ də təhsilimi Kiprin yeganə dövlət universiteti olan Doğu Akdeniz Universitetində davam etdirirəm. Beynəlxalq Kipr Universitetində ingilis dilini yaxşı bildiyimə dair sertifikat almışam. Bu sertifikatla bir çox reytinqli universitetlərdə birbaşa təhsil almaq imkanına yiyələnmişəm. Təhsil aldığım universitet barəsində deyə bilərəm ki, Şimali Kiprdə yerləşən DAU ingilis və türk dilində təhsil verən dövlət universitetidir. Universitet 1979-cu ildə təsis olunub və son 35 il ərzində beynəlxalq aləmdə tanınan və akkreditasiyaları olan universitet səviyyəsinə yüksəlib. Beynəlxalq Universitetlər Birliyi, Avropa Universitetlər Birliyi, Aralıq Dənizi Universitetlər Birliyi, İslam Ölkələri Universitetlər Federasiyasının İdarə Heyətinin üzvü olan DAU Amerikada texniki və mühəndislik proqramlarına nəzarət edən ABET-dən ekvivalentlik sənədi alıb. Bu, mühəndislik ixtisaslarına aid olan dünyanın ən nüfuzlu ekvivalentliyidir. Türkiyədə bu ekvivalentlik DAU-dan başqa yalnız Orta Doğu Texnik, Bilkənt, İstanbul Texnik və Boğaziçi Universitetlərinə verilib. DAU-nun Biznes və İqtisadiyyat fakültəsi Türkiyənin ancaq üç universitetinin üzv olduğu EFMD və AACSB-yə üzvüdür. DAU-nun Turizm və Mehmanxana İşi Ali Kollecinin turizm sahəsində tək qurum olan TEDQUAL-dan alınmış akkreditasiyası var. DAU YÖK sisteminə daxil olan universitetlər arasında bu tanınmaya sahib olan yeganə universitetdir. Universitet tərəfindən 180-ə yaxın dünya universitetləri ilə qarşılıqlı əməkdaşlıq müqaviləsi imzalanıb. İnkişaf etmiş maddi-texniki baza, 35 ölkədən mindən çox yüksək səviyyəli professor-müəllim heyəti, dünyanın 95 ölkəsindən 16 mindən çox tələbə, ingiliscə təhsil proqramları, ikinci xarici dil öyrənmək imkanı, tələbə mübadilə proqramları, zəngin sosial mədəni mühit, akkreditasiyalar, beynəlxalq aləmdə tanınan diplomları ilə DAU tələbələrini yaradıcı, beynəlxalq səviyyədə rəqabətə hazır gənclər olaraq yetişdirir və onları beynəlxalq karyera üçün hazırlayır.
- Ötən təhsil ilini də başa vurdun. Bu müddətdə təhsil aldığın sahə ilə bağlı nələri öyrənmək imkanı əldə etdin?
- Artıq ötən təhsil ili də geridə qaldı . Demək istəyirəm ki, yalnız öz universitetim yox, xaricdə təhsil alan hər bir gənc xarici ölkəyə getmək elə ən başlıca dünya görüşlərdən biri olduğunu bilir. Bu da tələbə üçün başlanğıcdır. Hər ötən il tələbəyə çox şeylər öyrədir.

“Təkcə Kiprdə 1200-dən çox tələbə və 130-dan çox azərbaycanlı professor və müəllim heyəti var”

Məsələn, mənim fakültəm siyasi olduğu üçün bir çox tədbirləri və konfransları qaçırmıram. Bu da gələcəkdə iş prinsiplərimi daha da möhkəmləndirir. Universitetimiz forumlar, debatlar və bir çox proqramlarla tələbələri beynəlxalq karyeraya doğru aparır. Ötən ildə bir çox rəsmilərlə görüşlərimiz oldu. Universitetimizə hətta Azərbaycandan önəmli şəxslər gəldilər, tələbələrlə görüşlər və müzakirələr keçirildi. Onlara millət vəkillərimiz, əməkdar artistlərimiz, tanınmış müğənnilərimiz və digərləri daxildir.
- Şimali Kiprdə, o cümlədən təhsil aldığın təhsil ocağında azərbaycanlı gənclərin bir araya gəlməsi üçün hansı addımlar atılır?
