“Xaricdə təhsil alan tələbələr ölkəmizin təbliğatı istiqamətində çox çalışmalıdır”
Tarix: 09.10.2014 | Saat: 23:44:00 | E-mail | Çapa göndər


Mersin Universitetinin tələbəsi Nəzakət Eminova:
“Biz xaricdə bir tək özümüzün deyil, eyni zamanda bütün millətimizin və Vətənimizin təmsilçisiyik. Buna görə də çalışıb ölkəmizin gözəlliklərini hamıya çatdırsaq, Azərbaycanımıza dəstək olmuş olarıq”

Bu gün dünyanın aparıcı universitetlərində yüzlərlə gəncimiz təhsil alır. Bütün bunlar bir daha onu göstərir ki, gənclərimizin öz bilik və bacarıqlarını üzə çıxarmalarına, potensiallarını effektli reallaşdırmalarına, cəmiyyətdə layiqli yer tutmalarına münbit şərait yaradılıb. Təbii ki, gənclərimiz bu etimadı layiqincə dəyərləndirməli və yaradılmış şəraitdən səmərəli istifadə etməlidirlər. Qəzetimizin xaricdə təhsil alan tələbələrlə bağlı layihəsi çərçivəsində növbəti müsahibi Türkiyənin Mersin Universitetinin Almanca-ingiliscə tərcüməçilik fakültəsinin tələbəsi Nəzakət Eminovadır:

