“Müəssisənin istehsal gücü bir neçə dəfə artırılıb”
Tarix: 29.09.2014 | Saat: 23:52:00 | E-mail | Çapa göndər


Müsahibimiz “Veysəloğlu” Şirkətlər Qrupunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Məmmədovdur.

- Azərbaycanın qida sektorunda özünün xüsusi çəkisi ilə seçilən “Veysəloğlu” Şirkəti haqqında bir qədər bizə məlumat verərdiniz.
- Müstəqil Azərbaycanın ilk illərində neft sektoru ilə yanaşı qeyri-neft sektoruna olan diqqət, özəl sektorun inkişafına yönələn məqsədyönlü və düzgün düşünülmüş siyasətin nəticəsi olaraq ölkə iqtisadiyyatının yenidən qurulmasında sahibkarlığın inkişafı mühüm yer tuturdu. Əlverişli biznes şəraitinin və sosial-iqtisadi inkişafın mövcud olduğu dönəmdə özəl sektorun yaradılması ölkə iqtisadiyyatına öz müsbət töhfəsini verməkdə idi.
1994-cü ildən topdan satış mərkəzi kimi fəaliyyətə başlamış Veysəloğlu Satış və distribüter şirkəti ilk illərində yalnız Türkiyə Respublikasından qida məhsullarının idxalı ilə məşğul olurdu. İldən-ilə inkişaf edərək, qısa müddət ərzində dövrün tələblərinə uyğun müasir texnologiya ilə təchiz olunaraq, geniş ticarət şəbəkəsi qurmuş “Veysəloğlu” Satış və Distribüter Şirkəti hazırda yüksək səviyyəli xidməti ilə seçilən müasir ticarət holdinqinə çevrilib.
Şirkətimizin Bakı şəhərində yerləşən mərkəzi anbarı, Cənub bölgəsini əhatə edən Salyan filialı, Qərb bölgəsini əhatə edən Mingəçevir filialı vardır.
Mərkəzdən uzaqda yerləşsələr də hər iki filial dövrün tələblərinə uyğun ən son texnoloji vasitələrlə təchiz olunub. Həmçinin şirkətin xüsusi dəmiryolu da mövcuddur.
- Azərbaycan bazarında olan məqsədiniz nədən ibarətdir?
- Azərbaycan bazarında məqsədimiz mövcud olan bütün satış nöqtələrinə yüksək keyfiyyətli satış xidməti göstərmək və alıcı rəğbətini qazanmaq, bu yolla da ən son və ən müasir vasitələrdən istifadə etməkdir. Fəaliyyətimiz çərçivəsində əməkdaşlıq etdiyimiz xarici istehsalçı fabriklər ilə distribüterlik səviyyəsində çalışırıq. Şirkətimizin müasir anbar infrastrukturuna malik olması və dünyanın 25-ə yaxın ölkəsinin 115-dən çox aparıcı istehsalçılarının distribüterluğunu həyata keçirməmiz, inkişafımıza daima təkan verir. Bunun nəticəsi olaraq, satışını təşkil etdiyimiz məhsullara olan tələbatın artması nəticəsində son bir ildə şirkətdə çalışanların sayı sürətlə artmışdır. Şirkət, əlaqədə olduğu bütün firmaların məhsullarının idxalını ən yeni texnologiya və avadanlıqlarla həyata keçirməkdədir.
- Şirniyyat sektorunda “Ulduz” adı brend olaraq, ön sıralarda yer alır. “Ulduz” fabrikinin yaranması və fəaliyyəti haqqında söz açmağınızı istəyirik.
- İlk olaraq onu qeyd edim ki, 2001-ci ildə “Ulduz” şokolad fabrikinin fəaliyyətə başlaması respublikamızın iqtisadiyyatında qənnadı və yeyinti sahəsinin inkişafına güclü təkan verdi.
