Avropanı təhdid edən təhlükəli meyillər
Tarix: 01.10.2014 | Saat: 18:30:00 | E-mail | Çapa göndər


Neonasizm və ksenofobiya Avropanı təhdid edən təhlükəli meyllərdir. Bu fikri AŞPA-nın payız sessiyasında “Neonasizm təzahürlərinə qarşı əks tədbirlər” mövzusunda hazırlanan məruzə ilə bağlı çıxış edən Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin üzvləri səsləndiriblər.
Milli Məclisin deputatı Rövşən Rzayev çıxışında deyib ki, müasir dövrdə neonasizm və ksenofobiyanın mövcudluğu Avropada sabitliyə və təhlükəsizliyə ən təhlükəli meyllərdən birinə çevrilməkdədir.
Azərbaycan millətçilik və ksenofobiya ideologiyası ilə silahlanan separatizmin dağıdıcı təsirlərinə məruz qalan ölkələrdən biridir. Bu gün ksenofobiya və ermənilərin azərbaycanlılara qarşı millətçilik ideologiyası Ermənistanın dövlət siyasəti səviyyəsinə qaldırılıb. Bunun sübutu kimi Ermənistanın sabiq prezidenti Pobert Koçaryanın “azərbaycanlıların ermənilərlə birgə yaşayışının genetik mümkünsüzlüyü” fikrini misal gətirmək olar.
Azərbaycan tərəfi dəfələrlə Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında sülh danışıqlarının, beynəlxalq vasitəçilərin köməyi ilə mədəniyyətlərarası dialoqun aparılması təklifi ilə çıxış edib. Dağlıq Qarabağın azərbaycanlı icması Şuşadakı XVIII əsrə aid Azərbaycan xalqının mədəni abidəsi olan məscidin bərpası ilə bağlı bütün ermənilərin katolikosu ll Qareginə müraciət edib. Amma təəssüflər olsun ki, bu sülh təşəbbüsü digərləri kimi cavabsız qalıb.
Biz hesab edirik ki, mədəniyyətlər və millətlərarası dialoqun dəstəklənməsi xalqlar arasında dözümlülüyün və etimadın möhkəmlənməsinə kömək edəcək, insanlar arasında neonasizm və ksenofobiya ideologiyasının kök salmasına mane olacaq.
Bu fonda Avropa Komissiyasının və xanım Mariette de Purbe-Lundinin irqçilik və dözümsüzlük probleminin pislənməsi istiqamətində apardıqları işləri yüksək qiymətləndiririk və ümid edirik ki, hazırlanan məruzənin nəticələri və bu məsələ ilə bağlı qətnamə neonasizm və ksenofobiyanın dünyada yayılmasının qarşısını almaqda praktiki nəticələr verəcək.
Azərbaycan nümayəndə heyətinin üzvü Sahibə Qafarova çıxışında bildirib ki, neonasizm Avropada geniş vüsət almaqdadır. Əsas xüsusiyyətləri təcavüzkar millətçilik və irqçilik olmaqla o, beynəlxalq hüququn təməl normaları və prinsiplərinin ciddi pozuntularına gətirib çıxarır. Nəticədə bəşəriyyət dağıdıcı müharibələr, təcavüzkarlıq və etnik təmizləmələrdən əziyyət çəkir.
Bu qəbildən olan etnik təmizləmələrdən birini Ermənistan tərəfi bir milyondan çox azərbaycanlıya qarşı həyata keçirib. 20 ildən çoxdur ki, bu ölkə Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlamaqla onun ərazi bütövlüyünə qəsd edib. Sözügedən siyasət nəticəsində indiki Ermənistanda və işğal olunmuş Azərbaycan ərazilərində bir nəfər də olsun azərbaycanlı yaşamır və yaşadığımız XXI əsrdə Ermənistan monoetnik ölkə olaraq qalır.
AŞPA-nın bütün sessiyalarında Azərbaycan xalqı barədə yanlış məlumatlar səsləndirən ermənistanlı deputat Naira Zöhrabyana cavab verən S.Qafarova deyib: “Fəxrlə söyləyə bilərəm ki, neonasizmə əks olan tolerantlıq və multikulturalizm əsrlərlə Azərbaycanda mövcud olub. Ölkəmizdə müxtəlif dinlərin və millətlərin nümayəndələri dinc, yanaşı yaşayırlar. Bu gün Azərbaycanın ruslar, ukraynalılar, gürcülər və ermənilərdən ibarət olan xristian icması yerli müsəlman icması ilə bərabər hüquqlardan yararlanır. Bir neçə ay öncə Azərbaycan Prezidentinin Fərmanı ilə ölkəmizdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi təsis edilib. Bu addım multikulturalizm sahəsində ölkədə əsrlərdən bəri toplanmış böyük tarixi təcrübəyə qayğı zərurətindən qaynaqlanır.
Bir neçə gündən sonra Bakıda IV Beynəlxalq Humanitar Forum keçiriləcək və multikulturalizm tədbirin əsas müzakirə obyektlərindən olacaq. Müasir dünyada tolerantlıq və multikulturalizmə heç bir alternativ yoxdur”.
