Abuzər Ələkbərov: “Cənub bölgəsi arxeoloji abidələrlə çox zəngindir”
Tarix: 29.10.2014 | Saat: 22:25:00 | E-mail | Çapa göndər


“Vaxtilə, Morqanın Azərbaycanda aşkar edib, apardığı və bizim aşkar etdiyimiz yeni materiallar Bakıda və Parisdə təşkil olunacaq beynəlxalq sərgidə nümayiş olunacaq”

Müsahibimiz Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Arxeoloji abidələrin külliyatı şöbəsinin rəhbəri, Cənub-Şərqi Azərbaycanın arxeoloji abidələrinin tədqiqi ekspedisiyasının və Azərbaycan və Fransa beynəlxalq arxeoloji ekspedisiyasının rəisi Abuzər Ələkbərovdur:
- Abuzər müəllim, cənub bölgəsində apardığınız arxeoloji araşdırmalar barədə nə deyə bilərsiniz?
- Cənub-Şərqi Azərbaycanın arxeoloji abidələrinin tədqiqi ekspedisiyası 1985-ci ildə yaradılıb. Burada qarşımıza qoyulan əsas məqsəd, Cənub bölgəsinin arxeoloji tədqiqi, eyni zamanda arxeoloji abidələrin külliyyatının hazırlanması və xəritələşdirilməsidir. Bu, mühüm bir işdir. Abidələrin əksəriyyəti elmə məlum olmayan abidələrdir. Bunların sərhədləri müəyyən olunmalıdır. Onlarda arxeoloji tədqiqatlar aparılmalıdır ki, həmin abidə xəritəyə salınsın. Biz bu sahədə iş aparırıq.
Eyni zamanda yaşayış yerlərində, şəhər yerlərində, qala və ya qəbir abidələrində, onların mühümlüyünü nəzərə almaqla, arxeoloji tədqiqatlar aparılır. Bu işimiz uzun müddətdir ki, davam edir. Bir neçə rayon ərazisində faktiki olaraq, iş başa çatıb. Əslində, başa çatıb demək də olmur. Çünki hər gün yeni abidələr ortaya çıxır. Məsələn, Lerik, Yardımlı, Lənkəran, Astara rayonları ərazisində işlər yekunlaşmış hesab edilsə də, bu gün yeni abidələr üzə çıxır. Əksər abidələrin yerüstü əlamətləri olmur. Tutaq ki, hansısa bir kənd ərazisində arxeoloji kəşfiyyat-gəzinti zamanı heç bir əlamətə rast gəlinmir. Bir müddətdən sonra həmin ərazidə təsərrüfat işləri və ya qazıntı işləri aparıldıqda hansısa bir arxeoloji material üzə çıxır.
Misal üçün, bu il Masallı rayonunda Seybətin kəndi ərazisində kanalizasiya və qaz xətti çəkilərkən, küp qəbirlər nekropolu aşkar edilmişdi. Bizə məlumat daxil olan həmin əraziyə gələrək, tədqiqat işləri apardıq. Aşkar edilən abidə bizim tərtib etdiyimiz xəritədə qeyd edilməmişdi. Küp qəbirlərini təmizləyərək, arxeoloji materialları götürdük və həmin arxeoloji abidə Masallı rayonunun xəritəsinə salındı.
Yerüstü əlaməti olmayan abidələr Azərbaycanın Cənub ərazisində çox geniş yayılıb. Onların əksəriyyəti təsərrüfat işləri zamanı ortaya çıxır. Bu baxımdan işlərin başa çatmasını demək çox çətindir.
- Azərbaycan tərəfindən rəhbəri olduğunuz Azərbaycan və Fransa Beynəlxalq Arxeoloji Ekspedisiyası hansı layihələr çərçivəsində işlər görür?
- Biz builki mövsümdə iki mərhələdə işləmişik. Azərbaycan və Fransa Beynəlxalq Arxeoloji Ekspedisiyası 2011-ci ildə Fransa tərəfinin təşəbbüsü ilə yaradılıb. XIX əsrin sonlarında həvəskar fransız arxeoloqu Jak De Morqan və qardaşı Henri Morqan Lənkərana gələrək, Lerik rayonu ərazisində arxeoloji kəşfiyyat işləri aparıblar. Son Tunc və İlk Dəmir dövrü üçün səciyyəvi olan daş qutu qəbirlər də arxeoloji tədqiqatlar aparıblar və xeyli miqdarda arxeoloji materiallar üzə çıxarıblar. Bunların arasında bəzək əşyaları, silahlar, məişət əşyaları, keramika nümunələri vardır. Bunların hamısı o vaxt Fransaya aparılıb. Fransada Senjermen adlanan kiçik şəhər var. Artıq bu şəhər Parisə birləşib. Burada Fransanın Milli Arxeoloji Muzeyində saxlanılır. Layihəmiz çərçivəsində məni ora dəvət etmişdilər. Mən həmin muzeydə oldum. Həmin materiallarla yaxından tanış olduq. Demək olar ki, həmin materialların əksəriyyəti fondda saxlanılır.
