“Bakı Beynəlxalq Humanitar Forumunun nüfuzu ildən-ilə artır”
Tarix: 08.10.2014 | Saat: 23:18:00 | E-mail | Çapa göndər


Ceyhun Ələkbərov:“Avropada, xüsusən də Almaniyada Xocalı faciəsi ilə bağlı bir sıra fərqli layihələr həyata keçirməyi planlaşdırmışıq”

Ötən həftə Bakıda keçirilən IV Beynəlxalq Humanitar Forumla yadda qaldı. Bu tədbirdə geniş humanitar əməkdaşlıq məsələləri, ümumiyyətlə dünyanı düşündürən qlobal problemlər müzakirə olundu. Mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan dövləti bir daha bu formatda tədbirlərin keçirilməsi üçün ideal yer olduğunu göstərdi. Elə Soyqırımı Həqiqətlərinin Tanıdılması İctimai Birliyinin sədri Ceyhun Ələkbərov da qəzetimizə müsahibəsində bu Forumun Azərbaycan üçün önəmindən danışdı.

- IV Bakı Beynəlxalq Humanitar Forumu Azərbaycan üçün nə dərəcədə əhəmiyyətlidir?
- Bildiyimiz kimi I Bakı Beynəlxalq Humanitar Forumu 2011-ci il oktyabrında keçirilib. I Bakı Beynəlxalq Humanitar Forumunun müvəffəqiyyətlə keçirilməsi və beynəlxalq miqyasda qaldırdığı problemlərin aktuallığını nəzərə alaraq Prezident İlham Əliyev tərəfindən onun ənənəvi olaraq təşkil edilməsi ilə bağlı sərəncam imzalanıb. Artıq dördüncü ildir ki, forumda multikulturalizmin nailiyyətləri və problemləri, dünyanı dəyişdirən müasir texnologiyalar, elmlərin konvergensiyası, biotexnologiyalar və etikanın problemləri, inkişafın iqtisadi modellərinin humanitar aspektləri, sosial jurnalistika və yüksək texnologiyalar və s. aktual məsələlər müzakirə olunur. Azərbaycan nümayəndələri ilə yanaşı dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli təmsilçiləri, o cümlədən tanınmış dövlət xadimlərinin, elmin müxtəlif sahələri üzrə Nobel mükafatçılarının və mötəbər beynəlxalq qurumların rəhbərləri bu məsələlər ətrafında geniş fikir mübadiləsi və müzakirələr apardılar. Ümumi götürdükdə forumda 60-dan çox ölkədən 500-ə yaxın qonaq iştirak edirdi. Qloballaşma dövrünün humanitar problemlərinə dair forum iştirakçılarının mövqeyi qəbul olunmuş Bakı bəyannaməsində öz əksini tapıb.
Bu il biz şahidi olduq ki, Bakı Beynəlxalq Humanitar Forumunun nüfuzu ildən-ilə artır. Hətta forumda iştirak edən bir neçə qonaq onu qeyri-rəsmi şəkildə intellektual Davos adlandırdılar. Bütün bunlar forumun uğurlu nəticəsidir, bu, eyni zamanda Azərbaycanın beynəlxalq uğurudur.
-Bu forumun Dağlıq Qarabağ münaqişəsinin həllində, eləcə də ermənilərin azərbaycanlılara qarşı törətdiyi faciələrin dünyada tanınmasında nə kimi rolu ola bilər?
