Hikmət Cavadov: “Azərbaycanla Ukrayna arasında kifayət qədər isti münasibətlər var”
Tarix: 27.10.2014 | Saat: 15:54:00 | E-mail | Çapa göndər


“Leyla xanım Əliyeva Londonda səfərdə olarkən bizim kitabı Azərbaycan səfirliyində görüb bəyənmişdi. Sonra çapına da hərtərəfli dəstək verdi”

“Mitinqdə çıxış edəndən sonra maşınımı yandırdılar...”



Kiyevdə səfərdə olan Jurnalistlərin “Qarabağ”a Dəstək Qrupunun üzvləri Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadovla görüşüblər. Görüşdə Ukrayna-Azərbaycan münasibətləri, soydaşlarımızın Ukrayna cəmiyyətinə inteqrasiyası, onların problemlərinin həlli istiqamətində görülən işlər və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, jurnalistlərin Kiyevə səfəri “Azərsun” brendi olan “Azərçay” və “Akkord” Sənaye Tikinti İnvestisiya Korporasiyası tərəfindən dəstəklənib.

Nicat Dağlar (“Azərfaks” Xəbər Portalının baş redaktoru): Müşahidələr göstərir ki, azərbaycanlıların əsas problemlərindən biri yaşadıqları ölkədən asılı olmayaraq bir araya gəlib vahid mövqedən çıxış etməməsidir. Bu Avropada da belədir, Rusiya və Ukraynada da. Sizcə bunun səbəbləri nədir?
Hikmət Cavadov: Çox aktual sualdır. Bildiyiniz kimi, dünyada Azərbaycan diasporu yenicə formalaşmağa başlayıb. Konkret Ukraynanı götürdükdə, burda 1918-ci ildən - ADR-in dövründən diaspora fəaliyyətilə məşğul olunub. Konkret real fəaliyyətə gəldikdə isə burada yaşayan azərbaycanlılar əsasən Sovetlər Birliyi dağılandan sonra təşkilatlanmağa başlayıblar. Lakin 90-cı illərə qədər burada yaşayanlarla ondan sonra gələn insanlar arasında fikir müxtəlifliyi yaranıb. Əfsuslar olsun ki, bu səbəbdən indiyə kimi Ukraynada azərbaycanlıların monolit təşkilat olmayıb. Burada mənə görə iki yanaşma var. Biri ondan ibarətdir ki, diaspora təşkilatının mövcudluğunu imitasiya üçün elan ediblər. Bu, sadəcə ictimaiyyət və mətbuat üçün edilib. Ukrayna Azərbaycanlıları Konqresinin Nizamnaməsində bir sıra çatışmazlıqlar var idi. Məsələn, qeyd olunurdu ki, 7 il burada yaşayan hər bir Ukrayna vətəndaşı “Azərbaycan” adı ilə ictimai təşkilat yarada bilər: bu İvan da ola bilər, Məmməd də. Təbii ki, bu, Ukrayna qanunvericiliyinə zidd idi.
Biz isə heç bir imitasiya ilə məşğul olmayan və ortalığa konkret məhsul qoyan təşkilat yaratdıq. İndiki şəraitdə bizim apardığımız fəaliyyət Ukrayna qanunvericiliyinə əsaslanır, həm burda yaşayan azərbaycanlıların, həm də Ukrayna vətəndaşlarının maraqlarına xidmət edir. Fikrimcə, təşkilatın ştatlı işçiləri olmalı, burada yaşayan azərbaycanlıların hüquqlarını peşəkar şəkildə qorumağı bacarmalı, KİV orqanları fəaliyyət göstərməlidir. Bir sözlə, təşkilatın ofisi burada yaşayan azərbaycanlıların evi olmalıdır, istənilən vaxt bura zəng edəndə dəstəyi kimsə qaldırıb ona cavab verməlidir, bura gələndə ofisin qapısında qıfıl görməməlidir.
Ceyhun Musaoğlu (Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun mətbuat katibi): Əlbəttə, monolit diaspor təşkilatı üçün sadaladığınız komponentlər mütləqdir. Hiss olunur ki, ofisiniz hərtərəfli təminatlıdır. Ofisdə daha hansı yeniliklər etməyi düşünürsünüz?
