Səlim Müslümov: “Son 10 ildə iqtisadi tərəqqi ilə yanaşı, sosial rifah göstəriciləri yüksəlib”
Tarix: 10.09.2014 | Saat: 18:44:00 | E-mail | Çapa göndər


Bakıda Avropa Şurasının üzv dövlətlərində Sosial Birlik üzrə Strategiya və Fəaliyyət Planının icrasına dair konfrans öz işinə başlayıb

Avropa Şurasının Nazirlər Komitəsinə cari ilin may ayından başlanan sədrliyi çərçivəsində Bakıda Avropa Şurasının (AŞ) üzv dövlətlərində Sosial Birlik üzrə Strategiya və Fəaliyyət Planının icrası üzrə konfrans öz işinə başlayıb. İki gün davam edəcək konfransda AŞ-nın üzvü olan 23 ölkənin, AŞ Katibliyinin və Azərbaycanın dövlət qurumlarının, ölkəmizdə akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər.
Konfransı giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanla AŞ arasında əlaqələrin daim inkişaf etdiyini, 2001-ci ildən AŞ-nın üzvü olan ölkəmizin indiyədək təşkilatın insan hüquqları ilə bağlı 60-a yaxın konvensiyasını ratifikasiya etdiyini qeyd edib. S.Müslümov bildirib ki, Azərbaycanın AŞ Nazirlər Komitəsinə sədrlik prioritetləri korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq, mədəni müxtəlifliyin təşviqi, gənclər, təhsil və s. ilə yanaşı, sosial birlik və davamlılığın möhkəmləndirilməsi məsələlərini də əhatə edir. Sosial birlik və sosial davamlılıq, sosial ədalətin təminatı Prezident İlham Əliyevin ölkənin dinamik inkişafına xidmət edən siyasətinin mühüm tərkib hissəsidir. Son 10 ildə ümumdaxili məhsulun 3,4 dəfə artdığı, iqtisadiyyata qoyulmuş investisiyaların həcminin 132 milyard dollar təşkil etdiyi, strateji valyuta ehtiyatlarının xarici dövlət borcunu 10 dəfədən çox üstələyərək 50 milyard dolları ötdüyü ölkəmizdə paralel olaraq sosial rifah göstəriciləri də yüksəlməkdə davam edib. Mühüm sosial-iqtisadi proqramların uğurlu nəticələri kimi, bu dövrdə əhalinin gəlirləri 6.5 dəfə artıb, 1 milyon 300 mindən çox yeni iş yeri yaradılıb, işsizliyin səviyyəsi 5 faizə, yoxsulluğun səviyyəsi isə 5.3 faizə enib. Həyata keçirilən məqsədyönlü iqtisadi-sosial siyasət nəticəsində 2009-cu ilin kəskin qlobal iqtisadi- maliyyə böhranı əhalimizin rifahına təsirsiz ötüşüb: “Respublikada yoxsulluğun səviyyəsinin kəskin şəkildə azalmasında yeni iş yerləri ilə yanaşı, pensiya sistemində və aztəminatlı vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində aparılan islahatlar mühüm rol oynayıb. Hazırda 1 milyon 273 min 270 nəfər əmək pensiyası, 547 min 300 nəfər ünvanlı dövlət sosial yardımı, 320 min 520 nəfər isə sosial müavinətlə təmin olunur. Cari ilin birinci yarısında 62 min nəfərə yaxın insan birdəfəlik müavinət alıb. Ümumilikdə, sosial müdafiə sistemi vasitəsilə hökumət ölkə əhalisinin 23%-ni dəstəkləyib və onların sosial xidmətlərə birbaşa çıxışını təmin edib”.
Nazir bildirib ki, sosial-iqtisadi nailiyyətlər demoqrafik vəziyyətə də müsbət təsirini göstərib, əhalinin ümumi ölüm indeksi azalıb və doğulanda gözlənilən ömür uzunluğu göstəricisi artıb. Belə ki, 2003-cü ildə ölkədə doğulanda gözlənilən ömür uzunluğu 72.3 yaş, o cümlədən kişilər arasında - 69.5 yaş, qadınlar arasında - 75.1 yaş təşkil edibsə, 2013-cü ilin nəticələrinə görə bu göstərici - 74.2 yaşa, o cümlədən kişilər üçün - 71.6 yaşa, qadınlar üçün - 76.8 yaşa yüksəlib. Həmçinin bu dövrdə sosial təminatla yanaşı, səhiyyə və təhsilin inkişafı, adambaşına düşən ÜDM-in həcminin sürətlə artması nəticəsində Azərbaycan İnsan İnkişafı İndeksinə görə BMT-nin İnkişaf Proqramının hesabatında 76-cı yerdə qərarlaşaraq yüksək inkişaf indeksli ölkələr sırasına qoşulub.
