“Müəllimlərin ehtiyacına uyğun kurslar təşkil olunmalıdır”
Tarix: 04.10.2014 | Saat: 00:53:00 | E-mail | Çapa göndər


Meliha Əsədova: “İndi şagirdlər eşitməkdən çox gördüklərini, izlədikləri faktları yadda saxlamağa meyillidirlər”

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür. Müəllim peşəsinin ictimai nüfuzunun artırılması, onun yüksək maddi və mənəvi motivasiyası, pedaqoji təhsilə istedadlı gənclərin cəlb olunması - bunlar ölkəmizdə təhsil islahatlarının uğurla həyata keçirilməsi üçün ən vacib amillər hesab edilir. Dövlətimiz həmişə müəllim adını, müəllim əməyini yüksək tutub. Bugünlərdə ölkə başçısının sərəncamı ilə təltif olunan müəllimlərimizin əməyinin yüksək qiymətləndirilməsi və onların ən yüksək adlara layiq görülməsi bunun bariz nümunəsidir. Təhsil sistemində yeniliklər, mövcud vəziyyət və problemlərlə bağlı müsahibimiz Rövşən Nəsirov adına 111 saylı Nəsimi rayonu tam orta məktəbin müəllimi Meliha Əsədovadır:

-Artıq bir müddətdir ki, yeni tədris ili başlayıb. Bu tədris ilində bir çox yeniliklər olacağına ümid edirəm. İstər İKT-nin məktəblərdə tədrisiylə bağlı, istərsə də digər sahələrdə. Bildiyimiz kimi kurikulumun tətbiqi indiyə qədər 5-ci və 6-cı siniflər üzrə aparılırdı. Bu il isə 7-ci siniflər üzrə davam edir və bu siniflərdə yeni dərsliklər nəşr olunub. Bundan başqa həyata keçirilən tədbirlərdən biri kimi Təhsil Nazirliyi tərəfindən yeni elektron dərslik portalı istifadəyə verilib. Həqiqətən də təhsil müəssisələrinin informasiyalaşdırılmasının sürətli prosesi təhsildə elektron dərsliklərin istifadəsi üçün yol açır. Elektron dərsliklər hər tələbəyə təhsil prosesində fəal iştirak etmək, onların öyrənmə prosesini fərdiləşdirmək üçün şərait yaradır. Onlara passiv müşahidəçi yox, yeni bilik əldə etmək istəyən və öz imkanlarını qiymətləndirə bilən tələbə olmaq üçün imkan verir. Elektron dərslik böyük həcmdə tədris və təlim materiallarını əhatə edərək və yeni tədris metodlarının inkişafına yardım edərək ənənəvi öyrənmə formalarını zənginləşdirir.
- Yeni tədris ilinə hazırlıq məqsədilə hansı təlim, yaxud kurslarda iştirakçı olmusunuz?
- Bir təlimçi olaraq Azərbaycan dili və ədəbiyyatı fənni üzrə təlimçiyəm. Artıq 3 ildir ki, təlimçi olaraq çalışıram. Bu il Zaqatala, Göyçay və Bakıda təlimlərin aparılmasında iştirak etdim. Təhsil Nazirliyinin "Oxu strategiyalarının təlimi üzrə mentorların hazırlanması" təlimiylə bağlı elan olunmuş təlimdə iştirak etmək üçün seçildim. Bu təlim oktyabrın 7-11 tarixinə qədər Qubada keçiriləcək. Mən də bu iştirakçıların sırasındayam. Bu təlimin məqsədi ibtidai sinif səviyyəsində təhsil alan şagirdlərə oxuyub anlama bacarığını inkişaf etdirmək məqsədilə sinif müəllimlərinin fəaliyyətini istiqamətləndirməyə yardım edə biləcək mentorların hazırlanmasıdır. Bu təlimdə iştirak etmək mənim üçün daha bir uğurdur.
-Yerlərdə təlimlərdə müəllimlərin iştirak səviyyəsini necə qiymətləndirirsiniz?
- Müəllimlər bu təlimlərdə fəal iştirak edirlər. Lakin onların fəaliyyətində qarşılaşdıqları bir problem məni daha çox narahat edir. Belə ki, bölgələrdə bir çox müəllimlərin İKT savadı zəif və ya demək olar ki, heç olmadığından onlar Fənn kurikulumuyla bağlı yenilikləri öyrənirlər, lakin dərslərin İKT -də yığılmasında çətinlik çəkirlər. Onların İKT savadının artırılması üçün bir sıra tədbirlər görülməlidir. Bu, mütləqdir. Çünki müasir dövrümüzdə dərslərin İKT-də şagirdlərə nümayiş etdirilməsi daha məqsədəuyğun hesab edilir. Yəni, artıq buna doğru böyük inkişaf var. Təbii ki, bunu bütün bölgə müəllimlərinə aid etmək olmaz. Amma bir çox müəllimlər bu problemləri yaşayır.
- Ümumiyyətlə, belə təlimlər müəllimlər üçün hansı imkanlar açır?
- Müəllimlərin Yeni Ümumi Orta Təhsil Kurikulumu üzrə Təlim kursunda iştirak etmələri və onların fənn kurikulumuyla bağlı yeni fəal təlimin mərhələlərini və bir çox digər yenilikləri öyrənmələri təqdirəlayiq haldır. Məni sevindirən digər mühüm məqam isə bir çox müəllimlərin bu kursda iştiraklarından sonra onlarda şagirdlərə qarşı münasibətin dəyişməsi yaxşı mənada özlərini tam bir faslitator rolunda görmələri çox xoş haldır. 10 gün müddətində onlarda bu müsbət dəyişikliyi görmək mümkündür. Sonda özlərinin fəal iştirakları ilə fəal təlimin mərhələlərinə uyğun dərs nümayiş etdirə bilmək qabiliyyətləri onların yeni uğurlarından xəbər verir. Mən çox xoşbəxtəm ki, xalqıma bu işdə bir faydam və yardımım dəyir. Bunu böyük qürur hissi ilə qeyd edirəm. Təlimçi kimi müəllimləri maarifləndirməkdə faydam və yardımım dəyir.
