“Hər bir kəs tarixini bilməlidir”
Tarix: 20.10.2014 | Saat: 23:08:00 | E-mail | Çapa göndər


Qəhrəman Ağayev: “Şahtaxtında
il boyu arxeoloji qazıntılar aparılmalıdır”

Müsahibimiz Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, Şahtaxtı arxeoloji abidələr kompleksinin rəhbəri Qəhrəman
Ağayevdir:


- Qəhrəman müəllim, 2015-ci ilə planlaşdırdığınız arxeoloji tədqiqatlar hansı ərazidə olacaq?
- Hər il aparılan tədqiqat işləri, ondan əvvəlki ildə aparılan tədqiqatların nəticəsindən sonra müəyyənləşdirilir. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Şahtaxtı arxeoloji ekspedisiyası mütəmadi olaraq, Naxçıvan MR Kəngərli rayonunun Şahtaxtı kəndi ərazisində olan qədim yaşayış kompleksində tədqiqat işləri aparır. Bu il, yəni, 2014-cü ildəki arxeoloji tədqiqat işləri də həmin qeyd olunan ərazidə aparılıb, bir neçə müddət bundan öncə isə builki tədqiqat işlərini yekunlaşdırmışıq. Çox güman ki, 2015-ci ilin arxeoloji tədqiqat işləri də həmin ərazidə aparılacaq.
- Şahtaxtı arxeoloji abidələri haqda geniş məlumat verməyinizi xahiş edirik.
- Qeyd edim ki, Şahtaxtı abidələri çox qiymətli, tarixi əhəmiyyətli arxeoloji kompleksdir. Təsadüfi deyil ki, bu abidə hələ XX əsrin əvvəllərindən tarixçiləri maraqlandırıb və bu səbəbdən 1936-cı ildə el arasında Gavurqala adlanan yaşayış yerində və onun yaxınlığında olan nekropolda Azərbaycanın görkəmli arxeoloq-etnoqrafı Ə. Ələkbərov tərəfindən kəşfiyyat xarakterli tədqiqat işləri aparılıb və bu abidənin Son Tunc - İlk Dəmir dövrünə, yəni, e. ə. II minilliyin sonu - I minilliyin əvvəllərinə aid olduğu qeyd olunub. Sonrakı dövrlərdə də bu abidəyə böyük maraq olub və qeyd etdiyim tarixi dövr təsdiqlənib. Şahtaxtı arxeoloji abidələr kompleksində geniş halda qazıntı işlərinə 1979-cu ildən başlanıb. 1979-1988-ci illər ərzindəki tədqiqat işlərini AMEA Tarix İnstitutu Arxeologiya və Etnoqrafiya Sektoru və Naxçıvan Elm Mərkəzi birlikdə aparıblar. Bu illər ərzində aparılan tədqiqatların nəticəsi olaraq, abidənin daha qədim dövrlərə aid olması ehtimalları yaranıb. 1989-2003-cü illər ərzində məlum və məlum olmayan səbəblər üzündən ərazidə qazıntı işləri dayandırılıb. Bunun nəticəsində qədim yaşayış yeri qismən, 15 hektara yaxın olan nekropolun 12 hektardan çoxu isə, demək olar ki, tamamilə dağıdılıb. Bu dağıntılar əsasən, 1990-cı illər ərzində baş verib.
Ulu öndər H. Əliyevin tariximizin inkişafı ilə bağlı 2000-ci ilin əvvəllərində verdiyi məlum qərarla bağlı Azərbaycan ərazisində yenidən arxeoloji tədqiqat işlərinə geniş yer verildi.
