“Ədəbiyyatımız dünyada yetərincə təbliğ olunmur”
Tarix: 27.10.2014 | Saat: 23:40:00 | E-mail | Çapa göndər


Müsahibimiz 1990-cı illərdə Qarabağ münaqişəsi başlayanda Azərbaycan gerçəkliklərinin dünya ictimaiyyətinə çatdırılmasında xüsusi rolu olan, 25 ildir jurnalist kimi fəaliyyət göstərən, Əməkdar jurnalist, ölkəmizdə ilk müstəqil Assa-İrada Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru, “Azeri OBSERVER” jurnalının baş direktoru, “Azer NEWS” qəzetinin qurucusu, Ərəb filologiyası üzrə fəlsəfə doktoru, Qarabağ savaşından bəhs edən “Qara qan” tarixi romanının müəllifi, yazıçı Fazil Abbasovdur (Fazil Güney)

- Fazil müəllim, adətən insanlar tanınmış adamların tərcümeyi-halı barədə çox bilmək istəyirlər.
- Doğrusu, adi görünən bu sual mənim üçün bir az çətindir. Təvazökarlıqdan uzaq olsa da, mənim yaşam tarixçəm, əmək fəaliyyətim çox rəngarəngdir. Bilmirəm hansı dönəmləri danışım.
Qarabağın Cəbrayıl bölgəsində II Dünya müharibəsi bitən il doğuldum. Bizim nəslimiz Şahsevən və Bayat tayfalarının qarışığından yaranıb. Nəslimizin altı dönəminin adlarını bilirəm. Atamın yüz yaşlı babasını görmüşəm. Tarix müəllimi olan atam 97, anam isə 89 yaşındadırlar. Nə qədər ki, onlar sağdırlar, özümü qoca saymıram. Orta məktəbdən sonra iki ilə yaxın Cəbrayılda çıxan rayonlararası qəzetdə işlədim, müxtəlif janrlarda yazılar yazdım. Lakin, o vaxtkı Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil oldum, Ərəb dili şöbəsini bitirdim. 1967-1968 dərs ilində beşinci kursu Əlcəzairdə oxudum. Universiteti bitirən kimi Orta Asiyada əcnəbi hərbi mütəxəssisləri hazırlayan məktəbdə leytenant rütbəsində hərbi tərcüməçi kimi qulluq etdim. İki ildən sonra Suriyaya göndərildim. 3 ildən çox bu ölkənin silahlı qüvvələrində çalışdım.
1973-cü ilin oktyabrında III Ərəb-İsrail müharibəsində iştirak etdim. Sonralar İraq və Liviyada mülki tərcüməçi işlədim. Ölkəmizdə isə jurnalist kimi fəaliyyət göstərdim. 15 il “Kirpi” satirik jurnalında işlədim, 1991-ci ildən bəri isə iş yerim “Assa-İradə” xəbər agentliyidir. Eyni zamanda ingiliscə “AzerNews” qəzetinin, “Azeri Observer” jurnalının qurucusu oldum.


“Qara qan” romanının 3-cü kitabı üzərində işləyirəm. Altıncı duyğum xəbər verir ki, onun son fəslini qələbə döyüşləri ilə bitirəcəyəm. Eyni zamanda tərcüməçilik fəaliyyətimlə bağlı “Dilmanc” adlı publisistik kitabımı yazmağı planlaşdırıram”

