Asif Səlimov: “Avropa Oyunları gəncliyin ölkəni təbliğ etməsi üçün bir fürsətdir”
Tarix: 01.10.2014 | Saat: 22:12:00 | E-mail | Çapa göndər


“Azərbaycanda beynəlxalq tədbirlərin sayı olduqca artıb və bu işdə könüllü gənclərin töhfəsi böyükdür”

Son bir neçə ildə Azərbaycanda aparılan gənclər siyasəti öz nəticələrini verməkdədir. Artıq xeyli sayda perspektivli kadr kimi formalaşan gənclərimiz var ki, onlar ölkənin ictimai-siyasi həyatında aktiv iştirak edirlər. Belə gənclərdən biri də Asif Səlimovdur. Bu aktiv, savadlı və bacarıqlı gənclə müsahibəni oxuculara təqdim edirik.
-Özünüz barədə məlumat verərdiniz.
- Mən - Səlimov Asif Sahib oğlu 1993-cü ilin fevral ayının 25-də Bakı şəhərində anadan olmuşam. 2011-ci ilədək Cəmil Niftəliyev adına 233 saylı orta məktəbdə orta təhsilimi almışam və məktəbdə ictimai tədbirlərdə aktiv olmuşam. 2011-ci ildə bu orta məktəbi bitirərək Bakı Dövlət Universitetinin Geologiya fakültəsinə daxil oldum.
-Orta məktəbdə aktiv şagird olduğunuzu dediniz. Ali məktəbə qəbul olduqdan sonra necə, ictimai tədbirlərdə aktiv oldunuzmu?
-10-cu sinifdən ictimai fəaliyyətə maraqlı olmuşam və həmin ildən “İrəli” İctimai Birliyinə üzv olaraq müxtəlif layihələrin iştirakçısı və rəhbəri oldum. Universitetə daxil olandan sonra isə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının(ATGTİ) fakültəmiz üzrə sədri, İrəli İctimai Birliyinin Bakı Dövlət Universiteti üzrə nümayəndəsi olmuşam və YAP Gənclər birliyinin fəalı olmuşam. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 4 qrant müsabiqəsinin qalibi olmuşam. Litva, Latviya, Türkiyə, Gürcüstan, Norveç və Çexiyada beynəlxalq layihələrdə Azərbaycanı təmsil etmişəm. Prezident seçkiləri ərəfəsində cənab Prezidentimiz İlham Əliyevə dəstək kampaniyaları olan “Mənim Prezidentim” və “Səs ver” kampaniyalarının koordinatoru olmuşam. Ümumilikdə isə 12 beynəlxalq, 100-ə yaxın yerli layihənin iştirakçısı və 25 layihənin rəhbəri olmuşam. 2013-cü ilin may ayının 10-da “Yeni Nəsil” Gənclərin İctimai Birliyini təsis etmişik və hazırda həmin təşkilatın sədriyəm.
-YAP Gənclər birliyinin fəalı olmusunuz dediniz. Hakim partiya son illərdə gənclər siyasətində xeyli uğurlar əldə edib. Partiyanın gəncləşmə siyasətini necə xarakterizə edərdiniz?
-Bəli fəal olmuşam və hazırda da Yeni Azərbaycan Partiyasının üzvüyəm. Bildirmək istəyirəm ki, YAP-ın son illərdə gənclərə olan diqqət və qayğısı birmənalı olaraq Prezident İlham Əliyevin adı ilə bağlıdır. Mənim üçün bu təşkilat adi bir gənclər birliyi deyil, fikrimcə, YAP Gənclər birliyi ümummilli lider Heydər Əliyev irsinin gənclər tərəfindən qorunub saxlanması və gələcək nəsillərə uğurla ötürülməsi deməkdir. Eyni zamanda YAP Gənclər birliyinin sədri Seymur Orucovun da təşkilatın aktivliyi uğrunda rolu böyükdür. Hörmətli sədrin və ümumilikdə təşkilat aktivlərinin səyi nəticəsində YAP Gənclər birliyi hazırda yalnız Azərbaycanda deyil, bütün regionda ən böyük gənclər birliyinə çevrilməkdə, sevilməkdədir.
-Bəs ümumilikdə Azərbaycan gəncliyinin hazırkı durumunu necə dəyərləndirərdiniz?
