“Hər bir xalqın öz ənənəsinə söykənməsi, onun gələcəyinin göstəricisidir”
Tarix: 16.09.2014 | Saat: 23:50:00 | E-mail | Çapa göndər


Xatirə Həsənzadə: “Çox istedadlı gənc nəslimiz yetişir. Bir müəllim və azərbaycanlı kimi onların düşüncə tərzini gördükcə, qürur hissi duyuram”
Müsahibimiz Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Xatirə Həsənzadədir.
-Xatirə xanım, bu gün musiqişünaslar tərəfindən araşdırılan tədqiqat prosesində hansı incəliklərə diqqət yetirilir?
- Sizin verdiyiniz suala cavab olaraq demək istəyirəm ki, araşdırılan mövzudan asılı olmayaraq, gənc tədqiqatçı öncə böyük düha Üzeyir bəyin elmi məqalələrini oxumalıdır. Bu onun üçün sanki bir bünövrə rolunu oynayaraq onu yönəldəcək. Sonrakı mərhələ mütləq şəkildə Azərbaycan musiqişünaslarının elmi işləri ilə tanışlıqdır. Əlbəttə, orta və ali məktəbdə alınan musiqi tarixi, nəzəriyyəsi, Azərbaycanın tarixi, dili ilə bağlı biliklər də bu bünövrəyə daxildir. Əlavə olaraq dünya ədəbiyyatı, incəsənəti, musiqisi də buraya daxildir. Tədqiqat bir-birinə bağlı olan zəncir kimidir. Bir “işlə” tanışlıq səni bir başqasına yönəldir. Bu mənada dillərin mənimsənilməsi və sonra da digər mənbələrə keçid prosesi baş verir.
Kursdan kursa keçdikcə, tədricən gənc tədqiqatçının elmi bilikləri artır, ümumi dünyagörüşü formalaşır. Əlbəttə, bu işdə ona yardım edən, onu yönəldən müəllimlərin rolu danılmazdır. Bilirsiniz ki, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının özünəməxsus ab-havası, ənənələri vardır. Hər bir şəxs bu binaya addımını atanda artıq bunu hiss edir. Çox gözəl ənənələrdən biri də müəllim-tələbə arasında olan ünsiyyətdir. Burada ilk növbədə doğmalıq, eyni zamanda ciddilik, işinə peşəkarcasına yanaşmanın tarazlığı saxlanılır.
Belə düşünürəm ki, hər bir müəllim işlədiyi ali təhsil ocağının ənənələrindən, dərs prosesindən, müəllimlərindən söhbət açarkən bu fikirləri təsdiqləyər. Müəllimlə tələbə arasında olan ünsiyyət əslində keçmiş, bu gün və gələcək arasında körpü yaradan bir prosesdir.
Tələbələrin ümumi səviyyəsinə gəldikdə isə, hər bir dövrdə olduğu kimi, yaşadığımız XXI əsrdə də elmi, incəsənəti irəliyə aparan gözəl gənc nəsil yetişir. Onlar Azərbaycanın adını nəinki öz torpağında, onun hüdudlarından kənarda da təmsil edirlər. Bu yol olduqca mürəkkəbdir.
Bu gün beynəlxalq arenada Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə muğam sənətinə verilən yeni statusun nəticəsi olaraq muğam simpoziumları, muğam müsabiqələri keçirilir. Muğam ifaçılarımızın dünyanın hər hansı bir nöqtəsində yüksək səviyyədə qarşılanmasının hamımız şahidiyik. Bununla yanaşı, Üzeyir Hacıbəyli adına, Mıstislav Rastrapoviç adına, Qara Qarayev adına musiqi festivallarının keçirilməsi, Qəbələdə beynəlxalq musiqi festivalının, Şəkidə “İpək yolu” beynəlxalq musiqi festivalının, müasir musiqi ilə bağlı “Zamanla üz-üzə” beynəlxalq musiqi festivallarının keçirilməsi yeni istedadların üzə çıxması ilə bərabər, mədəniyyətlərarası bir dialoqdur. İstər milli, ya Azərbaycan professional musiqisi Azərbaycanı təmsil edən bir səfir missiyasının daşıyıcısı olurlar.
Sizinlə söhbətdə sənətə yüksək kriterilərlə yanaşan, onu sevərək, Azərbaycanı, onun havasını, suyunu sevərək, onunla qürur hissini yaşayan gənc nəsil tələbələrimizi gördükcə fəxr edirəm. Xoşbəxtəm ki, belə bir təhsil ocağında çalışıram.
- Milli musiqimizin dünya musiqisi ilə sintezini necə dəyərləndirirsiniz?
