“Qala qoruğunda 7637 arxeoloji və etnoqrafik material toplanıb”
Tarix: 26.08.2014 | Saat: 22:02:00 | E-mail | Çapa göndər


Fikrət Abdullayev: “Eksponatlar təsdiqləyir ki, Abşeron yarımadası kifayət qədər əhaliyə və inkişaf etmiş mədəniyyətə malik
olub”

Müsahibimiz Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunun direktoru, Əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru Fikrət Abdullayevdir.

- Fikrət müəllim, Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunun fəaliyyəti Azərbaycan tarixinin hansı dövrünün səhifələrinə işıq salır?
- Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğu Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 aprel 1988-ci il, 135 saylı qərarı ilə Qala qəsəbəsinin tarixi hissəsində yaradılıb. Qoruğun ərazisi 81.5 ha.-dır. Bu ərazidə 266 memarlıq və arxeoloji abidə qorunur. Ən qədim aşkar edilən abidə e.ə III minilliyə aid olan qədim insan yaşayış məskəni olub. Deməli, 5 min il ərzində Qala kəndi ərazisində insanlar yaşayıb fəaliyyət göstəriblər. Qala kəndi ərazisində olan memarlıq abidələri arasında 5 məscid, 3 hamam, yeraltı kəhrizlər, 4 ovdan, qəsrin qalıqları, məqbərə, sərdabələr və yaşayış evləri olub.
- Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğundakı eksponatların tarixi əhəmiyyətini necə dəyərləndirə bilərsiniz?
- Qala qoruğu ərazisində yaradılan muzey kompleksləri və fondlarında 7637 arxeoloji və etnoqrafik material toplanıb. Ekspozisiyanın böyük əksəriyyəti Abşeron yarımadasına xas olan Tunc dövründən, yəni e.ə III-II minillikdən başlayaraq, son orta əsrlərə qədərki dövrü əhatə edir. Bunların arasında ən maraqlısı Tunc dövrünə aid keramik və absedian qaşovlar, keramika fraqmentləridir. Orta əsrlərə gəldikdə isə mövcud keramik tapıntılar düşünməyə əsas verir ki, Qalanı orta əsrlərin Abşeronda böyük ticarət və sənətkarlıq mərkəzi kimi qəbul edək. Məsələn, keramik tapıntılar arasında ustanın damğası olan xüsusi fraqmentlər aşkar edilib. Bu onu göstərir ki, Qalada yerli tələbatdan əlavə, həm də başqa məntəqələrə satış məqsədi ilə keramik qablar düzəldilib və hər usta öz məhsulunda keyfiyyət nişanı kimi özünəməxsus damğa ilə keramik qabları möhürləyib. Ümumiyyətlə, eksponatlar bir daha təsdiq edir ki, qədim dövrlərdən başlayaraq, Abşeron yarımadası kifayət qədər əhaliyə və inkişaf etmiş mədəniyyətə malik olub.
- Qala kəndində yeni arxeoloji tədqiqatlar aparılırmı?
- Qala qoruğunun ərazisində uzun illərdir AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu ilə birgə arxeoloji tədqiqatlar aparılır. Məhz bu tədqiqatlar nəticəsində qoruğun bir neçə nöqtəsində Tunc dövrünə və erkən orta əsrlərə aid yaşayış məntəqələri, qayaüstü rəsmlər və başqa ictimai və yaşayış tikililəri tapılıb. Bu il də qoruq ərazisində arxeoloji qazıntı aparılması planlaşdırılıb.

“Sülh küçəsi boyunca tapılan yeraltı tunellərin və quyuların tədqiqatı 5 min illik yaşı olan bu məkanın tarixini daha da zənginləşdirəcək”

