Sürətli sənayeləşmə inkişaf etmiş ölkələrə çatmaqda strateji hədəfdir
Tarix: 21.10.2014 | Saat: 19:08:00 | E-mail | Çapa göndər


Bu ilin Prezident tərəfindən “Sənaye ili” elan olunmasının real əsasları var. Azərbaycan bazar iqtisadiyyatı ilə inkişaf yolunu tutduğuna görə ölkəmizdə sahibkarlığın, özəl sektorun inkişafı ən ümdə məsələlərdən biridir. Sənayenin inkişaf etdirilməsi iqtisadi inkişafda əsas prioritetlərdəndir. İnkişaf etmiş ölkələrə sürətlə yaxınlaşmaqda olan inkişaf etməkdə olan ölkələrin inkişafının əsasında məhz sənaye dayanır. Azərbaycan da bu yolu uğurla tutaraq, sənayeyə investisiyaların artırılmasına diqqət yönəldib. Bu baxımdan ölkədə istehsal olunan məhsulların çeşidliliyinin və keyfiyyətinin, ixracyönümlü məhsulların, eləcə də onların dünya bazarında rəqabətqabiliyyətinin, həmçinin idxalı əvəz edən məhsulların istehsalının artırılması olduqca böyük önəm daşıyır.

9 ayın nəticələri sənayenin sürətli artımından xəbər verir

Bu ilin 9 ayında sənaye sektorunda 25,2 milyard manatlıq sənaye məhsulları istehsal olunub. Sənaye məhsullarının 71, 8 faizinin mədənçıxarmanın, yəni neft sektorunun payına düşməsinə baxmayaraq, ölkə sənayesində qeyri-neft sektorunun payında artım müşahidə edilməkdədir. Hazırda sənaye məhsullarının 22,3 faizi məhz qeyri-neft sektorunun payına düşür. Bundan əlavə, qaz və buxar istehsalı kimi nüanasları da nəzərə alsaq, təxminən 28 faizə yaxın sənaye məhsulları məhz qeyri-neft sektorunun payına düşür. Sənaye sektorunda 2014-cü ilin 9 ayında 6 faizlik artım qeydə alınıb. Neft sənaye sektorunda 2 faizlik azalma qeydə alınıb. 6 faizlik artım isə ondan xəbər verir ki, sənaye sektorundakı artım qeyri-neft sektorunun hesabına baş verib. Burada əminliklə qeyd etmək lazımdır ki, qeyri-neft sektorunun hesabına sənayenin inkişafı baş verib. Bunun üstünlüyü ondan ibarətdir ki, artıq sənayedə qeyri-neft sektorunun inkişafı tam aparıcı mövqeyə yüksəlib. Azərbaycanda sənayenin inkişafı ilə bağlı görülən işləri qiymətləndirsək, bu baxımdan ilk növbədə, sənayedə qeyri-neft sektorunun inkişafı əsas istiqamətlərdən biri kimi qiymətləndirilməlidir. İstər “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyası, istərsə də Prezidentin 2014-cü ili “Sənaye ili” elan etməsini də nəzərə alsaq, əsas hədəf ümum daxili məhsulda qeyri-neft sektorunun payının artırılmasına nail olmaqdır. Azərbaycan hökuməti qeyri-neft sektorunun istər sənayedə, istərsə də ümum daxili məhsulda payının artırılmasına nail olur. 2010-cu ildən sonra neft hasilatında azalma müşahidə edildi. Buna uyğun olaraq neft sektorunda azalma qeydə alındı. Neft sektorunda azalmanın qeydə alınmasına baxmayaraq, qeyri-neft sektorunda müşahidə edilən artım, bütövlükdə iqtisadiyyatda, eləcə də sənaye sektorunda artım tempinin qorunub saxlanmasına imkan verdi. Digər məqam ondan ibarətdir ki, bu gün sənaye sektorunda sənaye strukturunun dəyişdirilməsi ilə bağlı kifayət qədər ciddi layihələr həyata keçirilir. Bu barədə fikirlərini bildirən iqtisadçı ekspert Vüqar Bayramov deyir: “Ölkə Prezidenti bu yaxınlarda sənaye parklarının yaradılması ilə bağlı qərar verdi və bununla bağlı fərman imzalandı. Eyni zamanda, 2014-cü ilin yanvarından etibarən 7 il müddətində texnoparkların vergidən azad edilməsi qərara alındı. Bu da qəti imkan verir ki, texnoparkların, eləcə də sənaye parklarının inkişafı nəzərə alınmaqla, sənaye sektorunun paytaxtdan regionlara transferi mümkün olsun. Ölkə başçısı hər bir rayonda sənaye parklarının yaradılması ilə bağlı göstəriş verdi. Rayonlarda sənaye parklarının yaradılması, hər bir rayonda sənaye potensialının müəyyənləşdirilməsi və bundan istifadə edilməsi baxımından olduqca vacibdir. Bu, imkan verəcək ki, hər bir rayon öz sənaye potensialını ortaya qoysun və inkişaf etdirsin. Hökumətin istər 2014-cü ildə, istərsə də öncəki illərdə həyata keçirdiyi siyasət, daha çox, sənayenin qeyri-neft sektorunun inkişafına ünvanlanıb”.

