Qarabağın süjetli xalçaları
Tarix: 16.10.2014 | Saat: 01:08:00 | E-mail | Çapa göndər


Qarabağ xalçalarının motivləri öz bədii dəyərinə və təsvirinin orijinallığına görə bənzərsizdir. Bu xalçalar üfüqi simmetriya prinsipi üzrə toxunub, mövzunun dekorativ cəhətdən mənimsənilməsi əsl xalq manerasında qurulub. Əvvəllər Qarabağ xalçalarında gözəl rəsmlərlə yanaşı, ovçuluq süjeti əsaslıq təşkil edirdisə, sonralar xalçaçılığın ovçuluq süjetinə marağın azaldığı aydın görünür.
Onlarda dinamik ov səhnələri demək olar ki, yoxdur, ovçuluğun ancaq atributları, simvolları göstərilmişdi. Sonralar həmin proses getdikcə dərinləşir və XX əsrin ilk rübündə ovçuluq bir mövzu kimi tamamilə yox olur, öz yerini bir-birilə ancaq kompozisiya baxımından əlaqəli heyvan təsvirlərinə verir. "Şəddə" tipli xalçaların xovlu xalçalara təsiri məhz bununla izah edilir.

Qədim xovsuz "Şəddə" xalçaları kompozisiya cəhətdən ibtidai, üfüqi simmetriyanın prinsipi üzrə qurulur və birtipli adam və heyvan fiqurları paralel bölgüdə intəhasız təkrar edilir. Bitkin ovçuluq motivlərinə marağı itirən xovlu xalça ustaları həmin bədii prinsipdən istifadə edirlər. Məsələn: XIX əsrin axırlarında Qarabağda "Atlı-itli", "İtli-Pişikli", "Marallı-Ceyranlı" və s. xovlu xalçalar toxunub. Bu kompozisiya baxımından heyvan təsvirləri olan üfüqi zolaqlardır.
Xalq dastanının qəhrəmanı, Şərqin böyük şairi Firdovsinin "Şahnamə" poemasında baş qəhrəman Rüstəmə həsr edilmiş Qarabağ xalçaları xüsusilə gözə dəyəndir. Rüstəm və Söhrab xalçalar seriyası miniatür rəngkarlığı üçün ənənəvi kompozisiya prinsiplərinin xalq ruhunda təfsiri ilə diqqətəlayiqdir. Bunlar öz ideya, bədii xüsusiyyətlərinə görə xalq xalçaçılıq sənətinin sözün əsl mənasında tayı-bərabəri olmayan inciləridir.
Qarabağ məktəbində süjetli xalçaçılıq özünəməxsus üslubda inkişaf edib. Qərbi Avropa rəngkarlığının təsvirindən azad olan bu xalçaçılıq sənəti kökləri əsrlərin dərinliklərinə, xalqın psixologiyasına gedib çıxan dekorativ tətbiqi sənətin təşkilinin əzəli bədii prinsiplərini bərqərar edirdi. Çox fiqurlu kompozisiyalarda motivlərin nəql şəklində təfsirindən şüurlu surətdə imtina edilməsi simvolik və həyat hadisələrinin qrafik şərhinin güclənməsi-bunlar Şimali Azərbaycan, xüsusilə Qarabağ xalçalarında ən xarakterik cizgilər idi.
Qarabağ xalçalarında təsvir edilən bitki elementləri öz formalarına görə iki növə bölünür:
1. Həndəsiləşdirilmiş elementlər;
2. Əyri xətli elementlər.
Həndəsiləşdirilmiş elementlər, əsasən, xalça kompozisiyasında doldurucu elementlər kimi və yaxud köməkçi, bağlayıcı rolunu oynayırlar. Bu elementlər Azərbaycanın digər bölgələrinə nisbətən, Qarabağ qrupuna daxil olan xalçalarda daha çox işlədilir.
Əyrixətlilər həndəsiləşmiş bitki elementlərinə nisbətən daha da stilləşmiş formada olur. XVXVI əsrlərdə Təbriz xalça məktəbinin nümunələrində daha çox tətbiq edilən bu formalar, nəinki “Qarabağ”, hətta Yaxın Şərq və Kiçik Asiya xalça məktəbinə də qüvvətli təsir göstərib.
Qarabağ xalçalarında müxtəlif heyvan təsvirlərinə - ev heyvanlarına, vəhşi heyvanlara, o cümlədən quş və həşərat təsvirlərinə rast gəlmək olur.