-Mən 1987-ci ildə Gürcüstanın Marneuli rayonunda anadan olmuşam. Azərbaycan Müəllimlər İnstitutunun Dil və ədəbiyyat fakültəsində təhsilimi başa vurduqdan sonra ikinci bir ali təhsil almaq istədim. Bunun üçün də Azərbaycana daha yaxın olan qardaş ölkə olan Türkiyəyə getməyə qərar verdim. Çünki bu ölkədə daha öncədən oxuyan qohumlarım və dostlarım vardı. Türkiyədə təhsilin səviyyəsinin də yaxşı olduğunu düşündüyüm üçün seçimimi ettim və bu ölkəyə gəldim. Hazırda Türkiyənin Mersin şəhərində yerləşən Mersin Universitetində Almanca-ingiliscə tərcüməçilik fakültəsinin 4-cü kurs tələbəsiyəm.
- Ötən müddət ərzində təhsil aldığınız ixtisasla bağlı hazırda hansı yeni biliklər əldə etmisiniz?
- Biz dərslərimizlə bağlı olaraq mütəmadi bir şəkildə yeni biliklər əldə edirik. Universitetimizin xaricə tələbə göndərmə və eyni zamanda xarici ölkələrdən şəhərimizə, universitetimizə dəvət etdiyi xarici qonaqlar vasitəsi ilə sıx əlaqədə olaraq hər zaman yeni mədəniyyətlər, yeni biliklər əldə etmə imkanına sahibik. Burada bir çox azərbaycanlı tələbələr təhsil alır və bizim münasibətlərimiz çox gözəldir. Hər zaman bir-birimizə burada dəstək oluruq.
- Orada ölkəmizin tanıdılması istiqamətində hansı addımlar atırsınız?
- Mən şəxsən bir azərbaycanlı tələbə olaraq, hər zaman ölkəmin tanınmasına, mədəniyyətinin, coğrafiyasının, hər anlamda tanınması üçün əlimdən gələni edirəm. Bunun üçün də əlimə keçən hər imkanı dəyərləndirirəm. Bunun üçün dərs və imtahan müddətində mövzularımı hər zaman Azərbaycanın tarixi, ədəbiyyatı, tanınmış şəxsləri, mədəniyyəti barədə təqdimatlar hazırlayaraq müəllimlərimizə və tələbə yoldaşlarıma çatdırıram. Hətta Azərbaycan mətbəxini belə, tanıtmaq üçün öz milli yeməklərimizi bişirib universitetə götürürəm. Bunu hər kəs çox bəyənir. Novruz adətlərimizi tanıtmaq üçün bir dəfə hətta universitetə xonça hazırlayıb götürmüşdüm. Əlbəttə, bu da hamı tərəfindən bəyənilmişdi.
- Xaricdə diaspor təşkilatlarımız fəaliyyət göstərir. Siz bu təşkilatlarda təmsil olunub, hansısa tədbirlərdə iştirak etmisinizmi?
- Mən Azərbaycanımız haqqında olan hər bir tədbirdə can-başla iştirak etməyə hər zaman hazır olmuşam. Xocalı soyqırımı, 20 Yanvar hadisələri ilə bağlı olaraq İstanbuldakı yığıncaqlarda iştirak etmişəm. Məncə, bunu etmək hər bir Azərbaycan vətəndaşının borcudur. Biz hər kəsə torpaqlarımızın işğal altında olduğunu çatdırmalıyıq. Mən nəinki Türkiyədə, hətta bu yaz Amerikada olduğum 4 ay müddətində də, Amerikada tanış olduğum hər kəsə Azərbaycanın torpaq bütövlüyünün pozulmasından və bütün dünyanın buna biganə münasibətindən söhbət açırdım. Ancaq Amerikada Azərbaycan adlı bir ölkənin olduğundan bir çox insan xəbərsizdir. Bunda da Amerikada təhsil alan gənclərimizin üzərinə böyük məsuliyyət düşür. Düşünürəm ki, biz - xaricdə təhsil alan tələbələr ölkəmizin təbliğatı istiqamətində çox çalışmalıyıq.
- Azərbaycan hökuməti gənclərə xaricdə təhsil alması üçün imkanlar yaradır. Siz bu gün dövlətin gənclər siyasəti ilə bağlı nə deyərdiniz?
- Bəli, dövlətimizin gənclərə dəstəyi doğrudan da var və bunu hər kəs bilir. Bu gün kifayət qədər azərbaycanlı gənc xarici ölkələrdə təhsil alır, eləcə də gənclərimiz müxtəlif idarə və təşkilatlarda çalışırlar. Gənclərimiz eyni zamanda bir sıra QHT-lərdə təmsil olunurlar. Örnək olaraq daha bir ildir fəaliyyətə başlayan Azeder/İndex Azərbaycan gəncləri dərnəyini göstərə bilərəm. Bu dərnək 1 ildir fəaliyyətə başlamasına baxmayaraq azərbaycanlı gənclərin irəli getməsində böyük addımlar atıblar. Gənclərimizə istər maddi, istərsə də mənəvi baxımdan dəstək olan xeyirxah bir qurumdur.
- Gələcəkdə təhsilinizi davam etdirmək niyyətiniz varmı? Çalışmaq üçün hansı ölkəni seçmək niyyətindəsiniz? Ümumiyyətlə, gələcək planlarınız?
- Mənim ən böyük arzum Vətənimi və millətimi xarici ölkədə təmsil etməkdir. Gələcək üçün bir çox planım var, ancaq ilk növbədə Vətənimi tanıdacaq bir işə sahib olmaq istərdim. Bunu sadəcə söz olsun deyə demirəm. Məni tanıyan hər kəs Azərbaycanı nə qədər çox sevdiyimi bilir. Təhsilimi isə davam etdirsəm, Almaniyada magistratura təhsili düşünə bilərəm.
- Boş vaxtlarınızda nə ilə məşğul olursunuz?
- Boş vaxtlarımda idmanla məşğul oluram, eyni zamanda müxtəlif dilləri daha da yaxşı öyrənmək üçün xarici filmlər izləyirəm.
- Ümumiyyətlə, gənclər ölkəmizin inkişafına hansı töhfələri verə bilərlər?
- Gənclərimizdən çox şey asılıdır. Xaricə yol tapan gənclərimizin üzərinə doğrudan da böyük məsuliyyət düşür. Çünki Azərbaycan haqqında heç bir məlumatı olmayan insanlar bu gəncləri gördükləri zaman ölkəmiz haqqında ilkin təəssüratlara sahib olurlar. Biz xaricdə bir tək özümüzün deyil, eyni zamanda bütün millətimizin və Vətənimizin təmsilçisiyik. Buna görə də çalışıb ölkəmizin gözəlliklərini hamıya çatdırsaq, Azərbaycanımıza dəstək olmuş olarıq.
- Son vaxtlar müxtəlif sahələrdə xarici dilə daha çox üstünlük verilir. Siz seçdiyiniz ixtisasda özünüzü necə görürsünüz, hansı sahədə çalışmaq niyyətindəsiniz?
- Artıq bildiyiniz kimi, mən xarici dil təhsili alıram və ixtisasımdan də çox məmnunam. Mən sinxron tərcüməçi olaraq çalışmaq istəyirəm. Bu sahədə müvəffəqiyyət qazanacağıma da inanıram.
- Xarici dil insanlar üçün hansı imkanlar açır?
- Yaşadığımız bu qlobal dünyada xarici dil bilmək çox önəmlidir. Bu əlbəttə daha tez iş tapmağa, insanların sizə güvənməsinə və çalışqan biri olduğunuza dair təəssüratlar yaratmağına imkan verir. Məncə xarici dil bir çox qapını açmaqda yardımçıdır.
- Bu gün ölkəmizdə çoxsaylı beynəlxalq tədbirlər keçirilir, yaxud xaricdə müxtəlif tədbirlərdə təmsil olunuruq. Bunun üçün ölkəmizin gənc tərcüməçi kadrlara da ehtiyacı var. Siz burada rolunuzu necə görürsünüz?
- Mən ölkəm üçün hər şey etməyə hazıram. Əgər ölkəmdə hər hansı bir işə dəvət alsam bunun üçün böyük həvəslə çalışaram. Tərcüməçilərdən çox şey asılıdır. O, ölkənin təmsil olunmasında bir növü körpü rolunu oynayır. Mən də ölkəsini və millətini sevən bir azərbaycanlı olaraq, Vətənimin hər bir tədbirində böyük həvəslə iştirak etməyə hazıram.
- Alman dilinin çətinliyi ilə bağlı, bir qədər ingilis dilinə daha çox maraq göstərirlər. Sizin üçün alman dilində tərcümə işində çalışmaq çətin olmayacaqmı?
- Alman dili ingilis dilinə nəzərən doğrudan da çətin bir dildir. Bu hamı üçün çətinlik yaradır. Mənim isə planımda iş həyatına başlamadan öncə Almaniyada həm dil təcrübəsi keçmək, həm də alman mədəniyyətini öyrənmək durur. Tərcüməçilik çeviklik, cəldlik tələb edən bir işdir. Dünyada sinxron tərcüməçi sayı da həddindən çox azdır. Ancaq bu işi sevsən və daima çalışsan, düşünürəm ki, çətinliyi də, həyəcanı da yenərək müvəffəqiyyət qazanmaq mümkündür.
- Gələcəkdə hansısa layihələrdə iştirak etmək niyyətiniz varmı?
- Mən böyük konfranslarda və tədbirlərdə bir tərcüməçi kimi çalışmaq istəyirəm. Bu sahədə uğur qazanacağıma əminəm. Ümid edirəm ki, məzun olduqdan sonra bütün planlarım həyata keçəcək.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info