“Gənclərə uşaq yaşlarından klassik musiqiyə sevgi aşılamaq lazımdır”
Tarix: 10.10.2014 | Saat: 00:26:00 | E-mail | Çapa göndər


Ceyran Mahmudova: “Bir insan uşaqlıqdan Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun, Baxın, Motsartın, Bethovenin əsərlərini eşidirsə, onun artıq zövqü formalaşır”

Müsahibimiz Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Ceyran Mahmudovadır:

- Ceyran xanım, bu gün Azərbaycan musiqi xəzinəsi üçün hansı tədqiqatlarınızı həyata keçirirsiniz?
- Musiqişünaslıq elə bir sənətdir ki, bu işlə daimi məşğul olan, elmə meyil edən insan daima hansısa mövzu üzərində çalışır və tədqiqatlarını aparır. Mənim bu günə qədər çalışdığım tədqiqat sahəsi bəstəkar mahnıları ilə bağlı olub. Bu mövzuda doktorluq işini müdafiə etmişəm. Bununla bağlı 2009-cu və 2013-cü illərdə iki kitabım işıq üzü görüb. Bu kitablarda iyirmi bir Azərbaycan bəstəkarlarının mahnı yaradıcılığında poeziya və musiqinin qarşılıqlı əlaqələri təhlil olunub. İyirmi bir bəstəkarın yaradıcılığına nəzər saldıqda, mən bu mövzuya bir qədər ara vermək qərarına gəldim. Bizim klassik mahnı irsimizə aid olan bəzi bəstəkarların yaradıcılığına nəzər saldım. Bu bəstəkarlar arasında Səid Rüstəmov, Tofiq Quliyev, Fikrət Əmirov, Cahangir Cahangirov, Rauf Hacıyev, Hacı Xanməmmədov, Emin Sabitoğlu, Ramiz Mirişli, Cavanşir Quliyev və bir çox bəstəkarların mahnı yaradıcılığına toxundum. Hal-hazırda atam, Xalq artisti, bəstəkar Emin Sabitoğlu haqqında kitab üzərində çalışıram. Bununla paralel olaraq, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətlə məşğul oluram. Tədris prosesi ilə bağlı keçən il dərs vəsaitim nəşr olunub. Hazırda isə ikinci dərs vəsaiti üzərində çalışıram.
Əlbəttə, mən daha çox elmi iş üzərində çalışmağı arzu edirəm. Təəssüflər olsun ki, pedaqoji fəaliyyətdə olduğuma görə elmi işimə çox zaman ayıra bilmirəm. Açığı deyim ki, mən elmi iş yazanda, məqalə və kitab üzərində çalışanda böyük zövq alıram. Mən öz peşəmi sevirəm və bu baxımdan özümü xoşbəxt insan hesab edirəm.
- Musiqişünaslıq və pedaqogika sizin həyatınızın bir hissəsidir. Tədqiqatlarınızı tələbələrinizə xüsusi izah edirsinizmi?
- Təəssüflər olsun ki, mən dissertasiya işimdə yalnız bəstəkar mahnılarını tədqiq etmişəm. Çünki bəstəkar mahnıları tədris prosesində çox az istifadə olunur. Yalnız biz Azərbaycanın milli ladlarını tələbələrə izah edərkən, bəstəkar mahnılarına müraciət edib, nümunə kimi göstəririk. Ayrılıqda bəstəkar mahnıları tədris planına daxil deyil. Buna görə mənim pedaqoji fəaliyyətim daha çox xalq yaradıcılığı ilə bağlıdır. Çünki dərs dediyim kafedra Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi adlanır. Ona görə burada istiqamət bir qədər başqadır. Amma hər iki istiqamət mənim üçün doğma və əzizdir. Çünki ilk namizədlik dissertasiyam Azərbaycan təsniflərilə bağlıdır. İkinci dissertasiyam isə tamamilə başqa istiqamətdə alındı. Ona görə hər iki istiqamət bu və ya digər şəkildə mənim fəaliyyətimdə paralel olaraq inkişaf edir.
- Azərbaycan musiqisinin tarixi müasir zamanda açıq şəkildə tədqiq olunurmu?
