“Dünyanın heç bir dövlətində gənclərə bu cür qayğı və etimad göstərilmir”
Tarix: 09.09.2014 | Saat: 21:23:00 | E-mail | Çapa göndər


Aytək Məmmədli: “Təhsil aldığım ixtisasın hər ikisi Azərbaycanın inkişaf konsepsiyasında prioritet sahələrdir”

Xaricdə təhsil alan gənclərimizlə bağlı rubrikamızın budəfəki qonağı uğurlu təhsili ilə yanaşı ictimai fəallığı ilə də seçilən Aytək Məmmədlidir. Bu istedadlı, savadlı gəncimizlə olan müsahibəni oxuculara təqdim edirik.

- Gəlin, öncə sizi yaxından tanıyaq.
- Mən, Məmmədli Aytək Natiq qızı 1991-ci il sentyabr ayının 2-də Bakı şəhəri Nəsimi rayonunda ziyalı ailəsində anadan olmuşam. Orta məktəbi 2009-cu ildə əla qiymətlərlə bitirərək Bakı Dövlət Universitetinin Kimya fakültəsinə daxil olmuşam. Məktəbdə oxuyarkən kimya fənninə xüsusi marağım olub 10 və 11-ci sinifdə oxuyarkən məktəblilərin fənn olimpiadasının respublika turunda iştirak etmiş,
2-ci və 3-cü yerə layiq görülmüşəm. BDU-da oxuyarkən həm ictimai fəallığım, həm də müvəffəqiyyət göstəricilərim nəzərə alınaraq universitetin rektorluğu tərəfindən “İlin ən yaxşı tələbəsi” adına da layiq görüldüm.
2013-cü ildə BDU-nun kimya fakültəsini müvəffəqiyyətlə başa vurdum. Təhsilimi davam etdirmək üçün ALES proqramı üzrə Türkiyənin İstanbul şəhərində müvəffəqiyyətlə imtahan verərək bu ölkənin universitetlərində təhsil almaq hüququ qazandım.
Ankara Qazi Universitetində “İrəli texnologiyalar-Nano texnologiya Mühəndisliyi və Orqanik kimya” ixtisasları üzrə magistr təhsili almaq üçün müsahibə mərhələsini müvəffəqiyyətlə başa vurdum. Hər iki ixtisas üzrə təhsilimi davam etdirə bilərdim, seçdiyim ixtisasların hər ikisi maraq çərçivəmə yaxın olduğundan heç birindən imtina etmək fikrim olmadı. Universitet rəhbərliyinin razılığı ilə hər iki ixtisas üzrə magistr təhsili almağa qərar verdim.
- Xaricdə təhsil müvəffəqiyyətiniz sayılır. Başqa hansısa aktiv fəaliyyətiniz olubmu?
- Təbii ki, heç nə asan əldə olunmur. Mən də həyatımda hər zaman hamar yolla getməyi düşünməmişəm. Məktəbdə oxuyarkən təhsil şöbəsinin nəzdində texniki yaradıcılıq mərkəzində dərnəyə yazılmışdım. Dərnəyin ən fəal üzvlərindən olmaqla, Gənclər və İdman Nazirliyinin Təhsil Nazirliyi ilə birgə keçirdiyi “Gənc texniklər” müsabiqəsinin respublika turunda iki il ardıcıl olaraq iştirak etdim. Bir dəfə birinci yerə, bir dəfə də ikinci yerə layiq görüldüm. Bununla yanaşı Uşaq və Gənclər Şahmat-idman məktəbində şahmat yarışlarına qatılmışam, birinci dərəcəli şahmatçı titulum da var. Şeirə də marağım böyük olub. Rayonun ictimai tədbirlərində özüm yazdığım şeirlərimlə dəfələrlə çıxış etmişəm. Təbii ki, bu potensialıma arxalanaraq iki fakültəni paralel olaraq müvəffəqiyyətlə başa vurmağı düşünürəm. Hər bir müvəffəqiyyətimdə müəllimlərim, ailəm həmişə yanımda olub, məni dəstəkləyib. Nəyə nail olmuşamsa, öz zəhmətim və ətrafımdakıların xeyir-duası sayəsində olub.