S.Müslümov sosial birliyə maneə törədən amillərdən birinin də həll olunmamış hərbi münaqişələr olduğunu vurğulayıb. “Ermənistanın Azərbaycana 20 ildən çoxdur ki, davam edən hərbi təcavüzü ölkəmizin beynəlxalq birlik tərəfindən tanınan ərazisinin 20 faizinin işğalına, 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsinə, deməli, onların təməl hüquqlarının ciddi şəkildə pozulmasına səbəb olub. 12 min nəfərdən çox insan müharibə əlili olub, cəmiyyətin inkişafı üçün həlledici rol oynayan əmək ehtiyatları ciddi şəkildə azalıb. Azərbaycan iqtisadiyyatına 60 milyard dollardan çox ziyan dəyib, minlərlə infrastruktur obyekti, yüz minlərlə iş yeri, mədəni sərvətlərimiz, tarixi, dini abidələrimiz dağıdılıb. Ona görə də AŞ-nın hər kəsin, xüsusilə əhalinin həssas qruplarının heç bir ayrı-seçkilik olmadan sosial hüquqlara çıxışını təmin etmək səylərini dəstəkləyirik. Bu məsələlərə beynəlxalq səviyyədə diqqətin artırılması olduqca vacibdir”. Nazir ölkəmizdə korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması, vətəndaş-məmur təmaslarının minimuma endirilməsi, İKT-nın geniş tətbiqi sahələrində görülən işlər, dövlət və özəl qurumların 230-dan çox xidmətini bir məkandan vətəndaşlara təqdim edən ASAN xidmət mərkəzləri barədə də məlumat verib: “Qəbul edilmiş Strategiyaya əsasən, sosial birlik cəmiyyətin bütün üzvlərinin rifahını təmin etmək bacarığıdır. Bu, ingilis dilində “cohesion” sözü ilə ifadə olunur ki, onun Azərbaycan dilində vəhdət, ahəng, uzlaşma və s. kimi qarşılığı mövcuddur. Azərbaycan hökumətinin “sosial birlik” anlayışı da eyni zamanda cəmiyyətdə vəhdət, ahəng və uzlaşmanı ehtiva edir. Bu anlayış “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında təsbit olunub. Konsepsiyada insan kapitalının inkişafı, təhsil və səhiyyənin keyfiyyətinin yüksəldilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, vətəndaş cəmiyyətinin inkişafı, gənclərin potensialının artırılması və yoxsulluğun azaldılması və s. kimi prioritetlər də əksini tapıb”.
Azərbaycanın sosial birlik prinsipinə sadiq olduğunu qeyd edən S.Müslümov bildirib ki, ölkəmiz 2002-ci ildə AŞ-nın İnsan hüquqlarının və Əsas Azadlıqlarının Qorunması üzrə Konvensiyasını, 2004-cü ildə Avropa Sosial Xartiyasını ratifikasiya edib. Ötən müddətdə ölkəmiz həmçinin Avropa Şurasının müvafiq qurumları ilə konstruktiv əməkdaşlıq qurub. “AŞ-na üzv dövlətlərin sosial birlik məsələlərinə məsul nazirlərinin 2012-ci ildə İstanbul şəhərində keçirilmiş 2-ci Konfransı zamanı növbəti 3-cü Konfransın Bakı şəhərində keçirilməsi barədə Azərbaycan tərəfinin təklifi yekdilliklə dəstəklənib. Hesab edirəm ki, Bakıda növbəti Nazirlər Konfransının keçirilməsi bugünkü tədbirin məntiqi davamı olacaq və AŞ çərçivəsində sosial birlik sahəsində faydalı dialoqun daha da inkişaf etdirilməsinə xidmət edəcəkdir”. Nazir bu konfransda aparılacaq müzakirələrin Sosial Birlik üzrə Strategiyanın 2015-ci ildə nəzərdə tutulan icmalı və yenidən işlənməsi üçün faydalı olacağına əminliyini bildirib və konfransın işinə uğurlar arzulayıb.
