“Vzqlyad”: “Azərbaycan sabit və dayanaqlı dövlətdir”
Tarix: 17.09.2014 | Saat: 23:32:00 | E-mail | Çapa göndər


“Neft gəlirləri ölkənin fəal şəkildə inkişafını təmin edir. Qərblə münasibətlər heç vaxt antirusiya xarakteri almayıb”
Rusiyanın “Vzqlyad” nəşrində Dağlıq Qarabağ münaqişəsi, Rusiyanın Azərbaycan və Ermənistanla münasibətlərinə dair maraqlı məqalə dərc edilib. Həmin məqalədə qeyd edilir ki, Rusiyanın əsas rəqibi olan ABŞ uzun illərdir ki, regiondakı münaqişələrdən istifadə edərək, bölgədə möhkəmlənməyə çalışır.
Yazıda qeyd edilir ki, ABŞ və digər Qərb dövlətləri Rusiyanın diqqətini Ukraynadan yayındırmaq üçün Dağlıq Qarabağ münaqişəsindən istifadə edə bilərlər. Avqust ayının əvvəlində cəbhə bölgəsində baş verən toqquşmalara diqqət çəkən qəzet yazır ki, Ukrayna hadisələri və sanksiyalara rəğmən, Putin Azərbaycan və Ermənistan dövlət başçıları ilə Soçidə görüşməyə vaxt ayırmağı vacib hesab etdi. Qeyd edilir ki, Soçi görüşündən sonra təmas xəttində sabitlik olsa da, münaqişə hər an aktiv fazaya qədəm qoya bilər: “Qərb Rusiyanın diqqətini Ukraynadan yayındırmaq üçün Qarabağda münaqişəni alovlandıra bilər. Qafqazdakı situasiya buna imkan yaradır”. Məqalədə vurğulanır ki, Soçi görüşündən sonra Birləşmiş Ştatlar da dövlət katibinin iştirakı ilə Azərbaycan və Ermənistan dövlət başçılarının görüşünü təşkil etdi. Məqalədə qeyd edilir ki, bəzi amerikalı siyasilərin Azərbaycanla bağlı açıqlamaları Bakıda narazılıqla qarşılanır. Xüsusilə, Qərbin ölkələrin daxili işlərinə qarışmaq üçün hazırladığı müxtəlif planlar Bakıda da narazılıq doğurur və bu açıq şəkildə dəfələrlə ifadə olunub. Qeyd edilir ki, rəsmi Bakı bəzi dairələri Azərbaycanın iki qonşu dövlət-Rusiya və İranla dostluq münasibətlərinə kölgə salmaqda ittiham edir.

“Azərbaycan heç vaxt Qərbin əlaltısı olmayıb”
“Vzqlyad” daha sonra yazır: “Bütün bu məsələlərin fonunda Azərbaycanın Rusiya ilə əlaqələri genişlənir. Azərbaycanın Rusiyanın hərbi-sənaye kompleksi ilə əlaqələri xeyli aktivləşib. Bakı Rusiyadan xeyli silah alır. Bu isə İrəvanda narazılıq yaradır. Ermənistan hesab edir ki, Rusiya özünü Ermənistanın strateji müttəfiqi kimi aparmır. NATO-nun Uels sammitindən sonra Ermənistanın müdafiə naziri Ohanyanın ABŞ səfiri Con Heffrenlə görüşü oldu. Səfir həmin görüşdə hərbi əməkdaşlığın gücləndirilməsi ilə bağlı açıqlamalar verdi. Təxminən elə həmin günlərdə Ermənistanın rəsmilərinin Almaniya və Britaniya hərbi ekspertləri ilə görüşü də baş tutdu. Bu fonda Rusiyanın regionda mövqeyi necə olmalıdır? Abxaziya və Osetiyanı itirən Gürcüstan NATO-ya doğru can ataraq, Rusiya ilə münasibətlərini nizamlamır. ABŞ Ukrayna hadisələrindən sonra Gürcüstanın alyansa daxil olmasını daha ciddi şəkildə dəstəkləməyə başlayıb. Amma Saakaşvilini hakimiyyətdə əvəz edən qüvvələr bu addımın ölkəni fəlakətə aparacağının fərqindədirlər. Gürcüstanın bu vəziyyəti digər qonşuları üçün də dərsdir. Hərçənd Azərbaycan heç vaxt Qərbin əlaltısı olmayıb. Bakı və İrəvan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı rəqabətdə olsalar da həmişə Rusiya ilə yaxşı münasibətlər saxlamağa çalışırlar. Ermənistan yaxşı bilir ki, onun gələcəyi Rusiyadan asılıdır.