- Təhsil aldığınız universitetdəki tədrisin səviyyəsi sizi qane edirmi?
- Bəli. Öncə onu deyim ki, Qazi Universiteti ən çox etimad olunan universitetdir. Burada bütün ixtisaslar üzrə təhsil almaq mümkündür. Türkiyədə nanotexnologiya ixtisasının tədris imkanı olan 4 universitetdən biridir. Oxuduğum universitetin binasının şəklini Türkiyə milli əsginaslarının üzərində də görə bilərsiniz. Qazi Universiteti Atatürkün şərəfinə belə adlandırılıb. Deyəsən, mənim qismətimə öndərlərin adı ilə bağlı universitetdə oxumaq yazılıb. Ümummilli liderimiz, Azərbaycan xalqının və türk dünyasının böyük oğlu Heydər Əliyev də öz adını BDU-nun tarixinə qızıl hərflərlə yazdırıb.
- Xanım üçün başqa bir ölkəyə gedib ali təhsil almaq çətin deyil ki?
- Haqlısınız. Bizdə bir qədər mental dəyərlər, adətlər xanımlarla bağlı məsələlərə yanaşmalar və s. bir qədər fərqlidir. Uşaq olarkən həmişə nənəm deyərdi ki, hər kəs öz valideynindən bir addım qabağa getməlidir ki, inkişaf olsun. Nənəm Fəridə xanım hələ o vaxt ali təhsilli riyaziyyat müəlliməsi olub, yaşadığı regionun ilk ali təhsilli xanımlarından idi. Anam isə bu ənənəni davam etdirib və əvvəl Bakı Dövlət Universitetini bitirib, daha sonra elmi işlərini Moskva Dövlət Universitetində müdafiə edərək fizika-riyaziyyat üzrə elmlər doktoru adını qazanıb. SSRİ-də ən gənc elmlər doktoru olduğu üçün mənzillə də mükafatlandırılıb. İndi mən də sadəcə üzərimə düşən məsuliyyəti uğurla icra etməyə çalışıram. Bu uğurları davam etdirmək lazımdır və düşünürəm ki, bu yolda xaricdə təhsil almaq kimi çətinlik olmamalıdır. Əslində bizim nəslin xaricdə təhsil ənənəmiz 11 il bundan qabağa, əmim qızının Fransada təhsili ilə başlayıb və hər birimiz bunu uğurla davam etdiririk.
- Əvvəllər ictimai fəaliyyətdə aktiv olduğunuzu qeyd etdiniz. Bəs indi necə, fəallıq göstərirsinizmi?
- Ümumiyyətlə, ictimai fəaliyyətim olmasa, özümü tamamlanmamış hiss edərəm. Belə ki, BDU-da təhsil aldığım müddətdə də Tələbə Həmkarlar Təşkilatının, daha sonra isə Tələbə Gənclər Təşkilatının fakültə sədri, sonralar layihələr departamentinin sədri olaraq çalışmışam. Bu gün də Yeni Azərbaycan Partiyasının aktiv üzvlərindənəm, bir çox layihələrinin, liderlik məktəblərinin iştirakçısı, məruzəçisi və mükafatçısıyam. Hazırda fəaliyyəti Türkiyənin Xarici İşlər Nazirliyi tərəfindən dəstəklənən və universitet rektorumuz Süleyman Büyük Bərbərin təşəbbüsü ilə təsis etdiyimiz “Türkiyə-Azərbaycan Qardaşlıq Alyansı”nın sədriyəm. Təşkilatın əsas məqsədi çoxmillətliliyi ilə seçilən Türkiyədə, ələlxüsus bütün səfirliklərin yerləşdiyi ictimai-siyasi əlaqələrin qurulduğu paytaxt Ankarada ölkəmizin mədəniyyətini, incəsənətini tanıtmaq, ayrı-ayrı millətlərin nümayəndələrinə ölkəmizin maddi-mədəni, tarixi sərvətini aşılamaqdır. Azərbaycanlı tələbələri təmənnasız Türkiyənin tarixi gəzməli, şəhərlərinə aparmaq, asudə vaxtını təşkil etmək, təşkilatımızın qarşısında dayanan ən prioritet məsələdir və uğurla bu işi icra edib, göstərilən etimadı doğrultmaq üçün əlimizdən gələn hər şeyi edirik.
