Elman Mehdiyev: “Pensiyaların orta aylıq məbləği pensiyaçılar üçün yoxsulluq həddini 1,7 dəfə üstələyir”
Tarix: 27.10.2014 | Saat: 16:17:00 | E-mail | Çapa göndər


Dövlət Sosial Müdafiə Fondunda (DSMF) Beynəlxalq Valyuta Fondunun (BVF) ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüş keçirilib. Raca Almarzoginin rəhbərlik etdiyi BVF nümayəndə heyəti ilə görüşdə Azərbaycanın sığorta-pensiya sistemi ilə bağlı fiskal məsələlər, DSMF-nin 2014-cü il üçün büdcəsinin icrası və 2015-ci il üzrə proqnozlarla bağlı müzakirələr aparılıb. DSMF-nin sədri Elman Mehdiyev ötən dövr ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurlu sosial siyasət və sürətli islahatların həyata keçirildiyini vurğulayaraq qeyd edib ki, Azərbaycanda bazar iqtisadiyyatının tələblərinə uyğun gerçəkləşdirilən islahatlarla əhalinin rifahının əlaqələndirilməsi konsepsiyasının uğurla icrası nəticəsində sosial müdafiə sistemi beynəlxalq standartlar əsasında keyfiyyətcə yenidən qurulub və iqtisadi artımla sosial xərclərin artımının balanslaşdırılmasının daimi olaraq diqqət mərkəzində saxlanılması vətəndaşların yaşayış səviyyəsinin yüksəldilməsini təmin etməkdədir. Ölkəmizdə vahid prinsiplər əsasında fəaliyyət göstərən və bütün işləyən əhalini əhatə edən, pensiyaların məbləğinin sistemə ödənilmiş sosial sığorta haqlarına bağlı olduğu, müasir çağırışlara çevik reaksiya verən sığorta-pensiya sisteminin formalaşdırılması nəticəsində beynəlxalq təcrübədə pensiya sistemləri qarşısında qoyulan mühüm vəzifələrin həllinə nail olunub. Bu gün nüfuzlu beynəlxalq qurumlar və maliyyə institutları tərəfindən sosial islahatların Azərbaycan modelinin tətbiqi nəticəsində əldə olunmuş üç əsas nailiyyət digər keçid ölkələri üçün nümunə kimi qiymətləndirilir.
Bildirilib ki, bu nailiyyətlərdən birincisi, ölkənin iqtisadi həyatı ilə pensiyaçıların sosial müdafiəsinin bazar iqtisadiyyatı prinsipləri əsasında əlaqələndirilməsinin təmin edilməsidir. Azərbaycanın müasir əsaslı sığorta-pensiya sistemi vasitəsilə iqtisadiyyatdakı əməkhaqqı fondu, bundan formalaşan sosial sığorta haqları və həmin haqlara görə təyin olunan pensiyalar həlqəsi qurulmuşdur ki, bu şəraitdə ölkə iqtisadiyyatının inkişafına uyğun sosial sığortaya cəlb olunan əməkhaqlarının artımı pensiya artımlarını da şərtləndirir. Pensiyaların və fərdi hesablara toplanan sosial sığorta kapitallarının inflyasiya nəzərə alınmaqla hər il indeksləşdirilməsi isə sistemin mənfi fiskal təsirlərdən səmərəli şəkildə qorunmasını təmin edir. Beləliklə, ölkəmizdə iqtisadi həyatın pensiyaçıların sosial müdafiəsi ilə uzlaşdırılmasının davamlı inkişaf tələblərinə cavab verən çevik modeli fəaliyyət göstərir ki, bu əsasda formalaşan DSMF-nin büdcəsi makroiqtisadi sabitlik və iqtisadiyyatın dinamik inkişafı nəticəsində əldə olunan potensialın əhəmiyyətli hissəsinin pensiyaçıların sosial müdafiəsinə yönəldilməsi mexanizmini ifadə edir. Həmin mexanizmin çevik fəaliyyəti nəticəsində ölkədəki iqtisadi inkişafa uyğun olaraq orta aylıq əməkhaqqının artımı, daimi yeni iş yerlərinin açılması və qeydiyyatın gücləndirilməsi hesabına son 10 il ərzində DSMF-nin büdcəsinə daxil olmuş sosial sığorta haqlarının məbləği 8 dəfə artaraq 1 milyard 780 milyon manata çatmışdır. Bu artımlar, eləcə də pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ayrılan əlavə dövlət dəstəyi hesabına pensiya xərclərinin ölkənin ÜDM-ə olan nisbəti əhəmiyyətli şəkildə yüksəlmiş, 2003-cü ildə 3,9% təşkil etdiyi halda, 2014-ci ildə 5% nəzərdə tutulub.
Sığorta-pensiya islahatları ilə əldə olunmuş ikinci əsas nailiyyət dünya ölkələri hökumətlərinin gündəliyində olan çox mühüm bir problemin - qlobal yaşlanma fonunda dəyişən demoqrafik tendensiyaların pensiya sisteminə təsirinin uğurla tənzimlənməsidir. Ölkəmizdə qurulmuş müasir əsaslı sığorta-pensiya sistemi vasitəsilə bir tərəfdən əmək fəaliyyəti göstərən 2 milyon 800 min nəfərdən çox şəxsin fərdi uçot əsasında bilavasitə öz gələcək pensiya təminatının iştirakçısına çevrilməsi, digər tərəfdən isə sığorta-pensiya sistemindəki bir sıra əlavə hüquq və imtiyazların demoqrafik göstəricilərə uyğunlaşdırılması, pensiya hüququ üzrə yaş və staja olan tələbin tənzimlənməsinə dair vaxtında qəbul edilmiş düzgün preventiv qərarlar sistemin maliyyə dayanıqlığı və islahatların davamı üçün əlverişli şəraiti təmin edib. Bütün bunlar dünyada iqtisadi böhranın sosial mərhələsinin davam etdiyi hazırkı şəraitdə Azərbaycanda pensiya proqramlarının vaxtında və tam icra edilməsinə birbaşa təsir göstərməkdədir.