Fabrikin fəaliyyətə başlaması daxili istehsala, qənnadı və yeyinti sənayesinə yeni keyfiyyət, yeni dad gətirdi. Ulduz şokoladlarını müxtəlif çeşidlərdə yerli bazara təqdim etməyə başlayan fabrikin məhsulları tez bir zamanda istehlakçılar tərəfindən sevildi. Məhsullara olan tələbat hər gün artırdı. Fabrik yerli bazara yeni bir ad "Ulduz" şokoladlarını müxtəlif çeşidlərdə təqdim etməklə öz mövqeyini bir qədər də möhkəmləndirdi. Keyfiyyətli məhsul, zövqləri oxşayan qablaşdırma, sərfəli qiymət, yüksək səviyyədə xidmət müştərilərin sayının sürətlə artmasına səbəb oldu. Fabrik ilk məhsulu olan, tez bir zamanda istehlakçılar tərəfindən sevilərək qəbul edilən “Ulduz” şokoladlarından bugünkü müxtəlif rəngarəng çeşidli məhsullarına qədər böyük inkişaf yolu keçib.
"Ulduz" fabriki yerli bazarla yanaşı Orta Asiya, Rusiya, Gürcüstan kimi xarici bazarlarda da "Çinar", "Favorit", "Ritm", "Rocky", "Safir", "Mono", "Sweet", "Tango", "Xonça", "Cocoulduz", “Meteorit”, “Estella”, “Seasons”, “Sema”, “Wedding” və bir sıra digər məhsulların müxtəlif çeşidləri ilə böyük nüfuz qazanıb. Fabrik 2014-cü ilin əvvəlindən daha iki yeni xəttin - “Draje” və “Karamel” xətlərinin işə salınması ilə öz fəaliyyət sahəsini genişləndirdi.
Hər zaman istehlakçılara yüksək keyfiyyətli məhsullar təklif edən fabrikdə bu gün müasir standartlara cavab verən avadanlıqlar quraşdırılıb.
Əldə olunan uğurlar kollektivi daha məsuliyyətlə çalışmağa, texnoloji yeniliklərin tətbiqini daim diqqət mərkəzində saxlamağa sövq edir. Bazar iqtisadiyyatı şəraitində fəaliyyət göstərən hər bir müəssisə kimi “Ulduz” şokolad və karamel fabriki də bu gün öz araşdırmalarını davam etdirərək işini günün tələbləri səviyyəsində qurmağa çalışır.
Fabrik inkişaf edərək ölkə hüdudlarından kənarda da daha çox tanınmağa və istehlakçı auditoriyasını genişləndirməyə nail olub. Fabrikin ixrac potensialı daha da artırılaraq Rusiya Federasiyasının Moskva, Sankt Peterburq, Ufa, Mahaçqala, Kazan, Krasnodar, Rostov, Çelyabinsk, Yekaterinburq, Kalininqrad, Nijnı Novqorod, Nazran, Qroznı kimi iri şəhərlərinə, eyni zamanda Ukrayna, Belorus, Gürcüstan, Latviya, Litva, Estoniya, Qırğızıstan, Türkmənistan, Tacikistan, Monqolustan, İsrail, İraq, Fələstin, Yəmən, Əfqanıstan, BƏƏ və digər ölkələrə Azərbaycan məhsullarının ixracına başlanılıb.
Fabrikin müasir anbar infrastrukturuna malik olması onu öz sektorunda qabaqcıl şirkətlərdən birinə çevirib. Bazar iqtisadiyyatının təşəkkül tapdığı bir dövrdə, müasir texnologiyaların istehsalata tətbiqi, eləcə də müştəri məmnuniyyəti “Ulduz”un əsas fəaliyyət hədəflərindəndir.
Fabrik rəhbərliyi işçilərin rahatlığını təmin etmək məqsədilə işçilərin iş vaxtı çay və isti yeməklə, işə gəlib-getmələri üçün nəqliyyat vasitəsilə, həmçinin xüsusi iş geyimləri ilə təminatını yüksək səviyyədə həyata keçirir. İşçi heyətinin bilik və bacarıqlarının, peşəkar səviyyəsinin artırılması üçün şirkət hesabına daxili, xarici kurslar və seminarlar təşkil olunur. Fabrik işçilərin və müştərilərin təhlükəsizliyini təmin etmək məqsədi ilə işçilər mütəmadi olaraq tibbi müayinədən keçirilir.
- Daxili bazarda missiyanızı necə izah edərdiniz?
- Müştərilərə keyfiyyətli satış, xidmət göstərmək, həmçinin, bu sahədə çalışan əməkdaşlarımızın müştərilərə yüksək səviyyədə işini təşkil etmək üçün əl terminalları vasitəsi ilə online olaraq məlumatlar mübadiləsi aparılır. Alınan sifarişlər tez bir zamanda müştərilərimizə çatdırılır.
