“Yaxın 10 ildə turizmdən gələn gəlirlər büdcəmizin 10-15 faizini təşkil edəcək”
Tarix: 15.10.2014 | Saat: 23:08:00 | E-mail | Çapa göndər


Bahadur Bilalov: “Şahdağ” və “Tufan dağ” turizm mərkəzlərinin istifadəyə verilməsi ölkə turizmini ikimövsümlü edib”
Bugünlərdə ölkə başçısının sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirildi. İclasda çıxışı zamanı bir sıra məsələlərə toxunan ölkə başçısı bu ilin də tarixdə uğurlu il kimi qalacağını və son illər ərzində aparılan islahatlar, irəli sürülmüş təşəbbüslər ölkəmizin dinamik inkişafını təmin etdiyini bildirdi. Ölkədə qeyri-neft sektorunun inkişafı prioritet olduğunu deyən Prezident İlham Əliyev turizmin inkişafının sürətlə getdiyini, bu ilin təcrübəsi onu göstərdiyini bildirib. Ölkəmizdə turizmin inkişafı və bu istiqamətdə həlli vacib məsələlərlə bağlı mütəxəssislər də müxtəlif təkliflərlə çıxış edirlər. Müsahibimiz Azərbaycan Turizm İnstitunun “Turizm Biznesi” kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Bahadur Bilalovdur:
- Azərbaycanda turizmin sürətli inkişafı göz önündədir və bunu danmaq mümkün deyil. Təbii ki, hər bir sahənin inkişaf etdirilməsi üçün möhkəm dayaq olmalıdır. Digər sahələrdə olduğu kimi Azərbaycanda turizmin də inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Yəqin çoxları bilmir ki, hələ 1969-cu il avqust ayının 12-də onun təşəbbüsü ilə “Respublikada Turizm və ekskursiyanın daha da inkişaf etdirilməsi tədbirləri haqqında” adlı Azərbaycan KP MK, Azərbaycan Nazirlər Soveti və Azərbaycan Həmkarlar İttifaqları Şurası (AHİŞ) 378 saylı birgə qərarı qəbul edilmişdi. 1980-ci il dekabr ayının 27-də Azərbaycan KP MK, Azərbaycan NS və AHİŞ “Respublikada turizm-ekskursiya işinin təkmilləşdirilməsi və inkişafı haqqında” adlı növbəti qərar qəbul edilmişdi. Ulu öndər Azərbaycanı Ümumittifaq əhəmiyyətli rekreasiya-turizm mərkəzinə çevirmək istəyirdi. Onun təşəbbüsü ilə 1983-cü il aprel ayının 28-də SSRİ NS 375 nömrəli “Azərbaycan SSR Xəzər dənizi sahillərində Ümumittifaq əhəmiyyətli kurort zonası yaradılması tədbirləri haqqında” adlı qərar qəbul etdi. Bu qərar Azərbaycanın yeni sağlamlıq məkanına çevrilməsini nəzərdə tuturdu. 1984-cü il oktyabr ayının 2-də bu sənəd əsasında Azərbaycan SSR NS “1985-1990-cı illər və 2000-ci illərə kimi Azərbaycanda turizmin inkişafı sxemi” adlı sənədi təsdiq etdi.

“Xarici ölkələrdəki səfirliklərimiz yanında xüsusi turizm ofisləri yaradılmalı, bu ofislər turizm imkanlarımızın təbliği ilə məşğul olmalıdır”