- Azərbaycanda digər sahələrdə olduğu kimi musiqi elmində də çox böyük inkişaf gedir. Mən deyərdim ki, biz müstəqillik əldə etdikdən sonra Azərbaycan musiqisini tədqiq etmək üçün heç bir maneə qalmadı. Bizim çox savadlı, elmlə məşğul olan yeni nəsil gənc alimlərimiz var. Elə bəstəkarlarımız yoxdur ki, onların yaradıcılıqları elmi işlərdə işıqlandırılmasın. Demək olar ki, hansı bəstəkarların adını çəksəniz, istər bizim klassik irsimizdən, istərsə də müasir bəstəkarlarımızın əsərlərinin mürəkkəbi qurumadan gənc müsiqişünaslar onları öyrənməyə can atırlar. Mənə elə gəlir ki, bizdə musiqişünaslıq elmi çox yüksək səviyyədə inkişaf edir. Bunun üçün hər bir şərait var. Bakı Musiqi Akademiyasında elmi işlə məşğul olmaq üçün hər cür şərait yaradılıb. Burada həm də dissertantlar yetişdirilir. Məsələn, özümün diplom rəhbəri olduğum bir neçə məzunlar var ki, onlar Azərbaycanda incəsənətin müxtəlif sahələrində çalışırlar. Mənə elə gəlir ki, Azərbaycanda musiqi elmi əmin əllərdədir. Sadəcə geniş miqyasda baxdıqda, ümumiyyətlə, indi gənclər arasında elmə meyillilik daha azdır. Çünki bu gün gənclər yüksək gəlir əldə etmək üçün daha çox prestijli sahələrə can atırlar. Əlbəttə, bu baxımdan onları başa düşmək olar. İnsan həmişə çalışır ki, öz həyatını yaxşılaşdırsın. Bu təbii haldır. Ona görə mən panikaya qapılacaq hislər keçirmirəm. Çünki həyat hər şeyi öz yerinə qoyur. Əgər insanda yaradıcılığa meyil varsa, o, heç bir maneəni görməyəcək. Onu dəf edəcək və elmlə məşğul olacaq. Sadəcə istək olmalıdır. İstək varsa, hər şey düzələcək.
- Bu gün müasir musiqiyə daha çox üstünlük verilir. Bəs, gənc musiqiçilər arasında klassik irsimizin təbliğini və ona olan münasibəti necə görürsünüz?
- Bilirsiniz, mən deməzdim ki, müasir musiqiyə daha çox meyl edilir. Təqvimə nəzər salaq. Bu yaxınlarda Üzeyir Hacıbəyli adına növbəti musiqi festivalı keçirildi. Bu festivalda bir neçə gənc musiqiçilər konsert proqramı ilə çıxış etdi. Bizdə Bakı Musiqi Akademiyasında, Bəstəkarlar İttifaqında və digər musiqi ocaqlarında gənc musiqiçilər çıxış edir və onlar məhz klassik musiqi ifa edir. Mən az öncə musiqişünaslardan danışdım. Amma istər Bakı Musiqi Akademiyasında, istərsə də Milli Konservatoriyada, ya da dövlətimiz tərəfindən, Heydər Əliyev Fondu tərəfindən, Təhsil Nazirliyi tərəfindən xaricə göndərilən tələbələrimiz də var ki, onlar klassik musiqini yaşadır. Sadəcə olaraq, əhalinin daha az hissəsi klassik musiqiyə meyil edir. Əhalinin çoxu isə müasir musiqiyə meyil edir. Bu da təbiidir. Siz elə bilirisiniz ki, bu təkcə Azərbaycanda belədir? Bu, bütün dünya üzrə belədir.
Klassik musiqiyə hazırlanmış insan qulaq asır. Klassik musiqi daha çox bilik, dünyagörüşü tələb edir. O insanla işləmək üçün sadəcə zaman lazımdır. Gənclərə uşaq yaşlarından klassik musiqiyə sevgi aşılamaq lazımdır. Dinləmək üçün isə bizdə hər bir imkanlar var. Ölkəmizdə keçirilən beynəlxalq musiqi festivallarını sadalasaq, əsas nəticəni ala bilərik. Məsələn, bu yaxınlarda keçirilən Üzeyir Hacıbəyli Festivalı, daha sonra ənənəvi Jazz Festivalı, Qəbələ Beynəlxalq Festivalı, M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında hər həftə müxtəlif kollektivlər konsert proqramı ilə çıxış edirlər. Mahnı və rəqs ansamblı, kamera orkestri, Ü. Hacıbəyli adına Dövlət Simfonik orkestrinin tez-tez konsert proqramı ilə çıxışları olur. Klassik musiqini dinləməyi sevənlər üçün heç bir maneə yoxdur. Onu da xüsusi vurğulayım ki, Azərbaycanda keçirilən Rastropoviç adına Festivalda dünyanın ən gözəl musiqi kollektivlərinə qulaq asırıq. On il bundan əvvəl yuxumuzda belə görə bilməzdik ki, o cür kollektivlər Bakıda çıxış edəcək. Bütün bunlar insanların mənəvi cəhətdən qida almaları üçün gözəl şəraitdir. Təki, insanın içində sevgi və istək olsun.