-Keçdiyiniz bu həyat bədii əsərlərinizdə öz yerini tapıbmı?
- Qismən “Qara qan” romanında və hekayələrimdə. Onu qeyd etmək istərdim ki, bu təcrübə media rəhbəri kimi, xüsusilə, ötən əsrin 90-cı illərində Azərbaycan gerçəkliklərinin, Qarabağ müharibəsi haqqında obyektiv materialların dünyaya yayılmasına çox kömək edib. Çünki o zamanlar Sovet şinelindən çıxmış Azərbaycan jurnalistləri beynəlxalq aləmlə nəfəs ala bilmirdilər, dünya mətbuatı ilə ayaqlaşa bilmirdilər.
- Yüzillik Qarabağ müharibəsinə həsr olunmuş, 2 hissəsi 2002-2011-ci illərdə çıxmış bu tarixi romanın 3-cü hissəsinin nəşri ləngimirmi?
- (Acı-acı gülür) Qarabağın qaytarılması kimi o da ləngiyir. Sonuncu hissəni Qarabağın azad olunması ilə bitirmək istəyirəm. Ona görə də bu hissə ləngiyir. Bu kitabla ölkəmizdən kənarda yaşayan azərbaycanlılar da çox maraqlanırlar.
-Şərqşünas, ərəbşünas kimi elmi tədqiqatlarınız haqqında bilmək istəyirik.
- Mən əsasən çağdaş Suriya nəsrinin araşdırılması ilə məşğul olmuşam. Hələ Suriyada işləyərkən, bu mövzuda lazım olan materialları topladım. Müasir Suriya bədii nəsri, əsasən Suriya romanının yaranması və inkişafı haqqında onlarla elmi məqaləm, “Müasir Suriya romanı”, “Suriya qadın yazıçılarının əsərlərində qadın emansipasiyası” monoqrafiyalarını nəşr etdirdim. Hər iki kitab həmişəyaşar elmi rəhbərim, Azərbaycan ərəbşünaslıq məktəbinin davamçılarından olan professor Aidə xanım İmamquliyevanın xatirəsinə ithaf olunub. Ərəb qadın yazıçılarının müsəlman qadınının azadlığını necə görmələri, ədəbiyyatda necə təsvir etmələri haqqında ideyanı o mənə vermiş və bu mövzunu işləməyi tövsiyə etmişdi.
-Bu yaxınlarda iki dildə çıxan kitabınızdakı hekayə və povestlərin, esselərin mövzuları rəngarəng və çox maraqlıdır. Bu haqda söhbət açardınız.
- “Yalanın gerçəkliyi” adlı kitabım ABŞ-da “Reality in lie” adı ilə çıxıb. Düşünürəm, biz çalışmalıyıq ki, yazıçılarımızın əsərləri əcnəbi dillərə tərcümə olunub, çap edilsin.


“Təəssüf ki, bir çox qəzet və mətbuat agentliklərində çalışan jurnalistlərin savadlarını artırmağa ehtiyac var. Azərbaycan dilinin qayda-qanunlarını bilməyən bir çoxları mətbuatda çalışırlar”

