“Qarabağ həqiqətlərini Qlazqoda tələbələrə çatdırmaq üçün fəaliyyət planı hazırlamışıq”
Tarix: 04.11.2014 | Saat: 19:26:00 | E-mail | Çapa göndər


Toğrul Məmmədli: “Dünyada Azərbaycanı təmsil etmək qısamüddətli forum və toplantılarla bitməməlidir”


Xaricdə təhsil alan gənclərlə bağlı rubrikamızın budəfəki qonağı Toğrul Məmmədlidir. Toğrul Böyük Britaniyada uğurla ali təhsilini davam etdirməklə yanaşı ictimai işlərdə də aktivlik göstərərək ölkəmizi bu ölkədə uğurla təmsil edir. Bu aktiv gənclə olan müsahibəni oxuculara təqdim edirik.

-Özünüz barədə məlumat verərdiniz.
-Məmmədli Toğrul - 1993-cü ildə Bakı şəhərində anadan olmuşam. Təhsilə ilk dəfə 1999-cu ildə Osman Mirzəyev adına 190-saylı orta məktəbdə başlamışam. 2010-cu ildə həmin məktəbi bitirdim. Elə həmin il Xəzər Universitetinin Mühasibat uçotu və audit fakültəsinə daxil oldum və 2014-cü ildə universiteti müvəffəqiyyətlə bitirdim. 2010-cu ildə Xəzər Universiteti Tələbə Gənclər Təşkilatında sədr müavini vəzifəsinə seçildim. Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ ) təşkilati dəstəyi ilə 2011-ci ildə reallaşdırılan Quba Qış Liderlik Məktəbində iştirak edib sertifikata layiq görüldüm. Liderlik Məktəbindən sonra ATGTİ-nin Beynəlxalq Əlaqələr Departamentinə dəvət olundum və təhsil almaqla yanaşı fəaliyyətimi bu departamentdə davam etdirdim. 2012-ci ildə ATGTİ daxilində yaradılmış “Avroviziya könüllüləri” işçi qrupuna rəhbərlik etdim, Gənclər və İdman Nazirliyinin xətti ilə Bakıda keçirilən Avroviziya Mahnı Müsabiqəsində ilk olaraq könüllü, sonradan isə Avroviziya Mahnı Müsabiqəsi rəhbərliyi tərəfindən işçi kimi, işçi qrupunun
(İdarə Heyəti) fəaliyyətinə cəlb olundum. 2012-ci ilin oktyabr ayından Azərbaycan Tələbə Gənclər Təşkilatının Beynəlxalq əlaqələr departamentinə direktor vəzifəsinə təyin edilmişəm. Beynəlxalq əlaqələr departamentinin direktoru qismində İttifaqın beynəlxalq əlaqələrinin inkişafı yolunda Avropa Tələbələr Birliyi (ATB) ilə əlaqələri inkişaf etdirmişəm, Beynəlxalq Əlaqələr departamenti olaraq ilk dəfə regionda keçiriləcək Avropa Tələbələr Birliyinin 67-ci İdarə Heyətinin iclasının Bakıda keçirilməsində təşkilatın səylərini əlaqələndirmişəm. Direktor olduğum dövrdə 17 ölkənin tələbə birlikləri ilə ATGTİ-nin niyyət memorandumu imzalamışam. Təşkilat adından və onu təmsil etməklə ATB-nin “Şərq Tərəfdaşlığı” ölkələrini özündə birləşdirmiş 9 ölkənin iştirakı olan V4 plus lobbi qrupunun 2014-cü il üçün Azərbaycanın quruma koordinatorluğuna nail olmuşam.
2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində hazırda Böyük Britaniyanın Qlazqo Universitetinin İqtisadiyyat, maliyyə və bank işi ixtisası üzrə təhsilimi davam etdirirəm.
-Kifayət qədər aktiv ictimai fəaliyyətiniz olub. Bəs necə oldu, başqa bir ölkəyə üz tutmaq, Böyük Britaniyada təhsil almaq qərarı verdiniz?
-Ali təhsilin bakalavr pilləsini Xəzər Universitetində almışam. Öncə onu deyim ki, ölkədə son illərdə təhsilin inkişafında ciddi irəliləyişlər var. Avropanın Vahid Ali Təhsil Məkanına inteqrasiya prosesləri getməkdədir. Ümid edirəm ki, gələcəkdə yerli ali təhsil ocaqları da mənim hazırda təhsilimi davam etdirdiyim Böyük Britaniya və digər ölkələrin aparıcı universitetlərinin səviyyəsinə yaxınlaşacaq. Lakin hazırda daha yüksək ixtisaslı kadrların hazırlanması üçün dövlət tərəfindən əlavə tədbirlər həyata keçirilir. Ölkə Prezidenti İlham Əliyevin ölkədə gənc ixtisaslı kadrların yetişdirilməsi istiqamətində ciddi səyləri və qayğısı göz önündədir. İndiyə qədər xaricdə təhsillə bağlı dövlət proqramı çərçivəsində minlərlə tələbə xarici ölkələrin aparıcı ali məktəblərində təhsil alıb və ya almaqdadır.
Mən də dövlətimizin gənc nəslə yaratdığı bu imkandan bəhrələndim və magistr pilləsi üzrə təhsilimi davam etdirmək üçün bu proqramda iştirak etdim. Məqsədim də yüksək təhsil alaraq vətənə qayıtmaq, inkişaf edən iqtisadiyyatımızın güclənməsinə vətəndaş olaraq töhfə verməkdir.