Müstəqillik dövründə də qeyri-neft sektorunda məhz turizmin inkişafı ümummilli liderin diqqət mərkəzində olub. “Turizm haqqında” Azərbaycan Respublikası Qanunun qəbul edilməsi, “2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın təsdiqi bunun bariz nümunəsidir. Möhtərəm Prezident İlham Əliyev də bu siyasəti uğurla davam etdirməkdədir. Təbii ki, bu sahənin inkişafı üçün maddi-texniki baza və infrastrukturun yaradılması xüsusi önəm kəsb edir. Son illərdə gecələmə müəssisələrinin sayı sürətlə artmaqdadır. Bunun nəticəsidir ki, ölkəyə gələn xarici turistlərin sayı ildən-ilə artır, eyni zamanda vətəndaşlarımız da ölkədəki istirahət mərkəzlərinin xidmətlərindən daha çox istifadə etməyə üstünlük verirlər.
- Bildirilir ki, bölgələrdə turizm imkanları genişlənir. Yerlərdə turizm imkanlarını necə dəyərləndirirsiniz?
- Müstəqilliyin bərpasının ilk illərində gecələmə yerlərinin tikintisi yalnız paytaxt Bakıda aparılırdısa, bu gün bizim bölgələrimizdə də geniş vüsət alıb. Mütəxəssislərin yekdil rəyi belədir ki, ölkəmizdə turizmin inkişafı və üçün çox böyük potensial mövcuddur. Bu ilk növbədə iqlim tiplərinin müxtəlifliyi, əsrarəngiz landşaftımız, ölkə ərazisindəki təbiət, tarix və mədəniyyət abidələrimiz, müxtəlif bölgələrdə yaşayan vətəndaşlarımızın fərqli adət-ənənələri, mətbəxi, bayram keçirmə ənənəsi, yaşam tərzləri və s. mövcudluğudur. Təbii ki, bütün bunlarla yanaşı, infrastrukturun mövcudluğu da xüsusi əhəmiyyət kəsb edir. Möhtərəm Prezidentin də qeyd etdiyi kimi bölgələrimizdə aeroportlar, magistral yollar və beşulduzlu, dördulduzlu, üçulduzlu gözəl otellər yaradılır. “Şahdağ” və “Tufan dağ” qış-yay turizm mərkəzlərinin istifadəyə verilməsi artıq ölkə turizmini ikimövsümlü edib, desək yanılmarıq.
- Xarici turistlərin cəlbi üçün daha da fəal olmaq tövsiyə olunur. Hansı yeni layihələr təqdim edə bilərik?
- Məlumdur ki, Mədəniyyət və Turizm Nazirliyi hər il, xarici ölkələrdə keçirilən 20-dən çox beynəlxalq turizm sərgisində iştirak edir və Azərbaycanın turizm imkanlarını nümayiş etdirir. Möhtərəm Prezidentin tövsiyəsini nəzərə alaraq bəzi təkliflərimi bildirmək istəyirəm. Məlumdur ki, qonşu Rusiya hər il dünya turizm bazarına 20 milyondan çox turist çıxarır. Bunu nəzərə alaraq Rusiyanın müxtəlif bölgələrində gecə-gündüz Azərbaycanın imkanları təbliğ edilməlidir. Bu yönümdə qardaş Türkiyənin təcrübəsindən istifadə etmək olar. Bundan əlavə təhlillər aparılmalı, bazara çıxaracağımız turizm məhsulunun potensial alıcıları olacaq ölkələr müəyyənləşdirilməli və həmin ölkələrdə təbliğat işləri aparılmalıdır. Bunun üçün müxtəlif üsullardan istifadə edilə bilər.
-Azərbaycan haqqında məlumatların dünya ictimaiyyətinə çatdırılması üçün daha hansı addımların atılması vacibdir?
- Yuxarıda dediklərimə əlavə olaraq qeyd etməliyəm ki, bunun üçün İKT-nin imkanlarından geniş istifadə edilməlidir. Turizm şirkətlərinin, mehmanxanaların, əyləncə mərkəzlərinin, turizm-informasiya mərkəzlərinin işlək, daima yenilən, animasiya proqramlarından istifadə edilən, müxtəlif dillərdə(ən azından ingilis və rus dillərində) saytları olmalıdır. Fikrimcə, xarici ölkələrdəki səfirliklərimiz yanında xüsusi turizm ofisləri yaradılmalı, bu ofislər turizm imkanlarımızın təbliği ilə məşğul olmalıdır. Bunun üçün müxtəlif viktorinalar, müsabiqələr və s. təşkil etmək olar.
- Son vaxtlar davamlı olaraq ölkəmiz müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bu cür beynəlxalq tədbirlərin, o cümlədən ölkəmizdə keçiriləcək birinci Avropa Oyunlarının turizmdə rolu barədə nə deyərdiniz?
- Turizmdə “Hadisə turizmi” adlı bir anlayış mövcuddur. Yəni insanların bir yerdən başqa bir yerə səfərinin kökündə hansısa bir hadisə dayanır. Bu, müxtəlif festivallar, karnavallar, bayramlarda iştirak, musiqi yarışmaları və digərləri ola bilər. Hər il Qəbələdə keçirilən musiqi festivalı, ölkəmizdə keçirilən novruz bayramı bu tipli hadisələrdəndir ki, bunlarda iştirak üçün ölkəyə gələnlərin sayı ildən-ilə artmaqdadır. Məlumdur ki, möhtərəm Prezidentin məqsədyönlü siyasəti nəticəsində son dövrlərdə ölkəmiz müxtəlif beynəlxalq səviyyəli idman yarışlarına ev sahibliyi edib. Bunun davamı olaraq 2015-ci ildə ölkədə ilk Avropa Olimpiya oyunları keçiriləcək. Bu da onu deməyə əsas verir ki, ölkəmizdə “İdman turizmi” sürətlə inkişaf etməkdədir. Təbii ki, bu da ölkəyə gələn xarici turistlərin artmasına səbəb olan hadisələrdəndir.
- Turizmin inkişafında mövcud problemlər barədə nə deyərdiniz?
- Bu suala cavab vermədən öncə “problem” anlayışına aydınlıq gətirmək istərdim. Mütəxəssislər bu anlayışı “çətinlik yaradan, fəaliyyətə təhrik edən və həddindən artıq çatışmamazlıq və ya çoxluqla əlaqəli olan vəziyyət, səbəb, şərait, məsələ, obyekt” kimi dəyərləndirirlər. Buradan belə nəticəyə gəlmək mümkündür ki, problemlərin olması, onların qabardılması, kiminsə bu barədə fikir bildirməsi mənfi hal kimi qəbul olunmamalıdır. Yəni, fəaliyyət olan yerdə problemlərin mövcudluğu labüddür. Əsas məsələ bu problemləri vaxtında görmək və onu aradan qaldırmaq üçün yollar tapmaqdır. Sualın cavabına gəlincə isə qeyd etmək lazımdır ki, bu gün ən başlıca problem kadrların çatışmazlığı, bu sahə ilə məşğul olanların səriştəsizliyi, hələ də bu sahədə işə qəbul zamanı qohum-tanışlara üstünlük verilməsi, istirahət mərkəzlərində menecmentin düzgün qurulmaması, qiymət siyasətinin elmi əsaslara və təhlillərə söykənməməsi, uzun müddətli(məsələn 15-20 illik) strateji planın olmaması kimi xarakterizə edilə bilər.
Fikrimcə, möhtərəm Prezidentimizin məqsədyönlü fəaliyyəti və qayğısı nəticəsində ölkə turizmi sürətlə inkişaf edəcək, yaxın 10 ildə turizmdən gələn gəlirlər büdcəmizin 10-15 faizini təşkil edəcək.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info