“Gənclərin mənfi istiqamətə yönəlməsinin əsas günahkarı sosial şəbəkələrdir”
Tarix: 30.10.2014 | Saat: 19:41:00 | E-mail | Çapa göndər


Dövlət İdarəçilik Akademiyasında çıxış edən Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev cəmiyyətdə narahatlıq doğuran bir sıra məsələlərə toxunub.
Ramiz Mehdiyev vurğulayıb ki, yeni texnologiyalar və innovasiyalar tamamilə yeni bir məkan və ünsiyyət vasitələri yaradıb. Nə bu şəbəkələrin, nə internetin özünün insan psixologiyasına və həyatına təsiri araşdırılmır. Bu gün gənclər həyatlarının, demək olar, çox hissəsini məhz virtual məkanda keçirirlər: “Aydındır ki, kimsə nə bu prosesin qarşısını ala, nə də ona müdaxilə edə bilir. Amma bu proseslər ən azı təhlil olunmalıdır. Araşdırma bacarığından və sanballı təhsildən uzaq olan bir gənc isə doğru ilə yanlış informasiyanı, əlbəttə bir-birindən ayıra bilməyəcək. İnternet məkanı ilə bağlı kifayət qədər dərin, fəlsəfi, etik və metodoloji problemlər var. Təəssüf ki, onlar ənənəvi tədqiqatlarla məşğul olan alimlərimizin diqqətindən kənarda qalıb”.
O bəzi regionlarda ya oğlanların, ya da qızların təhsilə marağının azalmasından, bəzi gənclərimizin radikal dini qrupların təsirinə düşməsindən də narahatlığını bildirib. Ramiz Mehdiyev vurğulayıb ki, bir çox regionlarda, xüsusilə də cənub bölgəsində azyaşlı qızların təhsildən yayınaraq qeyri-rəsmi ailə qurması artıq adi hala çevrilir.

Bəs, akademik Ramiz Mehdiyevin toxunduğu məsələlər barədə gənclərimiz nə düşünürlər?

Yeni Nəsil Gənclərin İctimai Birliyinin sədri, Asif Səlimov Ramiz Mehdiyevin gənclərlə bağlı olan və cəmiyyətdə narahatlıq törədən məsələlərə toxunmasını bir gənc kimi onu da düşündürdüyünü deyir: “Bu çıxışda toxunulan problemlərin dəqiq analiz olunmuş şəkildə iradlarla qaldırılması əslində aktiv bir gənc kimi mənə xoş təsir bağışladı.
Bir neçə il əvvəl ölkədə sosiallıq fərqli idi. İndiki problemlərin bəziləri deyərdim ki, virtual məkana daxil olandan sonra bundan düzgün istifadə etməməkdən yaranıb. İnsanlarımız ölkə daxilində və xaricində olan yenilikləri televiziyalardan, qəzetdən və radiodan öyrənirdilər. Bu günün tələblərinə uyğun olaraq isə çoxları TV-lərdən və qəzetdən az istifadə edir, radiodan isə demək olar ki, istifadə etmirlər. Eyni zamanda gənclərin ictimai işlərdə aktivliyinin artırılması və sosial inkişaflarının təmin olunması da əsasən sosial şəbəkələrdə baş verir. Bu məsələnin müsbət tərəfi də var. İndi isə mənfi tərəflərini təhlil etmək istərdim. Virtual məkan dedikdə yalnız maarifləndirici məlumatlar yayan bir yeri təsəvvürümüzə gətirməyimiz düzgün deyil. Universitetlərdə təhsil alan tələbələrin deyərdim ki, 90%-i, orta məktəblərdə təhsil alan şagirdlərin isə 60-70%-i sosial şəbəkələrdən istifadə edirlər. Bu məsələ ilə bağlı ciddi addımların atılması və araşdırılmaların başladılması zəruridir. Gənclər günün istənilən vaxtı “Facebook”, “Twitter” “Odnoklassniki” və digər sosial şəbəkələrdən istifadə edirlər. Fikrimcə, bir məhdudiyyət qoyulması üçün addımlar atmaq məqsədəuyğundur. Çünki gənclərdə artıq bu, asılılıq halına gəlib. Bu tip təşəbbüslərdən biri artıq BDU tərəfindən uğurla həyata keçirilir. Belə ki, tədris otaqlarında dərs gedən müddətdə tələbələr telefon vasitəsilə sosial şəbəkələrə, ümumiyyətlə internetə daxil ola bilmirlər. Bu, həm dərsin keyfiyyətini, həm də tələbənin özünü idarəetmə mədəniyyətini artırır.
Sosial şəbəkələrdə həmçinin neqativ məlumatlar da öz əksini tapır. Gənclərin mənfi istiqamətə yönəlməsinin əsas günahkarı sosial şəbəkələrdir. Gənclər arasında hər il intihar hadisələrinin artması, radikal işlərin təşkil olunması və həyata keçirilməsi, gənclərin narkomaniyaya və insan alverinə məruz qalmasının əsas mənbəyi virtual məkan, daha dəqiq desək sosial şəbəkələr və qruplardır. Nəzərə alsaq ki, ölkədə sosial şəbəkələrdən istifadə edənlərin 70-80%-i gənclərdir, burada məsələ daha da qəlizləşir. Gənclərin sosial inkişaf dövrlərində müxtəlif dini və siyasi radikal işlərə cəlb etmək, onların həssaslığından istifadə edərək istənilən istiqamətə yönləndirmək sosial şəbəkələr yolu ilə çox asandır. Çox təəssüflə deyirəm ki, bunun nəticəsidir ki, bir çox gənclərimiz müxtəlif dini qruplaşmalarda Azərbaycanı təmsil edir və bununla da ölkəmizin xarici imicinə xələl yetirir. Bu məqama-gənclərin yanlış istiqamətdə dini, yalançı dini təşkilatlara qoşulmasına Ramiz Mehdiyev də toxundu. Mən bu tip gənclərin vaxtında, düzgün maarifləndirilməsinin tərəfindəyəm. Bu tip məsələlərdə bütün məsuliyyəti dövlətin boynuna ata bilmərik, bir fərd kimi hər birimiz bu işdə dövlətə dəstək olmalıyıq. Düşünürəm ki, bu yönümdə maarifləndirici addımlar atılarsa cəmiyyətimizdə sağlam gənclik formalaşacaq”.

