Azərbaycan-Rusiya münasibətlərinin müasir vəziyyəti
Tarix: 15.10.2014 | Saat: 22:18:00 | E-mail | Çapa göndər


Dünyanın iki əsas qütbündən biri hesab olunan SSRİ dağıldıqdan sonra Rusiyanın sosialist dövlətləri üzərində təsir mexanizmi aradan qalxdı. Mütəxəssislərin fikrincə, məhz bundan sonra Rusiya özünün xarici siyasəti qarşısına hər biri Avrasiya ilə bağlı olan 3 əsas vəzifə qoymuşdur:
1) ABŞ, Avropa İttifaqı və NATO-nun Şərqə doğru hərəkətinin qarşısını almaq;
2) Keçmiş sovet məkanına Qərb dövlətlərinin müdaxiləsinə və yeni müstəqil dövlətlərin Qərbə meyillənməsinə mane olmaq;
3) Rusiya Federasiyasının bütövlüyünü qorumaq, onun milli təhlükəsizliyini və dövlət maraqlarını bütün vasitələrlə təmin etmək.
Qeyd edək ki, müasir dünya düzəni beynəlxalq siyasətdə Rusiyanın rolunu xeyli azaltsa da, Avrasiya regionunda onu sıxışdırmaq olduqca çətindir. Məhz buna görə də, Rusiya regionda olan xüsusi çəkisindən istifadə edərək Cənubi Qafqaz ölkələri üzərində hələ ki, öz təsir gücünü qoruyub saxlaya bilir. Yalnız 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə gəlişi ilə ölkənin xarici siyasətində balanslaşdırılmış mexanizmi yaradıldı, həmçinin Rusiya ilə ikitərəfli əlaqələrin inkişafına da stimul yarandı. Bu gün Azərbaycanın xarici siyasətində Rusiya ilə siyasi sahədə münasibətlər daha çox diqqət mərkəzindədir. İki ölkə arasında siyasi sahədəki münasibətlərin əsasları “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında” Müqavilə ilə müəyyən edilmişdir. Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov hesab edir ki, Azərbaycan Rusiya üçün bir neçə xarakteristikasına görə əhəmiyyətlidir;
1) Azərbaycan müsəlman Şərqinə və Türkiyəyə çıxış üçün, Yaxın və Orta Şərqdə baş verən proseslərə təsir imkanlarına görə əhəmiyyətlidir;
2) Azərbaycan Şərq-Qərb nəqliyyat kommunikasiyaları və dəhlizlərinin mərkəzində yerləşir və bu baxımdan Rusiyanın rəqibidir;
3) Azərbaycanın zəngin karbohidrogen yataqları mövcuddur ki, bunların istismarı, istehsalı və ixracı Rusiyanı biganə qoya bilməz. Bu sahədə də Azərbaycan Rusiyanın dünya bazarında rəqibidir.
4) Azərbaycan Rusiya üçün satış bazarı, kənd təsərrüfatı məhsulları ilə isə təminatçı rolunu oynayır;
5) Azərbaycanda çoxsaylı rusdilli əhali, Rusiyada isə azərbaycanlılar yaşayır ki, bu faktor da Rusiyanın maraqlarını əks etdirir;
6) Azərbaycan əraziləri Rusiyanın təhlükəsizliyi baxımından çox böyük əhəmiyyət kəsb edir.
Qeyd edək ki, 2001-ci ildə Rusiyada baş verən hakimiyyət dəyişikliyindən sonra Rusiyanın nümayiş etdirdiyi praqmatik siyasət ölkələrarası münasibətlərin inkişafı baxımından əlverişli hesab oluna bilər. Yeni prezident Vladimir Putinin işgüzar səfəri çərçivəsində imzalanan “Azərbaycan Respublikası və Rusiya Federasiyasının Bakı Bəyannaməsi” (09.01.2001) iki ölkə arasında münasibətlərin yeni mərhələsinin əsasını qoymuşdur.