Möhtərəm Prezidentimiz İ. Əliyev qədim tariximizin daha dərindən öyrənilməsi, diqqətin artırılması baxımından AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutuna respublika ərazisində arxeoloji tədqiqat işlərinin daha geniş miqyasda aparılması üçün lazım olan maliyyə vəsaitinin ayrılması haqqında sərəncam imzalayıb. Bunun nəticəsidir ki, indi demək olar ki, Azərbaycanın bütün bölgə və rayonlarında arxeoloji tədqiqat işləri aparılır. Şahtaxtı arxeoloji abidələr kompleksi də həmin abidələrdən biridir. Şahtaxtı abidələrində 2003 və 2006-cı illərdə kəşfiyyat xarakterli tədqiqat işləri aparılıb, 2007-ci ildən etibarən isə, abidədə geniş halda tədqiqat işlərinə başlanılıb. Son illərdə aparılan tədqiqat işlərinin nəticəsi olaraq, məlum olub ki, bu abidə daha qədim dövrlərə aid olmaqla, nəinki Azərbaycanda, Qafqazda, Yaxın Şərqdə, bəlkə də dünyada yeganə qədim yaşayış yeridir ki, ərazidə intensiv həyat tərzi yaşanmış və bu gün də həmin həyat tərzi yaşanır. Şahtaxtının qədim insanları özlərindən əvvəl yaşamış tayfalara hörmətlə yanaşaraq, onlardan qalan maddi-mədəniyyət qalıqlarına dəymədən öz maddi-mədəniyyətlərini yaradıblar ki, bunun da nəticəsində çox təbəqəli qədim yaşayış yeri yaranıb. Aparılan tədqiqatlarla məlum olub ki, Şahtaxtı tayfaları ərazidə Eneolit, yəni, Mis-daş dövründən məskunlaşıb və bu gün də heç bir yerdəyişmə etmədən həmin ərazidə yaşayırlar. Yalnız orta əsrlər dövründə çox güman ki, coğrafi şəraitlə əlaqədar olaraq, əhali nisbətən cənub-şərq, “İydəli Pir” deyilən əraziyə köçüb və sonralar qismən yerdəyişmə etməklə, həmin ərazidə indi də yaşayırlar. Ola bilsin ki, bu qədim yaşayış yeri daha qədim dövrlərə aiddir. Belə ki, yaşayış yerində dərinlik 5,2 m-ə çatdırılsa da, mədəni təbəqə sona qədər izlənilməyib. Buna səbəb isə abidənin altına axan qrunt sularıdır ki, bu da müəyyən dərinliklərdə güclü nəmişlik yaratmaqla, abidənin stratiqrafiyasını izləməyə imkan vermir. Bu çətinliyi aradan qaldırmaq üçün qədim yaşayış yerinin şimal-şərq və şərq hissələrində drenajlar-çalalar qazılmalıdır ki, abidəyə axan qrunt sularının qarşısı alınsın ki, abidədə bizə qaranlıq qalan məqamları tədqiqata cəlb etmək mümkün olsun. Gələcəkdə aparılan tədqiqatlar zamanı çox güman ki, abidəyə gözlənilən köməkliklər sayəsində bu çətinlikləri aradan götürə biləcəyik.
- Şahtaxtı abidəsinin tədqiqindən sonra nəticəsini necə görürsünüz?
- Qeyd etdiyimiz kimi, Şahtaxtı arxeoloji abidələr kompleksi yeganə abidələrdən biridir ki, burada insanlar Eneolit dövründən, yəni, Mis-daş dövründən bu günə kimi ərazidə intensiv həyat tərzi yaşamış və bu gün də yaşayırlar.
Şahtaxtı Azərbaycanın yeganə kəndlərindən biridir ki, o nəinki Azərbaycana, eyni zamanda dünyaya böyük şəxsiyyətlər bəxş edib və indi də edir. Dahi Hüseyn Cavid, tanınmış alim, oftalmoloq, akademik Z. Əliyeva, tanınmış iqtisadiyyatçı alim Ə. Mahmudov, məşhur Şahtaxtınskilər, Seyidovlar məhz bu kənddə doğulub və Azərbaycanımızın dünyada tanınmış şəxsləri olublar.
