“Xaricdə təhsil alan hər gənc “kiçik səfir” rolunu oynayır”
Tarix: 25.09.2014 | Saat: 22:09:00 | E-mail | Çapa göndər


İspaniyada oxuyan tələbə Fatma Qurbanzadə: “Universitetdə doktorantura pilləsi üzrə təhsil alan yeganə azərbaycanlı mənəm”

Müsahibimiz bir tədris proqramının, 10-dan çox elmi məqalənin müəllifi, Dillər Universitetinin Təlimdə innovasiyalar kafedrasının müəllimi, həmçinin Pedaqoji fakültədə tədris işləri üzrə dekan müavini vəzifəsində çalışmış və hazırda xaricdə təhsilini davam etdirən Fatma Qurbanzadədir.
- Bu ildən etibarən İspaniyada təhsil alacaqsınız. Bu ölkədəki universiteti təsadüfən seçdiniz, yoxsa başqa səbəblər var?
- İspaniyaya böyük marağım olub. İspaniya bütün dünya ölkələrindən çoxlu sayda turist qəbul edən ən gözəl dəniz kurortları ölkəsidir. İspaniyada universitetləri “Centro” adlandırırlar. Qanunlara görə, ancaq bu məktəblər ali təhsil verə bilər. Bu mənada İspaniya mühafizəkar ölkə kimi qeyd olunur. İspan universitetləri 3 kateqoriyaya bölünür: dövlət, özəl və bütün dünya üçün bir dənə nadir ali məktəb növü və ya kilsə himayəsində olan – dini (ruhani) ali məktəb. Təhsil aldığım universitet İspaniyanın şimalındakı Basklar ölkəsinin (País de Vasco/Euskadi) əhali etibariylə ən böyük şəhəridir və Biskay vilayətinin (Vizcaya/Bizkaia) mərkəzində yerləşir. Universitetin Dil və ədəbiyyat fakültəsi isə Alava vilayətinin paytaxtı olan Vitoria-Gasteiz şəhərində yerləşir. Demək olar ki, şəhər tamamilə universitet tələbələri ilə əhatə olunub. Gəzdiyiniz hər küçədə, getdiyiniz hər bir yerdə siz mütləq País de Vasco Universitetinin tələbələrinə rast gəlirsiniz. Tədqiqat sahəsində böyük uğurlar əldə etmiş universitet hər fakültəyə uyğun maddi-texniki baza və güclü struktur ilə təchiz olunub. Bu isə mənim kimi tədqiqatçı gənclərin işini bir xeyli asanlaşdırır.
-Bir qədər də ixtisasınız haqqında məlumat verərdiniz.
- Bildiyiniz kimi, Azərbaycan Dillər Universitetinin doktorantıyam. İxtisasım müqayisəli tarixi və müqayisəli tipoloji dilçilikdir. Tədqiqat universitetində isə bu ixtisas Hind-Avropa dillərinin müqayisəli tipoloji quruluşunu öyrənən bölmə adlanır. Amma araşdırmam təkcə Hind-Avropa dilləri ailəsinə aid olan dilləri əhatə etmir. Dil çox mürəkkəb və sirli hadisədir. İnsanın ən mühüm əlaməti, onu bütün digər canlılardan fərqləndirən yeganə məziyyəti dildir. Ölkəmiz öz müstəqilliyini yenidən bərpa etdikdən sonra bütün sahələrdə olduğu kimi dilçilik elmində də gözəçarpan dərəcədə yeniliklər baş qaldırdı. Zəngin adət-ənənələri olan xalqımız artıq bir sıra təhsil ocaqlarında maddi-texniki bazanın möhkəmləndirilməsi ilə yanaşı, təhsil və tədrisin təşkilinə, elmi-tədqiqat işlərinin daha da yüksəlməsinə, beynəlxalq əlaqələrin, ideya-siyasi tərbiyə işlərinin təşkilinə daha çox diqqət yetirməyə başladı. Dilçilik elmi qədim tarixə malik olsa da, onun yeni-yeni sahələri bu gün də yaranmaqdadır. Psixodilçilik, koqnitiv dilçilik, neyrodilçilik, linqvosemiotik istiqamətlər son illərin dilçiyində yaranmış sahələrdir. Tipoloji dilçilik və universarilər dilçiliyini də bura əlavə etsək, bugünkü dilçiliyin nə qədər geniş diapozona malik olduğunu açıq görə bilərik. Bu da mənim üçün geniş tədqiqat imkanı yaradır.
-Ümumiyyətlə, dilçilik elmində nə kimi yeniliklər var? Gələcək perspektivdə siz nə kimi nailiyyətlərə nail ola bilərsiniz ?
