“Söz mülkünün Şəhriyarı”
Tarix: 17.09.2014 | Saat: 19:58:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Seyid Məhəmmədhüseyn Şəhriyarın xatirəsinə həsr olunan “Söz mülkünün Şəhriyarı” adlı tədbir keçirilib.
Tədbirdə çıxış edən AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, filologiya elmləri doktoru Gövhər Baxşəliyeva bildirib ki, bugünkü tədbirin təşkilatçıları AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu, Nizami adına Ədəbiyyat İnstitutu, İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzi və Xəzər Universitetidir.
O, daha sonra Məhəmmədhüseyn Şəhriyarın həyat və yaradıcılığından söz açıb: "Şəhriyarın poeziyası dövrün ictimai, siyasi, fəlsəfi və ədəbi görüşlərinin canlı aynasıdır. Onun ölməz irsi nəinki Şərq, ümumən dünya mədəniyyəti və ədəbiyyatı xəzinəsinin nadir incisidir. Ecazkar poeziyası ilə ürəkləri fəth etmiş şair geniş kütlələrin sonsuz məhəbbətini qazanıb. Onun şeirləri bir çox dillərə tərcümə olunaraq, insanların ruhunu oxşayıb”. G.Baxşəliyeva insanpərvərlik, vətənpərvərlik və xəlqiliyin Şəhriyar yaradıcılığının ana xəttini təşkil etdiyini də qeyd edib. Məhəmmədhüseyn Şəhriyarın Azərbaycan və İran poeziyasının ən nəhəng simalarından biri, fəxri, qüdrətli söz ustadı olduğunu söyləyən G.Baxşəliyeva bildirib ki, bu gün ölkəmizdə çətin elə bir insan tapılar ki, Şəhriyar poeziyasının vurğunu olmasın, onun şeir nümunələrini bilməsin. Böyük öndərimiz Heydər Əliyevin müsahibələrinin birində «Sevdiyiniz şair?» sualına – «Şəhriyar», - deyə cavab verdiyini xatırladan G.Baxşəliyeva, Şəhriyar poeziyasını bu qədər insanlara sevdirən, onu populyarlaşdıran, dillərdə əzbər edən səbəbin ilk növbədə onun şerinin fikir zənginliyi, bədii saflığı və səmimiyyəti olduğunu söyləyib.
Çıxışda Şəhriyarın yaradıcılığının həmişə tədqiqatçıların diqqət mərkəzində olduğu qeyd edilərək, ayrı-ayrı vaxtlarda Ə.Atəş, Q.Beqdeli, H.Billuri, Böyük Nikəndiş, B.Budaqov, Əliməmməd Əbülfəzl, Cəmşid Əlizadə, İsa Həbibbəyli, Həsənəli Məhəmmədi, Əhməd Kaviyanpur, H.Qasımov, E.Quliyev, Barfiruş, Məhəmmədbağır Nəcəfzadə, Mübəyyin Məhəmmədhüseyn, Zilli Məniçöhr, Hüseyn Münzəvi, B.Nəbiyev, Fəthi Nüsrətullah, N.Rizvanov, Y.Şeyda, E.Şükürova, E.Quliyev və digərlərinin Şəhriyarın həyat və yaradıcılığı haqda dəyərli əsərlər yazdığı nəzərə çatdırıldı. Bu işlərin yenə də davam etdiriləcəyinə əminliyini bildirən G.Baxşəliyeva böyük öndər Heydər Əliyevin Şəhriyar haqqında söylədiklərini xatırlatdı: «Dahi sənətkarın yaradıcılığının dərindən öyrənilməsi, tədqiq və tədris edilməsi sənət və elm xadimlərimizin müqəddəs borcudur». Şəhriyar yaradıcılığının mövzu zənginliyinə də toxunan G.Baxşəliyeva çıxışını bu sözlərlə bitirib: «Bəli, şairdən ölməz söz qalır və bu əbədiyyətə qədər belə olacaq. Nə qədər ki, xalqımız var, Şəhriyar sözü qalacaq, yaradıcılığı yaşayacaq və onun haqda yenə və yenə söz salınacaq, irsi tədqiq olunacaq, yeni-yeni əsərlər yaranacaq. Şəhriyar irsi dilimizi, xalqımızı yaşadacaq, xalqımız isə Şəhriyar irsinin varlığının təminatçısı olacaq. Beləliklə də, özü demişkən «el məşəli», «əbədiyyət gülü» Şəhriyar sonsuzluğa qədər yaşayacaq».


Daha sonra çıxış edən akademik İsa Həbibbəyli də Şəhriyarın yaradıcılığından bəhs edib. O bildirib ki, Şəhriyar yaradıcılığı türk-müsəlman ədəbiyyatının nadir xəzinəsinə böyük töhfələr vermiş zəngin ədəbiyyat sırasındadır: "Onun adı bütün dünyada tanınmış Şərq mütəfəkkirləri ilə birlikdə çəkilir. Məhəmmədhüseyn Şəhriyar türk-müsəlman dünyası ədəbiyyatının zəngin xəzinəsinə qiymətli əsərlər vermiş sənətkarların sırasında dayanır. Tədqiqatçılar çox haqlı olaraq Şəhriyar yaradıcılığını müasir dövrün Hafizi səviyyəsində qiymətləndirirlər. Bu, Şəhriyarın dünya ədəbiyyatında böyük yer tutan görkəmli sənətkar olduğunu birmənalı ifadə edir”. Şəhriyarı İran torpağında yetişən qüdrətli Azərbaycan şairi kimi dəyərləndirən İ.Həbibbəyli şairin azərbaycandillli şeiri ən yüksək səviyyəyə qaldırdığını söylədi: “Şəhriyarın türk dili haqqında tezisləri özünün türkcədə yazdığı bədii nümunlərlə bir daha isbat olunub. Şair xalq dilindən yoğrulmuş düşüncənin zirvəsində dayanır. O, İran, Azərbaycan ədəbiyyatında özünəməxsus yol açıb, İranda azərbaycandilli şeirin yeni böyük məktəbini yaradıb. Şəhriyar azərbaycandilli, farsdilli şeirin son yüz ildə böyük ustadır. Şair fars dilində zəngin irs qoyub getmişdir. Şərqşünaslar isbat edirlər ki, o, müasir farsdilli şeirin də zirvəsində dayanır”. İ.Həbibbəyli ümummilli lider Heydər Əliyevin Şəhriyar irsinə böyük rəğbət göstərdiyini qeyd edərək, böyük rəhbərin şairin 90 illiyində imzaladığı sərəncamın ona dövlət səviyyəsində ehtiramının canlı göstəricisi olduğunu bildirdi.
Xəzər Universitetinin rektoru, professor Hamlet İsaxanlı Şəhriyar şeirinin əsasını təşkil edən ənənəvilikdən, şairin yaradıcılığındakı novator cəhətlərdən söz açıb.
İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirib və Şəhriyarın xatirəsinə həsr olunan bu tədbirin iki ölkə arasında münasibətlərin nümunəsi olduğunu qeyd edib.
Sonra İİR-nın Azərbaycan Respublikasındakı səfriliyinin Mədəniyyət Mərkəzinin sədri İbrahim İbrahimi, “Vahid” poeziya evinin direktoru Rafiq Şirvani, iranlı alimlər Seyid Hamid Mədəni, Fəriba İbrahimi, Röya Sədri çıxış edərək Şəhriyar yaradıcılığının zənginliyindən, onu xalqa sevdirən səbəblərdən danışdılar.
Sonda Məhəmmədhüseyn Şəhriyara həsr olunmuş film nümayiş olunub.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info