“Nə qədər potensial, savadlı gənc kadrlar yetişsə, idarəçilik o qədər mükəmməl dayaqlara sahib olar”

Memarlıq və İnşaat Universitetinin Mexanikləşdirmə və informasiya texnologiyaları fakültəsinin 4-cü kurs tələbəsi Esmira Babayeva məlum iradların bir həyəcan siqnalı olduğunu düşünür. O, gələcək potensial məmurlar, kadrlar olacaq tələbələrimizi Ramiz Mehdiyevin verdiyi tövsiyələrə diqqətlə yanaşmağa çağırır: “Akademikin fikirləri ilə tam razıyam ki, internet məkanı ilə bağlı kifayət qədər dərin, fəlsəfi, etik və metodoloji problemlər var. Həmçinin gənclərimizin internetdən səmərəli istifadə etməmələri də göz önündədir. O fikirlə də razıyam ki, internetin insanların həyatına təsiri bizdə araşdırılmır. Bunla bağlı elmi araşdırmalara, alimlərin aktiv fəaliyyətinə ehtiyac yaranıb. Xüsusən də, bu məsələdə gənclərimiz daha çox zərər çəkirlər. Sırf, internetin gənclərimizin həyatına təsiri ilə bağlı araşdırma olmalıdır. Ramiz Mehdiyevin fikirlərində də yer aldığı kimi, gənclərimizin böyük qismi vaxtının çoxunu virtual məkanda keçirirlərsə, niyə də bu sahə üzrə, bu məsələlər üzrə ciddi araşdırılmalar aparılmasın? Ümumiyyətlə bir gənc, tələbə kimi qeyd edə bilərəm ki, təkcə öz universitetimizdən götürsək, müşahidələrimə görə, tələbələrin 80-90 faizi virtual məkana bağlıdırlar. Əminəm ki, bu, eynilə digər ali təhsil ocaqlarımızda da belədir. Nəinki ali təhsil ocaqlarında, bu gün artıq orta məktəblərdə də, şagirdlər internet imkanlarından geniş yararlanırlar. Mən akademikin Cənub və Şimal regionları arasında maraqlı müqayisələr aparması, birində qızların digərində isə oğlanların təhsilə meylinin azalması problemindən narahatlığını da maraqla qarşıladım. Doğrudan da, bütün bunlar sonda dövlətin əsas təməl siyasətinə, bünövrəsinə, idarəçiliyinə ciddi problemlər yaradır. Nə qədər potensial, savadlı gənc kadrlar yetişsə, dövlət bir o qədər güclü olar, idarəçilik o qədər mükəmməl dayaqlara sahib olar.”
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10484

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info