Hikmət Cavadov: Fəaliyyətimizi genişləndirdiyimiz üçün ofisi də böyütmüşük. Gördüyünüz kimi, yeni ofis lazımi texniki avadanlıqlarla təmin olunub. İstirahət günləri istisna olmaqla burada davamlı olaraq ştatlı işçilər fəaliyyət göstərir.
Yeni ofislə bağlı digər planımız isə binanın qarşısında Ukrayna, Azərbaycan və təşkilatımızın bayrağının dalğalanmasına nail olmaqdır. Bu barədə Xarici İşlər Nazirliyi vasitəsi ilə icazə almağa çalışacağıq. Bütün işlərimizi isə yəqin ki, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününə qədər tamamlayacağıq.
Nicat Hüseyn Dağlar: Hər bir diaspor təşkilatının fəaliyyət qayəsi təmsil etdiyi dövlətin siyasətini təbliğ etmək, onun maraqlarına xidmət göstərməkdir. Siz bu işi necə qurursunuz?
Hikmət Cavadov: Biz Azərbaycan dövlətinin apardığı siyasətə uyğun layihələr həyata keçiririk. Amma məsələnin digər tərəfi də var ki, Ukrayna cəmiyyəti demokratik bir cəmiyyətdir. Onlar biləndə ki, burda qeydiyyatdan keçib fəaliyyət göstərən hər hansısa diaspor təşkilatı Azərbaycanın diqtəsi ilə hərəkət edir, bu təşkilatın Ukrayna cəmiyyəti üçün heç bir faydası yoxdur, o halda həmin təşkilatın inkişaf etməsi çətinləşir, təsir imkanları zəifləyir. Məsələn, Yanukoviç prezident seçilən ərəfədə bəzi azərbaycanlılar burada belə bir fikir səsləndirdi ki, Ukraynada 500 min azərbaycanlı var və onlar Yanukoviçə səs verəcəklər...
Ceyun Musaoğlu: Bu barədə bəyanat vermişdilər?
Hikmət Cavadov: Xeyr, Yanukoviçin iştirakı ilə keçirilən mitinqdə çıxışçılardan biri demişdi. Bu məsələni burada yaşayan ermənilər və hətta bəzi ukraynalılar bizə qarşı istifadə etdilər. Bildirdilər ki, necə ola bilər ki, 500 min azərbaycanlıların hamısı Yanukoviçə səs versin? İş o yerə gəlib çatdı ki, onlar diaspora təşkilatlarını agent kimi qələmə verirdilər. Bu məsələ bir il buradakı müxtəlif dairələrdə müzakirə olundu.
Bütün bunların qarşısını almaq üçün Ukrayna cəmiyyətinin içinə daxil olduq, onların görmək istədikləri layihələrə diqqət ayırdıq. Məsələn, bir işə başlayanda ilk növbədə Ukrayna cəmiyyətinin, daha sonra isə Azərbaycanın həmin işə necə reaksiya verəcəyini fikirləşirik. Bizim səhv etmək ehtimalımız olsa da belə, Azərbaycan üçün çalışırıq. Azərbaycanda da bilirlər ki, biz ölkəmizə qarşı heç bir cəhddə yer almarıq. Amma Ukrayna cəmiyyəti bu səhvləri bağışlamır, onların dövlətçiliyinə qəsd kimi başa düşür.
Niyaz Niftiyev (“Azadinform” İA-nin Baş redaktoru): Amma siz də Maydan hadisələri zamanı tribunaya çıxıb bəyanat verdiniz. Sizin hərəkətinizlə Yanukoviçin mitinqində çıxış edib “500 min azərbaycanlı Yanukoviçə səs verəcək” deyənlərin hərəkətləri arasında oxşarlıq gördük. Hadisələrin sonrakı inkişafı tamam başqa cür də cərəyan edə bilərdi.
