Naxçıvan Muxtar Respublikası- bu gündən gələcəyə
Tarix: 15.10.2014 | Saat: 00:31:00 | E-mail | Çapa göndər


İctimai-siyasi sabitliyin, sosial-iqtisadi inkişafın, milli iqtisadi tərəqqinin müşayiəti ilə hərtərəfli yüksəlişini günbəgün artıran ölkəmizdə sağlam iqtisadi mühit formalaşmış, bu isə regionların uzunmüddətli, mükəmməl baza əsasında, möhkəm və təkmil iqtisadi münasibətlər zəminində tərəqqisinə həm qaranti vermiş, həm də güclü təminat yaratmışdır. Həyata keçirilmiş məqsədyönlü, düşünülmüş iqtisadi siyasət nəticəsində əhalinin gündəlik həyat şəraiti yaxşılaşmış, bu isə dövlətə sosial güvənc, etibar, inam hissinin daha da artmasına səbəb olmuşdur.
Son iyirmi bir illik inkişaf dövrüdə ölkədə makroiqtisadi sabitlik tam təmin edilmiş, böyük, beynəlxalq əhəmiyyətli, dünyanın ən qabaqcıl ölkələrinin maraqlarını ifadə edə biləcək strateji layihələr gerçəkləşdirilmiş, bununla da müasir inkişaf və tərəqqinin gerçək təsviri formalaşmış, modeli yaradılmışdır.
Əldə edilmiş nailiyyətlər hər addımda özünə yeni səhifələr açmış, özünün axarlılığı, davamlılığı, perspektivliyi, böyük potensiallığı, siyasi, iqtisadi və digər sahələrdəki əhəmiyyətliliyi ilə seçilmiş, müasir siması, uzaq gələcəyə yönələn etibarlılığı və səsləşməsi ilə daha da önəm qazanmışdır.
İnkişaf o zaman özünə tarixilik, qətiyyətlilik və əhatəlilik qazandırır ki, o bütün sahələrin, bütün regionların, bütün insanların təmsil oluna biləcəyi bir tamlıq təşkil edə bilsin, gələcək üçün ümidlər doğursun və onu təmin etməyi bacarsın. Təbii ki, bu isə müdrik siyasi təcrübədən irəli gələn, böyük idarəçilik məktəbindən qaynaqlanan və hədsiz vətən sevgisindən başlanan fəaliyyətlə mümkün ola bilərdi. Məhz ulu öndər Heydər Əliyevin siyasətinin bütün anlarına aid olan son yarım əsrə bərabər inkişaf dövrü bu tarixi əsasda mümkün oldu və bu günlər də daxil, parlaq gələcək qətiyyətlə vəd və möhtəşəmliklə təmin edildi. Və bizlər həmin qətiyyətin, həmin müdrikliyin nailiyyətləri işığında yaşayır və fəaliyyət göstəririk.
Bu gün ölkəmizin və onun bütün regionlarının inkişafından, möhtəşəm quruculuq tədbirlərinin geniş vüsət almasından böyük qürur, iftixarla, fəxarətlə söz aça bilərik. Təbii ki, sadaladığımız bütün keyfiyyətlər ölkənin milli iqtisadi inkişafında və siyasi yüksəlişində tarixən yeri və rolu ilə seçilmiş Naxçıvan Muxtar Respublikasında əhatəli şəkildə mövcuddur. Burada ötən əsrin 90-cı illərinin əvvəllərindən təməli qoyulan iqtisadi inkişaf siyasəti muxtar respublikanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatına müasirlik, yenilik və tərəqqi gətirmişdir. Xüsusilə, son iyirmi ilə yaxın bir müddətdə iqtisadiyyatın çoxsahəli və çoxşaxəli inkişaf istiqamətləri müəyyən edilmiş, mikro səviyyədəki nailiyyətlər makroiqtisadi göstəricilərin yüksək artım vəziyyətini təmin edə bilmişdir.
Bu uğurlar muxtar respublikada iqtisadi-hüquqi tənzimlənmənin də mükəmməl təminatının ən bariz göstəricisinə çevrildi. Eyni zamanda yaradılmış sağlam iqtisadi mühit nəticəsində ölkəmizdə qəbul edilən hər bir qanun, qərar, Dövlət Proqramları və digər nörmativ, tənzimləyici mexanizmlərin muxtar respublikanın da sosial-iqtisadi həyatında öz gerçək təsdiqini tapmasına geniş imkanlar açdı. Nəinki açdı və hətta zaman-zaman muxtar respublika nəzərdə tutulmuş tədbirlərdən ibarət həmin tənzimlənməni özünün müvafiq uğurları ilə qarşıladı.