Muzeyə ziyarətimiz layihə çərçivəsində olduğu üçün bizim fondda materiallarla tanış olmaq imkanımız oldu. 15-20 gün ərzində biz materiallarla tanış olduq. Bu ekspedisiya Morqan irsinin öyrənilməsi məqsədi ilə yaradılıb. Yəni, yenidən Morqan irsinə qayıdış. Bu ekspedisiya Fransada Elmi araşdırmalar mərkəzi, Muzeylər Departamenti və Leon Universiteti tərəfindən maliyyələşdirilir. Fransa tərəfdən ekspedisiyanın rəhbəri professor Mişel Kazanova, Azərbaycan tərəfindən isə mənəm. Biz bu layihəni müqavilə əsasında həyata keçiririk. Aşkar olunan bütün arxeoloji materiallar bizdə qalacaq, tədqiqatların ümumi nəticələri gələcəkdə kataloq halında, kitab şəklində dərc olunacaq.
2011, 2012, 2013 və 2014-cü illər ərzində Lerik rayonunun əsasən, Piran kəndi ərazisində qazıntı işləri apardıq. Lerik ərazisində dağlardan axıb gələn Ləkər çayının sağ sahili boyunca, Morqanın o vaxt tərtib etdiyi xəritə əsasında tədqiqat işləri aparırıq. Morqanın vaxtilə qazıntı işləri apardığı həmin ərazilərdə toxunulmamış qəbirlər yoxdur. Ancaq biz çalışırıq ki, vaxtilə kortəbii şəkildə, tələsik halda tədqiq olunmuş bu qəbirlərdə yenidən arxeoloji tədqiqatlar aparaq. Bu arxeoloji ekspedisiyanın əsas mahiyyəti bundan ibarətdir. Yəni ki, biz Morqan irsini, apardıqları tədqiqatları dəqiqliyi ilə öyrənək. Bunun üçün biz 3 il ərzində Morqanın vaxtilə gəzdiyi bütün kəndlərin ərazilərini qarış-qarış gəzmişik.
Bu ərazilərdə yeni daş qutular aşkar edilib. Amma çox təəssüf ki, bunların əksəriyyəti dağıdılıb. Qonşu İran İslam Respublikası ərazisindən gizlin yolla, qaçaqmalçılıqla yerli əhalinin sadəlövhlüyündən istifadə edib, dağıntılar törədirdilər. Müstəqillik əldə edildikdən sonra bunun qarşısı müəyyən qədər alındı. Çünki sərhədlərimizi özümüz qoruyuruq. Bu məsələ də birbaşa dövlət nəzarətindədir. Amma çox təəssüflə qeyd etmək lazımdır ki, dağıntılar çox olub. Toxunulmayan qəbirlər demək olar ki, yox dərəcəsindədir. Bu həm bizi, həm fransız arxeoloqlarını da məyus edir. Ancaq bütün bunlara baxmayaraq, bizim gələcək tədqiqatımız üçün artıq yer müəyyənləşdirilib. Bu layihə çərçivəsində həm Bakıda, həm də Parisdə beynəlxalq sərgi hazırlanacaq. Vaxtilə, Morqanın Azərbaycanda aşkar edib, apardığı materiallar, bizim aşkar etdiyimiz yeni materiallar və Azərbaycan ərazisində tapılan oxşar və həmdövr arxeoloji materiallar həmin sərgidə nümayiş olunacaq. Bu çox mühüm bir işdir. Bu sərgini Muzeylər Departamenti və Senjermen muzeyi təşkil edəcək. Bu da bizim layihələrimiz çərçivəsindədir. Ona görə bu layihə üzrə geniş hazırlıq gedir.
- Gələn il Cənub bölgəsində hansı ərazilərdə arxeoloji araşdırmalarınız olacaq?
- Biz növbəti, 2015-ci ildə müəyyən etdiyimiz toxunulmayan qəbirləri tədqiq etməliyik. Onların arasında hələ də sirr olaraq qalan qəbirlər var. Ona görə də fransız arxeoloqlarla olan işimizi gələcəkdə də davam etdirmək fikrindəyik. Biz onlarla bir ay ərzində ekspedisiyada birgə çalışırıq. Onlarla olan birgə ekspedisiya müddəti bitdikdən sonra biz öz işimizi davam etdiririk.
