Prezident yanında Gənclər Fondunun maliyyələşdirdiyi “Mingəçevir 2015” layihəsi uğurla davam edir. Xatırladaq ki, Bakı – 2015 Avropa Oyunlarının bir hissəsini təşkil edən Kanoe yarışlarının Mingəçevir şəhərində keçirilməsi nəzərdə tutulub. Bu yarışlara dəstək məqsədilə həyata keçirilən “Mingəçevir – 2015” layihəsi çərçivəsində müxtəlif növ maarifləndirici treninq, seminar, ekskursiyalar təşkil olunur.
Əsas məqsəd Avropa Oyunları qabağı bu idman növünə marağı artırmaq, region gənclərini daha da maarifləndirməkdən ibarətdir. Artıq 2 aya yaxındır ki, icrasına başlanan layihənin növbəti ekskursiyası Kür Olimpiya Tədris İdman Mərkəzində keçirilib. Layihənin rəhbəri Tural Kərimovun verdiyi məlumata əsasən, görüş zamanı baza ilə yaxından tanışlıq olub və ekspertlərin məlumatları dinlənilib. Layihənin gedişində könüllülər qrupları yaradılıb. Qrup üzvlərinin əksəriyyəti region gənclərindən ibarətdir. Bu qrupların yaradılmasında məqsəd Avropa oyunları zamanı Təşkilat Komitəsinin işinə kömək etmək, daha çox gənci bir araya cəlb etməkdən ibarətdir. Layihə sentyabr ayı boyunca davam edəcək.
Xəyalə GÜNƏŞ
|