Üçüncüsü və ən əsası isə pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi ilə pensiya islahatlarının eyni vaxtda aparılması siyasətinin nəticəsində mövcud maliyyə imkanlarının ölkə əhalisinin 13,5 faizini təşkil edən pensiyaçılar arasında ədalətli bölgüsünə nail olunması və onların yoxsulluq probleminin əsaslı şəkildə öz həllini tapmasıdır. Ölkədə yoxsulluq probleminin aradan qaldırılmasının mühüm vasitələrindən biri kimi pensiyaların davamlı artırılmasına dair Prezidentin qəbul etdiyi ardıcıl qərarların nəticəsində pensiyaların orta aylıq məbləği hazırda pensiyaçılar üçün yoxsulluq həddini 1,7 dəfə üstələyir, halbuki 2003-cü ildə bu göstərici yoxsulluq həddindən 2 dəfə aşağı məbləğlə ifadə olunurdu. 2003-2014-cü illər ərzində əmək pensiyalarının orta aylıq məbləği 9,4 dəfə artaraq 18,4 manatdan 173 manata, yaşa görə pensiyaçılar üzrə əvəzetmə əmsalı 29,3 faizdən 43,4 faizə çatdırılıb. Bu artım dinamikası MDB-nin pensiyaların məbləği nisbətən yüksək olan ilk 4 dövləti içərisində ən yuxarı artımdır və ikinci yerdə qərarlaşmış Qazaxıstanda aparılan pensiya artımlarından 1,4 dəfə çoxdur. Bu sırada MDB-nin minimum əməkhaqqı göstəricisi yüksək olan ilk 3 dövləti (Belarus 165,8 ABŞ dolları, Rusiya 141 ABŞ dolları, Azərbaycan 133,8 ABŞ dolları) arasında pensiyanın minimum məbləğinin əməkhaqqının minimum məbləğinə nisbətinə görə ölkəmizin ilk yerdə qərarlaşması (Azərbaycan 95,2%, Belarus 79,8%, Rusiya 70,4%) xüsusi qeyd olunmalıdır.
E.Mehdiyev həmçinin 2014-cü ilin ilk 9 ayında DSMF-nin büdcəsinin icrası ilə bağlı məlumat verərək qeyd edib ki, ümumilikdə bu dövr ərzində DSMF-yə daxilolmaların səviyyəsi pensiya və müavinətlərin qrafikdən əvvəl maliyyələşdirilməsinə imkan verib. 9 ay ərzində Fondun gəlirləri 2152,2 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 8,8 faiz və ya 174,2 milyon manat çoxdur. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar əvvəlki ilin müvafiq dövrünə nisbətən 11 faiz artaraq 1243,5 milyon manata çatıb. Bu daxilolmaların 65,2 faizi və ya 810,6 milyon manatı qeyri-büdcə sektorunun payına düşüb ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,2 faiz və ya 100,7 milyon manat çoxdur. Cari ilin yanvar-sentyabr aylarında Fondun xərcləri 2138,5 milyon manat olub və bunun 98,1 faizi pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilib.
Sonra DSMF-nin 2015-ci il üçün büdcə proqnozları barədə məlumat verən E.Mehdiyev bildirib: “Növbəti il üzrə fondun büdcə layihəsi hazırlanarkən əsas inkişaf göstəriciləri, eləcə də növbəti il üzrə ölkədə orta aylıq əmək haqqının artım göstəriciləri nəzərə alınıb”. Qeyri-büdcə üzrə gəlirlərin artımı növbəti ilin büdcə layihəsində xüsusilə hədəfə alınıb. Bu hesaba DSMF-nin 2015-ci il üçün büdcəsi layihəsində ümumi gəlirlərin daxilində qeyri-büdcə daxilolmalarının əhəmiyyətli şəkildə, 2014-cü ilin proqnozu ilə müqayisədə 11,8 faiz artımı nəzərdə tutulub. Səmimi qəbula və ətraflı məlumata görə təşəkkürünü bildirən BVF nümayəndə heyətinin rəhbəri Raca Almarzogi Azərbaycanın sığorta-pensiya sistemində görülən işləri yüksək dəyərləndirib. Təmsil etdiyi qurumun Azərbaycanda reallaşdırdığı layihələrin əhəmiyyətini vurğulayan qonaq birgə əməkdaşlığın bundan sonra da səmərəli olacağını qeyd edib. Görüşdə həmçinin BVF nümayəndə heyətinin sualları cavablandırılb, BVF ilə gələcək əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.

İlkin




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Azərbaycan dünyanın 25-ə yaxın ölkəsinə fındıq məhsulu ixrac edir
12.11.2018
AQTA-da meyvə-tərəvəz istehsalı və ixracatı ilə məşğul olan sahibkarlarla görüş keçirilib
12.11.2018
Azərbaycan Şəkər İstehsalat Birliyindən iqtisadiyyata daha bir töhfə
12.11.2018
Bakı rusiyalı turistlərin şopinqi üçün ən yaxşı şəhərdir
12.11.2018
Prezident Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasının açılışında iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info