“Səbail rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər“
Tarix: 23.09.2014 | Saat: 23:38:00 | E-mail | Çapa göndər


İnkişafın innovasiya mərhələsinə keçirilməsi, rəqabətədavamlı milli iqtisadiyyatın formalaşdırılması və inkişaf dinamikasının sürətləndirilməsi başlıca olaraq insan kapitalı ilə bağlı bir çox məsələlərin öz həllini tapmasını, o cümlədən təhsilin dünya standartlarına cavab verməsini tələb edir.
Bu gün təhsil sistemində islahatların aparılması, istedadlı gənclərimizin dünyada ən məşhur ali təhsil müəssisələrinə göndərilməsi, tədrisdə ən mütərəqqi texnologiyaların tətbiqi, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi birbaşa olaraq Prezident İlham Əliyevin qayğısının nəticəsidir. Bir çox sahələrdə olduğu kimi, təhsil sahəsində də fəaliyyəti ilə seçilən Səbail rayonunda da təhsil müəssisələrinin müasir tələblərə cavab verən təhsil ocaqları səviyyəsinə çatdırılması prosesi uğurla həyata keçirilir. Səbail rayonu ərazisindəki məktəblərdə təhsilin səviyyəsi, burada şagirdlərin biliklərə yiyələnməsi üçün yaradılan şərait hər zaman rayon İcra Hakimiyyətinin diqqət mərkəzində olub və bunun daha da yaxşılaşdırılması istiqamətində mütəmadi olaraq işlər görülür. Görülən işlərin nəticəsidir ki, rayon təhsil müəssisələrinin uğurları artır, məzunların ali məktəblərə daxilolma göstəriciləri ilbəil çoxalır.

6 ay ərzində rayonda
1190 yeni daimi iş yeri açılıb

Əvvəla, onu qeyd edək ki, Səbail rayonunda 2014-cü ilin 6 ayı ərzində bir çox sahələrdə dinamik inkişaf müşahidə olunub. Rayonun sənaye müəssisələri tərəfindən 11 milyard 534,5 milyon manatlıq və ya keçən ilin müvafiq dövrünə nisbətən 1,3 % çox sənaye məhsulu istehsal edilib, nəqliyyat müəssisələri tərəfindən 256,2 milyon manatlıq və ya 1,7 % çox, rabitə müəssisələri tərəfindən 132,1 milyon manatlıq və ya 1,4 % çox xidmətlər göstərilib. Bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 2 milyard 512,5 milyon manat olub ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 35,5 % çoxdur. 6 ay ərzində rayonun pərakəndə ticarət şəbəkəsindən əhaliyə 106,4 milyon manat məbləğində və ya ötən ilin eyni dövründən 22,8 % çox istehlak malları satılıb, xidmət müəssisələri tərəfindən əhaliyə 127,3 milyon manatlıq pullu xidmət göstərilib ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,9 % çoxdur. Cari ilin əvvəlindən pullu xidmətlərin həcmi 2013-cü ilin eyni dövrünə nisbətən 2,9 % artaraq 127,3 milyon manat olub. Səbail rayonu üzrə daimi əhalinin sayı 100650 nəfər olmuş, əlavə olaraq rayonda 10615 nəfər məcburi köçkün məskunlaşıb. Rayonda çalışan işçilərin sayı 112246 nəfər, orta aylıq əmək haqqının məbləği isə 970 manat olub. 2014-cü ilin 6 ayı ərzində Səbail rayonu ərazisində 1190 yeni iş yeri açılıb. Bunlardan hamısı daimi iş yerləridir. Birinci yarımillikdə rayonda 2 saylı şəhər poliklinikasında, “Turac” uşaq bağçasında, Bibiheybət qəsəbəsində Mədəniyyət evi və qəsəbə kitabxanasında aparılan əsaslı təmir-yenidənqurma işləri başa çatdırılıb, Badamdar qəsəbəsində yeni İdman Kompleksinin tikintisi davam etdirilir. Rayonun təsərrüfat xidmətləri tərəfindən bir sıra işlər həyata keçirilib. Belə ki, Səbail rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən bir sıra binalara gedən istilik xətlərində, bir sıra binaların dam örtüyündə təmir işləri aparılıb, su və kanalizasiya xətləri dəyişdirilib, mərkəzdəki bir sıra binaların fasadı təmir olunub, rəngləmə işləri və gündəlik olaraq ərazidə abadlıq-təmizlik işləri görülüb. Badamdar qəsəbəsində hər həftənin şənbə günləri kənd təsərrüfatı məhsulları yarmarkası təşkil edilib. 2014-cü ilin 6 ayı ərzində Səbail rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə Ünvanlı Sosial Yardım almaq üçün 386 ailə müraciət edib, onların sənədlərinə müvafiq qaydada baxılaraq orta hesabla hər bir ailəyə 122,0 manat sosial yardım təyin olunub. İlin ilk 6 ayı ərzində 485 nəfər iş axtaran vətəndaş daimi işlə təmin olunub. Müxtəlif bayramlarla əlaqədar rayonda 6100 aztəminatlı ailəyə ərzaq bağlamaları, 1500 pay ət verilib, ümumilikdə isə 6 ay ərzində RİH tərəfindən hədiyyə ilə təltif olunanların, müxtəlif yardım, ərzaq bağlamaları alanların sayı 8323 olub.