“Rusiya postsovet məkanı ölkələrinə Avrasiya İttifaqın çərçivəsində əməkdaşlıq təklif edir. Bakı bu inteqrasiya prosesinə qoşulmağı tələsməyərək, müstəqil inkişaf və Türkiyə ilə əlaqələri gücləndirmək siyasətinə üstünlük verir. Həm Bakı, həm də İrəvanda Rusiya ilə münasibətlərin möhkəmlənməsinin əleyhinə çıxanlar var. Onların əksəriyyəti Qərb fondları ilə əməkdaşlıq edənlərdir. Bu QHT-lər Azərbaycana baxanda Ermənistanda daha çoxdur. Bu isə Ermənistan dövlətinin və hakimiyyətinin zəif olması ilə bağlıdır”

Bu ölkənin ərazisində Rusiyanın hərbi bazası yerləşir. Ermənistan hərbi təhlükəsizlik və iqtisadi vəziyyətə görə Qarabağı geri qaytarmağa çalışan qonşusuna xeyli uduzur. Ermənistan KTMT üzvü olmaqla Rusiyanın hərbi müttəfiqidir. Ermənistan artıq Avrasiya İttifaqına üzv olacağını açıqlayıb. Təhlükəsizlik baxımından Rusiyadan asılı olan Ermənistanın onsuz da başqa çıxış yolu yoxdur. Ermənistan adlı dövlətin mövcud olması Rusiyadan asılıdır. Azərbaycanın vəziyyəti isə fərqlidir. Azərbaycan daha sabit və dayanaqlı dövlətdir. Neft gəlirləri ölkənin fəal şəkildə inkişafını təmin edir. Qərblə münasibətlər heç vaxt antirusiya xarakteri almayıb. Doğrudur, Qəbələ RLS-in bağlanması bir qədər narazılıq yaratdı. Amma Bakı, Moskva ilə münasibətlərini heç vaxt korlamayıb. Eyni zamanda Bakı həmişə Türkiyə ilə sıx münasibətlər saxlayır. Azərbaycan və Ermənistanın Rusiyada çoxmilyonlu diasporu var. Məsələn, Ermənistanda əhalinin çoxu Rusiyadakı diaspor nümayəndələrinin göndərdiyi pulun hesabına yaşayır. Rusiya üçün gələcək hərbi-iqtisadi maraqlar baxımından hər iki dövlətlə münasibətləri gücləndirmək sərfəlidir. Rusiya postsovet məkanı ölkələrinə Avrasiya İttifaqının çərçivəsində əməkdaşlıq təklif edir. Bakı bu inteqrasiya prosesinə qoşulmağa tələsməyərək, müstəqil inkişaf və Türkiyə ilə əlaqələri gücləndirmək siyasətinə üstünlük verir. Həm Bakı, həm də İrəvanda Rusiya ilə münasibətlərin möhkəmlənməsinin əleyhinə çıxanlar var. Onların əksəriyyəti Qərb fondları ilə əməkdaşlıq edənlərdir. Bu QHT-lər Azərbaycana baxanda Ermənistanda daha çoxdur. Bu isə Ermənistan dövlətinin və hakimiyyətinin zəif olması ilə bağlıdır. 90-cı illərin əvvəllərindən başlayaraq ABŞ qərbyönümlü erməni elitası hazırlayıb”.