Missiyamız Azərbaycan bazarında mövcud olan bütün satış nöqtələrinə yüksək səviyyəli satış xidməti göstərməkdir. Yarandığı ilk gündən uğurlu bir yolda cəsarətli addımlar atan “Ulduz” fabriki bundan sonra da qarşıya qoyduğu məqsədə doğru inamla gedəcək və Azərbaycan iqtisadiyyatına öz təkrarsız töhfəsini verəcəkdir.
Fabrikdə istehsal olunan müxtəlif çeşidli şokolad məhsulları Azərbaycanın bütün bölgələrinə yayılmış və böyük istehlakçı kütləsinin rəğbətini qazanmışdır.
İnkişafdakı dinamikliyi möhkəmləndirmək, ixrac potensialını genişləndirmək məqsədi ilə beynəlxalq standartların tələblərinə uyğun təkmilləşdirmə siyasəti həyata keçirilir.
- “Ulduz” şokolad və karamel fabrikinin daxili və xarici bazarda rəqabət imkanları necədir?
- Müəssisəmizdə yaradılan şərait, texnoloji avadanlıqların daim yenilənməsi “Ulduz” şokolad fabrikini qida sənayesi sektorunda qabaqcıl şirkətlərdən birinə çevirib. İstehsal prosesində keyfiyyətə daim önəm verən şirkətin rəhbərliyi bunun üçün Almaniya, Belçika və bir sıra qabaqcıl Avropa ölkələrinin tanınmış şokolad istehsalçılarının fəaliyyət mexanizmini öyrənib və fabrikdə yeni avadanlıqlar quraşdırılıb. Tamamilə avtomatlaşdırılmış, müasir qurğuların istismara verilməsi sayəsində məhsul istehsalı artırılıb və fabrikdə dünyanın an qabaqcıl müəssisələri ilə rəqabət apara biləcək modern iş şəraiti qurulub. Hazırda fabrikin istehsal gücü saatda 3200 kiloqram və daha artıqdır.
Bu gün fabrikimiz təqribən dünyanın 20-dən çox ölkəsi ilə əməkdaşlıq edir.
Ümumiyyətlə, fabrikimiz işçi heyətin bilik və bacarığının, peşəkar səviyyəsinin artırılmasına böyük əhəmiyyət verir. Bunun üçün öz hesabına daxildə və xaricdə kurslar, seminarlar, təlimlər təşkil edir. Müxtəlif tədbirlər həyata keçirdir.
“Ulduz” şokolad fabriki müştərilərinə göstərdiyi keyfiyyətli xidməti daha yaxşılaşdırmaq, alıcılar arasında artan nüfuzunu və gücünü qoruyub saxlamaq üçün yüksək standartlara cavab verən müasir texnologiyaların uğurlarından bacarıqla istifadə edir.
- “Ulduz” şokolad və karamel fabriki Moskvada “World Food Moscow 2014” və Tehran şəhərində “13th Iran International Confectionery Fair” beynəlxalq qida sərgilərində ölkəmizi keyfiyyətli və müxtəlif çeşidli məhsulları ilə təmsil etdi. İştirakınızla bağlı və beynəlxalq sərgi haqqında nə deyə bilərsiniz?
- Kollektivin əldə etdiyi uğurları yerli və xarici qurumlar tərəfindən dəfələrlə yüksək qiymətləndirilib. Məsələn, 2009-cu ildə Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində “Prodekspo-2009” sərgisində iştirak edən 57 ölkənin 1850 şirkəti arasında “Ulduz” fabrikinin şokoladları yüksək qiymətləndirilərək innovasiya məhsulu müsabiqəsinin qızıl medalına layiq görülüb. Sərgi zamanı xarici ekspertlər, marketoloqlar və təchizatçılar “Ulduz” fabrikinin şokoladlarından razılıq edərək, yüksək qiymətləndiriblər.
Qeyd olunanlarla yanaşı fabrikin əməkdaşları 2012-2014-cü illər ərzində bir sıra beynəlxalq sərgilərdə, konfranslarda da iştirak etmişlər. Rusiya, Türkiyə, BƏƏ-də keçirilən beynəlxalq sərgilərdə uğurla təmsil olunaraq, müxtəlif ölkələrin müvafiq qurumları ilə tərəfdaşlıq müqavilələri imzalanıb.