- Ən uğurlu saydığınız tədbiriniz hansıdır?
- Təbii ki, əziyyət çəkdiyimiz bütün tədbirlər bizim üçün dəyərlidir. Ofisimizdə idarə heyəti ilə keçirdiyimiz kiçik tədbirlərdən tutmuş, böyük konfrans zallarında minlərlə insanın iştirakı ilə təşkil etdiyimiz tədbirlərə qədər hamısı üçün əziyyət çəkirik. Ancaq mən deyərdim təkcə mən, təşkilatım, təhsil aldığım universitet, Azərbaycanın Türkiyədəki səfirliyi yox, bütün azərbaycanlı tələbələr Xocalı tədbiri üçün səfərbər olunmuşdu. Təkcə 500 tələbə Xocalı fləşmobunda iştirak etdi. Təbii ki, onları ruhlandıran Azərbaycandan gəlmiş dəyərli millət vəkilləri, tədbirdə aktiv iştirak edən Türkiyə Böyük Millət Məclisinin üzvlərinin bizim faciəmizə öz faciələri kimi can yandırmaları oldu. Tədbirimiz bütün sosial şəbəkələrdə, televiziyalarda çox maraqla qarşılanaraq işıqlandırıldı.
- Bu qədər işləri görməkdə vaxtı və enerjini necə tapırsınız?
- Mənim anam həmişə hər işdə mənim arxamda olub, dəstəkləyib, uşaqlıqdan məni zəhmətə alışdırıb deyə, bir növ indi bir az boş vaxtım olanda narahat oluram. Bəzənsə deyirlər ki, bu, mənə atamın anasından -Şəmkirdə uzun illər məktəb direktoru və Ali Sovetin üzvü olmuş, elə şəmkirlilərin diliylə desəm, göyçəli Şövkət müəllimədən keçib. Nənəm cavan yaşlarından babamı itirsə də, öz əzmi və fədakarlığıyla həm ictimai həyatda fərqlənib, həm də övladlarının hamısına ali təhsil verib.
- Bildiyiniz kimi, Ərdoğan Prezident kimi ilk səfərini Azərbaycana etdi. İki ölkə arasında olan münasibətlərin hazırkı durumunu necə xarakterizə edərdiniz?
- Bəli, bu addım iki ölkə arasında olan münasibətlərin hansı səviyyədə olmasından xəbər verir. Bu gün Azərbaycanla Türkiyənin çox böyük tərəfdaşlıq, qardaşlıq münasibətləri var. Təsadüfi deyil ki, bütün istiqamətlərdə bu proses çox gözəl və səmərəli şəkildə aparılır. İstər təcrübə proqramında mübadilələr, istərsə bizim təşkilatımızın da tərəfdaşı olduğu Mövlanə və Erasmus proqramı ilə tələbələrin təhsil alma imkanlarının təşkili, neft və qeyri-neft sektorunda əməkdaşlıq bizi ən çox cəlb edən və gələcək inkişafa ruhlandıran əsas amillərdəndir.