Təlimlərin bölgələrdə keçirilməsi məni daha çox sevindirir. Çünki şəhərdə işləyən müəllimlər yeniliklərdən xəbərdar ola bilir. Lakin bölgələrdə bu o qədər asan deyil. Bölgələrdə bu kursların təşkil olunması təqdirəlayiq haldır. Mən təklif edərdim ki, müəllimlərin ehtiyacına uyğun kurslar təşkil olunsun. Onlar daim maariflənsinlər. Belə kurslar mütəmadi təşkil olunsun.
- Müəllim kimi ötən müddətdə siz hansı yenilikləri əldə edib, tətbiq etmisiniz?
- Təlimçi olaraq daim hər bir yeniliyi izləyirəm və çalışıram yenilikləri öyrənim. Mütəmadi olaraq müxtəlif kurslarda istər kurikulumla bağlı, istərsə də İKT və digər sahələr üzrə keçirilən kurslarda daim iştirak edirəm. Son nailiyyətim isə Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun və "Demokratik Gənclər" İctimai Birliyinin ümummilli lider Heydər Əliyevin 91 illik doğum günü münasibətilə birgə həyata keçirdikləri "Ən yaxşı bloq" müsabiqəsində "Ən yaxşı veb resurs" nominasiyası üzrə 4-cü yerə layiq görüldüm və “UGUR” diplomu ilə təltif olundum.
-Son zamanlar tətbiq olunan yeniliklərdən biri kimi müəllimlərin sınaq qiymətləndirməsi keçirildi. Siz müəllimlərin fəaliyyətində bunun rolunu necə dəyərləndirirsiniz?
- Müəllimlərin sınaq qiymətləndirilməsi təqdirəlayiq haldır. Çünki müəllim özündə daha çox məsuliyyət hiss edir, bu imtahan üçün mütaliə edir. Müəllim özü haqqında bir qənaətə gəlir və sanki özünü yenidən kəşf edir. Belə imtahanlar davamlı olsa yaxşı olar. Müəllimlərin məsuliyyəti birə beş artar. Mən də bu sınaq qiymətləndirməsində iştirak etdim. Şükür ki, nəticə müsbətdir.
-Şagirdlərin yeni ildə təhsilə marağını necə dəyərləndirirsiniz?
- Mən hələ ki, passivlik hiss etmirəm. Dərs ili yeni başlayıb. Düşünürəm ki, şagirdlər təhsildə olan yeniliklərdən xəbərdardırlar və məsuliyyətlərini hiss edirlər. Çünki məsuliyyət olmasa, nəticə olmaz. İkinci bir müsbət halı təqdirəlayiq hal hesab edirəm və təhsil nazirinin şagirdləri bədii qiraətə cəlb etmələri üçün verdiyi qərar məni çox sevindirir. Çünki şagirdlərin mütaliəsi nəticəsində onlarda nitq inkişafı, oxuyub anlama qabiliyyətləri daha da inkişaf edəcək.
-Bugünlərdə belə bir məlumat açıqlandı ki, ölkədə orta statistik məzun məktəb proqramının 50-76 faizini mənimsəmir. Bu, ümumtəhsil müəssisələrinin böyük qismində tədris prosesinin normal aparılmamasından, tələbkarlığın zəifliyindən, ən başlıcası isə müəllimlərin çoxunun peşəkarlıq səviyyəsinin aşağı olmasından və tədris prosesində yeni təlim üsulları və texnologiyalardan istifadə edə bilməməsindən irəli gəlir. Bununla bağlı nə deyərdiniz?
- Mən bunu bütün məktəblərə və müəllim kollektivinə şamil etməzdim. Bu boşluqların aradan qalxması üçün hər bir müəllim öz vicdanının səsilə və peşəsinin məsuliyyətini dərk edərək fəaliyyətində aktiv olmalıdır. Hər bir müəllim şagirdləri çalışdırmalı, onların maraq dairəsinə uyğun dərslər qurmalı və sinfin səviyyəsini, şagirdlərin fəaliyyətində irəliləmə və geriləmə prosesini izləyərək bu boşluqları aradan qaldıra bilər. Mən arzu edərdim ki, bütün məktəblərdə siniflər kompüterlə təchiz olunsun və interaktiv dərslər qurulsun. Bunun üçün əlverişli şərait olmalıdır. İndi şagirdlər eşitməkdən çox gördüklərini, izlədikləri faktları daha çox yadda saxlamağa meyillidirlər. Digər şəkildə hər bir müəllim öz məsuliyyətini hiss etməlidir. Çünki söhbət gənc nəslin inkişafından gedir. Biz bu yolda bir bənna rolunu oynayırıq. Mən inanıram ki, istər psixoloji dəstək baxımından, istərsə də fəaliyyətlərində onlara veriləcək stimul baxımından müəllimlərin faslitator olaraq öz mövqelərindən şagirdlərə yanaşma prinsipi dəyişəcək.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10142

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info