- Düzdür, forumda ən geniş humanitar əməkdaşlıq məsələləri müzakirə edilir. Amma nəzərə almaq lazımdır ki, bu tədbir bəşəri məsələlərlə bağlı fikir mübadilələri və müzakirələr aparmaq üçün beynəlxalq miqyasda nüfuzlu elmi-siyasi platformadır. Prezident İlham Əliyev Forumda çıxışında xalqımız və dövlətimizin humanitar fəlakətlə üzləşdiyini bildirərək Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazisinin Ermənistanın işğalı altında olduğunu qeyd etdi. Dövlət başçısı həmçinin Xocalı soyqırımı haqda da danışaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bölgə üçün ən böyük təhlükə olduğunu vurğuladı. Yəni dövlət başçısı bütün qonaqlara Azərbaycanın haqlı mövqeyini bildirdi. Onlar bu münaqişə haqda ətraflı məlumatlandırılmış oldular. Forum iştirakçılarının bəzisi öz açıqlamalarında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aidiyyəti beynəlxalq təşkilatların ikili standart mövqe nümayiş etdirdiklərini bildirdilər. Bu insanlar beynəlxalq nüfuza malikdirlər. Onların hər birinin beynəlxalq tribunalarda Azərbaycanın haqlı mövqeyini müdafiə etməsi, ölkəmizə qarşı ikili standart siyasətin dəyişməsində əhəmiyyətli rol oynayır. Bu siyasətin dəyişməsi isə Dağlıq Qarabağ münaqişəsinin həllinə aparan vacib yollardan biridir.
-Siz təşkilat olaraq Xocalı faciəsinin xaricdə tanınması istiqamətində hansı tədbirlər keçiribsiz?
- Mən Xocalı hadisələrinin canlı şahidiyəm. Hər dəfə bu mövzuya toxunanda o dəhşətləri yenidən yaşayıram. Xocalı faciəsində mənim 40-dan çox qohumum qətlə yetirilib. Əslində Xocalıda şəhid olmuş hər bir kəs mənim üçün əzizdir və mənim doğmalarımdır. Biz xocalılara dövlətimizin dəstəyi və diqqəti daimidir. Prezident İlham Əliyevin atdığı addımlar, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın, “Xocalıya ədalət” kampaniyasının rəhbəri Leyla Əliyevanın Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətindəki göstərdikləri fəaliyyətləri əvəzsizdir.
Biz də QHT olaraq bu və digər faciələrimizi davamlı olaraq xaricdə tanıdırıq. Bu ilin fevralında Almaniyanın nüfuzlu Köln Universitetində bizim təşkilat Xocalı soyqırımı ilə bağlı (“XXI əsrdə Azərbaycan geostrateji baxımdan”) konfrans keçirdi. Konfransda millət vəkilləri, eləcə də QHT və KİV nümayəndələri iştirak edirdilər.
Həmçinin Kölndə yürüş mitinq keçirdik. Mitinqə müxtəlif Avropa ölkələrindən gəlmiş insanlar, o cümlədən müxtəlif diaspor fəalları, həmçinin almanlar dəstək verdilər. Səsgücləndirici ilə Xocalı soyqırımı və Qarabağla bağlı alman dilində məlumat verildi, çıxışlar dinlənildi. Almaniya vətəndaşları və müxtəlif ölkələrdən olan turistlər mitinqi maraqla qarşıladılar. Onlara Xocalı soyqırımı ilə bağlı broşürlər paylanıldı. Xüsusilə, gənclərimiz ayrı-ayrılıqda turistlərə Xocalı soyqırımı və Qarabağ münaqişəsi haqqında məlumat verdilər. Mitinqdə 500-dən yuxarı insan iştirak edirdi.
Biz Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında da “Müasir dünya və azərbaycanlıların soyqırımı həqiqətləri” mövzusunda konfrans keçirmişik. Xalqımızın başına gətirilən faciələrin beynəlxalq səviyyədə tanıdılması üçün belə konfransların təşkili əhəmiyyətlidir.
Xatırladım ki, bu yaxınlarda biz Almaniyada səfərdə olduq. Səfər müddətində Almaniya Federativ Respublikasının prezidenti Yoaxim Qauk və onun xanımı, eləcə də bir neçə alman millət vəkilləri ilə görüşdük. Onlara Azərbaycanın milli xalçası, Heydər Əliyev Fondu tərəfindən hazırlanan və Azərbaycanın mədəniyyətini, tarixini əks etdirən kitablar, muğamlarımızdan və xalq mahnılarımızdan ibarət disklər hədiyyə etdik.
Soyqırım Həqiqətlərinin Tanıdılması İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə Almaniya Sosial-Demokrat Partiyasının nümayəndəsi, millət vəkili Steffen Claudio Lemme ölkəmizdə səfərdə idi. Almaniyalı deputat Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin və görkəmli oftolmoloq Zərifə Əliyevanın məzarlarını, Şəhidlər xiyabanını, Quba Soyqırımı Memorial Kompleksini ziyarət etdi.
