İradə Musayeva: “Hazırkı ədəbi mühitimiz çox maraqsız və quramadır”
Tarix: 10.09.2014 | Saat: 00:19:00 | E-mail | Çapa göndər


Müsahibimiz filologiya üzrə fəlsəfə doktoru, tənqidçi İradə Musayevadır:

- İlk tənqidi məqalənizi nə vaxt yazmısınız?
- İlk dəfə tələbə olanda “Ədəbiyyat və incəsənət” qəzetində “Qiymət” adında məqaləm çap olunub. Amma o tənqidi məqalə deyildi. Ümumiyyətlə, mən onu hekayə kimi yazdım, qəzetdə publisistik material kimi verdilər. Amma özüm haqqında tənqidçi adını ilk dəfə “Azərbaycan” jurnalında çap olunan Vaqif Səmədoğlunun yaradıcılığı ilə bağlı “Ölüm, səni çox yaşadım” adlı məqaləmə görə aldım. Yəni, ilk dəfə mənim yazımın tənqidi məqalə olduğunu bu jurnal və əlbəttə ki, Vaqif Yusifli aydınlaşdırdı.
-Tənqidçi olmaq asandır, yoxsa yazıçı?
- Heç biri. Yaxşı yazıçı və ya tənqidçi olmaq bütün ömrünü tələb edir - Belinski, Tolstoy, Hemenquey, Kafka kimi. Elə həddə çatdırır ki, ya kəndirdən, ya da qələmdən özünü asmalı olursan. Amma biz bu peşələrə əyləncə, məşğuliyyət, zövq mənbəyi kimi baxırıq. Yeyib-içib, gəzib-dolanıb, vaxt tapanda da yazı stolunun arxasında otururuq. İşarası yazılan yazılar ədəbiyyat ola bilmir. Ədəbiyyat ruhla, insanın ilahi tərəfi, canı, mənəvi aləmi ilə bağlıdır. İnsanın ruhu mədəsi kimi deyil, hər şeyi qəbul edə bilmir. Ona görə də belə qeyri-səmimi, ağrı, əzab, zəhmətlə doğulmayan əsərlər oxucunun ruhuna yol tapa bilmir. Yalançı kədər, yalançı sevinc, ürəkbulandırıcı sevgi qafiyələri və sairə ifadələr oxucunu usandırır.
-Tənqiddən zövq alırsınız, yoxsa tərifdən?
- Əslində, ancaq yaxşı əsəri oxuyanda zövq alıram. Amma tənqidçi olmaq bu zövqə də mane olur. Çünki adi oxucu kimi yox, tənqidçi kimi əsəri oxuyanda ədəbiyyatşünaslıq qanunlarının diktəsi öz sözünü deyir. Obraz, xarakter, prototip, tipikləşdirmə, ümumiləşdirmə, metod, cərəyan, peyzaj, bədii ifadə vasitələri və sair qanunlardan doğan sualların müşayiəti ilə əsəri oxuyursan. Məsələn, oxucu hansısa bir əsərin qəhrəmanı Arifə elə Arif kimi baxır. Amma tənqidçi, ədəbiyyatşünas tez aydınlaşdırmağa çalışır ki, görək yazıçı bu obrazı necə işləyib? Onun xarakterini, tipini, portretini necə yaradıb? Yəni, daha çox sənətkarlıq istedadını aşkarlayır. Təbii ki, dünya ədəbiyyatının nəhənglərini oxuyanda bu “sınama” prosesi tez keçir, artıq 10-15 səhifədən sonra hətta özünü də unudursan. Bu, artıq dahilik olur. Bütün nəzəriyyələri, qanunları, hətta tənqidçiləri içində əridən dahilikdir.
- Hansı janrda əsərlər oxumağı sevirsiniz?
- Əvvəllər şeir oxumağı və təhlil etməyi sevirdim… Amma indi daha çox roman tənqidi ilə məşğulam. Onu da deyim ki, şeir tənqidçisi olmaq, roman tənqidçisi olmaqdan çox çətindir.
-Müasir ədəbi tənqiddə ən çox oxunan və obyektivliyinə görə, çox zaman birmənalı qəbul edilən tənqidçi kimi tanınırsınız. Bir çox yazıçılar var ki, əsərləri haqqında sizin rəyinizi bilmək istəyirlər. Niyə görə az yazırsınız?
- Az yazıram. Bir az öncə dediyim məsələ - vaxtsızlıq. Ona görə özümü də tənqid edirəm. Sırf tənqidçi olmaq lazımdır. Mən isə həm ali məktəbdə müəllimə, həm ictimaiyyətçi, həm televiziya verilişlərində ekspert, həm də ev işləri ilə ciddi məşğul olan evdar qadın, həmçinin, valideyn vəzifəsini icra edirəm. Bir az da məni qələmdən soyudan keyfiyyətsiz yazıların çoxluğudur. İstedadsızlar qələmi yerə qoymur ki, meyarlar bilinsin. Hamı hər şeydən yazır.
