“İlk dəfə mənə qələm tutmağı öyrədən müəllimim yox, anam olub”
Tarix: 29.10.2014 | Saat: 19:13:00 | E-mail | Çapa göndər


Sağlam dövlət və cəmiyyətin təməli savadlı, elmli gənclik üzərində qurulur. Gənclərin elm və biliyə yiyələnməsi təhsildən başlayır. Oktyabrın 25-də Dövlət İdarəçilik Akademiyasında çıxış edən Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev təhsil sahəsindəki nöqsanlara toxunaraq problemlərdən söz açıb: “…biz məktəbin maddi-texniki bazasını nə qədər yaxşılaşdırsaq da, onun yekun məhsulu savadlı və bacarıqlı şagirddir. Əvvəlki dövrlərdə təhsil prosesi yalnız ailəni və məktəbi əhatə edirdi, mənimsənilən biliklərin də həcmi kifayət qədər məhdud idi. Bu gün isə biz müstəqil şəkildə ömür boyu yeni biliklər əldə etməyə qadir olan insan və vətəndaş yetişdirməliyik. Bu, çox mürəkkəb prosesdir”.
Akademikin fikirləri gənclər sektorundakı QHT rəhbərləri tərəfindən yüksək qiymətləndirilib. Gənclər və İdman Nazirliyinin yanında fəaliyyət göstərən Gənclərlə İş üzrə İctimai Şuranın, eləcə də “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyasının sədri Nurəddin Mehdiyev bizimlə söhbətində bildirdi ki, gənclik cəmiyyətdə önəmli bir sosial qrupdur: “Bu baxımdan akademik Ramiz Mehdiyevin gənclərimizin milli-mənəvi dəyərlərə bağlılığı, müasir təhsil əldə etməsi haqda məsələlərə münasibət bildirməsi Azərbaycan cəmiyyəti, eləcə də gəncliyi tərəfindən yüksək qiymətləndirilib. Azərbaycanda hər zaman gənclərimiz öz sözünü deyib. Təbii ki, Azərbaycan dövləti tərəfindən gənclərimizə göstərilən qayğı çox mühüm bir yer tutur. Bu baxımdan ölkə rəhbərliyi Azərbaycan gəncliyinin bugünkü taleyi və gələcək inkişafına laqeyd deyil. Bu məsələlər ölkə rəhbərliyini hər zaman düşündürür. Dövlət istəyir ki, gənclərin təhsil səviyyəsi yüksəlsin və cəmiyyətə töhfə versinlər”.

“Çox ciddi sosial araşdırmalar aparmaq lazımdır”

