“Ən böyük arzum xarici ölkələrdən birində diplomat kimi fəaliyyət göstərməkdir”
Tarix: 21.10.2014 | Saat: 19:30:00 | E-mail | Çapa göndər


Fərid Vəzirov: “Universitetdə keçirdiyimiz tədbirlərdə Azərbaycanı layiqincə təmsil edirəm”

Azərbaycanın gənclər siyasətinin bir hissəsi olan xaricdə təhsil alan gənclərə yaradılan şəraitlə bağlı vəziyyət göz önündədir. Əvvəllər barmaqla sayıla biləcək xaricdə təhsil alan gənclərimizin artıq sayı-hesabı yoxdur. Bu rəqəmlərin ilbəil artması isə fərəhli haldır. Dünyanın müxtəlif bölgələrinə səpələnən gənclərimizin yalnız təhsillə kifayətlənməyərək ölkəmizin də təbliğatçılarına çevrilməsi bizə qürur verir. Bu xüsusda Türkiyədə ali təhsil alan gənclərimizin daha aktiv olması isə alqışlanmalıdır. Belə gənclərdən biri Fərid Vəzirovdur. Bu savadlı və aktiv gənclə olan müsahibəni oxuculara təqdim edirik.

- Özünüz barədə məlumat verərdiniz.
- Mən - Vəzirov Fərid 13 noyabr 1993-cü ildə Bakı şəhərində anadan olmuşam. Orta təhsil almaq üçün 1999-cu ildə "Qafqaz" Azərbaycan–Türkiyə Özəl Gimnaziyasına daxil oldum. 2005-ci ildən təhsilimi Bakı Özəl Türk Liseyində davam etdirdim. Daha sonra təhsilimi 2006-cı ildən Bakı şəhəri 219 saylı orta məktəbdə davam etdirdim. 2010-cu ildə həmin məktəbi bitirərək, Türkiyənin Malatya şəhərində yerləşən İnönü Üniversitetinə qəbul oldum. Hazırda həmin universitetin İqtisadi və idari bilimlər fakültəsinin, Siyasət bilimi və Kamu Yönətimi bölümünün 3-cü kurs tələbəsiyəm.
-Yəqin ki, türk liseylərində oxumaq sizdə başqa bir ölkədə- Türkiyədə ali təhsil almağa maraq oyadıb?
-Məktəb vaxtı göstərdiyim aktivlik, istər idman istiqamətində, istər bilik olimpiadalarındakı fəaliyyətim hər zaman müəllimlərimin diqqət mərkəzində olub. Məhz buna görə də məktəbi bitirdiyim il öz istəyim, müəllimlərimin və ailəmin dəstəyi ilə YÖS imtahanına girərək Türkiyədə təhsil haqqını qazandım. Təbii ki, türk liseylərində oxumağım xaricdə təhsilə marağımı daha çox artırmışdı.
-“Türkiyə və Azərbaycan qardaş ölkələrdirlər” deyiminin sübutunu yəqin ki, əyani olaraq görürsünüz...
- Bəli. Haqlısınız ki, oxumaq, bu barədə eşitmək ayrı, gedib öz gözlərinlə sənin millətindən fərqi olmayan, sənə hörmət qoyan və özünə qardaş sayan bir milləti görmək ayrı. Türkiyə və Azərbaycan dostluğu və qardaşlığı barədə dəfələrlə ən yüksək səviyyədə sözlər deyilib və əməldə sübut edilib. Qardaşlıq münasibətləri hər ölkə ilə qurulmur. Burada təmənna güdülmür və ən çətin anda belə, həmin ölkənin yanında olursan. Misallar çox çəkə bilərəm, oxucular da yəqin ki, çox gözəl bilirlər, buna bariz olan misalları, hadisələri. Təbii ki, mən də hər birimizə məlum olan tarixi türk yaxınlığından başqa, qəbul olduğum universitetdə və yaşadığım Malatya şəhərində bunun əyani sübutunu gördüm. İstənilən halda başqa ölkədən gəlmisənsə, hər şey sənə yad görünür. Hər şeyin yad olmasına baxmayaraq, insanların istiqanlı olması universitet müəllimlərimin gülərüzlüyü, türk birliyi mənə bu şəhəri və universiteti doğma etdi. Burada verilən təhsildən əlavə, tələbələr üçün təşkil olunan sosial həyat öz üzərimizdə işləmək üçün uğurlu bir vasitədir.
- Diaspor işlərində necə, fəallıq göstərirsinizmi? Yalnız təhsil almaqla kifayətlənməyin mənfilikləri nədən ibarətdir?