Səbail rayonunda təhsilin səviyyəsi
hər zaman diqqət mərkəzindədir

Bakı şəhərinin mərkəzi rayonu olan Səbail rayonunda təhsilin səviyyəsi, orta məktəblərdə şagirdlərin normal təhsili üçün hər cür şəraitin yaradılması, məktəblərin maddi-texniki bazalarının vəziyyəti hər zaman diqqət mərkəzində olub. Rayonda 5 ali, 18 orta və 18 məktəbəqədər təhsil müəssisəsi mövcuddur ki, onların yeni dərs ilinə hazırlığı və yay mövsümü ərzində məktəblərdə aparılan təmir işlərinə RİH-nin tərəfindən nəzarət daha ciddi olub. Səbail Rayon İcra Hakimiyyəti başçısı yanında şuranın geniş tərkibli iclasında rayonda keçən tədris ilinin yekunları və yeni təhsil ilinə hazırlığın vəziyyəti müzakirəsi zamanı Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirib ki, son illərdə qazanılan bütün uğurlar ölkə başçısı İlham Əliyevin təhsilin inkişafı ilə əlaqədar imzaladığı proqramlar çərçivəsində həyata keçirilən islahatlar, millət vəkili Mehriban Əliyevanın təhsil obyektlərinin yeniləşməsi sahəsində gördüyü işlərin və dövlətimizin bu sahəyə xüsusi qayğısının nəticəsi kimi dəyərləndirilməlidir. Bildirilib ki, 3 il ərzində ölkə başçısının imzaladığı sərəncam və dövlət proqramlarına əsasən rayondakı orta və məktəbəqədər təhsil müəssisələrinin böyük əksəriyyəti əsaslı təmir olunub, 1 yeni orta məktəb və 1 yeni uşaq bağçası tikilib, 2 orta məktəb, 1 uşaq musiqi məktəbi sökülərək yenidən tikilib. 2 məktəb üçün yeni əlavə korpus tikilib, 1 peşə, 11 orta, 2 uşaq musiqi məktəbləri, 2 uşaq texniki yaradıcılıq mərkəzi, 8 uşaq bağçası əsaslı təmir olunub. Keçən il həmçinin Heydər Əliyev Fondunun təşəbbüsü ilə Badamdar qəsəbəsindəki 136 saylı körpələr evi-uşaq bağçasında əsaslı təmir işləri aparılıb və sentyabr ayında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və qızı Arzu Əliyevanın iştirakı ilə açılışı keçirilib. Badamdar qəsəbəsinin inkişaf edərək əhali sayının artması ilə bağlı burada məktəbəqədər təhsil müəssisələrinin vəziyyətini nəzərə alan Heydər Əliyev Fondu nəcib təşəbbüs göstərərək bu ilin aprel ayında qəsəbədəki «Könül» körpələr evi-uşaq bağçasında əsaslı təmir işlərinə başlayıb və artıq burada bütün işlər başa çatdırılıb. Ölkə başçısının müvafiq sərəncamı ilə təsdiq olunmuş «2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»nın həyata keçirilməsi üzrə Tədbirlər Planına uyğun olaraq Səbail rayonunun təhsil müəssisələri üzrə 3 orta və 1 musiqi məktəbinin və 3 uşaq bağçasının əsaslı təmiri nəzərdə tutulub. Həyata keçirilən yeniliklər tədris prosesinə də öz müsbət təsirini göstərir.
Rayonda təhsilin səviyyəsi və təhsil müəssisələrinin vəziyyətinə RİH tərəfindən ciddi fikir verilir. Yay aylarında təhsil müəssisələrində təmirlər aparılıb, məktəblər lazımi avadanlıq və vəsaitlərlə təmin olunub. Keçən tədris ilində təhsil müəssisələrinin bir sıra uğurlar da qazanıb. Belə ki, 2013-2014-cü tədris ilində rayonun orta məktəblərini 1355 nəfər bitirib, onlardan 1190 nəfəri ali məktəblərə qəbul olunmaq üçün sənəd verib. Abituriyentlərin 901 nəfəri tələbə adını qazanıb. Qəbul imtahanlarında abituriyentlərdən 124 nəfəri 500-dən yuxarı, 37 nəfəri 600-dən, 9 nəfəri isə 650-dən çox bal toplayıb. Məzunlardan 124 nəfər xarici ölkələrin müxtəlif ali məktəblərinə qəbul olunub. 2013-2014-cü təhsil ilinin yekununa görə, Səbail rayonu üzrə 7 məzun qızıl və 2 məzun gümüş medala layiq görülüb. Son 4 ildə isə rayonun məzunları ümumilikdə 43 qızıl və 3 gümüş medala layiq görülüb.