21-22 fevral 2006-cı ildə Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Azərbaycan Respublikasına səfəri Rusiya-Azərbaycan əlaqələrinin inkişafı baxımından əlverişli olmuşdur. Səfər zamanı Bakıda iki ölkə arasında imzalanmış strateji tərəfdaşlığın inkişaf etdirilməsi haqqında birgə bəyanat da iki ölkə arasında yüksək səviyyəli dialoqun dərinləşməsini, ikitərəfli siyasi və iqtisadi əlaqələrdə qarşılıqlı məsləhətləşmələrin artırılmasını özündə ehtiva etmişdir. Lakin 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsinin başlanması Azərbaycanın da xarici siyasətində çətin bir mərhələnin əsasını qoymuşdu. İki ölkə arasında baş verən münaqişə bölgədə təhlükəsizlik problemləri ilə yanaşı, iqtisadi qeyri-sabitliyin yaranmasına da təsir göstərmişdi. Bu isə bir daha Rusiyanın Qafqazda hələ də söz sahibi olduğunu sübut etdi. Azərbaycanın həyata keçirdiyi balanslaşdırılmış siyasət sonrakı mərhələdə də iki ölkə arasında münasibətləri sabit saxlamağa imkan vermişdir. Məlum olduğu kimi, 2014-cü ilin avqust ayında Ermənistan-Azərbaycan sərhəddində olan gərginliklə bağlı Azərbaycan Prezidentinin Rusiyaya işgüzar səfəri və ölkələr arasında keçirilən ikitərəfli görüşlər də Azərbaycan Respublikasının region dövlətləri ilə münasibətlərində Rusiyanın mühüm yeri olduğunu bir daha təsdiqləmişdir. Görüşün nəticəsi kimi iki ölkə arasında nisbi olaraq gərginliyin azaldılmasına nail olan Rusiya Federasiyası Azərbaycanla münasibətlərin korlanmamasına xüsusi önəm verir. Çünki Cənubi Qafqazın ən nüfuzlu dövləti ilə belə bir halın yaşanması təbii olaraq regiona marağı olan digər güclərin aktivləşməsinə və Rusiyanın bölgədəki mövqeyinin zəifləməsinə gətirib çıxara bilər. Buna görə də, Azərbaycan Respublikası Qərb maraqlarını nəzərə alaraq, Qərb şirkətləri ilə isti münasibətlər kontekstində əməkdaşlıq etdiyi kimi, Rusiya tərəfi ilə də səmimi əməkdaşlıq yaradaraq paralellik əmsalını qoruyub saxlayır. Bununla yanaşı, müxtəlif mərhələlərdə Rusiya işğalçı Ermənistana hərbi-iqtisadi və siyasi sahədə dəstək nümayiş etdirsə də, Qarabağ poblemində qeyri-konstruktiv mövqe tutsa da, Azərbaycanın Rusiya ilə strateji tərəfdaşlıq fonunda atmış olduğu addımlar tərəflər arasında münasibətlərin daha da inkişaf etdirilməsi nöqteyi nəzərindən çox mühümdür. Bu gün Azərbaycan-Rusiya ikitərəfli əlaqələri iqtisadi, ticarət, mədəni, humanitar və digər sahələrdə inkişaf etməkdədir. Bununla yanaşı iki ölkə həmçinin bir sıra beynəlxalq və regional təşkilatlar çərçivəsində də çoxtərəfli əməkdaşlığı davam etdirir. Rusiya Azərbaycanın əsas ticari-iqtisadi tərəfdaşlarından biridir. Müstəqillik illərində ölkələrimiz arasında ticari-iqtisadi məsələlərə dair 40-dan çox müqavilə imzalanmışdır. 2013-cü ildə Azərbaycan ilə Rusiya arasında əmtəə dövriyyəsi əvvəlki dövrlə müqayisədə 10 faiz artmışdır, həmçinin Rusiya Azərbaycanın ticarət tərəfdaşları arasında üçüncü yeri tutmuşdur. Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Aleksey Ulyukayev bildirmişdir ki, iki ölkə arasında ticarət mübadiləsinin həcmi 2013-cü ilin yekunlarına görə, 3,6 mlrd. dollar təşkil etmişdir. Azərbaycan və Rusiya arasında ticari-iqtisadi əlaqələr iki dövlət arasında imzalanmış aşağıdakı razılaşmalara əsasən qurulmuşdur:
1) Rusiya Federasiyanın və Azərbaycan Respublikasının hökümətləri arasında 30 sentyabr 1992-ci ildə bağlanmış azad ticarət haqqında Saziş;