Hikmət Cavadov: Bəli, hadisələrin qızğın vaxtında - noyabr ayında mən mitinqdə bəyanatla çıxış etdim. Sonra mənim maşınımı yandırdılar. Mitinqə çıxmamışdan əvvəl biz müzakirələr apardıq və bəyanatın formasını müzakirə etdik. Biz konkret şəxsi müdafiə etmədik. Sadəcə biz də əksər ukraynalılar kimi avrointeqrasiyaya tərəfdar olduğumuzu bəyan etdik. Bəyanatın mahiyyəti bu idi: biz həm də Ukrayna cəmiyyətinin üzvləri olaraq bu ölkənin Avropaya inteqrasiyasının tərəfdarıyıq, bu prosesin dayandırılmasına qarşıyıq. Hətta bildirdim ki, bunun qarşısını almaq Ukraynaya vurulan zərbədir. Biz məhz bu məsələlərdə Maydanda olan siyasi qüvvələrin tərəfində olduğumuzu bəyan etdik. Heç kimə əlavə şans vermədik ki, Azərbaycan diasporunun prezidentə qarşı çıxdığını desin. Hətta həmin ərəfədə 8 ölkədə onlayn forum keçirilirdi. Ukraynada da bizim ofisdə texniki avadanlıqlar quraşdırılmışdı, mən bəyan etdim ki, bizim atdığımız dəqiq addımlar həm Azərbaycana, həm də burada yaşayan azərbaycanlılara xeyr verə bilər. Sonrakı proseslər bizim haqlı olduğumuzu göstərdi.
Niyaz Niftiyev: Bütün hallarda mövqe nümayiş etdirdiniz...
Hikmət Cavadov: Bilirsiniz, Ukraynada yaşayan qırğızlardan, taciklərdən və digər milli azlıqlardan, etnik qruplardan fərqli olaraq bizim böyük diaspor təşkilatımız var və belə olan halda bizim mövqeyimiz də olmalıdır ki, gələcəkdə azərbaycanlıları hansısa siyasi blokların və yaxud da partiyaların siyahısında parlamentə namizədliklərini verə bilək və s. Parlament seçkilərində azərbaycanlı namizəd olmasa da seçkidə iştirak edən “Udar” Partiyası və onun lideri Vitali Kliçko ilə çox yaxşı münasibətlərimiz var. Bizim mövqeyimiz Kliçko və onun fraksiyasında olan deputatlar tərəfindən də müsbət qarşılandı.
Elçin Zahiroğlu (“Aznyus.az” Xəbər Portalının Baş redaktoru): Mənim üçün maraqlıdır, bu hadisələr zamanı ermənilərin mövqeyi nədən ibarət idi. Sizin mövqeyinizlə toqquşmurdu ki?
Hikmət Cavadov: Əlbəttə, toqquşurdu. Biz bu barədə də Ukrayna cəmiyyətində müəyyən işlər apardıq, ermənilərin hansı mövqedə durduğunu bildirdik. “Sayuz Armyan Ukrayna”nın sədri Yanukoviçin oğlu ilə dost idi və sözün əsl mənasında burda at oynadırdılar. Eyni zamanda, ermənilərin Krım məsələsində mövqeyi Ukrayna cəmiyyəti tərəfindən xoş qarşılanmadı. Amma azərbaycanlıların mövqeyi fərqli idi. Bu məsələdə bizi sevindirən digər mühüm fakt isə Cənab Prezident İlham Əliyevin Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi oldu. Bu kimi faktlardan sonra, xüsusən də son bir ildə Azərbaycana və burada yaşayan soydaşlarımıza qarşı münasibət yaxşı mənada dəyişib.
Elçin Zahiroğlu: Ukraynanın ərazi bütövlüyünü Azərbaycan mətbuatı da dəstəklədi, elə bir KİV orqanı yox idi ki, bu məsələdə Ukraynanı dəstəkləməsin...
Hikmət Cavadov: Sizinlə razıyam. Biz də bu barədə Ukrayna cəmiyyətində, xüsusilə siyasi dairələr və jurnalistlər arasında iş apardıq ki, onlar da Dağlıq Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini müdafiə etsinlər. Bildiyiniz kimi, Krımın işğalı Dağlıq Qarabağın işğal ssenarisi ilə təxminən üst-üstə düşür. Bu hadisələrdən sonra ukraynalılar bizi daha yaxşı başa düşür.
Ceyhun Musaoğlu: Azərbaycanın dərdini, xüsusən də ölkəmizə qarşı aparılan soyqırımı siyasətini hər bir ukraynalı bilməlidir. Onu da Ukrayna siyasi elitasına və hakimiyyətinə yaxın olan siyasətçilər və media orqanları çatdırmalıdır. Siz Ukrayna cəmiyyətində elə nüfuz sahibi olmalısınız ki, burdakı ictimai mühit sizi həm də Ukraynaya çalışan təşkilat kimi tanısın. Siz buna məcbursunuz, çünki bu ölkədə yaşayıb, fəaliyyət göstərirsiniz. Məsələn, biz bura gələndə “Ukraynanı dəstəkləyirik...” məzmunlu şüar yazılmış plakat qaldırmaq istəyirdik. Lakin məsələnin siyasi tərəfi olduğu üçün buna getmədik...