Onu da qeyd edim ki, Türkiyə xalqı son seçimlərlə tarixdə ən böyük qələbələrindən birini qazandı. Hər ölkəni siyasi böhrandan çıxarmaq, inkişafı səciyyələndirmək üçün siyasi liderlər şansdır. Bu gün Türkiyə bu lideri Ərdoğanın sayəsində qazandı. Təsəvvür edin ki, bu həm də Azərbaycan üçün necə böyük uğurdur. İki güclü qardaş ölkə və iki dünyanın hesablaşdığı lider - Türkiyədə Ərdoğan, Azərbaycanda İlham Əliyev!
- Azərbaycandakı inkişafı aktiv gənc kimi necə qiymətləndirirsiniz?
- Bu sevindirici haldır ki, Azərbaycan inkişaf indeksinə görə dünyada birinci yerdədir. Hər gün yeni-yeni parklar salınır, yeni məktəblər tikilir və təmir olunur. Gənclərin asudə vaxtının təşkili üçün Gənclər evləri tikilir, təmənnasız onların istifadəsinə verilir. Yolların abadlaşması, ən ucqar rayonlarda belə əhalinin yaşayış şəraitinin ən yaxşı təşkili, gənclərin sosial həyatının diqqət mərkəzində saxlanılması, bu diqqət və qayğının nəticəsidir. Təkcə dənizkənarı parkda şəhərə tamaşa edə-edə yarım saat gəzmək inkişaf tendensiyasını anlamaq üçün bəs edir. Bu gün xaricdə təhsil üzrə dövlət proqramı da gənclərə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Dünyanın heç bir dövlətində gənclərə bu cür qayğı və etimad göstərilmir. Bu qayğının nəticəsidir ki, bu gün azərbaycanlı tələbələrin səsi dünyanın ən nüfuzlu universitetlərindən gəlir. Bu gün ən inkişaf etmiş ölkələrin gəncləri bizə həsəd hissi ilə baxırlar, biz isə qürurla fəxr edirik ki, biz azərbaycanlıyıq.
- Müəyyən imkanlar açılsa, Türkiyədə qalacaqsınız, ya Vətənə dönəcəksiniz?
- Mən küləklər şəhərinə aşiqəm, özümü burdan kənarda təsəvvür edə bilmirəm. Əslində təhsil aldığım ixtisasın hər ikisi Azərbaycanın inkişaf konsepsiyasında prioritet sahələrdir. Nanotexnologiya sahəsində ixtisaslı kadrlara böyük ehtiyac var. Bütün dünyanın xərçənglə mübarizə apardığı, beyin robotları hazırladığı, qida sənayesində tətbiq etdiyi nanotexnologiyanın Azərbaycanımızda da ayrı-ayrı sahələrdə tətbiqinə çalışmaq lazımdır. Bunun üçün doktorantura təhsilimi bitirən kimi Vətənimə dönməyi, ixtisasım üzrə çalışmağı, hətta etimad göstərilən universitetlərin birində kadr hazırlamağı düşünürəm. Bu gün Azərbaycan biz gənclərə ümummilli lider Heydər Əliyevin əmanətidir. Bu əmanəti sədaqətlə qorumaq bizim borcumuzdur.
- Həmyaşıdlarınıza hansı məsləhətləriniz var?
- Gənclərimiz harada olmalarından asılı olmayaraq, azərbaycanlı olduqlarını unutmasınlar, yaxşı azərbaycanlı, yaxşı insan, yaxşı övlad və yaxşı vətəndaş olsunlar. Dövlətimizin, dövlətçiliyimizin cənab Prezidentimizin ətrafında sıx birləşsinlər. Xaricdə yaşadıqları müddətdə əl-ələ verib Vətənimiz üçün əllərindən gələn hər şeyi etsinlər, tarixi günlərimizi, milli adət-ənənəmizi unutmadan dünyaya inteqrasiya edib müasir dövrlə ayaqlaşsınlar və ümummilli liderimiz Heydər Əliyev dediyi kimi, həmişə fəxr etsinlər ki, azərbaycanlıdırlar!

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info