“Avropa Parlamentində “Dağlıq Qarabağ Respublikası“ ilə dostluq qrupu yaradılmasına dair məlumatlar yalandır”
Tarix: 18.10.2014 | Saat: 01:53:00 | E-mail | Çapa göndər


Dünən Milli Məclisin növbəti plenar iclası keçirildi. İclasda deputatlar bir sıra məsələlərlə bağlı fikir və təkliflərini bildirdilər.
İclasda spiker Oqtay Əsədov bildirdi ki, Avropa Parlamentində qondarma "Dağlıq Qarabağ Respublikası" ilə dostluq qrupu yaradılmasına dair qərar qəbul edilməsi barədə yayılan məlumatlar tamamilə yalandır: “Mən tapşırıq verdim, bütün saytları yoxladılar, Avropa saytlarında rəsmi olaraq belə bir qərar yayımlanmayıb. Bununla bağlı məlumatı yalnız erməni saytları yayır. Biz görürük ki, dünyada ədalət prinsipi yoxdur, hansı böyük gücə, hansı böyük qüvvəyə nə əl verir, onu edir. Dağlıq Qarabağ məsələsi də hər dəfə bir qurum, bir dövlət tərəfindən oyuncaq kimi istifadə edilir. Biz buna da hazır olmalıyıq. Ancaq biz də bu məsələdə daha aktiv olmalıyıq. Dağlıq Qarabağın azərbaycanlı icması da bu işdə xüsusən fəal olmalıdır”
Dağlıq Qarabağ regionunda və digər ərazilərdə zorakı məskunlaşdırma və digər qanunsuz fəaliyyət haqqında ayrı-ayrı ölkələrin parlamentarilərinə məktub göndərilməsi təklif edildi.Təkliflə iclasda çıxış edən Musa Qasımlı bildirdi ki, bu payız sessiyası dövründə Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələri, işğal edilmiş Dağlıq Qarabağ regionunda və digər ərazilərdə zorakı məskunlaşdırma və digər qanunsuz fəaliyyət haqqında həm beynəlxalq parlament təşkilatlarına, həm də ayrı-ayrı ölkələrinin parlamentləri ilə dostluq qruplarının üzvlərinə fərdi olaraq məktublar göndərmək lazımdır: “Xahiş edək ki, onlar bu məsələni öz parlamentlərində qaldırsınlar".
M.Qasımlı dedi ki, ermənilər 2015-ci ildə tarixdə heç zaman olmayan qondarma "soyqrım"ın 100 illiyini qeyd etməyə hazırlaşır: "Biz də bundan istifadə edərək öz həqiqətlərimizi dünya ictimaiyyətinə çatdırmalıyıq. Fikrimcə, 2015-ci ildə Xocalı soyqrımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Milli Məclis daha yüksək fəallıq göstərə bilər. Bunun bizə böyük faydası olar".
İclasda dövlət qurumları tərəfindən uzun müddətə xarici ölkələrə ezamiyyətə göndərilən Azərbaycan vətəndaşlarının ölkəyə qayıdarkən gömrük rüsumlarından və vergilərdən azad olunması təklif edildi. Təklifi millət vəkili Asəf Hacıyev irəli sürdü: “Xarici İşlər Nazirliyi və digər dövlət qurumlarının xətti ilə uzun müddətə xarici ölkələrə ezamiyyətə göndərilən Azərbaycan vətəndaşları həmin ölkələrdə daşınan əmlaka sahib olurlar. Geri dönəndə isə həmin əmlak ya köhnəlir və orada sata bilmirlər, ya da bir çox hallarda Azərbaycana gətirirlər. Azərbaycana gələndə isə gömrük rüsumlarının tətbiqi vətəndaşlar üçün çətinliklər törədir". Bu səbəbdən A.Hacıyev həmin vətəndaşları gömrük rüsumlarından azad etmək üçün Gömrük Məcəlləsinə müvafiq dəyişikliklərin edilməsini təklif etdi: “Düşünmürəm ki, bu, dövlət büdcəsinə böyük ziyan vura bilər, ancaq bu dəyişikliyi etməklə vətəndaşlarımıza böyük köməklik göstərmiş olarıq”.

