Elməddin Muradlı: «Avropa Şurasında ucadan danışanlar Gürcüstandakı vəziyyətə də göz yummasınlar»
«Avropa Şurasının (AŞ) insan haqları sahəsindəki standartları qeyri-səmimidir və bütün üzv dövlətlərə qarşı yanaşma fərqlidir. Hətta, bu fərq o qədər aydın görünür ki, bu görmək üçün fövqəladə savada sahib olmaq lazım deyil. Sadəcə, normal təfəkkür və normal münasibət lazımdır».
Bu fikirləri «Jurnalistika və İnşişaf Mərkəzi» İctimai Birliyinin sədri Elməddin Muradlı səsləndirib. O, Avropa Şurasının siyasi məhbus oyununun müxtəlif dövlətlərə qarşı təzyiq vasitəsi olduğunu deyərək əlavə edib ki, bu oyunda hədəfə alınan ölkələr sırasında ilk növbədə Azərbaycan dayanır. Çünki Azərbaycanın inkişafı bəzi Avropa ölkələrinə və həmin ölkələri Avropa Şurasında təmsil edən deputatlara sərf eləmir. Bütün bunların arxasında isə erməni lobbisi və ermənipərəst qüvvələr dayanır: «Azərbaycanda 100-ə yaxın siyasi məhbusun olduğunu deyirlər. Amma elə qonşu Gürcüstanda təxminən bu qədər siyasi məhbusun olduğunu da bilirik. O zaman necə olur ki, Avropa Şurasının səsi çıxmır? Niyə Azərbaycana qarşı bu qədər sərt münasibətin fonunda Gürcüstana qarşı sakit dayanırlar? Mən bir təşkilat rəhbəri və jurnalist olaraq bu suallara Avropa Şurasından normal cavab gözləyərdim. Amma bilirəm ki, onlar bu sualların qarşısında hər şeydən danışacaqlar, konkret məqama toxunmayacaqlar. Bu, onların xislətindədir və bu xislət də Avropa dəyərlərinin, Avropa Şurasının getdikdə nüfuzdan düşməsinə səbəb olur. Heç nə başa düşmək olmur. Elə görünə bilər ki, Azərbaycanı buna görə sərt tənqid edirlərsə, Gürcüstanı da eyni sərtliklə tənqid etmək gərəkdir. Axı standartlar hamı üçün eynidir. Amma yox. Digər məsələlərdə olduğu kimi, burada da o mənfur ikili standartlar qüvvədədir. Bizim üçün kifayət qədər təhqiramiz vəziyyətdir. Amma belədir - ikili münasibət amili ilə üz-üzəyik. Belə vəziyyətdə nəsə eləmək də çətindir. Faktlara baxaq. Bu da Gürcüstandakı siyasi məhbus siyahısı. O, bu il tərtib olunub. Siyahıda 98 nəfərin adı var. Məlumdur ki, 2012-ci ilin oktyabrında Gürcüstanda keçirilən parlament seçkilərində müxalifət qalib gəldi. Bundan sonra Mixail Saakaşvilinin lideri olduğu Gürcüstan Vahid Milli Hərəkatının üzvlərinə və tərəfdarlarına qarşı repressiyalar başladı. Nəticəsi də demokratiyaya, hüququn aliliyinə və insan haqlarına hörmət göstərilməsinə doğru sıçrayışla keçid edən bu ölkədən ötrü kədərli sayılacaq bu siyahıdır. Buyursunlar, Avropa Şurasında ucadan danışanlar buna da göz yummasınlar»
Rasim
|