Xədicə vətəndaş cəmiyyətinə də arxa çevirdi
Tarix: 24.10.2014 | Saat: 01:03:00 | E-mail | Çapa göndər


Onun və onu xaricdən oynadan antiazərbaycan
dairələrin oyunları bu dəfə də keçmədi

Azərbaycan dövlətçiliyinə və milli mənafeyinə qarşı şərləmə kampaniyası aparmaqda motivasiyası getdicə artan ABŞ-ın “Azadlıq” radiosunun Bakı bürosunun təmsilçisi, adı müxtəlif qalmaqallarda hallanan Xədicə İsmayıl bu dəfə də QHT sektoru təmsilçilərinə qarşı təhqiramiz davranışları ilə gündəmin diqqətini cəlb etməyə çalışıb. Belə ki, iki gün öncə İnsan Haqları üzrə İşçi Qrup 6 ildən sonra fəaliyyətini bərpa edib. İşçi Qrup Prezident İlham Əliyevin və Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın təşəbbüsü ilə yenidən fəaliyyətə başlayıb. Bu qrup öncə 2005-2008-ci illərdə fəaliyyət göstərmişdi. Qrupun fəaliyyətinin 2008-ci ildə dayandırılmasına səbəb AŞPA-nın Azərbaycanda siyasi dustaqlar üzrə məruzəçisi Kristofer Ştrasserin pozuculuğu və qərəzli “siyasi məhbus” siyahısı olmuşdu. Ştrasserin siyahısında terrorçular, canilər və separatçılar “siyasi məhbus” kimi göstərilmişdi ki, bu da ifrat və məqsədli qərəzdən xəbər verirdi. Ona görə də vətəndaş cəmiyyəti institutları bu məsələyə iradlarını bildirmişdilər.
İndi isə yenidən bu qrupun fəaliyyətini bərpa etməsi Azərbaycanın cəmiyyətdə insan haqları ilə bağlı məsələlərin araşdırılması və vətəndaş həmrəyliyinin bərpa edilməsinə hazır olduğunu bir daha ortaya qoyur. Məlumat üçün onu da bildirək ki, millət vəkili Səməd Seyidov və Prezident Administrasiyasının şöbə müdiri Fuad Ələsgərov İşçi Qrupun həmsədri seçilib. Qurumun 3 nəfərlik katibliyi də yaradılıb. Katiblikdə hüquq müdafiəçisi Səadət Bənənyarlı da təmsil olunur. Katibliyin başçısı Sahib Məmmədovdur. Bir sözlə, İşçi Qrupda hökumətyönlü QHT-çilərlə yanaşı müstəqil mövqeyi ilə tanınan Arzu Abdullayeva, Mirvari Qəhrəmanlı, Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənanyarlı, Çingiz Qənizadə, Sahib Məmmədov var.
Qeyd edək ki, Xədicə İsmayılın da İşçi Qrupda təmsilçiliyi təşəbbüsü Avropa Şurası baş katibindən gəlibmiş. Ancaq Xədicə İsmayıl “Facebook” sosial şəbəkəsindəki statusunda İşçi Qrupunun üzvləri olan vətəndaş cəmiyyəti təmsilçiləri haqqında kəskin tənqid və təhqirlər yazıb, onlara qarşı açıq-aşkar şərləmə kampaniyası aparıb. Onun bu barədə yazdığı təhqiramiz status İşçi Qrupun fəaliyyətini bərpa etməsi barədə toplantıda da tam səsləndirilib. Özləri barədə şər-böhtan və iftiralarla qarşılaşan vətəndaş cəmiyyəti təmsilçiləri isə bildiriblər ki, Xədicə İsmayıl açıq-aşkar onları təhqir edib. Onlar bu cür təhqirlərdən sonra, həmin şəxslə eyni masanı bölüşmək istəmədiklərini bildiriblər. Buna görə də Xədicə İsmayılın İşçi Qrupda təmsilçiliyi məsələsinə xitam verilib.