2) Rusiya Federasiyanın və Azərbaycan Respublikasının hökümətləri arasında gəlirlərə və əmlakın artırılamasına dair vergilərə ikili vergi qoyulmasına yol verilməməsi haqqında 3 iyul 1997-ci il tarixli Saziş;
3) 29 noyabr 2000-ci il tarixli qarşılıqlı ticarətdə vasitəli vergilərin alınması prinsipləri haqqında Rusiya Federasiyanın və Azərbaycan Respublikasının hökümətləri arasında bağlanmış Saziş;
4) Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında 2002-ci il yanvarın 25-də imzalanmış iqtisadi əməkdaşlığın əsas prinsipləri və istiqamətləri haqqında Saziş;
Azərbaycanla Rusiya arasında əlaqələrin mühüm bir istiqamətini humanitar sahədə əməkdaşlıq təşkil edir. Ölkələr arasında uğurla icra olunmuş 2000-2002-ci illər üzrə mədəniyyət, elm və təhsil sahələrində uzunmüddətli əməkdaşlıq proqramı, 2004-2006-cı illər üzrə və 2007-2009-cu illər üzrə humanitar sahədə əməkdaşlıq proqramları, ikitərəfli saziş və müqavilələr, həmçinin, hər iki ölkənin mədəniyyət və təhsil nazirlikləri arasında hər il yenilənən əməkdaşlıq proqramları və protokollar humanitar sahədə əməkdaşlığın hüquqi bazasını daha da təkmilləşdirmişdir. Ölkələr arasında humanitar sahənin inkişafının davamı kimi, 2013-cü ilin avqustun 13-də Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Azərbaycan Respublikasına səfəri zamanı sənədlərin imzalanma mərasimində “2015-ci ilə qədər olan dövrdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında humanitar sahədə Əməkdaşlıq Proqramı”nı Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov imzalamışdır. Bundan başqa, 2013-cü ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunlarının I Ümumdünya Forumu məhz Bakıda keçirilmiş, foruma dünyanın 30 ölkəsindən 400-dən çox qonaq gəlmişdi. Həmin tədbir Rusiyanın bu nüfuzlu ali məktəbinin məzunu olan Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi ilə təşkil edilmişdi. Qeyd edək ki, 2014 - cü ilin sentyabr ayının 29 - da Həştərxanda Xəzəryanı ölkələrin dövlət başçılarının IV Sammitində Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü zamanı da iqtisadi, siyasi, energetika, humanitar və digər istiqamətlərdə inkişaf edən dostluq və etimad xarakterli münasibətlər ölkə prezidentləri tərəfindən bir daha nəzərdən keçirilmiş və iki ölkə arasında mühüm bir sənədə imza atılmışdır. “Rusiya Hökuməti və Azərbaycan Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması barədə” Sazişi Rusiya tərəfdən iqtisadi inkişaf naziri Aleksey Ulyukayev, Azərbaycan tərəfdən isə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev imzalamışdır. Həmçinin bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədi ilə 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev təşəbbüsü ilə təşkil olunmuş Bakı Beynəlxalq Humanitar Forumu da Azərbaycan - Rusiya arasında humanitar sahədə əməkdaşlığa mühüm töhfə verir. 2014 - cü ilin 2-3 oktyabrında keçirilən növbəti, yəni IV Bakı Beynəlxalq Humanitar Forumu bu əlaqələrin daha da irəliləməsinə bir təkan oldu. Beləliklə, Rusiyanın dünya dövlətləri içərisində inkişaf etmiş güc mərkəzlərindən biri olması, Avrasiya regionunda əsas söz sahibi olması və xüsusən Azərbaycan üçün böyük əhəmiyyət kəsb edən Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəaliyyət göstərən ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olması Azərbaycan Respublikasının bu gün Rusiya ilə əlaqələrə xüsusi önəm verməsini şərtləndirir.
Ləman Xəlilova
“Azerbaijan Realities” analitik təhlil qrupunun üzvü




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info