Hikmət Cavadov: Əlbəttə, Azərbaycandan gələn hər hansı bir azarkeş qrupu stadionda siz dediyiniz şüarla çıxış etsə, bunu birbaşa Azərbaycanla bağlayacaqlar. Amma bizim təşkilat yaxşı mənada Azərbaycan üçün bir alətdir. Futboldan söz düşmüşkən, məsələn, bizim təşkilat da “Qarabağ”ı dəstəkləmək üçün plakatlar hazırladı. Sabah kimsə bu şüarı siyasiləşdirərlərsə, şüarın Azərbaycan deyil, Ukraynada qeydiyyatda olan təşkilat tərəfindən səsləndirildiyi cavabını alacaqlar. Yəni məsuliyyətin konkretin ünvanı var, o da bizik. Burada Azərbaycan hakimiyyətinin heç bir məsuliyyəti yoxdur.
Nicat Hüseyn Dağlar: Ümumiyyətlə, diaspor təşkilatının işi çox ağırdır. Onların fəaliyyəti ölkədə yaşayan azərbaycanlıların problemlərinin və digər məişət qayğılarının həlli ilə məhdudlaşmamalıdır. Onlar eyni zamanda öz dövlətlərinin maraqlarının təmin olunmasına çalışmalı, ölkələr arasında münasibətlərin daha da inkişaf etməsinə səy göstərməlidirlər...
Hikmət Cavadov: Sizinlə razıyam. Lakin hədəfə çatmaq üçün ədalətsizlik etmək də düzgün deyil. Biz fəaliyyətimizi bu prinsiplər əsasında qururuq. Bu gün Azərbaycanla Ukrayna arasında kifayət qədər isti münasibətlər var. Biz diaspor təşkilatı olaraq bu münasibətlərin hər iki dövlətin və xalqların mənafeyinə uyğun daha da güclənməsinə töhfə verməyə çalışırıq. Hər hansı ciddi siyasi addım atanda bu barədə müvafiq orqanlarla məsləhətləşir, Azərbaycanın mövqeyini nəzərə alırıq.
Nicat Hüseyn Dağlar: MDB ölkələrinin bir çoxunda, məsələn Rusiyada oliqarx azərbaycanlılar var. Ukraynada necə, belə insanlar varmı, əgər varsa niyə üzdə deyillər?
Hikmət Cavadov: Burda da var, sadəcə diaspora inananı yoxdur. Kiyevdə ən tanınmış ticarət mərkəzini tikən azərbaycanlı iş adamı Vaqif Əliyevdir. O, Ukraynanın öndə gedən oliqarxlarından biridir. Biz əminik ki, diaspor fəaliyyətimiz qaydasına düşəndən sonra o da bu prosesə qoşulacaq.
Digər imkanlı azərbaycanlılar da var, onlar da zamanında bu işdə olub, amma müəyyən səbəblərdən sonradan geri çəkiliblər. Hətta bəziləri var ki, özləri müraciət edir, nə kömək lazım olduğunu soruşurlar. Onların bir çoxu bu kimi məsələlərdə adının gizli qalmasını istəyir. Bunun da əsas səbəbi, yuxarıda qeyd etdiyim kimi, daha qlobal mənada birləşməməkdir.
Niyaz Niftiyev: Bu parçalanma fonunda sizin təşkilatın ətrafında toplaşan azərbaycanlıların sayı nə qədərdir və bunların tərkibi daha çox kimlərdən ibarətdir?
Hikmət Cavadov: Ümumiyyətlə Ukraynada yaşayan azərbaycanlıların sayı barədə konkret rəqəm söyləmək çətindir. Problem ondadır ki, soydaşlarımızın çoxu qeydiyyata düşmür. Bu da Ukrayna ilə viza rejiminin olmaması ilə bağlıdır, ən pis halda 3 aydan sonra 65 ABŞ dolları xərc çəkməklə Belarusa gedib-qayıdırlar və ölkəyə giriş tarixini yeniləyirlər. Bu baxımdan, qeydiyyat soydaşlarımız üçün prioritet deyil. Bu isə onların dəqiq sayın müəyyənləşdirməkdə çətinliklər yaradır. İkinci bir problem də soydaşlarımızın vətəndaşlıq almaq istəməməsidir. Hər iki ölkənin Konstitutsiyası ilə ikili vətəndaşlıq mümkün deyil.