Vətəndaşların xarici ölkələrdə işə düzəldilmələri ilə bağlı elan və reklam vermək çətinləşdi
Azərbaycan vətəndaşlarının xarici ölkələrdə işə düzəldilmələri ilə bağlı elan və reklamların verilməsini yalnız müvafiq vasitəçilik fəaliyyəti göstərmək üçün xüsusi razılıq almış hüquqi şəxslər həyata keçirə biləcəklər. Bununla bağlı Milli Məclisin iclasında “Reklam haqqında” qanuna dəyişikliklər edilib. Sözügedən qanuna dəyişikliklər edilməsi barədə layihə Azərbaycan Prezidenti tərəfindən Milli Məclisə daxil olub. Qeyd edək ki, Azərbaycanda fiziki şəxslərin Azərbaycan vətəndaşlarının xarici ölkələrdə işə düzəldilmələrində vasitəçilik etməsi də qadağan edilir. Bu, “Məşğulluq haqqında” qanunda dəyişikliklər edilməsi barədə Azərbaycan Prezidenti tərəfindən Milli Məclisə daxil olmuş layihədə nəzərdə tutulur.

“Turizm haqqında” qanun layihəsində dəyişikliklər
“Turizm haqqında” qanun layihəsində bir sıra dəyişikliklər edilib. İclasda müzakirə edilən “Turizm haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, Azərbaycan Respublikasına gələn turistlər turizm şirkətləri vasitəsilə elektron viza ala bilərlər. Elektron viza almaq üçün əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycanda fəaliyyət göstərən və müvafiq icra hakimiyyəti orqanında akkreditasiyadan keçmiş turizm şirkətlərinə birbaşa və ya yaşadıqları ölkələrdə həmin şirkətlərin tərəfdaşı olan turizm şirkətləri vasitəsilə müraciət edə bilərlər. Turizm vizasında ölkədə qalma müddəti 30 günədək müəyyən edilir. Turizm vizasının rəsmiləşdirilməsi üçün səfərin turizm məqsədi ilə həyata keçirildiyini təsdiqləyən sənəd (turizm vauçeri və ya turizm yollayışı, yaxud sərnişin bileti və mehmanxanada, kempinqdə, turist bazasında və ya digər bu kimi obyektlərdə yer sifariş edilməsini təsdiqləyən sənəd) və Miqrasiya Məcəlləsinin 36-cı maddəsində göstərilən sənədlər tələb olunur. Sözügedən qanun layihəsi müzakirələrdən sonra birinci oxunuşda qəbul edilib.

Hərbi qulluqçular ölkədən çıxarkən müvafiq qurumlardan rəsmi icazə alacaqlar
Azərbaycan hərbi qulluqçuları ölkədən çıxarkən müvafiq qurumlardan rəsmi icazə almalı olacaqlar. Bununla bağlı plenar iclasda “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanununa dəyişikliklər qəbul olunub. Qanunun 23-cü maddəsinə edilən dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə qulluq edən hərbi qulluqçular (hərbi attaşelər, hərbi nümayəndələr və onların köməkçiləri istisna olmaqla), habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda beynəlxalq hərbi təlimlərə, antiterror, xilasetmə və xidməti zərurətlə bağlı digər tədbir və ya əməliyyatlara cəlb olunan müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçular müvafiq icra hakimiyyəti orqanlarının rəsmiləşdirilmiş icazəsi olduqda Azərbaycan Respublikasından gedə bilərlər.

Xaricdəki konsullarımızın səlahiyyətləri məhdudlaşdırıldı

Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən konsullarının səlahiyyətləri məhdudlaşdırıldı. İclasda Azərbaycan Respublikasının Konsul Nizamnaməsinə dəyişikliklər edilib. Nizamnamənin 39-cu maddəsinə edilən dəyişikliyə görə, konsul Azərbaycan Respublikası ərazisinə daxil olmaq, onu tərk etmək, bu ərazidən tranzitlə keçmək üçün verilən vizaların vaxtını uzatmaq və verilmiş vizalarda dəyişikliklər etmək hüququndan məhrum edilir.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info