AŞ Nazirlər Komitəsinin sosial və səhiyyə məsələləri üzrə məruzəçi qrupunun sədri xanım Ana Vukadinovic Azərbaycanın AŞ-na daxil olduqdan sonra ötən dövrdə Təşkilatın qabaqcıl Avropa dəyərlərini əks etdirən və mühüm fəaliyyət sahələrinə dair 60-a yaxın konvensiyasını ratifikasiya etməsinin və onların icrası sahəsində gördüyü işlərin təqdirəlayiq olduğunu vurğulayıb. A.Vukadinovic bildirib ki, güclü iqtisadi inkişafa, işsizliyin və yoxsulluğun kəskin şəkildə azaldılmasına nail olan Azərbaycanda sosial birlik prinsiplərinin reallaşmasına xidmət edən tendensiyaların güclənməsi AŞ-nın müvafiq prioritetlərinə uyğundur. Ümumiyyətlə, AŞ-na üzv ölkələrdə sosial birlik üzrə qazanılan uğurlu təcrübələrin qarşılıqlı mübadiləsi, eyni zamanda mövcud maneələrin müzakirə olunaraq həll yollarının axtarılması belə tədbirlərin əsas məqsədidir. Keçirilən bu konfransın da qeyd olunan istiqamətdə növbəti uğurlu addım olacağı şübhəsizdir.
AŞ Baş Katibliyinin nümayəndəsi, İnsan ləyaqəti və bərabərlik direktoratlığının ayrı-seçkiliklə mübarizə və sosial birlik departamentinin rəhbəri Mariya Oçoa-Llido daha bir mühüm beynəlxalq tədbirə ev sahibliyi edən Azərbaycanın bununla sosial birlik prinsiplərinin ölkələr arasında təbliği və reallaşmasında, müvafiq məlumat və təcrübə mübadilələrinin aparılmasında fəal iştirak etmək əzmi kimi qiymətləndirib.
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli ölkəmizdə iqtisadi tərəqqi proseslərinin eyni zamanda sosial siyasət kursunun güclənməsi ilə müşahidə olunduğunu vurğulayıb. Komitə sədri sosial hüquqlar sisteminin mühüm beynəlxalq sənədlər, o cümlədən AŞ-nın konvensiyaları əsasında təkmilləşdirilməsi sahəsində görülən işlər barədə məlumat verib. O, Azərbaycanın müasir bir dövlət olaraq sosial birlik sahəsində mütərəqqi beynəlxalq prinsipləri tətbiq etmək əzmində olduğunu ifadə edib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev sosial birliyin təmin olunmasına yönələn səylərdə həmkarlar təşkilatlarının rolundan söz açıb, ölkəmizdə sosial tərəfdaşlıq əlaqələrinin daim möhkəmləndiyini vurğulayıb. S.Mehbalıyev işləyən şəxslərin əmək və sosial hüquqlarının müdafiəsi mexanizminin təkmilləşdirilməsi sahəsində də AŞ-na üzv ölkələr arasında fəal təcrübə mübadilələrinin əhəmiyyətindən söz açıb.
Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev çıxışında Azərbaycanda beynəlxalq standartlara cavab verən müasir sığorta-pensiya modelindən, yeni sistemin yüksək sosial səmərəliliyindən danışıb.
Konfrans plenar sessiyalarla işini davam etdirib. Sessiyalarda “Böhran dövründə sosial birlik və Avropa sosial modeli mövzusuna giriş”, “Avropa Şurasının üzv dövlətlərində Sosial Birlik üzrə Yeni Strategiya və Fəaliyyət Planının icrası və ən yaxşı milli təcrübələrin mübadiləsi”, “Sosial Birlik üzrə Yeni Strategiya və Fəaliyyət Planının qəbulundan (2010-cu il) sonra sosial siyasətlərin inkişafı”, “Ev sahibliyi edən ölkədə ünvanlı sosial birlik siyasətləri və ən yaxşı təcrübələr”, “Daha inklüziv cəmiyyətlərin mövcud və gələcək çətinlikləri” və s. mövzularda müzakirələr aparılacaq.

İlkin




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ramiz Rzayev: “Azərbaycanda ağır cinayətlərin sayı azalıb”
16.11.2018
“Kaspersky Lab” Avropa istifadəçilərinin məlumatlarının emalına başlayıb
16.11.2018
Bişkekdə “Müasir dünyəvi dövlətdə İslam” adlı ikinci beynəlxalq konfrans keçirilir
16.11.2018
Bakıda Azərbaycan Gənclərinin VIII Forumu keçirilir
16.11.2018
Azərbaycanda əmək pensiyalarının hesablanması qaydası ilə bağlı qanunvericiliyə dəyişiklik edilir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10484

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info