Qarabağ xalçalarında tez-tez rast gəlinən maral bütün türklərin eyni rəmzi mənası olan ümumi totem idi. Türkdilli xalqların təsəvvüründə maral yüksəliş rəmzi və böyük güc nişanəsi idi. Maralın dövri olaraq təzələnən ağacabənzər buynuzları cavanlaşdırma, daima təzələnmə və zamanın gedişini genişləndirmə rəmzi kimi yozulur.
Azərbaycanın bir çox bölgələrində toxunan xalçalarda təsvir edilən at fiqurlarına Qarabağ bölgəsinin xalçalarında da tez-tez təsadüf edilir. At köçəri oğuz qəbilələrində əsas totemlərdən biri olunub.
Şumerlər (Altay türklərinin Mesopotamiyada məskunlaşmış nəsilləri hesab olunur) arabanı kəşf etdikdən sonra ilk dəfə olaraq ona at qoşmuşlar. At toteminə sitayiş Günəş ilə əlaqədar idi. Oğuz türklərinin məskunlaşmış olduğu yerlərdə ata böyük ehtiram olub və onların ata sitayiş etməsi haqda çoxlu faktlar vardır. Altay ailəsi qəbilələrinin buğa, şir, at, pələng, qartal, əjdaha, maral, qurd kimi totemləri dini rəmzləri məlumdur.
Su mənşəli sayılan buğa (öküz) qüvvət və qüdrəti təcəssüm etdirən totemdir. Buğanın qədim təsvirləri Şumerdə, Qafqaz Albaniyasında və Mərkəzi Asiyada tapılıb. Ay səcdəgahı sayılan buğa (öküz) surəti XV əsr Şirvanşahlar dövlətinin gerbinin mərkəzini bəzəyir. Buğa surətinin ay mənşəli olmasına bir işarə olaraq onun buynuzları bilərəkdən aypara şəklində verilib. Qarabağ xalçalarında təsvir edilən pələng türk xalqlarının anlayışında qüvvə təcəssümü, insana xas olan bütün hisslərin daşıyıcısı idi. Qədim Azərbaycanda, Mərkəzi Asiyada, Altayda, Yeniseydə pələng qəbilələrin genealogiyasının təşəkkülündə böyük rol oynayıb və əsas totemlərdən biri idi. Pələng fiquru da qədim Altay astronomik təqvimində yer alıb.
Qarabağ xalçalarında rast gəlinən qartal (tərlan) Günəş, işıq mənbəyi totemidir. Türk xalqlarının incəsənətində qartal Günəş, od, ildırım və şimşək hökmdarı sayılır. Qarabağ xalçalarında tez-tez rast gəlinən əjdaha totemi Azərbaycanda, Türkmənistanda, habelə Sibir ərazilərində xalqların məişətində və incəsənətində geniş yayılmış mifik heyvandır. Əjdaha totemi insanın həyatının uğurlu keçməsi üçün ona yardımçı olan heyvan ruhudur. Əjdaha güclülük, çeviklik, müdriklik, uzaqgörənlik təcəssümüdür. Şaman mərasimlərində əjdahaların həmişə irəlidə gedib yola işıq saldıqları təsəvvür edilirdi. Qədim insanlar əjdahanın mövcudluğuna inanırdılar.
Qarabağ xalçalarında şir təsvirlərinə də təsadüf edilir. Şir Şərqdə ta qədimlərdən Günəş, od, aydınlıq və qüdrət təcəssümü kimi qəbul olunub. Şumerlərin müharibə Allahı qanadlı şir şəklində təsvir edilirdi.
Qarabağ xalçalarında ümumi kompozisiyada əsas yer tutan və ən çox gözə çarpan elementlər bütün xalça kompozisiyalarında olduğu kimi beş qrupa bölünür:
a)Butalar. Azərbaycan ornamentlərində çox geniş istifadə olunan buta Qarabağın həm xovsuz, həm də xovlu xalçalarında təsvir edilir. Azərbaycanın müxtəlif bölgələrində xalça kompozisiyasında kök salmış buta Qarabağ xalçalarında da müxtəlif formalarda işlənib. Qarabağın “Şabalıd buta” adlanan kompozisiyası öz bədii tərtibatına görə digər bölgələrin “buta” təsvirli xalçalarından seçilir.
b)Kətəbələr. Xalça kompozisiyasında kətəbə doldurucu rolunu oynayır. Adətən uzunsov kətəbələrin üzərində toxucular müxtəlif yazılar, süjetli kompozisiyalar və yaxud müstəqil quruluşlu ornametlər yerləşdirirlər.