- Şimali Kiprdə azərbaycanlı tələbələrin bir araya gəlməsi üçün çox işlər görülür. Adada 1200-dən çox azərbaycanlı təhsil alırsa, bunların hamısı bir- birlərini tanıyırlar. Azərbaycan- Kipr münasibətləri və tələbələri bir araya gətirmək üçün bir çox təşkilatlar yaradılır. Azərbaycan- Kipr münasibətlərini gücləndirəcək varlıqlar Kiprdə təhsil alan tələbələrdir. Azərbaycan- Kipr münasibətlərini möhkəmləndirmək üçün yaradılan təşkilatlardan biri də Azərbaycan Kıbrıs Dostuq Cəmiyyəti və Azərbaycan Kıbrıs Türk Cəmiyyətidir. Bunlarla yanaşı, Yakın Doğu Universtetinin rektor yardımçısı professor, doktor Fəxrəddin Sadıqoğlu diaspor sahəsində böyük işlər görüb. Onun sayəsində Kiprə Azərbaycanın bir çox sənətkarları təşrif buyurub. Azərbaycan Kıbrıs Dostuq Cəmiyyətinin rəhbəri və Doğu Akdeniz Universtetinin Asiya ölkələri üzrə koordinatoru Orxan Həsənoğlu da Azərbaycan- Kipr münasibətlərini dərinləşdirmək yolunda irəliləməkdədir. Bu yaxınlarda Doğu Akdeniz Universtetində yeni bir təşkilatın da yaranması gözlənilir. Bu təşkilat da azərbaycanlı tələbələri bir araya toplamaq və Azərbaycan- Kipr münasibətlərini dərinləşdirməyə yönələcək. Hazırda Azərbaycanla Şimali Kipr arasında çox böyük əlaqələr mövcuddur. Turizm, təhsil, incəsənət və digər mövzularda irəliləyiş görünür. Dünyanın ən nüfuzlu universitetlərindən bəziləri bu adada yerləşir. Azərbaycanlı tələbələr də bu universitetlərdə təhsil alır və gənc kadr yetişdirir.
- Başa çatan tədris ilində Azərbaycanla bağlı bir sıra tədbirlər təşkil etmisiniz. Bu tədbirlər barədə nə deyərdiniz?
- Ötən tədris ilində Azərbaycanla bağlı bir çox tədbirlər təşkil olundu. Bayramlarımız və ağrılı, acılı yerimiz olan anım mərasimləri də qeyd olundu, hətta aksiyalar və yürüşlərdə keçirildi. Xocalı faciəsi ilə bağlı videoçarx hazırlamışdıq və 30-a yaxın qəzet və elektron jurnallarda çap olundu, hətta televiziya kanallarımızın birində də yayımlandı. Bununla yanaşı, ATC-nin prezidenti Toğrulun təşəbbüsü ilə Doğu Akdeniz Universitetində yürüş təşkil olundu. Hətta paytaxt Lefkoşada da yürüşlər təşkil olundu. Bundan əlavə olaraq dünyanın dörd bir yanında təhsil alan azərbaycanlı gənclər vahid adla videoçarx vasitəsi ilə Azərbaycan xalqını 28 May Respublika Günü münasibətilə təbrik etməsinə səbəb olduq. Bu videoçarxda dünyanın demək olar ki, çox ölkəsində təhsil alan gənclər və diaspor nümayəndələri təbrikə qoşulmuşdu. Biz Kiprdə yaşayanlara tez-tez Azərbaycanla bağlı məlumatlar veririk və onlara qısa məlumatlar yerləşdirilmiş kitapçalar təqdim edirik. Hətta Azərbaycanın tarixi və turizm zonalarını əks etdirən ingilis və rus dilində kitablar paylayırıq. Növbəti tədbir Kipr Beynəlxalq Universitetində gözlənilir, bununla bağlı hazırda danışıqlar gedir.
- Orada təşkil etdiyiniz bu tədbirlər öz bəhrəsini verirmi, yəni oradakı cəmiyyət, xarici tələbələr ölkəmizlə bağlı həqiqətləri qəbul edirlərmi?