Sənaye zonalarının yaradılmasında hər rayon və bölgənin spesifikliyinin nəzərə alınması önəmlidir

Qeyd edildiyi kimi, ölkəmizdə sənayenin inkişaf etdirilməsi üçün makro səviyyədə həyata keçirilən prioritet tədbirlər iqtisadi baxımdan strateji məqsədlərə hesablanıb. Məsələn, burada ümdə məsələlərdən biri hökumətin xüsusi iqtisadi zonaların yaradılması prosesini başa çatdırması və xüsusən də regionlara güzəştli şərtlərlə xarici investisiyaların cəlb edilməsidir. Qeyd etdik ki, burada vacib məqamlardan biri ölkədə sənayeləşmənin Bakıdan rayonlara transfer edilməsi və bununla da regionların Azərbaycan iqtisadiyyatında, eləcə də qeyri-neft sektorunun inkişafında rolunun artırılmasıdır. Prezidentin bu barədə tapşırıqlarında da məqsəd budur. Bu baxımdan həm “Sənaye ili”ndəki sənayeləşmə hədəflərinə, həm də Azərbaycanda qeyri-neft sektorunun inkişafının dəstəklənməsi və inkişafı ilə bağlı bu il nəzərdə tutulan proqnozlara nail olunması köklü dəyişiklikləri və iqtisadi modernləşməni şərtləndirmiş olacaq. Regionlara həm daxili, həm də xarici investisiyaların cəlb edilməsinə nail olmaqla, eyni zamanda regionların payının yalnız ölkə iqtisadiyyatında deyil, eyni zamanda məşğulluqda rolunun artırılması baş verəcək. Xüsusilə vurğulamaq yerinə düşər ki, artıq bu barədə gözəl nailiyyətlər əldə olunub. Burada əsas müsbət tendensiya ondan ibarətdir ki, Azərbaycanda son 9 ayda yaradılan iş yerlərinin çox hissəsi regionların payına düşüb. Yeni yaradılan iş yerlərinin sayı baxımından regionlar real üstünlüyü ələ keçirib. Bu da regionların sürətlə sənayeləşməsi ilə bağlı əsas göstəricilərdən biridir. Bu barədə bizə fikirlərini bildirən iqtisadçı millət vəkili Vahid Əhmədov qeyd etdi ki, dövlət sənaye istehsalının artırılması üçün özəl bankların sosial siyasətə töhfələrini daha da gücləndirməyə çalışır. Bunun üçün banklar sənaye istehsalı kreditərinə diqqət artırmalıdırlar. Millət vəkili onu da qeyd etdi ki, son illər ölkədə sənayeləşmə olduqca ön plana çəkilib. Bu isə bir çox müsbət nəticələrə səbəb olub. Ölkə başçısı uzun müddətdir ki, iki vacib məsələnin reallaşmasını qarşıya məqsəd qoyub: ərzaq təhlükəsizliyinin təmin edilməsi və qeyri-neft sektorunun inkişafı. Ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar zəruri tədbirlər davam etdirilir. Sənaye, kənd təsərrüfatı, turizm və insan kapitalının inkişafı isə qeyri-neft sektoru sahəsində əsas götürülüb: “Sənayenin inkişafı ilə əlaqədar bölgələrdə, rayonlarda intensiv tədbirlər həyata keçirilməyə başlanıb. Bu baxımdan dövlətin banklara ayırdığı vəsait də daha çox bu sahələrə yönəldilməlidir”. Hər rayonda sənaye zonalarının yaradılmasında hər rayon və bölgənin spesifikliyinin nəzərə alınması da önəm daşıyır. Millət vəkilinin fikrincə, burada hər rayon üçün yerli xammal və sair amillər nəzərə alınacaq. Onun fikrincə, Azərbaycanda doqquz iqtisadi rayon var. Bu rayonların ixtisaslaşmasına və sənaye bağlılığına uyğun sənaye zonalarını yaratmaq lazımdır. Eyni zamanda, bu çərçivədə aqrar sənayenin inkişafı da çox ciddi məsələdir. Kənd təsərrüfatı məhsullarının kütləvi ixracına da nail olmaq lazımdır. Ümumdünya Ticarət Təşkilatına üzv olmağa hazırlaşırıq. Bu baxımdan məhsullarımızın qablaşdırılmasına, emalına diqqət yetirməliyik. Ona görə də sənayenin bu sahəsinin inkişafı da olduqca aktualdır. İqtisadçı millət vəkilinin fikrincə, məhsullarımızın Avropa bazarında yüksək səviyyədə qəbul olunması üçün ixraca hazırlanma məsələlərində bütün standartlar öz həllini tapmalıdır.