- 2014-cü ilin sentyabrın 15-18-i tarixlərində “Ulduz” şokolad və karamel fabriki daha iki beynəlxalq qida sərgisində iştirak etdi. Bunlardan biri də qeyd etdiyiniz kimi Moskvada keçirilmiş “World Food Moscow 2014” və Tehran şəhərində baş tutmuş “13th Iran International Confectionery Fair” sərgiləri idi. Burada “Ulduz” şokolad və karamel fabriki keyfiyyətli və müxtəlif çeşidli məhsulları ilə təmsil olundu.
Hər iki sərgi qida ticarəti sahəsində milli brendlərin yayılması və qarşılıqlı biznes əlaqələrinin qurulmasında mühüm rol oynayan əsas beynəlxalq sərgilərdəndir.
Fabrikin yenilikləri bununla bitmir. 2013-cü ilin noyabrında fabrik daha bir uğura imza ataraq “Qida təhlükəsizlik platin” fərqlənmə nişanı ilə təltif edildi. Bu, Azad İstehlakçılar Birliyi tərəfindən təsis edilən Azərbaycan İstehlakçılarının Qida Təhlükəsizliyi adlı keyfiyyət nişanıdır. Təqdimetmə mərasimində çıxış edən birlik sədri Eyyub Hüseynov bildirib ki, bu nişanı almış mallar dünyanın 120-dən çox ölkəsində, o cümlədən Azərbaycan istehlakçıları arasında təbliğ olunacaq.
Yaxın illərdə fabrikdə yeni məhsulların istehsalı ilə istehsalat sahələrinin genişləndirilməsi nəzərdə tutulur. İstehsal həcminin artması işçilərin də saylarının bir neçə dəfə artmasına şərait yaradacaq. Fabrik rəhbərliyi işçilərin rahatlığını təmin etmək məqsədilə işçilərin iş vaxtında çay və isti yeməklə, işə gəlib getmələri üçün nəqliyyat vasitəsilə, həmçinin xüsusi iş geyimləri ilə təminatını yüksək səviyyədə həyata keçirir. İşçi heyətinin bilik və bacarıqlarının, peşəkar səviyyəsinin artırılması üçün şirkət hesabına daxili, xarici kurslar və seminarlar təşkil olunur. Fabrik işçilərin və müştərilərin təhlükəsizliyini təmin etmək məqsədi ilə işçilər mütəmadi olaraq tibbi müayinədən keçirilir.
Fabrik Almaniya, İtaliya və bir çox Avropa ölkələrində fəaliyyət göstərən məşhur şirkətlərin istehsalı olan və beynəlxalq standartların tələblərinə cavab verən müasir avadanlıqlarla təchiz olunmuş yaraşıqlı binada yerləşir.
Sərgilərdə uğurla iştirak etməklə bərabər həm ölkə daxilində, həm də ölkəmizin hüdudlarından kənarda piyar və reklam kampaniyaları, korporativ sosial məsuliyyət layihələri də cari ildə davam etdirilib.
- Azərbaycanda dövlət tərəfindən iqtisadiyyatın inkişafı üçün sahibkarlığa böyük diqqət ayrılıb. Bu barədə sizin fikirlərinizi öyrənmək istəyirik.
- Ölkə başçısı İlham Əliyevin sahibkarlığın inkişafına verdiyi xüsusi dəstək nəticəsində müəssisənin 13 il ərzində istehsal gücü bir neçə dəfə artırılıb. Avropanın ən model avadanlıqları ilə təchiz edilmiş fabrikdə istehsal edilən məhsullar dünyanın 20-dən çox ölkəsinə ixrac olunaraq hər il Almaniya, Rusiya, BƏƏ-də keçirilən nüfuzlu beynəlxalq sərgilərdə ölkəmizi qida sektorunda layiqincə təmsil edir.
İş adamlarına göstərilən dövlət qayğısı fabrik rəhbərliyinin qarşıdakı illərdə daha da böyük uğurlara imza atacağından xəbər verir.
Fabrik olaraq əsas məqsədimiz isə yerli və xarici bazarlarda beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətli və geniş çeşidli məhsullar təqdim edərək, öz nüfuzunu qorumaq və artırmaq, fəaliyyət sahəsini yerli və beynəlxalq qanunvericiliyin tələbləri, Keyfiyyət İdarəetmə və Qida Təhlükəsizliyi Sistemlərinə uyğun olaraq qurmaq və istehlakçıya tam təhlükəsiz, etibar etdiyi qidanı təqdim etməkdir.
