Milli qəhrəmanlarımızın təbliği: Koroğlu Rəhimov
Tarix: 29.09.2014 | Saat: 20:29:00 | E-mail | Çapa göndər


“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “Milli qəhrəmanlarımızın təbliği: Koroğlu Rəhimov” layihəsi çərçivəsində Dəyirmi Masa təşkil edib.
Dəyirmi Masada Milli qəhrəman Koroğlu Rəhimovun həyat yoldaşı və övladları, gənclər təşkilatları, hərbyönümlü QHT təmsilçiləri və hərbi-vətənpərvərlik mövzusunda yazan jurnalistlərin iştirak ediblər. “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin sədri Ramiz Cürənov bildirib ki, ölkəmiz müharibə şəraitində yaşayır və müasir gənclik qarşısında əsas vəzifə ilk növbədə torpaqların hər an azad edilməsi uğrunda hazır olmalarıdır. Buna görə də ictimai birliyin fəaliyyətində əsas məqsəd gənclərin vətənpərvərlik tərbiyəsi işinə dəstək olmaqdır. Böyük dövlət xadimi Heydər Əliyev gənc nəslin vətənpərvər ruhda böyüməsi istiqamətində mühüm addımlar atıb, Qarabağda döyüşlərdə şücaət göstərmiş qəhrəman Vətən övladlarını qiymətləndirib. Bu siyasət Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Prezident İlham Əliyev çıxışlarında gənc nəslin vətənpərvər ruhda böyüməsinin xüsusi diqqət mərkəzində saxlanılmalı olduğunu vurğulayır. “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında da Azərbaycanın milli qəhrəmanlarının və ərazi bütövlüyü uğrunda döyüşlərdə şücaət göstərmiş gənclərin tanıdılması ilə bağlı layihələrin həyata keçirilməsi əsas istiqamətlərdən biri kimi yer alıb. “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin də əsas məqsədi gənc nəslin vətənpərvər ruhda böyüməsinə, vətənpərvərlik əhval-ruhiyyəsini artırmağa töhfə verməkdir. “Milli qəhrəmanlarımızın təbliği: Koroğlu Rəhimov” layihəsi də İctimai Birliyin bu sahədə həyata keçirdiyi növbəti layihədir.
Milli Qəhrəmanın oğlu Rəşad Rəhimov atasının ömür yolundan danışıb. Koroğlu Rəhimov Vətənimizin düşməndən qorunması uğrunda mübarizədə iştirak etməyi borc sayıb.
Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyasının sədri, Qarabağ qazisi Rey Kərimoğlu döyüşən insanlara obyektiv qiymət verilməsinin, əsl qəhrəmanların qiymətləndirilməsin zəruri sayıb. Rey Kərimoğlu Koroğlu Rəhimov, Vəzir Orucov, Şirin Mirzəyev, Əlyar Əliyev kimi Milli Qəhrəmanlarımızın ömür yolu və qəhrəmanlıqlarının gənclər üçün örnək olduğunu vurğulayıb.
Milli Qəhrəmanları Tanıtım İctimai Birliyinin rəhbəri Elşən Uluxanlı Koroğlu Rəhimov cəbhəyə yollanarkən övladlarının körpə olduğunu xatırladıb: “Buna baxmayaraq, Koroğlu Rəhimov Vətənimizi qorumaq üçün döyüşə atılıb. O, torpaqlarımızın düşmən tapdağından azad edilməsi üçün qəhrəmanlıqla döyüşüb, döyüşlərdə göstərdiyi şücaət onu qısa müddətdə əfsanələşdirib. Gənclərimiz Koroğlu Rəhimov kimi qəhrəmanlarımızın həyatını, döyüş yolunu öyrənməli, örnək götürməlidirlər”.
Modern.az portalının redaktoru Xəqani Səfəroğlu KİV-lərdə işıq üzü görən vətənpərvərlik yönümlü materiallara cəmiyyətdə marağın az olduğuna diqqət çəkib, bu sahədə çoxsaylı layihələrin həyata keçirilməsini zəruri sayıb.
Tədbirdə hərbyönümlü QHT təmsilçiləri və hərbi-vətənpərvərlik mövzusunda yazan jurnalistlər çıxış ediblər.
Qeyd edək ki, Koroğlu Rəhimov Xocalı faciəsindən sonra könüllü olaraq 1992-ci il 17 mart tarixdə Milli Ordu sıralarına yazılıb, 1992-ci il 30 aprel "N" saylı bölüyə komandir təyin edilib. Bu bölük 13 iyun 1992-ci il Buzluq, Çartaz, Erkəç kəndlərinin azad edilməsində xüsusi rol oynayıb. Koroğlu Rəhimov şəxsən bu döyüşlərdə dörd erməni faşisti məhv edib. 14 iyunda isə cəsur Mənəşli, 15 iyunda isə Başkənd erməni işğalçılarından təmizlənib. Bölüyün zəfər yürüşü davam edib, Madagiz və Gülüstan kəndləri də bir-birinin ardınca qəsbkarlardan təmizlənib. Koroğlu Rəhimov Goranboy və Ağdərədə gedən digər qanlı döyüşlərdə iştirak edib, 1992-ci il iyul ayının 3-də Ağdərədə gedən qanlı döyüşlərin birində qəhrəmancasına həlak olub. Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli, 203 nömrəli fərmanına əsasən Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, Vətənimizin torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdiyi şəxsi igidlik və şücaətə, öz müqəddəs əsgəri və xidməti borclarının şərəflə yerinə yetirilməsində göstərdiyi misilsiz xidmətlərə görə leytenant Rəhimov Koroğlu İsmayıl oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Bakının Nərimanov rayonunda küçələrdən birinə Koroğlu Rəhimovun adı verilib və bu küçədə onun büstü qoyulub. Oğuz rayonunun Xaçmaz kəndindəki 3№-li körpələr evi-uşaq bağçası, Oğuz şəhərində küçələrdən biri qəhrəmanın adını daşıyır.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10487

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info