Beynəlxalq təşkilatların təmsilçiləri də
Xədicənin hərəkətlərindən
təəssüfləndiklərini bildirir


Qeyd edək ki, X.İsmayılın vətəndaş cəmiyyəti təmsilçilərinə qarşı bu cür “reketliyi” beynəlxalq təşkilat təmsilçilərinin də bu adama qarşı mənfi münasibət bildirməsinə səbəb olub. AŞPA prezidentinin nümayəndəsi Aleksandr Gess bildirib ki, Xədicə İsmayılın bu davranışından təəssüflənir.
Millət vəkili Azay Quliyev isə deyib ki, təəssüflər ki, Xədicə İsmayıl bütövlükdə vətəndaş cəmiyyətini özünün əsassız ittihamları ilə aşağılamağa çalışdı və İnsan Hüquqları üzrə İşçi Qrupa QHT sektorundan üzv olan şəxslərə etimadı olmadığını göstərdi: “Xoş məramla yaradılan belə bir platformaya, Azərbaycanda vətəndaş cəmiyyəti institutlarını narahat edən məsələlərin həllinə yönəlmiş bir təşəbbüsə kölgə salmağa cəhd etdi, hətta onun baş tutmaması üçün müxtəlif bəyanatlar da səsləndirdi. Mən bu cür davranışı qəbul edilməz və yersiz hesab edirəm".
A.Quliyev qeyd edib ki, İnsan Hüquqları üzrə Qrupun vətəndaş cəmiyyətindən olan nümayəndələri X.İsmayılın bu hərəkətinə kəskin reaksiya verdilər, onu pislədilər: "Xədicə İsmayılın bu hərəkəti vətəndaş cəmiyyəti anlayışına, siyasi mədəniyyət anlayışına, dialoq anlayışına, tolerantlıq anlayışına tamamilə ziddir. Xədicə İsmayılın bu cür qərəzli mövqeyi AŞ-nin departament rəhbəri tərəfindən də bəyənilmədi və təəssüf hissi doğurdu".
A.Quliyev hesab edir ki, X.İsmayılın heç bir haqqı yoxdur ki, vətəndaş cəmiyyəti təmsilçilərinə belə bir yanaşma sərgiləsin, onlara qarşı bu cür hərəkətlərə yol versin: “Xədicə İsmayılın hərəkətlərindən belə nəticəyə gəlmək olar ki, o bu qrupun fəaliyyətinin bərpasından və orada təmsil olunan şəxslərin köməkliyi ilə vətəndaş cəmiyyətini qayğılandıran məsələlərin həll olunma perspektivindən çox narahatdır. Hətta Xədicə İsmayıl Avropa İttifaqının komissarları Ketrin Eşton və Ştefan Fülenin Prezident İlham Əliyevin imzaladığı əfv fərmanına göstərdiyi müsbət reaksiyanı da həzm edə bilmədi, onları da aşağılamaqdan çəkinmədi. Görünür, dövlətimizin son günlər qəbul etdiyi mühüm qərarlar, xüsusilə qrupun yenidən fəaliyyət göstərməsi insan hüquqlarından və məhbus məsələsindən Azərbaycana qarşı təzyiq kimi istifadə edənlərin və bu məsələlərdən bir növ şəxsi maraqları naminə faydalananların işinə yaramadı və planlarını alt-üst etdi. Ona görə də Xədicə İsmayıl və onun arxasında duran qüvvələrin belə pozucu fəaliyyətini və qərəzli davranışını anlamaq çətin deyil”.