Sənayedə müqayisəli üstünlüyə malik sferaların müəyyənləşdirilməsinə ehtiyac var

Sənaye sektorunu inkişaf etdirən zaman bu sektorda müqayisəli üstünlüyə malik olan sferaların müəyyənləşdirilməsinə ehtiyac var. Müqayisəli üstünlüyə malik olan sferaların müəyyənləşdirilməsinə sənayenin alt sektorlarının ixrac qabiliyyətinin müəyyənləşdirilməsi olduqca vacibdir. Sənayenin alt sektorlarının ixrac qabiliyyətinin müəyyənləşdirilməsi ona görə vacibdir ki, ixrac qabiliyyəti olan sənaye sektorları müəyyənləşdirilməklə, konkret hansı sektorların dövlət tərəfindən dəstəklənməsi müəyyənləşdiriləcək. Həmin sektorlara daha çox dövlət dəstəyinin yönəldilməsinə nail olmaq mümkündür. Bu baxımdan bizim qiymətləndirməmiz göstərir ki, hazırda sənayenin konkret sektorlarının müəyyənləşdirilməsi və sənaye sektorunda konkret olaraq müəyyən istiqasmətlərin dövlət tərəfindən dəstəklənməsinə ehtiyac var. Dövlət tərəfindən dəstəyə ehtiyacı olan və ixrac qabiliyyəti yüksək olan sektorlar müəyyənləşdirilən zaman, bizim üçün bu sektorda daha çox dəstəyə ehtiyacı olan sektor yüngül sənayedir. Vüqar Bayramovun fikrincə, yüngül sənayenin ixrac potensialı yüksəkdir: “Yüngül sənayenin dəstəklənməsi sənayenin Bakıdan regionlara transfer edilməsinə imkan verəcək. Bu da imkan verəcək ki, regionlarda sənayenin sürətlə inkişafı mümkün olsun. Yüngül sənaye sektorunun ixrac potensialının nəzərə alınması ilə bərabər, bu sektorun xammal bazası var. Həmçinin yüngül sənaye sektorunun qonşu ölkələrə ixracı daha asan başa gəlir. Bütün bu kimi amilləri nəzərə alarkən, yüngül sənayenin dövlət tərəfindən daha ciddi dəstəklənməsi məqsədəuyğundur. Həmin sektorun dəstəklənməsi yolu ilə daha çox vəsaitin və gəlirin ölkəyə daxil olmasına nail olmaq mümkündür. Ekspertin fikrincə, dəstəklənməsi vacib olan digər sektor kimya sektorudur. Kimya sektorunun qonşu ölkələrə ixrac imkanları genişdir. Bu sektorun mövcud vəziyyəti imkan verir ki, qonşu ölkələrin bazarlarına çıxsın. Nəticədə ölkəyə bu sektordan da daha çox gəlir gələ bilər.
Bununla yanaşı, Azərbaycanda sənaye istiqamətli ixrac potensiallı sektor kimi, yeyinti sektorunu qeyd etmək olar. Prezident aqroparkların yaradılması ilə bağlı göstəriş verib. Aqrar məhsulların emaledici məhsullar kimi daxili və xarici bazara çıxarılması nəzərdə tutulur. Sənayenin aqrar sektorla inteqrasiyası və aqrar sektorun emaledici istiqamətinin dəstəklənməsi bu kontekstdə əsasdır. Bu sahədə tədbirlər imkan verəcək ki, ölkədə sənaye sektorunun ixrac potensialını artırmaq mümkün olsun. Bundan başqa subsidiya zonalarının yaradılması, güzəştli şərtlərlə investisiyaların ölkəyə cəlb edilməsi də əsasdır. İqtisadiyyat və Sənaye Nazirliyi artıq bununla bağlı tədqiqatlar aparır. Xüsusi iqtisadi zonaların yaradılması, yerli və xarici investisiyaların bu işə cəlb edilməsi olduqca önəmlidir. Ölkədə sənayenin inkişafı üçün hüquqi mühit formalaşıb, hüquqi mühitin daha da təkmilləşdirilməsi prosesi və rəqabətin dəstəklənməsi yolu ilə inkişafa nail olunması olduqca vacibdir. Ekspertlərin fikrincə, regionlarda sənayenin inkişafını təkmilləşdirmək məqsədilə differensial vergi sisteminin tətbiqinə yenidən baxılması kimi tədbirlər də önəmlidir. Xidmətlərin tamam elektronlaşdırılması ilə sənayeyə xarici investisiyaların cəlb edilməsi də atılan əsas addımlardan biri kimi qiymətləndirilməlidir.

İlkin AĞAYEV
Anar MİRİYEV


İqtisadiyyat və Sənaye Nazirliyinin Azərbaycan Mətbuat Şurası ilə birlikdə KİV nümayəndələri arasında keçirdiyi “Azərbaycan sənayesi yeni inkişaf mərhələsində” mövzusunda yaradıcılıq müsabiqəsinə təqdim etmək üçün




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
İsveçrə Azərbaycan iqtisadiyyatına 850 milyon dollardan çox investisiya yerləşdirib
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10496

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info