Londonda “Azərbaycanda siyasi, iqtisadi və ticarət imkanları” mövzusunda tədbir keçirilib
Tarix: 28.10.2014 | Saat: 16:07:00 | E-mail | Çapa göndər


Mərkəzi Asiya və Cənubi Qafqaz Biznes Maraq Qrupu (CATBIG) və Avropa Azərbaycan Cəmiyyətinin (AAC) birgə təşkilatçılığı ilə Londonda “Azərbaycanda siyasi, iqtisadi və ticarət imkanları” mövzusunda brifinq keçirilib.
Tədbirdə, Britaniya da daxil olmaqla bir çox ölkədən şirkətlərin, diplomatik korpusun təmsilçiləri, yerli və xarici ictimaiyyətin nümayəndələri iştirak ediblər.
CATBİG-in sədri Peter Lindsay Azərbaycan üçün əhəmiyyətli mövzuda belə bir tədbirin keçirilməsindən məmnunluğunu ifadə edib.
AAC-nin icraçı direktoru Lionel Zetter Azərbaycanda siyasi, iqtisadi və ticarət imkanlarını müzakirə etməyin əhəmiyyətindən danışıb. O ölkəmizin əsas problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə diqqəti cəlb edərək, problemin hələ də davam etdiyini, ölkədə bir milyondan artıq qaçqın və məcburi köçkününün olduğunu bildirib.
Böyük Britaniya parlamentinin üzvü, baş nazirin Azərbaycan, Qazaxıstan və Türkmənistanda ticarət məsələləri üzrə elçisi Çarlz Hendri beynəlxalq sistemdə ticarət tərəfdaşlığının vacibliyini və Azərbaycanın bu sahədə fəal olduğunu bildirib. Qeyd edilib ki, Britaniya parlamentində Azərbaycanın ticarət imkanları ilə bağlı həmişə geniş müzakirələr aparılır. Hazırda, Britaniya ilə Azərbaycan arasında sıx əməkdaşlıq mövcuddur: “Mən parlament nümayəndəsi və ticarət elçisi olaraq həmişə Britaniya şirkətlərinin Azərbaycan ilə ticarət əlaqələri qurmasının tərəfdarı olmuşam”, - deyə Çarlz Hendri vurğulayıb.
Elçi daha sonra deyib ki, Azərbaycan ilə Britaniya arasında ikitərəfli münasibətlər, həmçinin ticarət əlaqələri sürətlə inkişaf edir. Azərbaycan hökuməti də bu münasibətlərin inkişaf etməsinə yaxından dəstək olur.
Hazırda enerji sahəsindəki münasibətlərimiz yüksək səviyyədədir. bp şirkəti Azərbaycanda ən böyük xarici investorlardan biridir. TANAP və TAP dünyanın ən iri enerji layihələridir. Bu layihələr Azərbaycan neftinin və qazının Avropaya nəqlində və Avropanın enerji təhlükəsizliyində böyük rol oynayır.
Ç.Hendri Bakının infrastrukturu haqqında danışıb. Bildirib ki, nəqliyyatın, sənayenin inkişafı, yaşayış səviyyəsinin yüksəlməsi, yeni binalar, müasir otellərin inşası biznesmenlər və ticarət şirkətləri üçün də böyük imkanlar yaradır. Hazırda Britaniya şirkətləri “Bakı Ağ Şəhər” layihəsində də yaxından iştirak edirlər.
O, Azərbaycanda, həmçinin informasiya texnologiyaları, nano və bio texnologiyalar, kosmik sənaye və bir çox digər sahənin sürətlə inkişaf etdiyini bildirərək deyib: “Azərbaycanda bütün sahələrin sürətli inkişafı, ölkələrimiz arasındakı sıx münasibətlər onu deməyə əsas verir ki, Azərbaycan Britaniya üçün etibarlı tərəfdaşdır”.
Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə ölkələrimiz arasındakı ikitərəfli münasibətlərdən danışıb, əlaqələrimizin gələcəkdə daha da güclənəcəyinə əminliyini ifadə edib.
Səfir enerji sahəsindəki nailiyyətlərlə yanaşı, Azərbaycanın qeyri-neft sektorunun da uğurla inkişaf etdiyini vurğulayıb.
Ölkəmizin son illərdəki sürətli inkişafına toxunan səfir, iqtisadi, siyasi, sosial və başqa sahələrdə əldə edilən uğurlar haqqında statistik göstəricilər ilə məlumat verib.
Bildirilib ki, 2003-2013 illər ərzində Azərbaycanda iqtisadiyyat 3,2 dəfə, sənaye istehsalı 2,7 dəfə və kənd təsərrüfatı 1,5 dəfə artıb. Bu artım və dinamik iqtisadi inkişaf 2014-cü ildə də davam edib. Cari ilin ötən doqquz ayında iqtisadi göstəricilər çox müsbətdir. Bu dövr ərzində Azərbaycanda ümumi daxili məhsul 2,5 faiz, qeyri-neft sektoru isə 6 faiz artıb. İnflyasiya xeyli aşağı düşərək 1,5 faiz təşkil edib. Ölkəyə ilin əvvəlindən 19 milyard ABŞ dolları məbləğində sərmayə qoyulub. Bunun 11 milyardı daxili sərmayədir.
T.Tağızadə Azərbaycanın artıq beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini bildirib. Vurğulanıb ki, gələn il Bakı birinci Avropa Oyunlarına, 2016-cı ildə isə Dünya Şahmat Olimpiadasına ev sahibliyi edəcək. 2016-cı ildə Azərbaycanda, həmçinin “Formula-1” Avropa Qran-pri yarışı keçiriləcək. 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcəyik. 2020-ci ildə isə futbol üzrə Avropa Çempionatının dörd oyunu Bakıda keçiriləcək.
Kosmik sənayeyə və peyk texnologiyalarına əsaslanan yenilikləri ümummilli inkişaf proqramına daxil etməklə, Azərbaycan hökuməti ölkəni iqtisadi cəhətdən gücləndirməyi, eyni zamanda, mövcud intellektual potensialın inkişaf etdirilməsi və informasiya təhlükəsizliyinin təmin edilməsini hədəfləyir.
Azərbaycanın investisiya cəlbediciliyi barədə məlumat verən T.Tağızadə, ölkəmizin siyasi və makroiqtisadi baxımdan sabit məkan, regionun iqtisadi və mədəni mərkəzi, böyük transmilli layihələrin təşəbbüskarı və aparıcı iştirakçısı, etibarlı tərəfdaş olduğunu diqqətə çatdırıb. O, bu il ölkəmizin sənaye istehsalının artırılmasına xüsusi diqqət yetirildiyini qeyd edib, infrastruktur layihələrinin icrasının sürətlə davam etdiyini bildirib. Səfir “Şahdəniz”, TAP, TANAP layihələrinin həm Avropanın enerji təhlükəsizliyində böyük rol oynayacağını, həm də qlobal müstəvidə qaz təchizatının həcmlərinin artmasına töhfə verəcəyini bildirib.
Ölkəmizin gələcək inkişaf planları haqqında da danışan səfir, "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası haqqında ətraflı məlumat verib. Konsepsiya çərçivəsində hədəfimizin çoxşaxəli, səmərəli və innovasiyayönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının beynəlxalq standartlara tam uyğunlaşdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə edilməsi olduğunu diqqətə çatdırıb.
Diplomat çıxışının sonunda, Azərbaycanı görməyənləri ölkəmizə dəvət edib, zəngin tarixi irsimiz, mədəniyyətimizlə tanış olmağa çağırıb.
Daha sonra tədbir iştirakçılarının sualları cavablandırılıb, mövzu ətrafında geniş müzakirələr aparılıb.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10487

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info