Bizim əsas işimiz Cəlilabad rayonu ərazisindədir. Belə ki, Cəlilabad rayonu ərazisində yer altında qalan bir çox abidələrin üzə çıxarılması üçün kəşfiyyat xarakterli qazıntı işləri aparmaq və xəritələşdirməklə məşğuluq. Bu mövsümdə Cəlilabad rayonu ərazisində faktiki olaraq, 20-yə qədər yeni abidə müəyyən edilib. Bu abidələr, əsasən Cəlilabadın Pərdi, Xanəgah, Zəhmədabad, Cəlahir, Edişə və bir çox kəndləri ərazisindədir. Bu kəndlərdə çalışmağın da özünün bir çox çətinlikləri var. Ancaq biz bu işlərin demək olar ki, hamısının öhdəsindən gəlirik. Cəlilabad Rayon İcra Hakimiyyəti, rayonun Mədəniyyət və Turizm şöbəsi, Diyarşünaslıq Muzeyinin əməkdaşları, rayonunun yerli ziyalıları, tarix müəllimləri və yerli əhali bizim işimizə yaxından köməklik göstərirlər. Bu da öz növbəsində tədqiqatlarımızın daha da səmərəli olmasına kömək edir.
Cəlilabad rayonunda institutumuzun başqa bir ekspedisiyası da Üç Təpə deyilən ərazidə fəaliyyət göstərir. Bu ərazidə Neolit dövrünə aid abidələrimiz var. Əkinçiliklə, maldarlıqla məşğul olan tayfaların tarixi izləri araşdırılır. Daha sonra, yenə də Lerik rayonu ərazisində Zuvandçay mağarasında Əsədulla Cəfərovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyası fəaliyyət göstərir. Lerik rayonunun Kürdəsər kəndi ərazisində gənc arxeoloq Ceyhun Emillinin rəhbərliyi altında arxeoloji ekspedisiya fəaliyyət göstərir. Ümumiyyətlə, cənub bölgəsinə arxeoloji maraq böyükdür. Qeyd etdiyim kimi, bu rayonlar İran İslam Respublikası ilə həmsərhəddir. Vaxtilə, sərhəddə olan abidələr öyrənilməyib və qeydə alınmayıb. Çünki bu ərazilərə gediş-gəliş çox çətin idi.
- Sərhəddə yerləşən ərazilərimizdə arxeoloji tədqiqatlar necə aparılır?
- Bizim ekspedisiya 1985-ci ildə yaradılıb. Biz müstəqillik əldə edənə qədər çox əziyyət çəkdik. Rus əsgərləri, sərhədçiləri bizi sərhəddə olan abidələrə yaxın buraxmırdılar. Amma bu gün bizim ərazilərimizi, torpaqlarımızı öz sərhədçilərimiz qoruyur. Artıq, heç bir problemimiz yoxdur. İstənilən vaxt, istənilən ərazilərə gedə bilirik.
Məsələn, Cəlilabad rayonunun Əsədli kəndinin ərazisi də faktiki olaraq sərhəddədir. Orada hərbi kazarmalar var. Hərbi kazarmaların həyətində təmir işləri aparılarkən, küp qəbirlər aşkar olunmuşdu və dərhal bizə xəbər verilmişdi. Eyni zamanda bizim üçün şərait yaradıb, işçi qüvvəsi ayırdılar. Biz də orada tədqiqat işləri apardıq. Amma vaxtilə həmin kazarmalar Sovet dövründə tikildiyi üçün onların özülü qazılarkən, onlarla belə küp qəbirlər dağıdılıbdır. Ancaq bu barədə heç kimə məlumat belə verməyiblər. Çünki bir ögey münasibət var idi. Baxın, bu gün sərhədçilərimiz öz tariximizi qoruyurlar və tariximizə biganə qala bilmirlər. Baxmayaraq ki, bu ərazilər sərhəddə yerləşir, burada sərhədçilərin öz iş prinsipləri var. Bütün bunlara baxmayaraq, sərhədçilərimiz bizə yaxından köməklik göstərirlər. Deyərdim ki, bu bizim əldə etdiyimiz ən gözəl nemətdir.
Bu il biz Abişabad kəndi ərazisində küp qəbirlər aşkar edib. Küp qəbirlərin yayılma arealının müəyyən edilməsi, eyni zamanda dəfn adətinin xüsusiyyətlərini öyrənməkdən ötrü, Abişabadda aparılan tədqiqatların çox böyük əhəmiyyəti var.
Ümumiyyətlə, Cənub bölgəsi çox maraqlı bölgədir. Arxeoloji abidələr ilə çox zəngindir. Gələcəkdə bu ərazidə genişmiqyaslı arxeoloji tədqiqatların aparılması planlaşdırılır.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info