Təbii ki, bu uğurların əhatəsində qəbul edilən Dövlət Proqramlarının əhəmiyyətini bir daha vurğulamaq istərdik. Xüsusilə, birinci mərhələdə 2004-2008, ikinci mərhələdə 2009-2013, üçüncü mərhələdə isə 2014-2018-ci illəri əhatə edən həmin Dövlət Proqramları davamlı, ardıcıl inkişaf istiqamətlərinin təmin olunmasına şərait yaratmış oldu. Hər üç Dövlət Proqramında bütün regionlar kimi Naxçıvan iqtisadi rayonunun da sosial-iqtisadi inkişafını sürətləndirəcək böyük tədbirlər planı nəzərdə tutulmuşdur. Məsələn, təkcə 2004-2008-ci illəri əhatə edən Dövlət Proqramında muxtar respublikanın sosial-iqtisadi inkişafına dair 57 mərhələdə tədbirlər həyata keçirilmişdir. 2009-2013-cü il üzrə Dövlət Proqramında isə Naxçıvan Muxtar Respublikası üçün aşağıdakılar uğurla icra edilmişdir: “Sənaye və kənd təsərrüfatı istehsalının genişləndirilməsi tədbirləri”, “ekologiya və təbii sərvətlərdən istifadə tədbirləri”, “yol təsərrüfatı və nəqliyyat tədbirləri”, “elektrik enerjisi, istilik və qaz təchizatı”, “rabitə xidmətlərinin yaxşılaşdırılması tədbirləri”, “su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması tədbirləri”, “meliorasiya və irriqasiya tədbirləri”, “mənzil təsərrüfatı və sosial müdafiə tədbirləri”, “səhiyyə, mədəniyyət, idman və təhsil müəssisələrinin inşası və yenidən qurulması”, “əhalinin təhlükəsizliyi tədbirləri” və s.
Bütün bunlar Naxçıvanın 90 illik şərəfli muxtariyyət tarixinin 90-cı ilində ən möhtəşəm, ən qürurverici və ən sevindirici nailiyyətləridir, gələcək müvəffəqiyyətlərin açarıdır. Fikrimizi əsalandırmaq üçün deyə bilərik ki, ölkəmizdə qəbul edilən sosial-iqtisadi inkişafa dair hər üç Dövlət Proqramları Naxçıvan Muxtar Respublikasın da sosial-iqtisadi inkişafına uyğunlaşdırılmaqla Ali Məclisin Sədri tərəfindən təsdiq edilməkdədir. Elə bu, muxtar respublikanın milli iqtisadi inkişafa böyük töhfə verdiyini təsdiq edir. Heç təsadüfi deyil ki, sonuncu 2014-2018-ci illəri əhatə edən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı da 1 sentyabr 2014-cü il tarixdə Ali Məclisin Sədri tərəfindən təsdiq edilmişdir. Orada çox mühüm məsələlər öz əksini tapmış və əhatəli mərhələlərlə həlli nəzərdə tutulmuşdur. Məsələn, makroiqtisadi sabitliyin qorunub saxlanılması, məşğulluq səviyyəsinin daha da yüksəldilməsi, bank və kredit təşkilatlarının rolunun daha da təkmilləşdirilməsi, investisiya fəaliyyətinin yaxşılaşdırılması, sahibkarlığın inkişafı, sənayeləşmə siyasətinin davam etdirilməsi, kənd təsərrüfatında ardıcıl islahatların davamlılığı, xarici ticarət fəaliyyətinin stimullaşdırılması, informasiya və kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, turizmin inkişafı, elektrik və qaz təsərrüfatında görüləcək işlər, mənzil-kommunal təsərrüfatının inkişafı, nəqliyyat xidmətlərinin təkmilləşdirilməsi, ekoloji tarazlığın təmin olunması, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi, təhsil sahəsinin inkişafı, səhiyyə xidmətlərinin gücləndirilməsi, gənclərin, həmçinin bədən tərbiyəsi və idmanın inkişafının dəstəklənməsi, mədəni irsin qorunması və s. kimi zəngin tədbirlər sözü gedən Dövlət Proqramının muxtar respublikaya qarşıdakı illərdə qazandıracağı yeni-yeni uğurları təmin edəcək.