Qəbələ Beynəlxalq Festivalından söhbət açdıqda isə hər il yay aylarında, açıq hava altında keçirilən möhtəşəm festivaldır. Düşünürəm ki, klassik musiqinin inkişafı üçün hər bir şərait var. Həmçinin, başda Azərbaycan Dövlət Televiziyası olmaqla, bütün kütləvi informasiya vasitələri də bu barədə məlumatları geniş şəkildə işıqlandırırlar.
- Dərs prosesi zamanı tələbələrinizdən musiqi dünyamıza yiyələnmələri üçün ən çox nəyi tələb edirsiniz?
- Mən düşünürəm ki, təkcə tələbələrimizə deyil, ümumiyyətlə, gənc nəsli incəsənət və musiqi ilə bağlı yaxşı zövq ruhunda tərbiyə etmək lazımdır. Gənclər arasında təkcə incəsənət ilə məşğul olanlar deyil, bütün sahələrdə çalışan gənclər yüksək zövqü anlamalıdırlar. Çünki incəsənətlə məşğul olan insanın zövqü müəyyən dərəcədə formalaşır. Bir insan uşaqlıqdan Ü. Hacıbəylinin, Q. Qarayevin, F. Əmirovun, Baxın, Motsartın, Bethovenin əsərlərini eşidirsə, onun artıq zövqü formalaşır. Onun artıq müəyyən dünyagörüşü var. O, artıq ziyalı kimi yetişmək üzrədir.
Ancaq geniş mənada diqqət yetirsək, mənə elə gəlir ki, gənclər arasında təbliğat daha çox olmalıdır. Xüsusilə, bu qeyri-musiqiçi olan tələbələrinə şamil edilir. Məsələn, Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Neft Akademiyasının və bir çox universitetlərin tələbələrini musiqi mədəniyyətinə yaxın olmaları üçün konsertlərə, festivallara cəlb etmək lazımdır. Bunu məcburi şəkildə deyil, könüllü olaraq təşkil etmək lazımdır.
Mənim çox sevdiyim bir məsəl var: “Dama-dama göl olar, axa-axa heç olar”. Mənə elə gəlir ki, onun birinci hissəsində o gölü damcı-damcı yaratmalıyıq ki, bizim gənc nəsil klassik musiqini tanısın, sevsin və yaşatsın.
- Ceyran xanım, sizin aləminizdəki Azərbaycan musiqisinin dünya musiqisi içində yerini, rolunu necə tərənnüm edərsiniz?
- Azərbaycan musiqisi dünya musiqisi miqyasında öz yerini çoxdan qazanıb. Bu XX əsrdə baş verib. Üzeyir Hacıbəylinin təməlini qoyduğu professional bəstəkarlıq məktəbinin yetirmələri Q. Qarayev, F. Əmirov, C. Cahangirov, C. Hacıyev, S. Hacıbəyov və bir çox görkəmli bəstəkarlarımız istənilən musiqi janrlarında əsərlər yaradıblar.
Müstəqillik əldə etdikdən sonra dünyanın bir çox ölkələrində Azərbaycan musiqisinin təbliği üçün xüsusi layihələr həyata keçirilir. Keçən həftə Parisdə yüksək səviyyədə tədbir keçirilib. Həmin tədbirdə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva da iştirak edib. Tədbirdə bəstəkar Fərəc Qarayevin “Qobustan kölgələri” baleti nümayiş etdirilib. Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz xanım Əlizadənin əsərləri mütəmadi olaraq, Avropada, Amerikada səslənir və sifarişlər olunur. Bu o deməkdir ki, Azərbaycan musiqisi tanınır və Azərbaycan musiqisinə təlabat var. Əgər, xarici bir kollektiv bəstəkara əsər sifariş verirsə, deməli, o bəstəkarı bəyənib, qiymət verirlər.
Həqiqətən, Azərbaycan musiqisi tanınır və mövqeyini tutub. Sadəcə olaraq, onun təbliğatını daha da genişləndirmək və bütün rəngarəngliyini nümayiş etdirmək lazımdır. Mənə elə gəlir ki, bu, yaxın gələcəkdə əldə olunabiləcək bir zirvədir.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“BANM-ın tələbələri məzun olan kimi ən yaxşı şirkətlərə işə qəbul ola bilir”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info