Müsavatın qurultayı müxaliflərin nə qədər “demokrat” olduğunu çılpaqlığı ilə ortaya qoydu
Tarix: 30.09.2014 | Saat: 01:17:00 | E-mail | Çapa göndər


Qurum daxilində seçkisonrası parçalanma yeni “yarpaq tökümü”nü qaçılmaz edib
Müsavat Partiyasının müxtəlif bəhanələrlə dəfələrlə təxirə salınan, başqanlıq davası üstündə keçirilməsi hər dəfə əngəllənən başıbəlalı qurultayı keçirildi. Doğrudur, müxalifət düşərgəsinin real varlığının duyulmadığı fonda Müsavatın bu qurultayı da sönük keçdiyinə görə, heç kəsin diqqətini cəlb edə bilmədi. Bu da müxalifət düşərgəsinə ictimaiyyətdə və eləcə də müxalif kəsimdə olan inamsızlıq və etimadsızlığı bir daha ortaya qoydu. Bununla belə, hər halda, Müsavat daxilində olan-qalan üzvləri öz yanına toplamağa çalışan qrupların və şəxslərin bir-birinə qarşı kəskin mübarizəsi və kompromatları şəraitində keçən qurultayda başqanlığa seçki və onun nəticələri birmənalı qarşılanmır. Belə ki, seçkinin nəticələri ilə barışmayan müsavatdaxili narazı qrup və şəxslərin mətbuata açıqlamaları bunu deməyə əsas verir.
Qeyd edək ki, başqanlığa Arif Hacılı, Qubad İbadoğlu və Tural Abbaslının namizədliyi irəli sürülmüşdü və seçki nəticəsində Arif Hacılının digərlərini üstələdiyi bildirilir. Amma Müsavatın bir neçə əsas siması və onların tərəfdarları bunu qəbul etmir və seçkidə saxtakarlıqlara, pozuntulara yol verildiyini bildirirlər. Məsələn, seçkinin nəticələrindən narazı qalan Müsavat funksioneri V.Əyyub bildirib ki, seçki zamanı ədalətsizliyə yol verilib. O mediaya açıqlamasında qeyd edib ki, seçkilərin keçirilməsində bəzi qüsurlara və ədalətsizliyə yol verilib. Onun fikrincə, başqanlığa keçirilən seçkilərin nəticələrinin legitimliyi şübhə altındadır. O, Arif Hacılını başqan kimi qəbul etmədiyini bir daha kəskin şəkildə bildirib. Əyyubun fikirlərindən bu da görünür ki, o, Müsavatı tərk edə biləcəyini istisna etmir. O, həmçinin seçkinin düzgün keçirilmədiyinə dair faktlar toplandığını da bildirib: “Partiyanın İcra Aparatında çalışan şəxslər rayon təşkilatlarının üzvlərinə təzyiq göstəriblər. Bu barədə faktlar var”. Bu sözləri açıqlamasında Müsavat Partiyasının Divan üzvü Vurğun Əyyub deyib.
V.Əyyub bildirib ki, qurultay ərəfəsində hazırkı başqan Arif Hacılının tərəfdarları tərəfindən qurultay nümayəndələrinə siyahı paylanıb ki, bunlar da Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin qərarının pozulması deməkdir: “Buna görə də qurultaydakı seçkilərin nəticələrinin legitimliyi mənim üçün şübhəlidir”.
Digər funksioner Hikmət Hacızadə də seçikidə pozuntular olduğunu istisna etməyib.
Başqanlığa namizəd olmuş Qubad İbadoğlu isə bildirib ki, Arif Hacılının öz potensialı, resursları ilə ona qalib gəlməsinə inanmır. O, “Trend”ə müsahibəsində deyib ki, həm seçkidən əvvəlki dövrdə iştirakın bərabərliyini, həm də seçki dövründə ədaləti tam təmin etmək mümkün olmadı: “Xoşuma gəlməyən başqanlığa namizədlərin bərabər şərtlərlə iştirak imkanlarının yaradılmaması, eyni zamanda, seçki günü və ondan əvvəlki dövrdə bəzi ədalətsizliklərin olmasıdır. Bir şey də xoşuma gəlmədi ki, Müsavatda hələ də əvvəlki kursu saxlamaq, yəni klassik üsullarla mübarizə aparmaq durumu var idi. Bunun da səbəblərindən biri ondan ibarət idi ki, qurultay nümayəndələrinin sayı 487 nəfər idi, amma onun içində Gənclər Təşkilatının cəmi iki üzvü var idi. Bunlar da Müsavatın yeniləşməyində maraqlı olmayan adamlar idi, mövcud kursu saxlamağa üstünlük verənlər idi.
Digər məqam ondan ibarətdir ki, Müsavat hələ də bir qrup bir şəxsə xitab edir. Təbii ki, bura da Şərqdir, Şərqdə belə hallar geniş yayılıb, Müsavat başqanı 22 ildir bu postda işinə davam edir. Yəni, onun adından sui-istifadə edib seçicilərin iradəsinə təsir etmə halları oldu.
Sözsüz ki, bütövlükdə götürdükdə xoşuma gəlməyən İsa bəyin adından sui-istifadə olunması idi. Belə olmasaydı, yəqin ki, seçkinin nəticələri başqa cür olacaqdı”.
İbadoğlu istisna etməyib ki, Müsavatın yeni seçilmiş başqanı ona qarşı tədbirlər görə bilər: “Bir işimiz də ondan ibarətdir ki, partiyanın nizamnamə əsasında idarə olunmasına nəzarət edək. Bu nizamnamədən kənar hansı hallar baş verəcəksə, əlbəttə ki, biz ona qarşı öz mövqeyimizi ortaya qoyacağıq. Bu mərhələdə həm də partiyanın nizamnamə ilə idarə olunması üçün çalışacağıq. Nizamnamədən kənar qərarlara laqeyd qalmayacağıq”.
Göründüyü kimi, Müsavat daxilində baş verən çaxnaşma və parçalanma onsuz da durğunluqdan itib-batan bu müxalif qurumu daha da zəiflədib. Qurumda yeni “yarpaq tökümü” qaçılmaz hala gəlib. Bundan əlavə, indiyə qədər “demokratiya”, “şəffaflıq” iddiaları ilə gündəmə gəlməyə çalışan müxaliflərin bir partiya daxilində belə, normal və düzgün seçki təşkil edə bilmədiyi bir daha üzə çıxdı. Bu isə onların nə dərəcədə demokrat olduğunu bir daha çılpaqlığı ilə ortaya qoymuş olur...

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Yalnızlıq qorxusu


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info