Azərbaycan dünyada Cənubi Qafqazda aparıcı dövlət, neft ölkəsi kimi tanınır. Heydər Əliyev fondunun, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın apardığı böyük işlərin nəticəsində Azərbaycan mədəniyyəti yetərincə təbliğ olunur. Amma ədəbiyyatımız haqqında bunu demək olmur. İki il öncə professor Vaqif Sultanlının təşəbbüsü və səyi nəticəsində ABŞ-da “Müasir Azərbaycan nəsri” antologiyası nəşr edildi.
- Yeri gəlmişkən, demək istərdim ki, bu baxımdan “Qara qan” tarixi romanı çağdaş Azərbaycan ədəbiyyatının nümunəsi kimi əcnəbi oxucular üçün çox maraqlı olardı. Bu roman əcnəbi oxucularda Qarabağ müharibəsi haqqında, erməni neo-faşistlərinin vəhşiliyi və vətənpərvər oğullarımızın qəhrəmanlığı haqqında düzgün təsəvvür yaradar, onları isti-isti bu hadisələrlə tanış edərdi.
- Mən bu tarixi romanı yazanda onun başqa dillərə tərcüməsini, lentə köçürülməsini nəzərə almışdım. Ona bir rejissor kimi, əcnəbi oxucu kimi də baxmışdım. Bütün bunları yerinə yetirmək üçün maliyyə gərəkdir. Çox təəssüf ki, bizim getdikcə varlanan biznesmenlər, şirkət sahibləri belə vacib işlərə qol qoymurlar. Digər tərəfdən film istehsalı da biznesdir. Onlar varlandıqca, mənəviyyat baxımından yoxsullaşırlar.
- Mətbuatımızın, jurnalistlərimizin müstəqillikdən sonrakı inkişafı sizi qane edirmi? İnformasiya vasitələrinin hazırladıqları xəbərlərin cəmiyyətə çatdırılmasının səviyyəsindən razısınızmı?
- Əlbəttə ki, inkişaf var. 1991-ci ildə agentliyimizin yarandığı ilk gündən həmişə öz müxbirlərimdən tələb etmişəm ki, informasiya ən az 5 suala cavab verməlidir. Məlumatı oxuyan oxucuda sual qalmamalıdır. Hadisə tam dolğun olmalıdır. 1990-cı illərin əvvəllərində normal, beynəlxalq tələblərə uyğun yazan jurnalistlərimiz barmaqla sayılırdı. Onların əksəriyyəti dediyim kimi Sovet şinelindən çıxmışdır. Mən xarici ölkələrdə çalışdığım, tərcüməçi kimi yerli mətbuatın və TV-nin xülasəsini hazırladığım üçün dünya mətbuatı ilə tanış idim.
Mediamızda bir qüsur var ki, hər hansı bir əcnəbi informasiya agentliyinin, hətta ermənilərin yaydığı məlumatları yerli mətbuatımızda eynilə tərcümə edib yayımlayırlar. Mən rastlaşdığım mətbuat işçilərindən niyə xəbəri sadəcə tərcümə edib yayımladıqlarını soruşmuşdum. Cavabında “xəbəri elə yayımlayıblar” deyirlər.
Bilmirlər ki, xarici media mənsub olduğu qurumun öz ideologiyasını yayır. Öz mövqelərindən çıxış edirlər. Lakin biz yayılan məlumatın dəqiqliyinə vardıqdan və şərh etdikdən sonra o məlumatı yerli mətbuatda yayımlaya bilərik. Xarici mətbuatda yayımlanan hər bir xəbərə diqqətlə baxılmalıdır. Belə hallara tez-tez rast gəlirik. Mətbuatımızda bu çatışmazlıq hələ də var və davam edir.
Bir misal deyim. Macarıstanda NATO kurslarında oxuyan Azərbaycan Ordusunun zabiti Ramil Səfərov Azərbaycan bayrağı ilə ayaqqabısını silən, girov götürülmüş qız-gəlinlərimiz haqqında təhqiramiz sözlər deyən erməni zabitini affekt vəziyyətində öldürüb. Erməni mətbuatı bu hadisəni təhrif edərək, guya Azərbaycan zabitinin ermənini gecə yatdığı yerdə öldürməsi xəbərini yaymışdı. Çox təəssüflər olsun ki, bizim bir sıra mətbuat orqanları faktı dəqiqləşdirmədən erməni yalanını təkrarlayıb. Halbuki, fiziki cəhətdən erməni zabitindən qat-qat güclü Cəbrayılın çinarı kimi vüqarlı, iri gövdəli Ramilin istənilən şəraitdə əlbəyaxa döyüşdə erməni zabitinə qalib gəlməsi göz qabağında olan təkzibedilməz bir faktdır.
Təəssüf ki, bir çox qəzet və mətbuat agentliklərində çalışan jurnalistlərin savadlarını artırmağa ehtiyac var. Azərbaycan dilinin qayda-qanunlarını bilməyən bir çoxları mətbuatda çalışırlar.
-Hazırda yeni əsər üzərində çalışırsınızmı?
- “Qara qan” romanının 3-cü kitabı üzərində işləyirəm. Altıncı duyğum xəbər verir ki, onun son fəslini qələbə döyüşləri ilə bitirəcəyəm. Eyni zamanda tərcüməçilik fəaliyyətimlə bağlı “Dilmanc” adlı publisistik kitabımı yazmağı planlaşdırıram. Əsərim Şimali-Qərbi Afrikada, Əlcəzairdən tutmuş Şərqdə Malayziyaya, Cənubda Sudandan tutmuş Şimalda İngiltərəyə qədər geniş bir coğrafiyada yaşadığım, gördüyüm siyasi, mədəni və sairə olaylardan, tanış olub işlədiyim siyasət adamlarından, hərbçilərdən, həmçinin, sadə insanlardan bəhs edəcək.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir
08.11.2018
“Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info