Bu gün təhsildə problemlərin olduğunu deyən N.Mehdiyev Sovet İttifaqının son illərində bunların özünü qabarıq şəkildə göstərdiyini vurğuladı: “Azərbaycan yenidən müstəqilliyə qovuşduqdan sonra aparılan islahatlar nəticəsində bu problemlərin bir çoxu həll olundu. Təbii ki, təhsildə islahatların aparılması uzunmüddətli prosesdir. Amma buna baxmayaraq bu gün təhsil sahəsindəki mövcud vəziyyət cəmiyyəti və ümumiyyətlə, ölkə rəhbərliyini qane etmir. QHT rəhbəri dedi ki, region gəncləri təhsildənsə, işə daha çox meyillidirlər: “Onlar fikirləşirlər ki, uzun illər təhsil almaqdansa, daha qısa yolla maddi vəziyyəti düzəltmək olar. Bu çox bəsit bir yanaşmadır. Bu məsələlər həll olunmasa, sabah daha ağır problemlərlə qarşılaşa bilərik. Əlbəttə, bu məsələləri birdən-birə düzəltmək mümkün deyil. Bununla bağlı uzunmüddətli işlər görülməlidir”.
N.Mehdiyevin fikrincə, bununla bağlı çox ciddi sosial araşdırmalar aparmaq lazımdır: “Çox professional sosioloqlar komandası tərəfindən iş görülməlidir. Bu araşdırmalar bütün respublika ərazisində getməlidir. Hətta savadsız yeniyetmə və gənclərin statistikası çıxarılmalıdır və elmi mərkəzlərdə təhlil olunmalıdır. Eyni zamanda bunun səbəbləri müəyyən edilməlidir. Bundan sonra müəyyən təkliflər hazırlanmalıdır. Bu təkliflər əsasında da problemin üzərinə getmək lazımdır”.
"Sağlam İnkişaf və Maarifləndirmə İctimai" Birliyinin sədri Anar Xəlilov da gənclərin nə dərəcədə yeni biliklər əldə etməyə maraqlı olması ilə bağlı fikirlərini bizimlə bölüşdü: “Bu gün nəzərə alsaq ki, sürət əsridir və elm, təhsil hər gün yeniliklər əldə edir, onda müasir gəncin yeni biliklər əldə etməsinə nə dərəcədə qüvvə sərf etməli olduğu məsələsi ortaya çıxır. Azərbaycan gənci buna fiziki və psixoloji baxımdan nə dərəcədə hazırdır? Bu məsələyə diqqət yönəltmək lazımdır. Bugünkü dünyanın tələbləri başqadır. Ancaq gəlin baxaq, bizim gənclər hansı sahələrə daha çox üz tutur. Əksəriyyət humanitar sahələrə. Humanitar sahələri digər texniki sahələrə nisbətdə daha asan öyrənmək olur. Nə qədər sinif müəllimi olar? Nə qədər ədəbiyyat, tarix, ingilis dili müəllimi olar? Nə qədər hüquqşünas olar? Alimlərimizin də sayı humanitar sahədə çoxluq təşkil edir. Bizə bu qədər filoloq, tarixçi alim lazımdırmı? Məhz bu sahələrə meyil göstərən gənclərimiz sonradan iş tapmayanda dövlətdən şikayətçi olur- iş yoxdur, diplomla işsizəm”.
A.Xəlilovun fikrincə, bu gün Azərbaycana bioloq, memar, yol tikinti mühəndisləri, neft sahələri üzrə mütəxəssislər, İKT mütəxəssisləri (proqramçı), kimyaçılar və s. müasir texniki elmlərin biliciləri lazımdır: “Çox təəssüf ki, asan karyera qazanmaq, tez zaman kəsiyində nəyəsə nail olmaq gənclərimizin amalına çevrilib. Ölkə başçısının xaricdə təhsillə bağlı imzaladığı təqdirəlayiq sərancamdan sonra da mənzərəyə baxsaq görərik ki, xaricdə təhsil alan gənclərimizin əksər hissəsi yenə də humanitar sahələrə üz tutub. Mən təklif edərdim ki, burada güzəştlərə hədd və ya kvota qoyulsun. Texniki sahələrə aid olsun güzəştlər. Bundan başqa valideynlərin də günahı bu məsələdə böyükdür. Sanki övladlarına ixtisas seçərkən valideynlərimiz uzaqgörənlik yox, elə bil yarmarkada dəbdə olan paltar alırlar. Belə olmaz, övladlarınıza ixtisas seçərkən onun gələcəkdə iş tapmasını, bu ixtisasla həyatda yaşam tərzini tənzimləyəcəyini nəzərə almaq lazımdır. Yəni artıq diploma cehiz əşyası kimi və ya oğlunuza elçi gedərkən oğlum “hüququ qurtarıb” , demək zamanı geridə qalıb. Müasir elmlərə üz tutmaq və peşəkar mütəxəssis olmaq lazımdır. Buna, bazar dili ilə desək, bu gün tələbat var”.