-Gənclər təşkilatlarının bu istiqamətdə gördüyü iş qənaətbəxşdirmi?
- Gənclik böyük qüvvədir, gənclik öz tükənməz enerjisinə, həyat eşqinə inanır, gənclər qətiyyətli və mübariz olurlar. Bu mənada biz gənclər ümummilli liderimiz Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasının qurulması, onun daxili və xarici siyasətinin həyata keçirilməsində müasir Azərbaycan gəncliyinin qarşısında qoyduğu vəzifələrin həyata keçirilməsində aktiv rol oynamalıyıq. Mən bir gənc olaraq Azərbaycan gəncliyinin önündə gedən bir çox nümayəndələri ilə şəxsən qürur duyuram.
Fəaliyyət göstərdiyimiz qısa müddət ərzində əldə etdiyimiz təcrübə onu deməyə əsas verir ki, millətimizə və dövlətimizə bağlı yaranan gənclər təşkilatının, Vətənimizin taleyi ilə bağlı hər hansı bir iş görmək, bir plan həyata keçirmək istəyi varsa, müəyyən maliyyə və təşkilati çətinliklər olmasına baxmayaraq onu reallaşdırmaq və başa çatdırmaq mümkündür.
Prezident İlham Əliyev, Azərbaycan həqiqətlərini, başda Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasını, səfirliklərimiz və diaspor təşkilatlarımız qarşısında vacib məsələ kimi qoyub. Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi. Hesab edirəm ki, biz sonadək ermənilərin Azərbaycanla bağlı təcavüzkar addımlar atmasına imkan verməməliyik, çünki ermənilərin dünya ictimaiyyətinin gözündən pərdə asdığı bəsdir.
- Hazırda hansı layihələr həyata keçirirsiz?
- Biz İraqda “İŞİD”in vəhşiliklərinə məruz qalmış türkmən soydaşlarımıza yardım məqsədi ilə “Haray” humanitar kampaniyasına başlamışıq. Türkmənlər doğma yurd-yuvalarından didərgin salınıblar. Hazırda onlar dağlarda qaçqın vəziyyətində ac-susuz yaşayırlar. İstəyirik ki, bu insanlara gücümüz çatan qədər maddi və humanitar yardım göstərək. Öndə isə özümüz olacağıq. Düşünürəm ki, türk dünyasının, yurdundan zorla çıxarılmış hansısa insanın, körpə uşağın yaşaması üçün bu addım atılmalıdır.
Xocalı faciəsini yaşamış və öz gözləri ilə görmüş bir insan kimi, türkmənlərin hansı faciələrlə, problemlərlə qarşılaşdıqlarını yaxşı başa düşürəm. Buna görə yardım kampaniyasına başlamaq qərarına gəldik. XXI əsrdə Kərkükdə türkmən qardaşlarımızın yurdlarından qovulması, acından ölməsi bu dünya üçün utancvericidir. İstər yezidi kürd, istərsə də türkmən olsun, əzabkeş millətə yardım etmək, ona yaşadığı ağır gündə dəstək vermək vacibdir. Dünyanın hansı nöqtəsində faciə yaşanırsa və insanlar çətinliklərlə üzləşirsə, ora dəstək göstərmək vicdan işidir.
-Xocalı faciəsinin xaricdə təbliğinin hansı yeni formasını düşünürsüz?
- Xocalı soyqırımının xaricdə təbliği istiqamətində çox böyük işlər görülüb. Tədbirləri insanları narahat edəcək formada yox, onların qəbul edəcəyi şəkildə etmək lazımdır. Məsələn, biz Pantomima Teatrı ilə danışmışıq. Onlar xaric ölkələrin birində Xocalı faciəsi ilə bağlı bir əsər səhnələşdirəcəklər. Düşünürəm ki, bu daha effektli və təsirlidir. Ümumiyyətlə, biz Avropada, xüsusən də Almaniyada Xocalı faciəsi ilə bağlı bir sıra fərqli layihələr həyata keçirməyi planlaşdırmışıq.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info