Hazırda fabrikdə müxtəlif sahələrdə 600-ə yaxın işçi çalışmaqdadır. Yaxın illərdə fabrikdə yeni məhsulların istehsalı ilə istehsalat sahələrinin genişləndirilməsi nəzərdə tutulur. İstehsal həcminin artması işçilərin də saylarının bir neçə dəfə artmasına şərait yaradacaq.
- Bu gün Azərbaycanda sahibkarlığa yaradılan böyük imkanlar yaxın perspektiv üçün nə vəd edir?
- 2010-cu ilin fevralında “Azeri Business Award” Milli Mükafatının təqdimetmə mərasimində 2009-cu il ərzində iqtisadi artım göstəricisinə görə “Ulduz” şokolad fabriki “İlin xalq markası” mükafatına layiq görüldü. Həmin ilin aprelində Bakıda Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) təşkilatçılığı ilə “Caspian Energy İntegration Award - 2010” beynəlxalq mükafatının təntənəli təqdimetmə mərasimi keçirilib. Mükafatlar istehsal və xidmət sahələrində fəaliyyət göstərən, il ərzində istehlakçılar və müştərilər arasında nüfuz qazanmış, öz fəaliyyətləri ilə Azərbaycan iqtisadiyyatının inkişafına töhfə vermiş brendlərə verilib. Çox sevindirici haldır ki, “Ulduz” şokolad fabrikinin məhsulu olan “Tango” şokoladı da bu nominatlar sırasında idi.
2012-ci il ərzində bir çox yerli və beynəlxalq standartların öyrənilməsi üçün mütəxəssislərimiz xarici ölkələrdə təlim və seminarlarda iştirakı və bu standartların ölkəmizdə tətbiqi istiqamətində ciddi addımlar atılıb. Fabrikdə Almaniyanın TUV şirkətinin türk auditorları tərəfindən hazırda tətbiq olunan beynəlxalq sistemlərin xarici auditi və yeni sistemlərin tətbiqi ilə bağlı ilkin auditi keçirilib. Auditorlar apardıqları audit nəticəsində yaradılan iş şəraitindən razı qalaraq tətbiq olunan bütün sistemləri yüksək balla qiymətləndiriblər.
Hazırda “Ulduz” şokolad fabrikinin fəaliyyəti İSO 9001:2008 (Keyfiyyət İdarəetmə Sistemi Standartı), OHSAS 18001:2007 (Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik), FSSC 22000 (Qida Təhlükəsizliyi Sistemi Standartı), PAS 220 (Qida İstehsalçıları üçün Yeni Qida Təhlükəsizliyi Standartı) standartlarına tam uyğundur. Qeyd etmək lazımdır ki, FSSC 22000 və PAS 220 standartları dünyanın qabaqcıl şirkətləri olan NESTLE, UNILEVER, DANONE ve KRAFT tərəfindən hazırlanıb və həmin standartların tətbiqinə görə, “Ulduz” fabriki Azərbaycanda ilk olaraq bu sertifikata layiq görülüb. Eyni zamanda İSO 10002:2004 (Müştəri Məmnuniyyəti Standartı) və BRC (British Retail Concertium, İngilis Pərakəndəcilər Birliyi Standartı) standartları da var.
Xatırladaq ki, BRC Carrefour, Tesco, Metro, Migros, Ahold və Wal-Martın tələb etdiyi sertifikatdır ki, Azərbaycanda ilk olaraq bu sertifikata da “Ulduz” fabriki layiq görülüb. Fabrik həmçinin İFS (İnternational Food Standard) Beynəlxalq Qida Standartı və İSO 22000:2005 (Qida Təhlükəsizliyi İdarəetmə Sistemi Standartı) sertifikatlarına da layiq görülüb.
Artıq Azərbaycanın milli brendinə çevrilən “Ulduz” şokoladları hər bir ailənin, süfrələrimizin, xonçalarımızın bəzəyinə çevrilib. Kollektivin əsas məqsədi, milli dəyərlərin qorunmasında yaxından iştirak etməkdir. İqtisadiyyatın möhkəmlənməsi və əhalinin rifah halının yaxşılaşması istiqamətində ölkə Prezidenti İlham Əliyevin də qarşıya qoyduğu vəzifələrə layiqincə nail olmaqdır.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info