Təşkilatımızın tərkibinə gəldikdə isə əlbəttə, müxtəlifdir, burada alimlər, tələbələr, iş adamları, jurnalistlər və digər təbəqənin nümayəndələri var. Amma biz bu məsələdə də kəmiyyətə deyil, keyfiyyətə üstünlük veririk. Bəzən elə olur ki, yüz nəfərin görə bilməyəcəyi işi 2-3 nəfər çox qısa müddətdə və çox peşəkarcasına görə bilir. Məsələn, Dnepetropovskda 45 min azərbaycanlı yaşayır, onlardan 160 nəfəri bizim təşkilatın üzvüdür. Onlar diaspor fəaliyyətini bütünlüklə dərk edən, bu işə can yandıran insanlardır. Bizə lazım olanda onların hər biri yanında əlavə 10-15 nəfər də gətirə bilir.
Adətən toplantılarımıza 120-130 nəfəri dəvət edirik, çalışırıq ki, bu insanlar bizim fəaliyyətimizin fəlsəfəsini dərk edə bilsinlər. Hər dəfə də 20-30 yeni adam çağırırıq ki, onlar da nə işlə məşğul olduğumuzu bilsinlər, yəni tərkib hər zaman eyni olmasın.
Ceyhun Musaoğlu: Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu daha hansı yeniliklərə imza atmaq niyyətindədir. Hansı ki, o layihələr bilavasitə soydaşlarımıza ünvanlanacaq.
Hikmət Cavadov: Bizim Ukraynada əsas layihələrimizdən biri Azərbaycan dili və mədəniyyətinin təbliğidir. Bu layihənin də məqsədi Ukraynada yaşayan ailələrdə böyüyən gənclərin assimlasiyaya uğramasının qarşısını almaqdır. Bəzən atası azərbaycanlı, anası ukraynalı olan ailələrdə bu kimi hallar yaşanır. Bu layihə hörmətli səfirimiz Eynulla Mədətlinin təyinatından sonra daha da aktual olub. Cənab səfirin Azərbaycan dilinin, tarixinin, mədəniyyətinin təbliğ olunması istiqamətində atdığı addımlar bizə böyük stimul verir. Diaspor məktəbləri üçün Azərbaycan dili ilə bağlı kitab nəşr etmişik. Kitab çap olunandan sonra səfir Eynulla Mədətli onun 40 ədədini poçt vasitəsi ilə digər diplomatik nümayəndəliklərimizə göndərdi. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva Londonda səfərdə olarkən bu kitabı Azərbaycan səfirliyində görmüş və bəyənmişdi. Hətta bildirdilər ki, bu layihəni daha da geniş formada davam etdirmək istəsəniz maliyyə tərəfini biz həll edərik. Sonra biz bu layihəni Leyla xanımın hərtərəfli dəstəyi ilə daha da genişləndirərək nəfis tərtibatda çapına nail olduq. Hazırda kitabın növbəti – daha yeni formada çapına hazırlaşırıq.
Digər layihələrimizdən biri Ukraynanın bütün ali məktəblərində “Azərbaycan otağı”nın açılmasıdır. Artıq sentyabrdan bu işə başlamışıq. Taras Şevçenko adına Universitetin Tarix fakültəsində Sovet dövrünün arxivlərini açdırdıq və oradakı fotoları rəssamlara dəyəri tərəfimizdən ödənilməklə yenidən çəkdirdik. Çəkilən bu şəkillər universitetin qalereyasında nümayiş olunur.
Növbəti 3 universitetdə “Azərbaycan otağın”ın açılması üçün danışıqlar aparırıq.
Təşkilatımızın tərkibində Alimlər Şurası fəaliyyət göstərir. Yaxın zamanlarda onların Forumunu keçirəcəyik. Onların sayı 45-dən çoxdur. Düşünürük ki, onlar bizim diasporun Beyin Mərkəzi olsun. Cənab səfir də bu məsələdə bizi dəstəkləyir.
Bundan başqa, Türk Dilli Xalqların Birliyinin yaradılmasına yaxından iştirak etmişik. Məqsəd ondan ibarətdir ki, gələcək fəaliyyətimizdə bu qurumların səsindən də istifadə edək.