-Haqlısınız. Gənc, enerjili olduğu üçün onun üzərinə böyük işlər düşür və o, öz potensialından müsbət yöndə yararlanmağı bacarmalıdır. O da ki xaricdə təhsil almaq üçün yollar arayıb bu arzusuna çatan gənclər ola. Onların üzərinə daha böyük yük düşür. Belə gənclər başqa ölkələrdə Azərbaycanımızı təmsil edirlər. Bu gün dünyamız tamam fərqli bir dünyadır. Artıq təbliğatlar öz sözünü deyir. Əvvəllər çox şeyi pul və nüfuz həll edirdi. Müasir dünyamızda isə həyatımıza sosiallıq, informasiya bolluğu, daha çox daxil olub. Ona görə də çox şeyi pul deyil, təbliğat həll edir. Sən evində oturub düzgün təbliğat aparmaqla sosial şəbəkələrdə belə çox şey edə bilərsən. Qısası, bu mənada sualınıza cavab olaraq deyə bilərəm ki, yalnız təhsil almaqla kifayətlənmək düzgün deyil. Konkret olaraq özümün fəaliyyətimə gəldikdə isə deyə bilərəm ki, ictimai və diaspor işlərinə 2012-ci ildən başlamışam. Əslində ictimai işlərə marağın səbəbinin məktəbdə bizə aşılanan vətən sevgisinin olduğunu düşünürəm. Ümumiyyətlə, kiçik yaşlarımdan getdiyim xarici ölkələrə hər zaman Azərbaycan bayrağı ilə getmişəm. Çünki bunu özümə borc bilmişəm. Bu istəklərimi genişləndirərək universitetdə aktiv tələbə birliyi yaratmağa qərar verdik. O gündən bir çox layihələrə imza atdıq. Bunlardan misal olaraq "Heydər Əliyev və Azərbaycan gəncliyi", "20 Yanvar", "Xocalı faciəsi", "Azərbaycan gecəsi", "Azərbaycan mədəniyyəti tanıtımı" kimi bir çox tədbirlər, layihələr həyata keçirdiyimizi deyə bilərəm. Hər zaman əlimizdən gələnin ən üst səviyyəsini etməyə çalışıram. Leyla xanım Əliyevanın başlatdığı "Xocalıya Ədalət" kampaniyasına qoşularaq, ətrafımdakı türk tələbələri də cəlb etməyə çalışmışam. Bununla yanaşı universitetin ən böyük təşkilatlarından biri olan Girişimçilik Topluluğunun idarə heyəti üzvü olaraq etdiyimiz tədbirlərdə Azərbaycanı layiqincə təmsil edirəm.
-Türkiyədə xeyli sayda ali təhsil alan gənclərimiz var. Onlar necə, aktivdirlərmi?
-Əlbəttə, burada bir çox aktiv gənclərimiz var. Etdiyimiz bütün tədbir, layihələrdə bir-birimizə dəstək olmağı, Azərbaycanı layiqincə tanıtmağı özümüzə borc bilirik. Əlavə olaraq şəhərdən və ölkədən kənarda oxuyan tələbələrimizlə də əlaqələr saxlayaraq bir-birimizə dəstək oluruq. Dünyanın inkişaf etmiş ölkələrinin, yüksək səviyyəli universitetlərin, institutların imkanlarından Azərbaycanın gələcəyi, dəyərli kadrlar hazırlanması üçün bundan sonra da səmərəli istifadə etməliyik...
-Bəs ümumilikdə Azərbaycan gəncliyinin hazırkı durumunu necə xarakterizə edərdiniz?
- Gəncliyimiz aktivdir. Ən çox da xaricdə təhsil almağa meyil və marağın artması təqdirəlayiqdir. Şübhəsiz ki, bu sahədə dövlət proqramı olmalıdır və var da. Ümummilli lider Heydər Əliyevin də böyük dəyər verdiyi gənclik siyasətinin nəticəsidir ki, Prezidentimiz cənab İlham Əliyev də bu siyasəti davam etdirir. Prezidentin sərəncamı ilə 2007-2015-ci illərdə Azərbaycan gəncliyinin xarici ölkələrdə təhsili üzrə dövlət proqramı Azərbaycandakı uğurlu siyasətin nəticəsidir ki, həmin kadrlar öyrəndiyi, əldə etdiyi məlumatları, qazandıqları təcrübəni vətəndə həyata keçirəcəklər. Yəni inkişaf etməkdə olan Azərbaycan dövlətinin daima gəncləri diqqətdə saxlaması və bu cür proqramları həyata keçirməsi böyük inkişafın, uğurun, uğurlu strategiyanın təməlinin düzgün qoyulmasının göstəricisidir. Ümumiyyətlə, deyim ki, hər zaman xaricə üz tutmamaqda da haqq var. Bizdə neftimizlə, sadəcə neft müqavilələri deyil, hətta gələcəkdə qeyri-neft sektorunun insan kapitalının inkişaf etməsi üçün də istifadə edilir. Bu istiqamətdə aparılan siyasətin hər zaman tərəfdarıyıq.
-Aktiv gənc kimi gələcək planlarınız nələrdən ibarətdir?
-Ümumiyyətlə, həyatım boyu çətin yolları seçib uğur qazanmağı hər zaman üstün tutduğum üçün xaricdə təhsili seçərək bir uğura da imza atdım. Bundan sonrakı həyatımda hər zaman təhsilin yeri olacaq. Planlarımdan biri oxuduğum bölümlərlə əlaqəli olaraq da tam hazırlıqlı bir kadr kimi ölkəmizə dönüb Vətənə borcumu yerinə yetirməkdir. Əbəttə ki, xarici ölkələrdə diaspor işi planımın bir hissəsi kimi qalacaq, amma ən böyük arzum xarici ölkələrdən birində diplomat kimi fəaliyyət göstərməkdir.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info