Hamının yazması və hər şeydən yazmasına əslində etiraz etməməliyik. Amma ədəbiyyat dəstə-dəstə, qrup-qrup, təşkilat-təşkilat yaradıcılığın meydanı deyil. Sanki müasir Azərbaycan ədəbi prosesində hamı bir-birinin cibindən çıxır. Hamı dostdur, düşmənlər isə ideya, fikir düşməni deyil, can düşməni, qan düşmənidir. Qruplaşmış düşmənçiliklər var. Hər hansı bir saytın, ya da qəzetin işçiləri olan yazarlar bir otaqda oturursa, mütləq növbə ilə bir-birini dahi elan etməlidir. Ədəbiyyatı, sözü ilahi məqamından endirib, bu qədər kiçiltmək olmaz.
-Kimləri özünüzə ustad sayırsınız?
- Tənqidçi olmaq asan deyil, xüsusilə qadın müəllif üçün. Dünya təcrübəsi də bunu deyir. Sənətdə, ədəbiyyatda konkret ustad olmaz. Belə olsa, deməli sən heç kimsən, yəni dublikatsan. Füzulinin Nizamiyə, Aşıq Ələsgərin Aşıq Alıya “ustad” dediyinə baxmayın. Onların hər birinin bəhrələndiyi yüzlərlə mənbələr, müəlliflər var. Bu, ustad söhbəti sadəcə etik bir jestdir. Az öncə də qeyd etdik, əlbəttə tənqidçi olmaq çox çətindir. Bu dəqiqə bizdə professional tənqidçi 5-6 nəfər olar, ya olmaz. Tənqid hesabatlarında onlarla ad sadalayırlar. Bunların içində yazıçılar, dilçilər, jurnalistlər, bəlkə dərinə getsək, aşıqlar, müğənnilər də var. Ancaq oxusanız, görəcəksiniz ki, “dost tostu”dur, ədəbiyyatla əlaqəsi yoxdur.
Qadın kimi isə tənqidçilikdə çətinlik hiss etmirəm. Ümumiyyətlə isə bütün sənətlərdə qadınlar kişilərdən azdır. Məsələn, rəssam kişilər çoxdur, ya qadınlar? Bəstəkarlar, yazıçılar da eləcə...
-Nə vaxtsa bədii əsər yazmısınızmı? Bir çox tənqidçilər bunu edib.
- Bədii əsər yazmağa cəsarət etməmişəm. Tənqiddə nə qədər ürəkli olsam da, bədii əsər müəllifi olmaq iddiasında çox qorxağam. Yaxşı yazıçı olmaq mənə o qədər çətin gəlir ki, bu işi ləyaqətlə yerinə yetirənləri qəhrəman hesab edirəm. Mənim bədii mətnə qarşı tələbkarlığım o qədər ciddidir ki, özümü bu meydanda sınamağa ürək eləmərəm. Bir neçə dəfə yazmışam. Amma bir neçə cümlədən sonra özümü “ yıxıb-sürümüşəm”.
-Kimləri oxuyursunuz? Hamını və çap olunan hər əsəri oxumaq məcburiyyəti tənqidçini incidirmi?
- Mənə qalsa, dünya ədəbiyyatını, klassik ədəbiyyatı oxuyardım. A. Ekzüperini, K. Hamsunu, A.Kamyunu, C.Steynbeki yenidən arxayın oxumaq istərdim. Hər dəfə M.Füzulidən mühazirə deyəndə, danışa-danışa özümə söz verirəm ki, evə çatan kimi Füzulini büsbütün yenidən oxuyacağam və hətta, onunla bağlı tədqiqatlar da aparmaq istəyirdim. Klassik ədəbiyyatımız haqqında yanlış araşdırmalar çoxdur. Məsələn, İ.Nəsimini, N.Gəncəvinin özünü, M.Füzulini - xüsusilə onun “Leyli və Məcnun”unu tamamilə səhv izah ediblər. Dərsliklər hələ də Leylinin faciəsini izah edəndə “qadın hüquqsuzluğu” şablonunu yapışdırıb, əsəri təhrif edirlər.
M.F.Axundov da, H.Cavid də çox primitiv metodologiya ilə təqdim olunur. Bircə qaldı hər çap olunan əsəri oxumaq məcburiyyəti. Əlbəttə incidir. Amma bu, bir dəfə olur. Hər istedadsız yazıçıdan bircə əsər oxuyuram. Nə qədər desələr də ki, “Dəyişdim, əvvəlki əsərimi özüm də bəyənmirəm” inanmıram. İnsana yenidən istedad verilmir, doğulanda nədirsə, odur.
-Azərbaycan ədəbiyyatının tənqidçisi olmaq necədir? Zövq verir, yoxsa əzab?
- Az öncə də dediyim kimi, zövq vermir. Hazırkı ədəbi mühitimiz çox maraqsız və quramadır. Qeyri-təbii bir mənzərə formalaşıb. Bunun da obyektiv və subyektiv səbəbləri var.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir
08.11.2018
“Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info