- Mən muğamı bir aysberq kimi görürəm. Yəni, muğam dərin bir dəryadır. Sənətdə hər bir yoldan istifadə etmək lazım gəlir. Hər bir yoldan istifadə etdiyin zaman gərək ehtiyatla yanaşasan. Musiqi dünyamızda muğama isə xüsusi yanaşmaq lazımdır. Mənim də bu mövzuda yanaşmam fərqlidir. İlk növbədə onu deyim ki, dünya musiqisi ilə muğamımızın sintezini etməzdən əvvəl ilk olaraq, muğamın sirləri ilə tanış olmaq lazımdır. Muğamın ritmi, ladı, tonları və bir çox incəlikləri haqqında xəbərdar olmaq zəruridir. Daha sonra musiqiçi iki müxtəlif janrda olan musiqilərin sintezindən söhbət aça bilər. Sadəcə səs oxşarlığı ilə sintezin olması mümkün deyil.
İnsanın qulaq yaddaşı deyilən bir instinkti var. Mərhum sənətkarlarımız ifalarında milli musiqilərimizə öz möhürlərini vurublar. Korifey sənətkarların lent yazılarını dönə-dönə dinləmək lazımdır. Milli musiqimizlə bayağı musiqinin sintezi zamanı əsas tamaşaçı zövqü korlanmasın və milli musiqimizə xələl dəyməsin. Hər bir xalqın öz ənənəsinə söykənməsi, onun gələcəyinin göstəricisidir.
Sualınıza gəldikdə isə, milli dəyərləri qorumaq, onlara olduqca həssaslıqla yanaşmaq hamımızın borcudur. Onlardan damla şəklində, israfçılıq etməyərək istifadə etmək lazımdır. Çünki belə demək olarsa, o mürəkkəb bir “konsentrata” bənzəyir. Mənə elə gəlir ki, bunu hamımız bilsək də, əməl etmək bir qədər müşküldür.
Uzlaşmaya gəldikdə isə, professional musiqidə əlbəttə ki, Üzeyir bəyin adını çəkirik. Artıq Şərqdə ilk addım olan “Leyli və Məcnun” muğam operasında bu addımlar atılıb, “Koroğlu” operasında milli musiqiyə söykənən klassik opera nümunəsi yaranıb. Bu yolun davamçıları artıq ikinci mərhələyə qədəm qoyaraq, Qara Qarayevin, Fikrət Əmirov, Cövdət Hacıyevin, Asəf Zeynallının, Soltan Hacıbəyovun, Niyazinin, Cahangir Cahangirovun və musiqi xəzinəmiz sayılan digər görkəmli bəstəkarların yaradıcılığında aydın təmsil olunur. Sonrakı mərhələ - artıq bu bəstəkarların tələbələri olan mərhələdə, təbii ki, hər bir sahə inkişaf etdiyi kimi, musiqi sahəsində də müxtəlif yazı texnikalarına müraciət olunaraq bu proses davam edir. Söhbət bir yazı texnikasında deyil. Formada, tembrlərin uzlaşmasında yeni yanaşmalar, janrlar arasında olan sərhədlərin silinməsi, onların sintezi və s. Bütün bunlar ünsiyyət üçün yeni vasitələrdir. Əsas isə ideya və məzmunun çatdırılmasıdır. Bizim Maestromuz Xəyyam Mirzəzadənin gözəl bir fikri yadımdadır: “Tikinti materialı olan daşdan gözəl bina da ucaltmaq olar, tövlə də tikmək olar. Əsas məsələ onu tikən ustaddan asılıdır”. Əfsuslar olsun ki, çox zaman bu “yeni, müasir” geyim altında boş, mənasız xaotik səs toplusuna da rast gəlirik. Bir də qeyd edim ki, bu proses də bir tərəfli deyil. Yəni, rus və Avropa bəstəkarlarının geniş mənada Şərq adlanan musiqi nümunələrindən, alətlərindən istifadə etmələri və ya Avropa alətlərində Şərq musiqisinin, musiqi intonasiyalarının, dönmələrinin edilməsi və s. Görkəmli bəstəkarımız Firəngiz xanım Əlizadənin məşhur “Habil sayağı” əsəri yəqin ki, sizin də yadınızdadır. Dünya şöhrətli violonçel ifaçısı Yo Yo Manın böyük sənətkarımız Habilin kamançadakı ifa tərzini, ona məxsus dönmələri, avazları Avropa alətində ustalıqla ifa edib. Bu da mədəniyyətlərarası dialoqun bir növüdür.
İnstrumental ifaçılıqda da muğamın fortepianoda yeni, özünəməxsus ifa tərzini cazla qovuşmasını, sintezini gözəl sənətkarımız Vaqif Mustafazadənin yaradıcılığında unutmaq olarmı? Bu yol da məxsusi şəkildə öz yeni cığırlarını açaraq musiqimizə yeni nəfəs, təravət gətirmiş oldu. Xanəndələrimizin ifasında da bu yanaşmanı, bu axtarışları Alim Qasımovun ifa tərzində eşidərək, artıq buna alışdıq. Bu onun seçimidir. Yaradıcı insan daim axtarışdadır. Enişləri də olur, yoxuşları da. Bəstəkarlarımızın, ifaçılarımızın bir qisminin adlarını çəkib, digərini çəkməyəndə də bir qədər inciyirlər. Bu da normaldır. Bu onların olduqca həssas olmasından irəli gəlir.
-Gənc nəsil muğam ifaçılarına miünasibətiniz?