Uğurlu təhsilin məkanı
Səbail rayonunda öz fəaliyyəti ilə seçilən orta məktəblərdən biri 91 saylı orta məktəbdir. Məktəbin direktoru Svetlana Zülfuqarova kollektivin qazandığı uğurlardan danışaraq bildirib ki, məktəbdə hazırda 1200 şagird təhsil alır və onlara 100 nəfər müəllim dərs deyir: “Bu il birinci sinfə 123 nəfər uşaq qəbul edilib. Keçən tədris ilində məktəbin 68 məzununun 46-sı ali məktəblərə, onlardan 7-si isə xarici ölkələrin ali məktəblərinə daxil olub. Məzunların 4-ü 500-dən çox, 2-si 600-dən, 2-si isə 650-dən çox bal toplayıb. Məktəbin məzunu, 680 balla ADA Universitetinə daxil olan Mikayıl Mikayıllı Prezident təqaüdünə layiq görülüb". Yeni dərs ili ərəfəsində məktəbdə yaradılmış şəraitə, onun lazımi inventar və dərs ləvazimatları ilə təminatına, həmçinin ölkə təhsilinin inkişaf və tərəqqisi üçün gördüyü işlərə görə məktəb direktoru S. Zülfuqarova ölkə rəhbərliyinə məktəb kollektivi və valideynlər adından dərin təşəkkürünü bildirib.
Səbail rayonu Bayıl yaşayış sahəsindəki 49 saylı "İntellekt" məktəb-liseyin direktoru Təhminə Əsədova isə bildirib ki, bu orta təhsil ocağı 1929-cu ildə tikilən və Böyük Vətən Müharibəsi illərində burada təxliyə hospitalı fəaliyyət göstərib: “Dövlət Proqramına uyğun olaraq 2012-ci ildə məktəbin 3 mərtəbəli binası əsaslı təmir olunub, burada müasir təhsil üçün hər cür şərait yaradılıb. Ətraf ərazidə yaşayan əhalinin sayının artması ilə əlaqədar məktəbin həyətində 36 əlavə sinif otağı olan 660 şagird yerlik, 3 mərtəbəli yeni tədris korpusu da tikilib. Çox sevindirici haldır ki, həmin il sentyabrın 5-də Prezident İlham Əliyev məktəbə gələrək yeni inşa olunan tədris korpusunun və əsaslı təmir işləri aparılan köhnə korpusun açılış mərasimlərindən iştirak edib. Bu gəliş məktəb kollektivi üçün çox əlamətdar bir hadisə olub. Məktəbə olan diqqət və qayğı pedaqoji kollektivi daha yaxşı işləməyə, vətənimiz üçün savadlı və vətənpərvər nəslin yetişdirilməsi işində daha uğurla çalışmağa sövq edib”. Məktəb barədə məlumat verən T.Əsədova qeyd edib ki, hazırda məktəb-liseydə 1459 şagird təhsil alır, onlara 129 nəfər müəllim dərs deyir. Bu il 209 nəfər uşaq birinci sinfə qəbul olunub. 2013-2014-cü təhsil ilində məktəb-liseyi 73 nəfər məzun bitirib və onların 44 nəfəri tələbə adını qazanıb. Məzunların 2 nəfəri qəbul imtahanlarında 600-dən, 1 nəfəri isə 650-dən çox bal toplayıb. 4 nəfər məzun xaricdə təhsil alacaq”. Təhminə Əsədova təhsilə olan diqqət və qayğıya, məktəbdə yaradılan şəraitə görə Prezidentə öz dərin təşəkkürünü bildirib.
Qəbul imtahanında yüksək bal toplayaraq, 654 balla ali məktəbə daxil olan tələbələrdən biri Leyla Abuzərli də məhz Səbail rayon 91 saylı orta məktəbin məzunudur. Təhsil aldığı orta məktəbin ona böyük dəstəyi olduğunu deyən L.Abuzərli qeyd edib ki, ölkədə təhsilin inkişafı üçün dövlətimiz tərəfindən çox gözəl şərait yaradılıb: “Buna görə dövlət başçımız İlham Əliyevə öz minnətdarlığımı bildirirəm”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info