Qadınların cəmiyyətdə rolu gücləndirilməlidir
Tarix: 21.10.2014 | Saat: 00:49:00 | E-mail | Çapa göndər


Bakıda “İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin inkişafında qadınların rolu” mövzusunda V Beynəlxalq konfrans öz işinə başlayıb. Tədbirdə 60-dək ölkədən ümumilikdə 220-dən artıq nümayəndə iştirak edir. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə Prezident İlham Əliyevin konfrans iştirakçılarına təbrik məktubunu oxudu.
Məktubda qeyd olunub ki, müstəqil Azərbaycan Respublikası İslam Əməkdaşlıq Təşkilatı ilə qarşılıqlı faydalı münasibətlər quraraq bu gün ən müxtəlif sahələrdə birgə səmərəli fəaliyyət göstərir. Bildirilib ki, İslam Əməkdaşlıq Təşkilatının qadın məsələləri üzrə nazirlərinin əvvəlki - İstanbul, Qahirə, Tehran və Cakarta konfransları, eləcə də Bakı konfransı cəmiyyətlərin inkişafında qadınların rolunun gücləndirilməsinə mühüm töhfədir. Məktubda o da vurğulanıb ki, Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində humanitar fəlakətlə üzləşmiş Azərbaycanda qadınların pozulmuş hüquqları indiyədək bərpa olunmayıb. Bir sıra mötəbər qurumların, o cümlədən İslam Əməkdaşlıq Təşkilatının Azərbaycanın ərazi bütövlüyünün bərpasını dəstəkləyən qərarlarına baxmayaraq, qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması istiqamətində göstərilən səylər hələ də nəticəsiz qalmaqdadır: “Əminəm ki, konfransınız qadınların inkişafda rolunun artırılmasına dair geniş və səmərəli müzakirələr aparacaq, gələcək illərdə beynəlxalq və milli səviyyələrdə tədbirlərin həyata keçirilməsi prosesində mühüm mərhələ olacaq”.
Sonra IV konfransın sədri, İndoneziyanın Azərbaycandakı səfiri Raden Prayono Atiyanto çıxış etdi. Səfir konfransın yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirdi. Qadınların cəmiyyətdə rolunun gücləndirilməsinin vacibliyinə toxunan Raden Prayono Atiyanto vurğuladı ki, bundan əvvəlki konfrans Cakartada keçirilib və çox önəmli qərarlar qəbul edilib. Bakı konfransı da qadınların hüquqlarının qorunması, onların cəmiyyətdə iştirakının genişləndirilməsi sahəsində görüləcək işlərə öz töhfəsini verəcək.
Səfir qeyd etdi ki, qadınların cəmiyyətdə rolunun gücləndirilməsində, xüsusilə onların siyasi həyatda öz fəallıqlarını artırmasında hələ də müxtəlif maneələr var. Həmin maneələrin qarşısının alınması istiqamətində daha çox iş görülməlidir və bu məsələ gələcəkdə qəbul olunacaq proqramda öz əksini tapmalıdır. Qadının iqtisadi azadlığı, ümumiyyətlə gender məsələsi bəzi ölkələrdə hələ də problem olaraq qalır. Bu konfransın məqsədi də qadınların üzləşdiyi problemlərin qarşısının alınmasında birgə səyləri birləşdirməkdir və əminik ki, biz istəyimizə nail olacağıq.