- Dünyanın hansı ölkəsində musiqi sahəsi ilə olan məqamlara toxunanda Azərbaycan musiqisi, Azərbaycan muğamı böyük coşğquyla qarşılanır. Bu faktdır. Ona görə də bəzən bundan sui-istifadə edirlər. Hamı bu yolu asan bilib bu sahəyə üz tutur. Bu elə bir sənətdir ki, burada yalnız öz sözünü deyə bilən sənətdə qalır. Əsas məsələ isə bu sənətdə axıra qədər qalmaqdır.
Muğam dünyasında olmaq, əslində uzun bir yola çıxmaq deməkdir. Bu yolda gərək sən muğamın aşiqi olmalısan. Maraqlarınla bu sənətdə qala bilməzsən. O zaman sənət səni unudar.
Məsələn, Cənubi Azərbaycanda da muğam, aşıq musiqimizi yaşadan sənətçilərimiz var. Onlar bizdən uzaq düşdüklərinə görə daha çox musiqimizi qoruyub, yaşadırlar. Ölkələrarası mədəniyyət günləri keçirilən zaman biz öz həmvətənlərimiz ilə daha yaxından tanış oluruq. Konsert zamanı onların ifalarını və mədəniyyətimizin digər qollarını daha da mənimsəyirik. Hər bir musiqimizin öz dərinlikləri var və hər kəs gərək öz mədəniyyətini yaşatsın. Dəbdə olmaq üçün müxtəlif yollarla musiqimizə bayağı səslərin əlavə olunması artıq mədəniyyətimizə xələl gətirər.
Respublikamızda keçirilən müsabiqələrdən isə görürük ki, istedadlı gənclər yetişir. İstər instrumental, istərsə də vokal və xanəndə ifaçılar nəsli artır. Bu yol göründüyü qədər də sadə və hamar deyil. Olduqca mürəkkəb və uzun bir yoldur. Sonuna qədər getmək üçün iradə, qüvvə, ən əsası isə sevgi olmalıdır.
- Tələbələrinizin sənətə baxışlarını necə görürsünüz?
- Hər bir zamanda olduğu kimi gənclər bəzən istəklə, bəzən təsadüfən, bəzən də məcburiyyət qarşısında sənət yoluna addım atırlar. Bizim sənət isə dərinliyi, bütöv əhatəni sevir. Dərinlik çətin bir amildir. Dərin tədqiqatçı olmaq üçün birinci onun arzusu, istəyi olmalıdır. Bəzi nüanslar var ki, bu sənətdə maneələr yaradır. Sənəti yaşatmaq üçün musiqişünas bu maneələri gərək aşsın.
Bununla bağlı bir hadisənin şahidi oldum. Akademiyamızın vokal üzrə II kurs tələbəsi bir gün mənə yaxınlaşıb, bu sənəti atmaq istədiyini söylədi. Mən onu israrla bu fikrindən yayındırmağa çalışdım. Çünki sənəti atsan yenidən sənətə gəlmək çətin olur. Hələ üstəlik bu səs sənətidirsə. Lakin, o, oxuduğu iki il ərzində haqsızlıqlarla üzləşdiyini və bununla barışa bilmədiyini dedi.
Mən nə qədər təkid etsəm də o, sənətini yarım qoydu. Mən gənc qızımız üçün çox heyifsiləndim. Onda olan vokal səs, sanki İlahi tərəfindən ona verilən bir bəxşiş idi. İnsanın qarşısına həyatı boyu maneələr çıxacaqdır. Hələ üstəlik bu sənət yoludursa. Həyat mübarizəni sevir. Mübarizə etməsən məqsədinə çata bilməzsən. Mübariz olmasan sənətdə iz qoya bilməzsən.
Mən yenə də bu mövzuya pozitiv baxıram. Hər kəs oxuyur. Lakin əsl sənət fədaisi illər sonra bilinəcək. Mürəkkəb zaman kəsiyində yaşayırıq. Əsasən də oğlan tələbələr piano sənətini II kursdan, yarı yolda qoyurlar. Asan yolu - aranjeman yaxud bəstəkarlığı seçirlər. Düşünürlər ki, piano sənətində heç nə qazana bilməyəcəklər. Hər bir sənət sahəsi belədir. Bizim sahədə musiqişünasın işi araşdırmaq və tədqiq etməkdir. Lakin tədqiq etdiyin zaman sən də gərək öz etdiklərindən böyük zövq alasan.
Sənət yaşayır. Yaxşı gənclərimiz də hər zaman yetişir. Bu gün uğurlu gənclər sayəsində sənət daha da irəli gedəcək. Biz də pedaqoq olaraq, onlara baxıb fərəh duyuruq.
Tələbələrin sənətə baxışı müxtəlifdir. Hər zaman olduğu kimi. Səthi, asan yolla gedənlər daha çoxdur. Bir də əsl sənət fədailəri var. Onlar hər zaman az olur. Çox istedadlı gənc nəslimiz yetişir. Bir müəllim və azərbaycanlı kimi onların düşüncə tərzini gördükcə qürur hissi duyuram. Çünki tələbələrimi çox istəyirəm.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info