- Bəli, burada bir çox tədbirlərimiz öz töhfəsini verməkdə davam edir. Məsələn, Xocalı ilə bağlı keçirdiyimiz aksiyalar və hazırladığımız videolar marağa səbəb olur. Orada Xocalı və digər işğal altında olan rayonlarımız haqqında təqdim etdiyimiz məlumatlar öz bəhrəsini göstərir. Məsələn, əvvəllər hər beş insandan biri məlumatlı idisə, hazırda hər beş nəfərdən 4-ü Azərbaycan və düşmən tapdağı altında olan rayonlarımız haqda tam deməsək də 90 faiz məlumatlıdırlar. Düzdür, bütün ölkələr bizimlə həmfikir olmasalar da çox dövlətlərin tələbələri bizimlə həmfikirdir və bu həqiqətləri qəbul edirlər.
- Sizcə, bu gün xaricdə təhsil alan Azərbaycan gəncləri həm təhsil, həm də ictimai fəallığı ilə sözünü deyə bilirmi?
- Təkcə Kiprdə 1200-dən çox tələbə və 130-dan çox azərbaycanlı professor və müəllim heyəti var. Digər ölkələri də düşünsək sayımızın həddi-hüdudu yoxdur. Hər bir azərbaycanlı öz vəzifəsini bilir. Son illərdə xaricdə təhsil alan azərbaycanlı tələbələrin fəallığı həddindən çox yüksəlib. Bir çox ölkələrdən dostlarla ünsiyyətdə olub birlikdə daha güclü işlərə nail oluruq. Əsasən Kiprdə aktivlik daha yüksəkdir- bunu media, qəzet, elektron jurnallar və sosial şəbəkələrdə görmək mümkündür. Tələbələrdə həqiqətən də vətənpərvərlik hissi və aktivlik çox yüksək səviyyədədir.
- Yay tətilində Vətənə gəlmisiniz. Ötən müddət ərzində Bakıda hansı dəyişiklik və yeniliklərin şahidi oldunuz?
- Mən getdiyim yerə bu gün gəldiyimdə artıq onu yerində tapa bilmirəm, əvəzində hündür binalarla üzləşirəm. Yeni yolların salınması və digər işlər Azərbaycanın inkişafda olan ölkə olmasının sübutudur. Göz oxşayan parkların çoxaldılması, insanların işdən sonra istirahəti üçün çox gözəl düşüncədir. ADA və Qafqaz universitetlərinin daha da irəlilədiyinin şahidi oldum. Ümüd edirəm ki, universitetlərimiz xaricdə təhsil alan tələbələrimizin biliklərindən və bacarıqlarından da yararlanacaqlar.
- Gələcəkdə hansı layihələri reallaşdırmaq istərdiniz?
- Gələcək üçün bir çox layihələr var ağlımda. Amma bunu hələ ki, paylaşmaq istəmirəm. Bu, bir sirr olaraq qalacaq. Amma yaxın gələcəkdə bu layihələrin icrası üçün addımlar atmağa başlayacağam. Ümid edirəm ki, yaxın gələcəkdə təklif edəcəyim layihələr Azərbaycanımızın inkişafına daha da dəstək olacaq. Hər bir xaricdə təhsil alan gəncimizin təklifləri dəyərləndirilməli və önəm verilməlidir. Biz xaricdən öyrəndiklərimizi Vətənimizdə tətbiq etməliyik. Gənclər gələcəyin dayağıdır. Mən xaricdə təhsil almaqla yanaşı, həm də bir diaspor nümayəndəsi kimi Vətən üçün əlimdən gələni əsirgəməməyə çalışıram. Hazırda eyni zamanda Diaspor Jurnalistlər Birliyinin Kipr təmsilçisiyəm. “Palitra” qəzetinə də belə bir layihəni reallaşdırdığına görə, dərin təşəkkürlərimi bildirirəm.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
İlkin Əsgər: ““İndiki əsərlərin bir qismindən zövq almaq olmur”
20.11.2018
“Azərbaycanda Ədliyyə Nazirliyi vətəndaş cəmiyyəti ilə əməkdaşlıq edən ilk dövlət orqanı kimi tarixə düşüb”
19.11.2018
“BANM-ın tələbələri məzun olan kimi ən yaxşı şirkətlərə işə qəbul ola bilir”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info