c) Anagüllər. Xalça kompozisiyası üçün xarakterik olan bu elementlərin xalçaların adlarının müəyyənləşdirilməsində əsas və əhəmiyyətli rolu vardır. Qarabağın “Qoca” adlı xalçasında “anagüllər” çox təkrar olunur.
ç) Göl və ya kiçik xonçalar. Qarabağ xalçalarında tez-tez rast gəlinən “göl”, “xonça”, “padnos” istilahları medalyon mənasını daşıyır. Azərbaycanın bütün bölgələrində toxunan xalçalarda təsadüf edilən göllər öz formalarına görə müxtəlif olduğu kimi, Qarabağda toxunan xalçalarda da müxtəlif formalarda təsvir edilirlər.
d) Qubbalar. Qubbalar əsas elementlər qrupuna daxildir və adətən xalça kompozisiyasında böyük göllərin başında (qurtaracağında) yerləşdirilir. Toxucular bu elementləri “başlıq“ və yaxud “heykəlbaşı” adlandırırlar.
Haşiyə bəzəyinin elementləri iki növə bölünür:
1) Haşiyənin qarışlarını təşkil edən elementlər;
2) Haşiyə qurşağını təşkil edən zolaqlar.
Haşiyə qarışlarını təşkil edən elementlər haşiyələrin kompozisiyasını təşkil edir və qarışları əmələ gətirir. Bu elementlər qarışyanı, bağlayıcı və ya qarışortası vəzifəsini daşıyır. Haşiyə qurşağını təşkil edən elementlərə “su”lar, “siçandişilər”, “mədaxillər”, “zəncirələr”, “bala haşiyələr”, “ara haşiyələr”, “cağ”lar aiddir.
Qarabağ xalçalarının rəng palitrası çox zəngindir. Bu xalçaların rəngləri şux və parlaq olur. Bu rənglər Qarabağın təbii coğrafi şəraiti, gözəl mənzərələri, bağları, meşələri və yaşıl çəmənlikləri ilə əlaqədar olaraq meydana gəlmişdir. Bu bölgədə qırmızı və çəhrayı rənglər boyaq (“marena”) bitkisindən və qırmızı rəng bəzən “qırmız” adlanan qurddan, sarı və sarımtıl rənglər sarıçöp, sarıgüldən, noxudu və ya şəkəri rənglər soğan və alma qabığından, palıd rəngi qoz qabığından, sürməyi və göy rənglər təbii indiqodan alınırdı.
Qarabağda təbii rənglərin boyama qabiliyyətini artırmaq məqsədilə toxucular arasında çox tətbiq edilən zəy, duz, mal sidiyindən və başqa bərkidici maddələrdən istifadə edirdilər. XIX əsrin axırlarından başlayaraq Azərbaycanın bir çox bölgələrində olduğu kimi Qarabağda, xüsusilə Şuşada bəzən saxta boya (sabit olmayan) ilə boyanan xalçalara da təsadüf edilirdi. Əlbəttə, Azərbaycan xalçalarına xas olmayan bu boyaq üsulu xalçaların bədii xüsusiyyətini azaldırdı.
Qarabağ xalça sənətinin rəng xüsusiyyətlərindən biri də budur ki, xalq ustaları tonların isti-soyuqluğunu, kontrastlılığını, rəng ahəngdarlığını, qanunauyğunluğunu yaxından hiss ediblər və nəticədə göz oxşayan, xoşagəlimli rəng palitrası yaradıblar.
Günay Qasımxanlı




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Zəfərlərə doğru
12.11.2018
“İrəli”nin intellektual yarışlarının Dağlıq Şirvan və Şəki- Zaqatala üzrə qalibləri müəyyənləşib
12.11.2018
Heydər Əliyev Fondu və Milli Onkologiya Mərkəzi birgə onkoloji skrininq və elmi-praktiki konfrans keçiriblər
12.11.2018
İran vətəndaşı daxili orqanlarında narkotik vasitələr keçirmək istədi
12.11.2018
Külli miqdarda xarici valyutanı gizlədərək keçirmək istədi

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10456

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info