-Ölkəmizdə gənclər siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev gəncləri Azərbaycanın gələcək qurucuları adlandırır, onların imkan və bacarıqlarını yüksək qiymətləndirir, problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdi. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 26 iyul 1994-cü il tarixli fərmanı ilə yaradılan Gənclər , İdman və Turizm Nazirliyi yarandığı dövrdən gənclərin sosial təşəbbüslərinin reallaşmasına və ictimai fəaliyyətinin artırılmasına xidmət etməkdədir. Bununla yanaşı, 2006-cı ildə Prezident İlham Əliyevin fərmanı ilə Gənclər və İdman Nazirliyi yenidən təşkil olunub və gənclər siyasətinin əsas icra orqanı kimi fəaliyyətə başlayıb. Prezidentimiz İlham Əliyev gənclərin hər zaman yanında olub və gəncləri dəstəkləyib. Bunun bariz nümunəsidir ki, hörmətli Prezidentimizin 7 fevral 2011-ci il tarixli 826 nömrəli fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yarandı. Gənclər üçün fondun yaradılmasını Azərbaycan gəncliyinə verilən böyük töhfə adlandırmaq olar. Onu da deyim ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaranmasında məqsədi gənclərin dövlətə və cəmiyyətə əhəmiyyət kəsb edən layihələrinin dəstəklənməsi, gənclərin inkişafını təmin edən regional və beynəlxalq proqramların işlənib hazırlanması və həyata keçirilməsi, yaradıcı gənclərin teatr, kino, memarlıq, dizayn, müasir incəsənət sahəsində layihələrinin dəstəklənməsi, gənclər təşkilatlarının inkişafı yolu ilə vətəndaş cəmiyyətinin və ictimai təşəbbüskarlığın dəstəklənməsidir. Prezident yanında Gənclər Fondunun yaranması ilə gənclər müxtəlif ideyalarını reallaşdırmağa, beynəlxalq tədbirlərdə dövlət hesabına iştirak etməyə və təşkilatlanmağa nail oldular. Bunları nəzərə alaraq deyə bilərəm ki, yaxın illər ərzində Azərbaycan gəncliyinin dünya ölkələri ilə müqayisədə özünəməxsus şəkildə inkişafı göz qabağındadır.
-Son illərdə ölkəmizdə beynəlxalq tədbirlərin sayı artıb. Belə tədbirlərdə daha çox gənclər töhfə verirlər. Gələn il ölkəmizdə keçiriləcək birinci Avropa Oyunlarında gənclərimizin hansı rolu ola bilər?
-Həqiqətən də vurğuladığınız kimi, Azərbaycanda son illərdə beynəlxalq tədbirlərin sayı olduqca artıb və bu işdə könüllü gənclərin töhfəsi böyükdür. “Bakı 2015” Avropa Oyunlarının məhz Azərbaycanda keçirilməsi bunun bariz nümunəsidir. Bu və bu tip beynəlxalq yarışların və tədbirlərin Azərbaycanda keçirilməsi dünyada yalnız idmançı və bacarıqlı gənclərimizi deyil, ən əsası odlar yurdu Azərbaycanımızı tanıdır. Fikrimcə, “Bakı 2015” Avropa Oyunlarının Azərbaycanda keçirilməsi də Azərbaycan gəncliyinin dövlətimizi dünyaya lazımi şəkildə tanıtması üçün verilən bir fürsətdir. Biz bu fürsətdən maksimum dərəcədə yararlanmalı və ölkəmizə qonaq gələn insanları Dağlıq Qarabağ, ölkəmizin zəngin mədəniyyəti, musiqisi, mətbəxi, böyük şəxsiyyətləri və liderli haqqında daha çox məlumatlandırmalıyıq. Qısası, gənclərimizi belə tədbirlərdə aktiv olmağa çağırıram və ümumilikdə onlara daim dövlətimiz və cəmiyyətimiz üçün yararlı işlər görməyi, ölkəmizin adına ziyan gətirəcək əməllərdən uzaq olmağı, ictimai fəaliyyətlə məşğul olmaqla özünü inkişaf etdirməyi və Azərbaycan gəncliyinə göstərilən etimadı doğrultmağı məsləhət görürəm.
-Hər bir gənc gələcəklə bağlı müəyyən planlar qurur. Gələcək planlarınız barədə də söz açardınız.
-İctimai fəaliyyətə başladığım vaxtdan tək amalım dövlətimiz və cəmiyyətimiz üçün yararlı işlər görmək və müsbət keyfiyyətlərimlə seçilmək olub. Düşünürəm ki, 6 illik fəaliyyətim bu istiqamətdə mənim başlanğıc mərhələmdir. Gələcək üçün isə fəaliyyətimdə tutduğum postdan asılı olmayaraq planlarım dəyişməzdir: ümummilli lider Heydər Əliyev irsini qorumaq, Azərbaycan gəncliyinə olan diqqət və qayğıdan maksimum dərəcədə istifadə edərək inkişaf etmək və Azərbaycan gəncliyinin dünyaya nümunə gənclik olaraq inkişaf etdirilməsində iştirak etməkdir. Sonda şəxsən sizə və eyni zamanda bütün “Palitra” qəzetinin kollektivinə təşəkkürümü bildirirəm. “Palitra” qəzetinin gənclərlə maraqlanması və onlara diqqət göstərməsi çox sevindirici haldır. Bütün kollektivinizə işinizdə böyük nailiyyətlər arzu edirəm.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info