“Təhsil hərb qədər dövlətimizin təhlükəsizlik məsələsidir”

Anar Xəlilovun sözlərinə görə, bu gün təhsilimizdə geriliyin olmasını təkcə müllimlərin və tədris proqramlarının zəif olması ilə əlaqələndirmək kökündən yanlışlıqdır: “Biz insanlarımızı çalışqan olmağa həvəsləndirə bilmirik. Akademik Ramiz Mehdiyevin çıxışından bir fikrini misal gətirmək istərdim: “Ailənin, tədrisdə çalışanların və yerli icra hakimiyyətlərinin biganəliyi...”. Bəli, bu gün biganəlik təhsilimizin aşağı səviyyədə olmasının əsas səbəbidir. Biz bugünkü şagirdlərimizə yüksək təhsilin gələcəkdə verə biləcəyi əsas töhfəni izah edə bilmirik. Stimullaşdırıcı addımlar atılmır. Şaigirdi müəllim dəyişməklə, gündə bir proqram yazmaqla təhsilə həvəsləndirə biməyəcəyik. Baxın, bazası zəif kənd məktəblərimizdən olan abituriyentlərimiz qəbul imtahanlarında daha çox bal yığır. Amma şəhərlərdə repetitor yanına gedən abituriyentlər 200 bal toplaya bilmir. Kənd məktəbliləri əməyin, zəhmətin nə olduğunu bilirlər. Mənim fikrimcə, problemi külli miqdarda dövlət vəsaiti xərcləyib hansısa proqramları tətbiq eləmək yox, məhz burada axtarmaq lazımdır. Niyə şagirdlərimiz də təhsil almağa, öyrənməyə biganədirlər? Bu gün yeni məktəblər inşa olunur, müasir texniki baza yaradılır, təhsilə dövlət qayğısı hiss olunur. Belə vəziyyətdə şagirdlərin bilk səviyyəsinin aşağı olması doğrudan da cəmiyyət üçün utancverici bir məsələdir. Hesab edirəm ki, bu sahənin mütəxəssisləri tədris proqramlarının yeniləşdirilməsi ilə yanaşı, digər amillərə xüsusi fikir verməlidirlər. Şagirdi elmə, təhsilə həvəsləndirmək lazımdır, məcbur etmək yox. Nəzərə almaq lazımdır ki, təhsil hərb qədər dövlətimizin təhlükəsizlik məsələsidir”.

“Gənclərin savadlı olmasında valideynin məsuliyyəti dövlətin məsuliyyəti ilə eynidir”

Anar Xəlilovun fikrincə, gənclərin bilikli, savadlı olmasında bir nömrəli məsuliyyət valideynlərin üzərinə düşür: “Məktəb, müəllim, tədris proqramları və s. bunlar sonrakı məsələdir. Bizim hər birimizin təhsil almağımızda, hər hansısa bir peşəyə yiyələnməyimizdə ilk növbədə valideynlərimizin zəhməti var. Şəxsən mən bu gün nəsə əldə etmişəmsə, buna görə valideynlərimə borcluyam. İlk dəfə mənə qələm tutmağı öyrədən müəllimim yox, anam olub. Mən birinci sinfə gedəndə artıq əlifbanı bilir, yazmağı bacarırdım. İxtisas seçimimdə də valideynlərimin rolu böyük olub. Hüquqşünas olmaq istəsəm də mənimlə razılaşmadılar. 90-cı illərin əvvələrində bazar iqtisadiyyatına keçid dövrü olduğu üçün, dövrə uyğun ixtisas seçməyi tövsiyə etdilər. Bu gün mən ictimai fəaliyyətimlə yanaşı, öz ixtisasıma uyğun işləyirəm. Artıq idarəçiyəm. Məhz buna görə valideynlərimə minnətdaram. Özümdən misal gətirməklə hesab edirəm ki, gənclərimizin layiqli vətəndaş kimi yetişməsində cəmiyyət qədər valideynin də rolu əvəzedilməzdir. Bu gün gənclərin savadlı olmasında valideynin məsuliyyəti dövlətin məsuliyyəti ilə eynidir”.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info