Maydanda antimüsəlman aksiyası
Tarix: 13.10.2014 | Saat: 21:42:00 | E-mail | Çapa göndər


Yaxud Qərb dairələrinə yaxın qrupların keçirdiyi aksiyalarda bizə qarşı nələr düşünülüb?

Məlum olduğu kimi, Ukraynada oktyabrda parlament seçkiləri keçiriləcək. Ona görə də bu ölkədə seçkilərə olan vaxt daraldıqca siyasi ehtiraslar da qızışır. Dünya gücləri arasında geopolitik mübarizə meydanına çevrilmiş, müharibə acısı yaşamaqda olan ölkənin başlıca meydanında - Kiyevdəki Maydanda da seçki ilə bağlı keçirilən aksiyaları hər gün izləmək mümkündür. Kiyevdə səfərdə olarkən Maydanda bu aksiyaları izləmək imkanı qazandım. Müxtəlif siyasi partiya və qruplar tərəfindən keçirilən aksiyalardan biri diqqətimi xüsusilə cəlb etdi. Oraya jurnalist kimi fəaliyyət göstərməyə yollanmasam da, hər halda jurnalist marağından irəli gələrək, bu barədə müəyyən qeydlər etməyi lazım bildim.
Beləliklə, mərkəzi küçə olan Xreşşatikdən Maydana doğru yön alan aksiyada müxtəlif ölkələrin bayraqları qaldırılmışdı. Aksiya “Mir”(sülh-İ.A.) adı altında keçirilirdi. Bayraqları diqqətlə, bir-bir gözdən keçirdim. Burada Almaniya, Fransa, İsveçrə, Kanada, ABŞ və sair Qərb dövlətlərinin bayraqları vardı. Postsovet ölkələrindən isə Baltikyanı ölkələrin, bir də yalnız Gürcüstan və Ermənistanın bayraqlarını görə bildim. Maraqlıdır ki, aksiyada Cənubi Qafqazın üç ölkəsindən yalnız ikisinin bayrağı qaldırılmışdı – Azərbaycan bayrağı isə burada təmsil olunmurdu. Bunu mənim diqqətimə yanımdakı ukraynalıların özləri də çatdırdılar – bu, onlar üçün də maraqlı idi. Burada Rusiya və Orta Asiya dövlətlərinin də bayraqları yox idi. Yaxud Ukraynaya geopolitik baxımdan yaxın Türkiyənin də bayrağı gözə dəymədi. Rusiya bayrağının aksiyada olmamasını anlamaq olar – Hazırda Rusiya və Ukrayna arasında savaş var. Bəs yerdə qalan, Ukraynaya bütün parametrlər baxımından yaxın olan ölkələrin bayraqları niyə aksiya iştirakçıları tərəfindən götürülməmişdi? Axı iki gün izlədiyim bu aksiya məhz “sülh” sloqanı ilə keçirilirdi?!
Diqqət yetiriləndə, Ukrayna ilə siyasi və iqtisadi baxımdan yetərincə yaxın olan, buna baxmayaraq, bayraqları aksiyada olmayan ölkələrin hamısının müsəlman ölkələr olduqları dərhal aydın olur. Bunu dəqiqləşdirəndən sonra aksiyanın konkret olaraq hansı qrup tərəfindən keçirildiyini dəqiqləşdirməyə başladım. Bu barədə fikir öyrəndiyim aksiya iştirakçılarının hamısı dedi ki, aksiya kilsə tərəfindən “könüllü olaraq” təşkil edilib. Amma qıraqdakı ukraynalı tanışlarım bildirdilər ki, inanmayın, hər bir iştirakçı aksiyaya qatılmaq qarşılığında pul alıb. Yəni kənardan aksiyanı müşahidə edən ukraynalılar iştirakçıların adambaşı müəyyən məbləğdə pul müqabilində aksiyaya qatıldığı qənaətində idilər. Doğrusu, seçki kampaniyalarında müxtəlif maraqlı tərəflərin, xüsusən də xarici dairələrin hər hansı ölkə daxilindəki müxtəlif qrupları maliyyələşdirdiklərinə, onları öz məqsədlərinə uyğun aktivləşdirdiklərinə və bu məqsədlə aksiya iştirakçılarına da pul paylanıldığına indiki zamanda bir növ adətkərdə olmuşuq. Bu baxımdan sözügedən “Sülh” aksiyasının iştirakçılarının da pulla yığılması versiyası daha ağlabatandı. Unutmaq lazım deyil ki, hazırda Qərblə Rusiya arasında Ukrayna uğrunda gərgin mübarizə gedir. Bu baxımdan, Rusiya kimi, Qərbdəki müəyyən dairələrin də Ukraynadakı seçkidə özlərinə sərf edən qrupları aktivləşdirdikləri istisna edilə bilməz. Sözügedən aksiyada Rusiya bayrağının olmaması isə onun əks tərəf – Qərb dairələri tərəfindən keçirildiyini büruzə verirdi. Belə olduğu halda, “kilsənin təşkilatçılığı” ilə keçirilən aksiyada niyə Ukraynaya yaxın müsəlman dövlətlərinin bayraqlarının olmaması bəzi məqamlardan xəbər verir. Arqument göstərilə bilər ki, tədbiri kilsə keçirdiyinə görə, yalnız xristian dövlətlərinin bayraqları qaldırılıb. Halbuki yazı ilə bağlı şəkillərdən də göründüyü kimi, aksiyada İsrailin də bayrağı vardı – İsrail isə xristian dövləti deyil. Eyni zamanda, indiyə qədər ukraynalılar postsovet məkanında və dünyada ən tolerant, mehriban xalqlardan biri kimi tanınıb, xülasə, orada dini ayrı-seçkiliyin olması barədə danışmağa dəyməz. Deməli, aksiyadakı bayraq mənzərəsi “ixrac olunmuşdu”. Bu, həmin “ixrac mənbəyi”nin “avrointeqrasiya” adı altında dini və milli dözümsüzlüyə rəvac verən dəyərlər aşılamağa çalışdığını da sezdirmiş olur. Belə deməyə əsas yaranır ki, bununla Ukrayna cəmiyyətinə indiyə qədər ənənəvi olmayan qeyri-tolerantlıq, antimüsəlman fobiyası da aşılamış olurlar. Eyni zamanda, “dünyada sülh” devizi altında keçirilən bu aksiyada “sülhün” niyə müsəlmanlara aid edilmədiyi də bir daha həmin “ixrac mənbəyi” barədə nəhs və mübhəm düşüncələr oyadır...
Yaxud indiyə qədər nəyə görə Türkiyənin Avropa Birliyinə qəbul edilmədiyi, Azərbaycanın milli problemlərinə göz yumulduğu və sair nəhs nüanslar bir daha göz önünə gəlir...
İlkin AĞAYEV
Bakı-Kiyev-Bakı




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
İsrail Azərbaycana yeni səfir təyin etdi
16.11.2018
Meksikanın Azərbaycandakı Səfiri Bərdə rayonuna rəsmi səfər edib
15.11.2018
“İkili standartlara əsaslanan bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir”
15.11.2018
Xalq müxalifətin heç bir çağırışına dəstək vermir
15.11.2018
Fransa Minsk qrupunun həmsədrliyindən çıxarılmalıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10483

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info