-Dilçilik o qədər çevik və müasir bir elmdir ki, onun həm dəqiq, həm də humanitar elmlərlə birgə addımlamağına heç nə mane ola bilmir. Müxtəlif zamanlarda dilçilik elmi ilə məşğul olmuş alimlər bu elmin dərinliklərinə qədər enmiş və müasir dövrə qədər gəlib çatan elmə dəyərli töhfələr veriblər. Bu gün dilçilik sahəsində müxtəlif dillərdə sonsuz sayda elmi-nəzəri ədəbiyyat mövcüddur. Digər bir tərəfdən, böyük və zəngin tarixi ənənələri olan Şərq və Qərb dilçiliyində meydana gəlmiş, konkret olaraq yunan, roman, ərəb, alman, rus, ingilis və yapon dillərində yazılmış fundamental dilçilik əsərlərini oxumaq və həzm edə bilmək o qədər də asan deyil. Bütün sahələrdə qloballaşma iri addımlarla irəlilədiyi kimi, dilçilikdə də bu, aydın hiss olunmaqdadır. İndi yaxşı dilçi olmaq da o qədər asan deyil. Əgər bir müddət öncə dilçi olmaq filoloji sahə üzrə təhsil almaq və bunu əxz etməklə məhdudlaşırdısa, indi yaxşı dilçi olmaq üçün dünyanın beş-altı dilində sərbəst danışmaq labüddür. Çünki digər sahələrdə olduğu kimi, dilçilik elmi də innovativ ideyaları, yeni kəşfləri və tədqiq olunmağı sevir və buna daim açıqdır. Zənnimcə, dil, həmçinin də elm təkcə sərhədlərlə məhdudlaşmamalıdır. İxtisasında əsl mütəxəssis olmaq istəyən tədqiqatçı sərhədləri aşmalıdır. Yeni informasiyalar qəbul edib, bunu öz araşdırma obyekti kimi istifadə etməlidir. Müxtəlif dilləri mənimsəməklə əslində, tədqiqatçı müxtəlif mədəniyyətləri, fərqli dil qruplarını və dil vasitələrini də mənimsəyir. Bunun isə onun işinə yararlı tərəfləri daha çoxdur. Amma təəssüf ki, hazırda çox az sayda dilçi alim, tədqiqatçı buna nail ola bilir. Bu da, sözsüz, dilçilik sahəsində vəziyyətin o qədər də ürəkaçan olmaması deməkdir. Bu öhdəlik isə, düşünürəm ki, gənclərin üzərinə düşür. Bunun üçün isə məhz biz gənclər üçün yaradılan bütün şəraitlərdən lazımınca istifadə etmək lazımdır.
-İspaniyada yeni dərs metoduna, tədris sisteminə alışa bilirsinizmi?
-İspanlar istiqanlı xalqdır. Demək olar ki, İspaniyada bütün ölkələrdən tələbələr təhsil alır. Azərbaycanlılar kimi ispanlar da təhsilə böyük önəm verirlər. Bakalavr, magistr pillələri öz yerində, doktorantura pilləsi onlar üçün daha vacibdir. Çünki düşünürlər ki, istənilən ixtisas sahibi öz peşəsinin mütəxəssisi olmalıdır. Universitetdə ilk günümdə, müəllimlər məhz doktorantura üzrə təhsil almaq üçün gələn tələbələrə xüsusi rəğbət bəslədiklərini etiraf etdilər. Vurğuladılar ki, bu pillədə oxuyan demək olar ki, hər bir gənc həm təhsil alır, həm də ki çalışır. Hətta bəziləri təhsilini davam etdirmək üçün işdən də ayrılmalı olurlar. Təhsili belə şərtlərdə davam etdirmək istəyi mütləq təqdirəlayiq görülməlidir. Qalibi olduğum Avropa Birliyi ölkələrinin (The European Union`s scholarships and academic cooperation) dəstəklədiyi qrant müsabiqəsində universitetdə doktorantura pilləsi üzrə təhsil alan yeganə azərbaycanlı mənəm. Təbii ki, bu da mənə ayrıca məsuliyyət və şərəf verir. Qrupumuzda məndən başqa Gürcüstan, Polşa, Tunis, İtaliya, Almaniya və Koreyadan olan gənclər də təhsil alırlar. Bəzən özümü xalqlar arenasında hiss edirəm. Çünki istənilən halda biz öz davranışımız, mədəniyyətimiz, hadisələrə yanaşma tərzimizlə öz xalqımızı təmsil edirik. Bunun üçün də həmişə diqqətli olmaq lazımdır.
-İspaniyada təhsil almağa yenicə başlasanız da, yəqin ki, gələcəklə bağlı bəzi planlar qurmusunuz...
- Gələcək üçün planlar çoxdur. Amma hər şeydən öncə əsas məqsəd azərbaycanlı gənc olaraq məhz təhsil aldığım müddətdə ölkəmizi layiqincə təmsil etməkdir. Xaricdə təhsil alan hər bir gənc “kiçik səfir” rolunu oynayır. Xalqını, millətini başqa xalqların necə tanıması və qiymət verməsi, zənnimcə, məhz ondan asılıdır. Prezident İlham Əliyev bizlər haqda söz açarkən vurğulayıb : "Gənclər cəmiyyətimizin fəal təbəqəsidir. Mən çox şadam ki, Azərbaycan gəncləri çox fəaldırlar, vətənpərvərdirlər. Gənclər bu gün və xüsusilə gələcəkdə ölkəmizin inkişaf istiqamətlərini müəyyən edəcəklər". Bizim öhdəmizə düşən əsas vəzifə də istənilən sahədə olmağımızdan asılı olmayaraq, öz peşəmizdə çox çalışmaq, ixtisasımızın mütəxəssisi olmaq və heç vaxt bir azərbaycanlı olduğumuzu unutmamaqdır. Məhz bu halda biz, Prezidentimizin qeyd etdiyi kimi, gələcəkdə ölkəmizin inkişaf istiqamətlərini müəyyən etməkdə, xalqımızın xoş və firavan həyatını təmin etməkdə yardımçı ola bilərik.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Tələbələrə ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info