Bərqərar olmuş sağlam iqtisadi mühit və səmərəli iqtisadi münasibətlər kəmiyyət göstəricilərinin keyfiyyət irəliləyişləri ilə yenilənməsinə geniş imkan və əlverişli şərait yaratmışdır. Fikrimizi muxtar respublikanın 2014-cü ilin yanvar-avqust ayları üzrə sosial-iqtisadi inkişaf xronikası da təsdiq edir. Belə ki, həmin müddətdə əsas makroiqtisadi göstərici olan Ümumi Daxili Məhsul istehsalı 1 milyard 417 milyon 984 min 300 manat təşkil etmişdir. Qeyd edək ki, bu göstərici 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz artıqdır. Bu muxtar respublikanın nail olduğu iqtisadi güc və qüdrətindən xəbər verir. Muxtar respublikada yaradılmış əlverişli iqtisadi mühit nəticəsində əldə olunan makroiqtisadi nailiyyətlər onun hər bir sakininin gündəlik həyatında açıq şəkildə hiss olunmaqdadır. Təbiidir ki, bu, özünü Ümumi Daxili Məhsulun həcminin hər bir nəfərə düşən payında da göstərməkdədir. Belə ki, 2014-cü ilin yanvar-avqust aylarında bu göstərici 3244,8 manat (4137,2 ABŞ dollarına) təşkil etmişdir.
Ümummilli lider Heydər Əliyevin qətiyyətli siyasi təcrübəsi ilə əsası qoyulan milli dövlətçilik ənənəsi bütün sahələrlə yanaşı, milli iqtisadiyyatın da qurulması, formalaşması və hərtərəfli inkişafı ilə müşayiət olundu. İqtisadiyyatın bütün sahələrində tarazlı, dayanıqlı, müqavimətli yüksəlişə istiqamətlənən bu nailiyyətlər ölkənin bütün regionlarında balanslaşdırılmış inkişafı təmin etdi. Muxtar respublika bu sahədə də ölkədə yaradılan makroiqtisadi inkişafdan kifayət qədər bəhrələnə bilmiş çoxşaxəli iqtisadiyyatın formalaşmasına imkanlar yaratmışdır.
Məlum olduğu kimi 2014-cü il ölkəmizdə “Sənaye ili” elan olunmuşdur. Bu göstərici ölkəmizin bütün regionlarının sənaye əhəmiyyətinin yüksəkliyindən xəbər verməkdədir. Məhz bu baxımdan da muxtar respublikada iqtisadi infrastrukturun təşkilatlanmasında, əhalinin tikmək, qurmaq, yaratmaq fəaliyyətlərinin stimullaşmasında, çoxsahəli və çoxşaxəli iqtisadiyyatın formlaşmasında, makroiqtisadi nailiyyətlərin əldə edilməsində iqtisadiyyatın bütün sahələrinin, xüsusən də sənayenin öncül yerdə təmsil olunmasında bu əhəmiyyət bir daha özünü göstərməkdədir. Son iyirmi ilə yaxın bir dövrdə muxtar respublikada güclü iqtisadi-siyasi iradəyə əsaslanan qətiyyətli idarəetmə bu gerçəkliyi daha təkmil etmişdir. İqtisadiyyatın sahə strukturunda sənaye sahəsinin, əsas makroiqtisadi göstərici olan Ümumi Daxili Məhsulun tərkibində isə məhsulunun ilk yeri tutması fikrimizi təsdiq etməkdədir. Belə ki, 2014-cü ilin yanvar-avqust aylarında müvafiq sahə üzrə 637 milyon 389 min manat həcmində məhsul istehsal edilmişdir.
Hər qarış torpağında qədimliyini, qədimliyi qədər də müqəddəsliyini qoruyub saxlayan və iftixarla yaşadan doğma Naxçıvanımız bu gün müasir görüntüsü ilə daha da qüdrətli, daha da əsrarəngizdir. Adətən müasirlik ifadəsi yenilik, gələcəyə istiqamətlənən tədbirlərlə böyük, geniş bir tamlıq mənasında işlədilir. Bu gün Naxçıvan muxtar respublikasının hətta hər bir ucqar kəndində belə bu müasirliyi, yeniliyi görmək, mövcudluğuna sevinmək mümkündür. Həyata keçirilən uğurlu tədbirlər nəticəsində bu sahədə böyük infrastruktur potensialı formalaşdırılmışdır. Geniş vüsət alan bu tədbirlər çərçivəsində cari ilin səkkiz ayı ərzində əsas kapitala 620 milyon 18 min manat həcmində investisiya yönəldilmişdir. Qeyd etmək lazımdır ki, həmin göstəricinin 540 milyon 482 min manatı, yəni 87,2 faizi təkcə tikinti-quraşdırma sahəsinə sərf olunmuşdur.
