Könül Qurbanlı: “Dünya təcrübəsini ölkəmə gətirmək istəyirəm”
Tarix: 08.09.2014 | Saat: 22:59:00 | E-mail | Çapa göndər


700 balla ADA Universitetinə qəbul olan Könül Qurbanlı: “Niyə də Azərbaycanda “Samsung”, “Apple” kimi bir şirkət olmasın?”
Yeni dərs ilinin başlanmasına az bir müddət qalıb. 2014-2015-ci tədris ilində də bir çox abituriyent tələbə adını qazanıb. Hər il olduğu kimi cari ildə də onların sırasında ali məktəbə yüksək balla daxil olanlar var. İldən-ilə 600 baldan yuxarı balla ali məktəbə daxil olan abituriyentlərin sayının artması təhsil sahəsində inkişafın göstəricisidir. Qabaqcıl ölkələrin qazandığı uğurların təməlində, ilk növbədə, elm və təhsil, intellektual potensial və texnoloji tərəqqi dayandığını deyən ölkə başçısı da bildirib ki, məhz buna görə də Azərbaycan gənclərinin mükəmməl təhsil almaları, öz imkan və bacarıqlarını reallaşdıra bilmələri üçün əlverişli şəraitin yaradılması istiqamətində ardıcıl tədbirlər görürük: “Bu məqsədlə paytaxt və regionlarda fəaliyyət göstərən tədris müəssisələrinin binaları yenilənərək müasir avadanlıqlarla təchiz edilir, ali məktəblərin maddi-texniki bazası möhkəmləndirilir, dövrün tələblərinə uyğun dərsliklər və dərs vəsaitləri hazırlanır”. Onu da qeyd edək ki, yüksək bal toplayan abituriyentlər nəinki təhsil aldığı rayon rəhbərliyi tərəfindən müxtəlif mükafatlara, hətta onlar Prezident təqaüdünə layiq görülürlər. Ötən ildə də onlarla tələbə adını qazanmış gənc Prezident təqaüdünə layiq görülüb. Cari ildə 33623 nəfər ali təhsil müəssisələrinə qəbul olub ki, onlardan 29666 nəfəri Azərbaycan, 3957 nəfəri isə rus bölməsi üzrə təhsil alacaq. Abituriyentlərdən 16129 nəfərini oğlanlar, 17494 nəfərini qızlar təşkil edir. Bu il də tələbə adını qazananlar sırasında 600-dən yuxarı bal toplayanların sayı kifayət qədərdir. “Palitra” nın qonağı məhz belə gənclərdən biri ali məktəbə qəbul imtahanlarında ən yüksək nəticə, 700 bal toplayaraq ADA Universitetinə qəbul olan Könül Qurbanlıdır:
-Mən 1997- ci ildə Bakı şəhərində anadan olmuşam. “Zəngi” liseyini qızıl medalla bitirmişəm. Ali məktəbə qəbul imtahanlarında 1-ci qrup üzrə 700 bal toplamışam. Ailədə 4 nəfərik. Qardaşım 10-cu sinfə keçib. Atam ixtisasca riyaziyyatçı olsa da, hərbçi işləyir. Anam ixtisasca mühəndisdir, hazırda işləmir, evdar qadındır. Mən qəbul imtahanlarının nəticələrinə əsasən ADA Universitetinin İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisasına qəbul olmuşam.
- Orta məktəbi qızıl medalla bitirmənin hissləri necədir?
- Əladır, əlbəttə ki, çox əladır. Mənim üçün qızıl medal 11 illik əziyyətimin boşa getmədiyinin sübutudur. Düzdür, təəssüf ki, imtahanda onunla heç bir güzəşt yoxdur. Məktəbdə kifayət qədər keyfiyyətli dərs keçilib. Lakin son iki ildə Araz kurslarında hazırlaşmışam. Bununla yanaşı, məktəbdəki sinif rəhbərim Rövşən müəllim məktəbdə mənimlə məşğul olub.
- İmtahan prosesi ilə bağlı nə deyərdin?
- İmtahanda bir o qədər də həyəcanlı deyildim. Fikirləşirəm ki, bunun mənə xeyri dəydi. Fikrimcə, suallar çətin deyildi, bəlkə də mənə elə gəldi. 700 bal topladığıma əmin deyildim, lakin şübhələndiyim sual da yox idi. Sadəcə, cavab kartına yanlış köçürməkdən qorxurdum.
- Ümumiyyətlə, hazırkı imtahanlarla bağlı nə deyərdin?