Xədicə İsmayıl
yenə də öz ampluasındadır


Göründüyü kimi, X.İsmayıl yenə də öz ampluasındadır. Bu adam bütün imkanlardan yararlanaraq, fürsət düşdükcə, Azərbaycan dövlətində gedən prosesləri, nailiyyətləri mənfi tonda və qara rəngdə təqdim etməyə çalışır. Onun bu davranışları isə həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayanan antiazərbaycan dairələri və erməni mövqeləri ilə üst-üstə düşüb və düşür. Məsələn, az öncə ATƏT-in Varşavada təşkil olunan tədbirində “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayıl azərbaycanlı hüquq müdafiəçisinin çıxışı zamanı erməni həmkarlarını onu boykot etməyə çağıraraq, ermənilərlə birgə azərbaycanlı hüquq müdafiəçisinə arxa çevirmişdi. Bu, sırf ermənilərlə həmfikirlilik nümunəsi, hətta “Roma papasından daha çox katolik” olmaqla, erməniliyin başında dayanmaq klassikasından xəbər verir. Bu, həm də Azərbaycanı, onun xaricdə təmsilçiliyini, dövlətçilik rəmzlərini aşağılamaq və erməni işğalına haqq qazandırmaq anlamına gəlir.Həmçinin, X.İsmayılın “Eurovision” və ölkədə aparılan digər kampaniyalar, seçkilər zamanı da həmişə bu antiazərbaycan mövqeyinə sadiq olması yəqin ki, ölkə ictimaiyyətinin yadındadır. İndi də bu adam insan haqları ilə bağlı yaradılan qrupla bağlı müsbət proseslərin, beynəlxalq təşkilatlarda buna göstərilən müsbət münasibətin və rəylərin xiffətini çəkir. Çünki bu sahə ilə bağlı proseslər yenə də onun istədiyi kimi getməyib. Buna görə də o, əvəzini yenə də şuluq salmaqla, qeyri-etik davranışlarla və vətəndaş cəmiyyəti təmsilçilərini təhqir etməklə çıxmağa, bununla ajiotaj yaratmağa, nəyin bahasına olursa-olsun, prosesə mənfi rəng qatmağa çalışıb. İş o yerə gətirib ki, İşçi Qrupda təmsil olunan heç bir müxalifyönlü və ya müstəqil hüquq müdafiəçisi belə, Xədicə kimi bir şəxslə bir masa arxasında oturmaq istəməyib. Bu isə əslində siyasi mövqeyindən asılı olmayaraq, sözügedən şəxsi tanıyan ictimaiyyət nümayəndələrində ona qarşı ikrah hissi olduğunu ortaya qoymuş olur. Yeri düşmüşkən, “Azadlıq” radiosunda bir müddət təcrübə keçmiş iki gənc jurnalistin etirafını bu arada xatırladaq. Hətta həmin gənclər belə, həmkar kimi söhbətimiz zamanı bildirirdilər ki, Xədicə, həmin radioda ən dözülməz, haray-həşirçi, yeni gələnləri gözü götürməyən, onlara badalaq gələn, cığal insandır. İndi İşçi Qrupla bağlı Xədicənin cığallıqları onun gənc jurnalistlərə qarşı cığallıqlarını xatırlatdı ki, bu da həmin şəxsin mənəvi-psixoloji “keyfiyyətlərini” bir daha büruzə verir...
Amma Xədicənin bu cığallığından fərqli olaraq beynəlxalq təmsilçilər İşçi Qrupla bağlı prosesləri müsbət dəyərləndirirlər. Məsələn, yuxarıda adı çəkilən Aleksandr Gess Azərbaycanda insan haqlarının müdafiəsilə bağlı prosesin irəliləməsindən məmnunluğunu bildirib: “Bu, gerçəkdən unikal mexanizmdir. Ümid edirəm ki, birgə səylərlə durum müsbətə doğru dəyişəcək”. Həmçinin, Avropa Şurasının baş katibi Torbörn Yaqland Azərbaycanda insan hüquqları ilə bağlı qərarları müsbət dəyərləndirib. O, Avropa Şurasının saytında Azərbaycanda insan hüquqları üzrə işçi qrupun oktyabrın 22-də Bakıda keçirilən ilk iclasını ölkədə insan haqları ilə bağlı vəziyyətin yaxşılaşdırılması istiqamətində bir addım adlandırıb. T.Yaqland Azərbaycan hökumətinin əfv sərəncamını da alqışlayıb.
Bütün bu rəylər isə X.İsmayılın və onu xaricdən oynadan antiazərbaycan dairələrin oyunlarının bu dəfə də keçmədiyini açıq göstərir.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info