Tərtərdə Milli qəhrəmanlara aid dəyirmi masa keçirilib
Tarix: 01.10.2014 | Saat: 21:43:00 | E-mail | Çapa göndər


Tərtərdə “Milli Qəhrəmanların təbliğində media mütəşəkkiliyi: mövcud durum və perspektiv vəzifələr» mövzusunda «dəyirmi masa» keçirilib. Tədbir «RUH» Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə reallaşdırdığı «Milli Qəhrəmanların tanıdılması kampaniyasının təşkili» layihəsi çərçivəsində baş tutub. «Dəyirmi masa»nı giriş sözü ilə Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini Elvin Umudov açaraq bildirib ki, Tərtər həmişə özünün qəhrəmanlıq salnaməsi ilə örnək olan diyarlarımızdandır. Tərtər əhalisi Qarabağ uğrunda gedən döyüşlərdə mətinlik göstərib. Cəbhəyə yaxın yerləşməsi bölgənin daim diqqət mərkəzində olmasını şərtləndirən amillərdəndir. Buna görə də rayonda milli vətənpərvərlik təbliğatının aparılması davamlı vəzifələrdəndir. Tərtər rayon rəhbərliyi də fəaliyyətində bunu rəhbər tutur. O, «Milli Qəhrəmanların tanıdılması kampaniyasının təşkili» layihəsi çərçivəsində baş tutan tədbirin bu baxımdan əhəmiyyətli olduğuna diqqət çəkib.
«RUH» Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin icraçı direktoru, «Milli Qəhrəmanların tanıdılması kampaniyasının təşkili» layihəsinin rəhbəri Əvəz Rüstəmov çıxışında sözügedən layihə barədə məlumat verib. O bildirib ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə gerçəkləşdirilməkdə olan layihə 2014-cü ilin iyul-dekabr aylarını əhatə edir. «Layihə çərçivəsində indiyədək bu mövzuda “dəyirmi masa”lar keçirilib. Eyni zamanda hər ay Milli qəhrəmanlardan birinin həyat və fəaliyyətinə, keçdiyi şərəfli döyüş yoluna həsr olunmuş geniş məqalələr hazırlanıb. Milli qəhrəmanlar – Şirin Mirzəyev, Əliyar Əliyev və Məzahir Rüstəmov haqqında belə materialların dərci həyata keçirilib. Ümumən Azərbaycan dövlətinin mövzunun daim diqqətdə saxlanılmasına yönələn fəaliyyətinə öz töhfəmizi verməyə çalışırıq. Düşünürəm ki, bu gün cəbhəyanı bölgə olan Tərtərdə baş tutan toplantımız da Sizlərin – müharibə iştirakçılarının dolğun döyüş xatirələrinin səslənməsi, maraqlı fikir və təkliflərinin irəli sürülməsi baxımdan yadda qalan olacaq.
Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə çıxışında cəmiyyətdə hərbi vətənpərvərlik hisslərinin təbliğinə hər zaman böyük ehtiyacın duyulduğunu qeyd edərək bildirib ki, mövcud prosesdə medianın üzərinə böyük missiya düşür. O bu baxımdan media peşəkarlığının müxtəlif aspektlərinə nəzər salıb, konkret situasiyaların təhlilini aparıb.
Tərtərdə fəaliyyət göstərən “Yeni Tərtər” qəzetinin baş redaktoru Tofiq Yusif Milli qəhrəmanların örnək kimi gənc nəslə daha yaxından tanıdılmasının zəruriliyini vurğulayıb. O, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qəhrəman övladlarımızın təbliğinə yönələn layihəyə dəstək verməsini yüksək qiymətləndirib. Tərtərin Azərbaycana 2 Milli Qəhrəmanı – Vəzir Orucovu və Elman Hüseynovu bəxş etdiyini deyən T.Yusif həmçinin rayonda 276 Qarabağ əlilinin olduğunu vurğulayıb. Çıxışında Milli Qəhrəman V.Orucovun döyüş yolundan bəhs edən baş redaktor onu fenomenal sərkərdəlik xüsusiyyətlərinə malik şəxs kimi dəyərləndirib. V.Orucov, E.Hüseynov, eləcə də Tərtərin digər qəhrəman övladları barədə özünün “Ölümlə üz-üzə” kitabında geniş bəhs etdiyini diqqətə çatdırıb.
Qarabağ müharibəsinin iştirakçısı, Respublika Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin Tərtər Rayon Şöbəsinin sədri Suliddin Yusibov Vətən torpaqlarının müdafiəsi uğrunda gedən döyüşlərdə fədakarlıq göstərmiş oğullarımızın xatirəsinin əbədiləşdirilməsi işinə həssas yanaşılmasının zəruriliyini önə çəkib. O, həmçinin çiyin-çiyinə vuruşduğu Tərtərin Milli qəhrəmanlarının keçdikləri döyüş yolundan maraqlı epizodlara diqqət çəkib.
I Qrup Qarabağ Müharibəsi əlili, Qarabağ Müharibəsi Veteranları İctimai Birliyinin Tərtər Rayon Şöbəsinin sədri, “Azərbaycan bayrağı” ordenli Nizami Heydərov da çıxışında döyüş xatirələrindən ətraflı söz açıb. Milli Qəhrəmanların, eləcə də müharibədə şücaət göstərmiş digər şəxslərin cəmiyyətə daha yaxından tanıdılmasının zəruriliyindən danışıb. Bu prosesdə telekanalların daha fəal rol oynamasının vacibliyini önə çəkib. O, rəhbərlik etdiyi qurumun xəttilə Tərtərdə Milli qəhrəmanlarla bağlı müxtəlif anım tədbirlərinin təşkil edildiyini də bildirib.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info