- Bəzən dərslikdə olmayan, yaxud sovet dönəminin dərsliklərində olub, indi çıxarılmış testlərlə qarşılaşırıq, bəzən də kitabda yazılanla testin cavabı arasında uyğunsuzluq olur. Bunlar çox tez-tez olmasa da, daha çox köhnə testləri işləyəndə rastlaşdığımız hallardır. Fikrimcə, hazırda TQDK qəbul imtahanlarında şəffaflığı və ədaləti kifayət qədər təmin edir.
- İxtisas seçimi zamanı niyə məhz bu ali təhsli ocağına üstünlük verdiniz?
- ADA Universiteti hazırda Azərbaycanın ən prestijli və beynəlxalq əlaqələri ən geniş olan universiteti olduğu üçün seçimim məhz bu təhsil müəssisəsi oldu. İxtisasa gəldikdə isə indiki dövrdə bu sahədə ixtisaslı kadrlara ehtiyac böyük olduğu üçün bu ixtisası seçdim. Gələcəkdə peşəsinə dərindən yiyələnmiş, peşəkar bir mütəxəssis olmaq arzusundayam. Valideynlərim də ixtisas seçimini mənim öhdəmə buraxdılar və seçdiyim ixtisas onların da ürəyincədir.
-Gələcəkdə təhsilinizi davam etdirmək istərdinizmi?
- Bakalavr pilləsini ölkəmdə tamamlayıb, Allahın iznilə magistratura səviyyəsini xaricdə oxumaq planlarım var. Hələ bu barədə ətraflı araşdırmamışam, lakin Avropa ölkələrindən biri və ya Amerika ola bilər. Ancaq mən ölkə olaraq yox, universitet olaraq seçmək fikrindəyəm.
-Universitet həyatı sizə nə verəcəyini düşünürsünüz?
- Məncə, universitet həyatı mənə yeni insanlar tanımaq və uğurlu gələcək qurmaq imkanı verəcək. Burada təhsil almaqla ixtisasımın dərinliklərinə yiyələnəcəm, peşəmi daha yaxşı mənimsəmək imkanı əldə edəcəm. Yeni, tələbə həyatına qədəm qoymaq məni qorxutmur, əksinə sevindirir.
-Sizcə, informasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisası qadın üçün çətin deyilmi?
- Xeyr, niyə də çətin olsun ki...Yalnız fiziki güc tələb edən işlərdə qadınlar kişilərdən geri qala bilər. Məncə digər bütün peşələrin öhdəsindən qadınlar kişilərdən də yaxşı gələr.
-Hazırda başqa sahəyə maraq göstərirsiniz?
- Həmişə rəqsə getmək istəmişəm, ancaq atam icazə verməyib. İndi isə dərslərim başlayır deyə, buna ayırmağa vaxtım olmayacaq. Ancaq gələn il Allah qoysa rəqslə məşğul olmaq fikrim var.
-Abituriyentlərə tövsiyəniz nədir?
- Şübhəsiz ki, çox çalışmaq lazımdır, ancaq eyni zamanda, nizamlı və qətiyyətlə çalışmaq da şərtdir. Əsas odur ki, qarşılarına məqsəd qoysunlar və əzmli olsunlar. Tələbə adını qazanmaq çox gözəl hissdir. Yeni həyata başlamaq, yeni qapılar açmaq, nisbətən azad olub, müstəqil qərarlar qəbul etmək. Ən əsası uğurlu gələcəyin təməlini atmaq. Məncə, təhsil qədər önəmli heç nə yoxdur. Mənimlə razılaşmayan insanlar çoxdu, lakin bu mənim subyektiv fikrimdir. Demək istəyirəm ki, təkcə onların öz gələcəyi deyil, bütünlükdə bu ölkənin gələcəyi onların, bizim bu gün aldığımız təhsildən asılıdır.
- Son illər texniki fənlərə maraq artıb. Sizcə bu nə ilə bağlıdır?
- Cavab verməkdə çətinlik çəkirəm...Mənim özümün texniki fənlərə, xüsusilə də riyaziyyata olan sevgimi və marağım ailəmdə hamının məhz bu sahəylə məşğul olması və gen faktoru ilə bağlayıram.
-Gələcəkdə ixtisasınla bağlı, bu sahənin inkişafı üçün ölkəmizdə hansı işlər görmək istərdin?
- Dünya təcrübəsini ölkəmə gətirmək istəyirəm. Niyə də Azərbaycanda “Samsung”, “Apple” kimi bir şirkət olmasın? Bunlar sadəcə arzularımdır. Bunun üçün qadın olmanın fərqi varmı? Elə bir dünyada yaşayırıq ki, qadınlar da kişilərlə eyni pozisiyalarda, istədikləri işi görə bilirlər. Almaniya kimi bir Avropa ölkəsini bir qadın idarə edirsə, niyə kimsə qadınların gücünə şübhə etməlidir.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir
08.11.2018
“Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info