Qazıntı işləri qədim qəsrin qarşısında və qəsəbənin Sülh küçəsi boyunca tapılan yeraltı tunellərin və quyuların tədqiqatı üzrə aparılacaq. İnanırıq ki, qoruğun ərazisində aparılan davamlı arxeoloji tədqiqatlar 5 min illik yaşı olan bu məkanın tarixini daha da zənginləşdirəcək.
- Aşkarlanan qədim abidələrimizin tarixi və xüsusiyyətləri arxeoloqlar tərəfindən tam şəkildə araşdırılırmı?
- Qala kəndinin tarixinin zəngin və çox qədim olduğunu nəzərə alaraq, hər yeni ildə aparılan tədqiqatlarda maraqlı və bəzi hallarda gözlənilməyən materiallar əldə edilir. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun, Abşeron arxeoloji ekspedisiyasının Qala qoruğu ilə müştərək tədqiqatları nəinki Qalanın, hətta bütün Şərqi Abşeronun qədim tarixinin öyrənilməsində böyük rolu vardır. Hər hansı bir elm sahəsində olduğu kimi Abşeron arxeologiyası da bir yerdə dayanmayıb və tədqiqatlar davam etdirilib. Bu barədə elmi məqalələr, kitablar, bukletlər buraxılır.
- Abşeron yarımadasında aparılan arxeoloji araşdırmalarda Qala Qoruğunda olan abidələrə aid materiallar aşkar edilibmi?
- Qala qoruğu coğrafi mövqeyinə görə Abşeron yarımadasının mərkəzində yerləşdiyi üçün və elmi nöqteyi-nəzərdən öyrənilmiş məntəqələrdən biri olduğuna görə Şərqi Abşeron ərazisində olan hər hansı bir tapıntını birmənalı olaraq, Qalaya da aid etmək olar. Belə ki, Yeni Suraxanı qəsəbəsinin yaxınlığında tapılmış 20 min il yaşı olan ox ucu təsdiq edir ki, bu ərazi - yəni, Abşeron Üst Paleolitdən başlayaraq, qədim insanlar tərəfindən yaşayış məskəni kimi seçilib. Bundan sonrakı dövrlərə aid tapıntılar göstərir ki, Abşeronda dövrlər dəyişdikcə, maddi mədəniyyət və yaşayış tərzində davamlılıq hökm sürüb.
- Abşeron yarımadasında aparılan arxeoloji araşdırmalarda hansı xüsusiyyətin daha çox diqqət mərkəzində olduğunu düşünürsüz?
- Abşeronda XX əsrin 60-cı illərindən başlayan arxeoloji tədqiqatların nəticələrində bir sıra qanunauyğunluqlar üzə çıxıb. O cümlədən tapıntılar sübut edir ki, Tunc dövründən başlayaraq, Azərbaycan və Abşeron ərazisində yaşayan əhalinin qədim sivilizasiya mərkəzləri ilə həm maddi mədəniyyət, həm də mənəviyyat sahəsində əlaqələri mövcud olub. Məsələn, Şərqi Abşeronda tapılan, Tunc dövrünə aid edilən qayaüstü rəsmlər içərisində qədim Mesopotamiya mifologiyasını əks etdirən qayaüstü rəsmlər var. Bundan başqa, məişətdə istifadə olunan və mübadilə yolu ilə həmin ərazilərdən Abşerona gəlib çatan tapıntılar da mövcuddur. Bu arxeoloji tədqiqatların nəticələri bizim üçün xüsusi vaciblik daşıyır və bildirir ki, Abşeron ərazisi qədim insan sivilizasiyasının inkişaf arealına daxildir.
- Təhsil baxımından bu sahəyə diqqəti necə qiymətləndirirsiniz?
- “Qala” muzeylər kompleksi yaradılan gündən ekspozisiyasının konsepsiyasında əsas məqsəd kimi interaktiv turizmin inkişafı qoyulub. Burada bizim əcdadlarımızın yaşayış tərzinin bərpası və təbliği üçün xüsusi emalatxanalar və marşrutlar açılıb. Gələn ziyarətçilər xalçaçılıq, dulusçuluq sənətinə yiyələnə, nalbənd və çörəkbişirmə emalatxanalarında işləyə, orta əsr kənd həyatını yaşaya bilərlər. Bu məqsədlə muzey kompleksi ərazisində dəvə, məşhur Qala cins qoyunları, at, uzunqulaq saxlanılır və turistlər onlara qulluq edə bilərlər. Digər tərəfdən, interaktiv arxeoloji turist marşrutları da fəaliyyət göstərir. Yuxarıda qeyd olunanları nəzərə alaraq və istifadə edərək, uzun müddətdir bir sıra orta təhsil məktəbləri ilə muzey kompleksi ərazisində interaktiv dərslər keçirilir. Bu il isə Qala qoruğu tərəfindən xüsusi olaraq hər bir sinif üçün fərqli turist marşrutu tərtib olunub, Təhsil Nazirliyi ilə mütəşəkkil formada Bakı məktəbləri üçün açıq səma altında tarix dərsləri təşkil edilib. Yaz turist mövsümündə 1500 uşaq həmin proqram üzrə Qala qoruğuna qəbul edilib. Ümumiyyətlə, 2014-cü ilin ilk 6 ayı ərzində 36 mindən çox qonaq qəbul edilib və bunların böyük əksəriyyətini uşaqlar təşkil edir.
- Sizcə, keçmişin izində olmaq və bu yolla getmək bir tarixçi üçün nə deməkdir?
- Mədəni irsin qorunması sahəsində işləyən biri üçün işinin məğzinin nədən ibarət olması vacib məsələdir. Mən belə hesab edirəm ki, bizim abidələrimiz, arxeoloji tapıntılar, ümumiyyətlə, mədəni irsin bir əmanətidir. Əcdadlarımız bizə bu əmanəti qoruyaraq gələcək nəsillərə həvalə etməyimizi tapşırıb. Bildiyiniz kimi bizim xalq üçün “əmanət” müqəddəs bir anlayışdır. Biz azərbaycanlı olaraq, həmin bu müqəddəs vəzifəni yerinə yetirməliyik. Xüsusən, son illərdə ölkəmizin rəhbərliyinin və Heydər Əliyev Fondunun yaxın iştirakı ilə müvafiq təşkilatların təşəbbüslü fəaliyyəti nəticəsində milli irsin qorunmasına xüsusi diqqət yetirilir və biz bu böyük işin üzərimizə düşən hissəsini ləyaqətlə yerinə yetirməyə çalışırıq.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10146

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info