“Bakı Qərb fondlarının səmimiliyinə inanmır”
Məqalədə qeyd edilir ki, Rusiyanın inteqrasiya layihəsi olmasaydı, Ermənistan təsir dairəsindən çıxa bilərdi: “Azərbaycan Qərb fondlarının səmimiliyinə inanmayaraq, onlara müqavimət göstərir. Bakını həmin fondlara qarşı ehtiyatlı olmağa vadar edən faktorlardan biri ABŞ-dakı erməni lobbisidir. Həmin lobbinin təsiri ilə bəzən antiazərbaycan qərarları qəbul edilir. Qərbin Azərbaycan və Ermənistana ən ciddi təsir vasitəsi Qarabağ münaqişəsidir. Əslində Qərb münaqişəni həll etmək iqtidarında deyil, sadəcə münaqişəyə antirusiya kartı kimi baxır.

“Ermənistan hərbi təhlükəsizlik və iqtisadi vəziyyətə görə Qarabağı geri qaytarmağa çalışan qonşusuna xeyli uduzur”

Vaşinqton Bakıya bildirir ki, belə davam edərsə ruslar Qarabağı tanıyacaqlar və siz onu geri qaytara bilməyəcəksiniz, ermənilərə isə deyirlər ki, gec-tez Kreml sizdən üz döndərəcək və siz Türkiyə-Azərbaycan birliyi qarşısında tək qalacaqsınız. Guya ABŞ-la əməkdaşlıq onları bu təhlükədən xilas edə bilər. Amma Əliyev və Sərkisyan yaxşı bilirlər ki, Rusiya geosiyasi oyun lövhəsində onlardan kiminsə əleyhinə istifadə etməyəcək, çoxəsrlik əlaqələri qoruyacaq və ümumi təhlükəsizliyi təmin edəcək. Rusiyaya cənubda müharibə lazım deyil. Amma bir sıra səbəblər ABŞ-ı bu məsələdə maraqlı edir”. Məqalədə qeyd edilir ki, ABŞ Rusiyanın diqqətini yayındırmaq istəyərək düşünür ki, münaqişə başlayarsa, Rusiya kimin tərəfini tutsa, qarşı tərəf istər-istəməz Qərbə yönələcək. Qeyd edilir ki, münaqişə son vaxtlar sıxlaşan Rusiya-Türkiyə münasibətlərini də korlaya bilər: “Eyni zamanda münaqişə İran da daxil olmaqla bütün bölgədə vəziyyəti dəyişə bilər. Ona görə də ABŞ Ermənistanı müharibəyə itələyərək, minimum mükafat kimi Bakını qazanmaq istəyir. Onların hesabına görə münaqişə başlayarsa, Rusiya guya Ermənistanı müdafiə edəcək. Əslində Moskva onların istədiyi kimi yox, maraqları necə tələb edirsə, elə qərar verəcək. ABŞ-ın hazırda münaqişəni alovlandırmaq şansı çox azdır. Bunu edə bilsə belə, Rusiya bir-neçə gün ərzində tərəfləri sülh şəraitinə qaytara bilər”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
26.05.2020
MDB ölkələrinin Baş nazirləri koronavirusa qarşı mübarizə tədbirlərini müzakirə edəcəklər
26.05.2020
Fransa Prezidenti Emmanuel Makron Prezident İlham Əliyevi təbrik edib
26.05.2020
XİN: Avropa İnsan Hüquqları Məhkəməsi Ramil Səfərovla bağlı Ermənistanın əsas niyyətini təmin etməyib
26.05.2020
ADU-nun Konfutsi İnstitutu həkimlərə dəstək layihəsi keçirir
26.05.2020
Türkiyə Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi dünyasını dəyişib

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11530

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Qiyməli pendirli yemək resepti -VİDEO
3 Bakı restoranlarının “B Planı” yoxdur: pandemiya zamanı bizneslər sağ qalmağa çalışır-VİDEO
4 İşğal olunmuş Şuşa şəhərində təşkil edilən qondarma “andiçmə” mərasiminin heç bir hüquqi əsası yoxdur
5 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info