85 rayon üzrə 73 İcra
Hakimiyyəti başçısının müavini qadındır

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək bildirdi ki, komitə tərəfindən təşkil edilən konfransda qadınların səlahiyyətlərinin, qərar qəbuletmə prosesində onların iştirakının artırılması, qadınlar üçün bərabər imkanların yaradılması, qadınlara qarşı zorakılığın, bütün növ ayrı-seçkiliyin qarşısının alınması, keyfiyyətli təhsil, sağlamlıq və digər mövzular müzakirə ediləcək.
Hicran Hüseynova qeyd etdi ki, bu gün qarşıya çıxan problemlərin öhdəsindən gələ bilmək üçün biz mərkəzdə və ya ucqarda olmasından asılı olmayaraq, hər yerdə təhsilli, təcrübəli qadınlar görmək istəyirik. Qadınları ictimai və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqdan çəkindirən bir sıra sosial-psixoloji amillər var. Onların aradan qaldırılması üçün məlumatlandırma və maarifləndirmə işlərinin aparılması zəruridir. Komitə sədri vurğuladı ki, Azərbaycanda bu məsələlərlə bağlı həllini gözləyən problemlərin hərtərəfli və obyektiv araşdırılması, həmin problemlərin kökündə duran amillərin müəyyənləşdirilməsi məqsədi ilə bir sıra fərmanlar və sərəncamlar imzalanıb. Həyata keçirilən siyasət bir daha sübut edir ki, Azərbaycanda dövlət tərəfindən ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi məqsədilə mühüm tədbirlər görülməkdədir və bu, gələcəkdə də davam etdiriləcək.
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən bəhs edən H.Hüseynova bildirdi ki, qaçqın və məcburi köçkün vəziyyətinə düşən 1 milyondan çox azərbaycanlının 400 mindən çoxunu qadınlar, 300 mindən çoxunu isə uşaqlar təşkil edir. Bu rəqəmlərin hər birinin arxasında bir ailənin faciəsi dayanır.
“Azərbaycan əhalisinin 50,3 faizini təşkil edən qadınların ictimai-siyasi, elmi, mədəni, sosial-iqtisadi və digər sahələrdə əldə etdikləri uğurlar bütövlükdə dövlətimizin nailiyyətidir”, - deyən komitə sədri əlavə etdi ki, bu gün əmək qabiliyyətli qadınların 69,2 faizi özəl sektorda, 30,8 faizi isə dövlət sektorunda çalışır. Qadınlar arasında işsizliyin səviyyəsi ildən-ilə azalaraq 5,9 faizə düşüb, qadın sahibkarlığı 17,9 faizədək artıb. Komitə sədri bildirdi ki, hazırda parlament və bələdiyyə səviyyəsində də qadınların təmsilçiliyi artıb. Milli Məclisdə 1990-cı ildə bütün deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdisə, bu gün parlamentdə qadınların xüsusi çəkisi 16 faizə çatıb. Bələdiyyə üzvü seçilmiş qadınların sayı əvvəlki seçkilərə nisbətən son bələdiyyə seçkilərində 5 dəfə artaraq 26,7 faiz olub. Bələdiyyə sədrlərinin 17,7 faizi qadındır. Eyni zamanda, 85 rayon üzrə 73 İcra Hakimiyyəti başçısının müavini qadındır. Bundan başqa, qadın qeyri-hökumət təşkilatlarının sayı 200-dən çoxdur.
İslam Əməkdaşlıq Təşkilatının baş katibinin müavini Muhammad Naim Xan konfransın təşkilinə göstərdiyi dəstəyə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirdi. Muhammad Naim Xan vurğuladı ki, belə tədbirlərin keçirilməsi qadınların inkişaf prosesində daha geniş iştirakına təkan verir. İslam dininin qadınların hüquqlarını hər zaman müdafiə etdiyini deyən Muhammad Naim Xan cəmiyyətdə qadınların bütün sahələrdə iştirakının təmin edilməsi üçün birgə işlərin görülməsinin zəruriliyini qeyd etdi. O dedi ki, bir çox ölkələrdə dövlət işlərində qadınların fəal iştirak etmələrinə baxmayaraq, bəzi dövlətlərdə bu sahədə problemlər qalmaqdadır. Qadınların üzləşdikləri çətinliklər müəyyən sosial problemləri də özü ilə gətirir. Biz bu çətinliklərin aradan qaldırılması üçün səylərimizi gücləndirməliyik. Proqramlar qəbul edərkən bütün inkişaf mərhələlərində qadınların rolu nəzərə alınmalıdır. Qadınların cəmiyyətdə rolunun düzgün müəyyənləşdirilməsi ailə dəyərlərinin inkişafında da katalizator rolunu oynaya bilər.

“Azərbaycanda
qadınların hüquqları
ilə bağlı qətiyyətli
addımlar atılıb”

BMT baş katibinin köməkçisi və BMT-nin qadınlar təşkilatının icraçı direktorunun müavini xanım Lakşmi Puri qadınların və kişilərin bərabər fəaliyyəti və qadınların hüquqlarının qorunmasının vacibliyindən danışıb. O bildirib ki, 2030-cu ilə qədər qadınların hüquqlarının qorunması, onların cəmiyyətdə iştirakının artırılması və digər sahələrdə müvafiq qərarlar qəbul olunmalıdır. Təəssüf ki, qadınlara və uşaqlara qarşı zorakılıq halları və onların hüquqlarının pozulması hələ də davam edir. Biz qadınların cəmiyyətdə zorakılığa məruz qalmaları, onların hüquqlarının tapdalanması hallarının qarşısını ala bilərik. Misal üçün, deyən bilərəm ki, Azərbaycanda bununla bağlı qətiyyətli addımlar atılıb.
BMT-nin Əhali Fondunun (UNFPA) Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Heimo Lakkonen tədbirin keçirilməsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyini yüksək qiymətləndirdi. O bildirdi ki, qadınlar beynəlxalq normativlərin qəbulunda da rol oynamalıdırlar. Qadınların hüquqlarının qorunması, onların cəmiyyətdə rolunun gücləndirilməsi növbəti nəslin sağlam böyüməsinə də kömək edir. H.Lakkonen son 10 ildə UNFPA ilə İƏT-in birgə əməkdaşlığından danışaraq dedi ki, bu müddətdə doğum zamanı ana ölümü hallarının qarşısının alınması, qadınların şərəf və ləyaqətinin qorunması, onların maarifləndirilməsi sahəsində böyük nailiyyətlər əldə olunub. Bu işlər davam etdiriləcək.
Beşinci konfransda Bakı Bəyannaməsi qəbul olunacaq.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yaponiyanın dəstəyi ilə Balakənin iki kəndində su təchizatı layihəsi həyata keçirilib
24.09.2018
Avropalı qonaqlar Naxçıvan Dövlət Universitetində
24.09.2018
Yaz-yay mövsümündə Balakənə 22 mindən çox turist gəlib
24.09.2018
Cəlilabadda 16 artezian quyusu qazılıb
24.09.2018
Havanın temperaturu enəcək, leysan yağacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info