Son illərdə ölkə iqtisadiyyatının hərtərəfli inkişaf istiqamətlərinin səmərəli şəkildə müəyyənləşdirilməsi muxtar respublika iqtisadiyyatının aparıcı sahələrindən olan kənd təsərrüfatının da davamlı inkişafına münbit şərait yaratmışdır. Kənd adamlarının daha stimulla, əzmlə çalışmalarına dəstək olan tədbirlərin sistemli təmin edilməsi makroiqtisadi göstəricilərdə sözü gedən sahənin yüksək nəticələrlə təşəkkül tapmasına imkanlar açmışdır. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində muxtar respublikanın kənd infrastrukturu əsaslı şəkildə müasirləşmiş, zaman və məhsul itkisinin qarşısını ala biləcək səviyyədə, istehsalçının fəaliyyətinin axarlılığını təmin edə biləcək yöndə formalaşdırılmışdır. Muxtar respublika Ali Məclisinin Sədri tərəfindən təsdiq edilərək qəbul edilmiş və 2014-2018-ci illəri əhatə edən müvafiq Dövlət Proqramında bütün sahələr kimi kənd təsərrüfatının da sistemli inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi tədbirlərinə uyğun olaraq, cari ilin yanvar-avqust ayları ərzində 232 milyon 99 min manat həcmində kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur. Bu göstərici də 2013-cü ilin müvafiq dövrünə nisbətən 8,3 faiz artıqdır.
Hazırda ölkəmizdə olduğu kimi muxtar respublikada da dövlətin sosial siyasətinin ana məqsədini insan amili, onun yaşayışının təmin olunması təşkil edir. Bütün bunlar milli liderin təməlini qoyduğu qüdrətli Azərbaycan ideologiyasının tərkib hissəsi kimi daha da önəm qazanmaqdadır. İnsanların məşğulluq potensialının artırılması, gündəlik həyat şəraitinin daha da yaxşılaşdırılması, alıcılıq qabiliyyətinin yüksəldilməsi və digər tədbirlər sosial-iqtisadi əminəmanlığın təminatı fonunda müasir milli iqtisadi inkişafın ən mühüm göstəricilərindəndir. Təbii ki, bütün bunlar öz gerçək ifadəsini əhali gəlirlərinin artımında tapmaqdadır. Belə ki, muxtar respublikada 2014-cü ilin yanvar-avqust aylarında əhalinin gəlirləri 1 milyard 92 milyon 215 min manatdan çox olmuş, onun hər bir nəfərə düşən həcmi 2499,6 manat təşkil etmişdir.
Beləliklə, Naxçıvan muxtar respublikası özünü bütün dünyaya tərəqqinin zirvəsinə yüksələn, müasir sosial-iqtisadi inkişafın özünə kök saldığı, ən çevik infrastruktur potensialının formalaşdığı, əhalinin firavan yaşadığı, muxtariyyətinin 90-cı ilində daha gənc, daha gözəl, daha əminəman bir diyar kimi təqdim etməkdədir. Burada həyata keçirilən hər bir tədbir ərazi fərqi olmadan müasir standartların özünə kök saldığı ünvanların çoxluğuna, insanların günbəgün stimullaşan fəaliyyətinə, iqtisadi potensialın daha da inkişafına, bununla da milli iqtisadi intibahda muxtar respublikanın yeri və rolunun önəminə, əhəmiyyətinə istiqamətlənib. Bu isə həm milli liderimizin müdrik siyasətinin ən gerçək məqsədi və həm də 90 illik muxtariyyət tarixinin qızıl hərflərlə yazılan şanlı səhifələridir.
Cavadxan QASIMOV
AMEA Naxçıvan Bölməsinin
Təbii Ehtiyatlar İnstitutunun
İqtisadiyyat şöbəsinin müdiri, İqtisad üzrə fəlsəfə doktoru




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info