Şahtaxtı və əlbəttə ki, Şahtaxtı arxeoloji abidələr kompleksinin Böyük İpək Yolunun kənarında, İran İslam Respublikası ilə Azərbaycan arasında olan sərhəd-keçid məntəqəsinin yaxınlığında yerləşməsini də nəzərə alsaq, tədqiqat işlərimizin nəticəsi olaraq, Şahtaxtı arxeoloji abidələr kompleksinin açıq muzey kimi dünya ictimaiyyətinə nümayiş etdirilməsinin necə vacib olduğu məlum olar. Bunun üçün, Şahtaxtı arxeoloji abidələr kompleksində qazıntı işlərini genişləndirmək və il boyu tədqiqat işləri aparmaq lazımdır. Bu işdə bizə Şahtaxtının iş adamları yardımçı olmalıdır. Çünki institutumuzun hər il qazıntıya ayırdığı vəsaitlə yalnız bir-iki aylıq qazıntı işləri aparmaq mümkün olur. Ona görə də ürəyi Şahtaxtı ilə bağlı olan hər bir iş adamlarından bu işə imkanları daxilində müəyyən köməklik göstərmələrini arzu edirik.
Onu da qeyd etmək lazımdır ki, bu işlərin aparılmasında Naxçıvan MR Ali Məclisinin sədri, çox hörmətli V. Talıbov başda olmaqla, Muxtar Respublikanın bu işlə bağlı təşkilatları və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, şəxsən idarənin rəisi, polis general-mayoru M.Seyid mənəvi dəstək göstərirlər.
- Şahtaxtı kəndi ətrafında kəşfiyyat xarakterli qazıntı işləri aparılırmı?
- Arxeologiyada arxeoloji qazıntılarla bərabər, arxeoloji kəşfiyyat işləri də əsasdır. Şahtaxtı arxeoloji abidələr kompleksinin yaxınlığında olan bütün ərazilərdə demək olar ki, kəşfiyyat xarakterli qazıntı işləri aparılıb. Bunun nəticəsidir ki, abidənin şimal, şimal-şərq və qərb hissələrində 15 hektara yaxın böyük nekropol aşkar edilib. Abidənin şərq hissəsində isə, orta əsr yaşayış yeri və onun nekropolu aşkar edilib. Bu il aparılan kəşfiyyat xarakterli qazıntılar nəticəsində aşkar edilən labirint formalı qəbir abidəsi böyük marağa səbəb olub. İlkin tədqiqat işlərinə görə, bu qəbir abidəsinin labirint formalı olduğunu söyləyirik. Unikal görüntüsü olan bu qəbir abidəsinin tədqiqini vaxt darlığına görə sona çatdıra bilmədiyimiz üçün hələlik dəqiq elmi fikir söyləyə bilməmişik. Ancaq müəyyən elmi fikir söyləmək mümkün olub. Belə ki, qəbirlərin birindən tapılan boyalı küpə bu qəbir kompleksinin hələlik, Orta Tunc dövrünə aid olmasını söyləməyə imkan verir.
- Qəhrəman müəllim, gənc arxeoloqların sənətə baxışlarını necə dəyərləndirirsiniz?
- Arxeologiya tarix elminin bir qolu olmaqla, onun əsasını təşkil edir. Arxeologiya elmi torpağın altında və üstündə olan maddi-mədəniyyət qalıqlarını aşkar edib, öyrənməklə məşğuldur. Bir sözlə, bu elm xalqın qədimliyini araşdırmaqla, tarix yazır.
Biz də Şahtaxtı kimi abidələrimizdə arxeoloji qazıntı işləri aparmaqla, qədim tariximizi aşkar edib, tədqiq etməklə, gələcək nəsillərə ötürürük.
Bu gün gəncliyimizin arasında mənən yüksək inkişaf etmiş, Vətənini, millətini sevən çoxlu cavanlarımız var. İnstitutumuzda çalışan gənc arxeoloqlar bu işə ürəklə yanaşırlar. Bu isə bir arxeoloq kimi məni çox sevindirir.
Mən ömrümün 37 ilini arxeoloji qazıntılarla yaşamışam. İndi də yaşayıram və bununla fəxr edirəm. Gənclərimizə dünyanın ən qədim tarixinə malik dövlətlərdən biri olan Azərbaycanımızın qədim tarixinin daha dərindən araşdırılması baxımından, arxeologiya elminə həvəs göstərmələrini məsləhət görürəm.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info