Niyaz Niftiyev: Sizin təşkilatın Ukraynada həm də bir neçə çap orqanı var. Bunların işi konkret nədən ibarətdir?
Hikmət Cavadov: Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun burada ümumilikdə 4 çap orqanı var. Bunlardan ikisi “Slova Azerbaycana” və “Qolos Azerbaycana” qəzetləri Kiyevdə fəaliyyət göstərir. Eyni zamanda, Dnepetropovskda “Oqni Azerbaycana” və Nikolayevo şəhərində “Vestnik Azerbaycan” adlı əlavə iki qəzetimiz nəşr olunur. Bu KİV orqanları həm Azərbaycan, həm də rus dilində işıq üzü görür. Çap olunan bütün qəzetlərimiz pulsuz paylanır. Eyni zamanda, poçt vasitəsi ilə Azərbaycanın müxtəlif dövlət orqanlarına göndərilir.
Ümumiyyətlə, KİV-lə bağlı işimizi quran zaman belə nəticəyə gəldik ki, bizim çap orqanları və internet resurslarla fəaliyyətimiz, eləcə də çap olunan məqalələr yerli ictimaiyyət tərəfindən birtərəfli mövqe kimi qəbul olunur. Məsələn, haqlı olaraq düşünürlər ki, Azərbaycanın dünya ölkələri ilə münasibətləri, xüsusən də Dağlıq Qarabağla bağlı siyasəti barədə yazılarda Ukraynadakı Azərbaycan diasporu öz ölkəsinin mövqeyindən çıxış edəcək. Əlbəttə bu cür düşünmək təbiidir. Bütün bu fikirləri özümüzdən uzaqlaşdırmaq üçün Azərbaycanla bağlı olmayan KİV orqanı təsis etdik. Ad məsələsində əlbəttə Azərbaycan təcrübəsindən yararlandıq. Yeni şirkətin və xəbər agentliyinin adı “Ukrayna Nyu Servis” adlanır.
Media layihələrimizə rəhbərlik edən Elmar Məlikovun belə bir ideyası oldu ki, baş verən prosesləri hər ölkənin KİV-ləri müxtəlif cür təqdim edir. Amma biz bu işi fərqli şəkildə görmək niyyətindəyik. Belə ki, gördüyünüz bu monitorlar vasitəsi ilə dünyada və Ukraynadakı digər KİV-lərin ictimai-siyasi proseslərlə bağlı fikirlərini analiz edəcəyik. Hər monitorun qarşısında bir ukraynalı jurnalist əyləşəcək və təbii ki, bu işi də onlar görəcək.
Həmçinin eyni adlı Xəbər Agentliyi də fəaliyyət göstərəcək. Xəbər Agentliyi də eyni ilə yuxarıda sadaladığımız missiyanı həyata keçirəcək və burada çalışan jurnalistlərin hamısı ukraynalı olacaq.
Azərbaycanla gəldikdə, ölkəmizlə bağlı daha ciddi və xüsusi əhəmiyyətə malik xəbərləri verəcəyik. Yəni hər gün deyil, yalnız zəruri hallarda. Əlbəttə ki, Azərbaycanın haqq işini müdafiə etmək şərti ilə. Çalışacağıq ki, Ukrayna oxucusu və dinləyicisi tərəf tutduğumuzu hiss etməsin. Demək xoş olmasa da bu təcrübədən ermənilər də istifadə edir. Onlar hətta Azərbaycanla bağlı bəzi xəbərləri elə peşəkarcasına hazırlayırlar ki, burada tərəf hiss etmək çox çətin olur.
Elçin Zahiroğlu: Sizin təşkilatın “Diaspor TV” internet kanalının da fəaliyyətə başlayacağını bildirirlər. Bu işlər nə yerdədir?
Hikmət Cavadov: Bəli, burada əsas fəaliyyətimiz həm də “Diaspor TV” ilə bağlıdır. Artıq gördüyünüz kimi studiya hazırdır, test yayımı aparırıq. Bəzi texniki avadanlıqları sifariş etmişik, onlar da alındıqdan və quraşdırıldıqdan sonra fəaliyyətə başlayacağıq. “Diaspor TV”nin fəaliyyəti zəngin olacaq. Biz bu fəaliyyətimizlə Ukrayna və Azərbaycan cəmiyyətlərinə böyük fayda verəcəyimizi düşünürük.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10142

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info