Milli Məclisin digər deputatı Sevinc Fətəliyeva bildirib ki, bu gün cəmiyyətə lazım olan ən böyük ehtiyac insanların birliyidir. Birlik müasir dünyanın çağırışlarına cavab vermək və dünyanın müxtəlif məkanlarında mövcud olan müəyyən çatışmazlıqların qarşısını almaq üçün bir vasitədir. Mövcud çatışmazlıqlardan ən əsası isə mənəvi çatışmazlıqdır. Cəmiyyətdə mənəvi çatışmazlıq o zaman baş verir ki, insanlar başqa millətə məxsus olmasına görə qətlə yetirilirlər. İnsanlar uşaqlıqdan digər millətə nifrətə öyrədilir, başqa mədəniyyətə və dinə məxsus olan abidələr məhv edilir, uşaqlar partlayıcı cihazlar ilə doldurulmuş oyuncaqlarla qətlə yetirilir.
Şübhəsiz ki, neonasizm, ksenofobiya təzahürünün qarşısını almaqda ən təsirli üsullar mədəniyyət, təhsil və informasiya kampaniyalarıdır. Uşaqlar və gənclər digər mədəniyyətləri və tarixləri öyrənməlidirlər. Lakin bəzən ksenofobiya, rasizm və dözümsüzlüyün digər növləri təkcə savadsızlıq üzərində deyil, terrorizm, ekstremizm üzərində də qurulur.
Azərbaycanda yaşayan müxtəlif dinlərin və millətlərin nümayəndələri heç vaxt dözümsüzlük və ya hansısa fobiyalarla rastlaşmayıblar. AŞPA-da bəzən Azərbaycanda ermənifobiyanın mövcud olması barədə yanlış fikirlər səslənir. Bu mifin dağılmasına misal çəkərək qeyd etməliyəm ki, Azərbaycanda 30 mindən çox etnik erməni yaşayır. Ermənistanda azərbaycanfobiyanın mövcud olmasının təsdiqi isə bu ölkədə etnik təmizləmə nəticəsində bütün azərbaycanlıların deportasiya olunması və ən ağrılısı öz torpaqlarında qətlə yetirilməsidir.
AŞPA-nın əsas məqsədlərindən biri dünyada vəziyyətin yaxşılaşdırılması naminə millətlərarası birliyin yaranmasına nail olmasıdır. Lakin əsl birlik asan qazanılmır. Bu münasibətlərin dəyişməsi siyasi liderlərin baxışlarının genişlənməsindən, beynəlxalq təşkilatların mövqelərinin möhkəmlənməsindən asılıdır.
Azərbaycan nümayəndə heyətinin digər üzvü Qənirə Paşayeva isə çıxışında bildirib ki, dünyada və Avropa məkanında rasizmin, nifrətin, dözümsüzlüyün artması bizi ciddi narahat etməlidir və Avropa Şurasına üzv ölkələr bu problemin harada baş verməsindən asılı olmayaraq onun qarşısını almaq üçün ciddi addımlar atmalıdır. Gənc nəsillər etnik mənsubiyyətindən, dini kimliyindən, cinsi və sosial statusundan asılı olmayaraq hər kəsə qarşı tolerant və hörmət hissi ilə böyüməlidir. Amma təəssüf ki, bəzi ölkələrdə bir sıra siyasətçilərin çıxışları, kütləvi informasiya vasitələrində yayılan məlumatlar tam əksinə dözümsüzlüyün, nifrət və rasizmin artmasına xidmət edir. Ermənistanda dözümsüzlüyün, nifrətin və rasizmin təhsil sistemində, siyasətçilərin çıxışlarında və KİV-də geniş yayılması nəticəsində bu ölkədə etnik təmizləmə siyasəti aparıldı. Ermənistan AŞPA-nın 1416 saylı qətnaməsini yerinə yetirməyərək Azərbaycan ərazisinin bir hissəsini işğal altında saxlamaqda davam edir. Bu qətnamənin yerinə yetirilməsi istiqamətində addımlar atmaqdansa Ermənistan nümayəndə heyətinin bəzi üzvləri burada Azərbaycan ilə bağlı həqiqəti əks etdirməyən, yalan informasiyalar səsləndirirlər. Əgər siz Azərbaycana gəlsəniz ölkəmizdə yaşayan və Azərbaycan vətəndaşı olan ermənilərlə görüşə bilərsiniz. Amma Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb, onların hamısı zorla öz evindən qovulub. Azərbaycanda erməni kilsəsinə toxunulmayıb, amma Ermənistanda azərbaycanlılara məxsus bütün məscidlər, dini, tarixi, mədəni abidələr, hətta qəbiristanlıqlar belə dağıdılıb. Ermənilər bir neçə ay əvvəl əsir götürdükləri azərbaycanlılar - Həsən Həsənov, Şahbaz Quliyev və Dilqəm Əsgərov qarşı bütün beynəlxalq normaları pozaraq insanlıqdan kənar vəhşiliklər törədiblər. Həsən Həsənov vəhşicəsinə qətlə yetirilib, Şahbaz Quliyev və Dilqəm Əsgərova qarşı isə işgəncələr davam edir. AŞPA bu məsələyə özünün sərt münasibətini göstərməli və onların azadlığı üçün addımlar atmalıdır.
Deputat məruzənin 7.3-cü maddəsinə rasizm, nifrət, antisemitizm sözlərindən sonra radikalizmin bir növü olan islamofobiya sözünün da əlavə edilməsinin vacibliyini vurğulayıb. O, ümid etdiyini bildirib ki, məruzədə öz əksini tapan məsələlər həyata keçəcək və harada baş verməsindən asılı olmayaraq rasizmə və ksenofobiyaya qarşı ciddi mübarizə aparılacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info