Bundan əlavə xaricdə təhsil alan hər bir azərbaycanlı öz ölkəsinin bir növ səfiri rolunu oynayır, Azərbaycan mədəniyyətini, mətbəxini, həqiqətlərini təbliğ edir. Düşünürəm ki, bu, belə imkan əldə etmiş hər bir şəxs üçün qürur hissidir. Qeyd etdiyim kimi, xaricdə təhsilə gəlməmişdən əvvəl ATGTİ-də fəaliyyət göstərirdim. Fəaliyyətim boyunca Avropa Tələbələr Birliyi ilə görüşlərdə ali təhsil məkanında baş verən proseslərlə tanış olurdum. Təbii ki bu, məndə böyük maraq doğururdu. Fikirləşirəm ki, xaricdə təhsil barədə düşüncələrim iştirak etdiyim beynəlxalq tədbirlər sayəsində yarandı. Dəstəyə gəlincə, təbii, hər bir fərdin uğurunda onun valideynləri daha çox rol oynayır. Öncə valideynlərimə minnətdaram. Çünki onlar mənim təhsilimi hər zaman diqqət mərkəzində saxlayıblar. Digər tərəfdən, bildiyiniz kimi, dövlətimiz hər zaman təhsilə önəm verib, ulu öndərin təhsilə olan hörmət və sadiqliyini Prezident İlham Əliyev hər zaman öz qərarları ilə təsdiq edib. 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı təhsilimi xaricdə təhsilimi davam etdirməyimə kömək oldu. Buna görə cənab Prezidentə, Təhsil Nazirliyinə, mənə müsbət xarakteristika verən Gənclər və İdman Nazirliyinə öz təşəkkürümü bildirirəm.
- Qlazqo Universiteti barədə də söz açardınız. Təhsil, tədrisin səviyyəsi sizi qane edirdimi?
-Qlazqo Universiteti Böyük Britaniyanın 4-cü ən qədim universitetidir və Şotlandiyanın Qlazqo şəhərində yerləşir. Universitetin əsası 1451-ci ildə qoyulub. "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının apardığı dünya reytinqinin nəticələrinə əsasən, 2014-cü il üçün Qlazqo Universiteti 100 ən yaxşı universitet arasında 55-ci yerdə qərar tutub. Təbii ki, belə bir reytinqli universitetdə təhsilin səviyyəsi yüksək səviyyədədir. Regionda digər universitetlərdən fərqi Qlazqo Universitetinin tələbə məmnuniyyətinin yüksək olmasıdır. Bu amil hər bir tələbə üçün prioritet istiqamətdir.
- Diaspor işlərində necə, aktivsinizmi? Hansı tədbirlərə qatılırsınız?
-Bir Azərbaycan vətəndaşı kimi diaspor fəaliyyəti hər zaman diqqətimdə olan fəaliyyət olub. Artıq Şotlandiya Tələbələr Birliyi və BMT-nin Qlazqo Universiteti modelinin rəhbərlikləri ilə görüşlər keçirmişəm. Növbəti fəaliyyət kimi qeyd etmək istəyirəm ki, bu il 1-5 dekabr tarixlərində Avropa Tələbələr Birliyinin 67-ci iclası Bakıda baş tutacaq və Şotlandiya Tələbələr Birliyinin bu tədbirdə iştirakı artıq nəzərdə tutulub. Qarabağ həqiqətlərinin Qlazqo tələbələrinə çatdırılması üçün azərbaycanlı tələbələrlə birlikdə fəaliyyət planı hazırlamışıq və növbəti fəaliyyət kimi bu kimi tədbirləri keçirib diaspor fəaliyyətini yerinə yetirəcəyik. Tam əminliklə deyə bilərəm ki, azərbaycanlı tələbələrlə hazırladığımız fəaliyyət planı öz effektiv nəticəsini verəcək. Tələbələrimiz hər zaman bu işlərdə aktiv olub və fəaliyyətləri boyunca azərbaycançılığı təbliğ ediblər.
-Aktiv gənc kimi Azərbaycan gəncliyinin hazırkı durumunu necə xarakterizə edərdiniz?
-Prezident cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən gənclər siyasəti öz uğurlu nəticələrini verməkdədir. Gənclər siyasətinin uğur göstəriciləri hesab ediləcək üç istiqamət- Tələbə gənclərin xarici ölkələrdə dövlət vəsaiti hesabına təhsil almaları, Azərbaycan gənclərinin idman sahəsindəki artan nailiyyətləri və gənclərin vətəndaş cəmiyyəti quruculuğunda fəal mövqe tutmaları ölkə Prezidentinin gənclərə yönələn davamlı və hərtərəfli dəstəyinin nəticəsi hesab edilməlidir. Bu üç istiqamətdə baş verən ciddi nailiyyətlər ölkənin davamlı inkişafına xidmət edir və onun uğurları artıq öz bəhrəsini verməkdədir.
-Son illərdə ali təhsil ocaqlarında oxuyan tələbələrimizin xarici ölkələrdə təhsillərini davam etdirməsi çoxalıb. Bununla bağlı dövlət proqramları da həyata keçirilir. Bunu necə dəyərləndirərdiniz?
-Heç şübhəsiz, dövlət proqramlarının imzalanması ölkə cəmiyyətinin inkişafını müsbət yöndə aparır. Xarici ölkələrin qabaqcıl ali məktəblərində təhsil alaraq ölkəyə qayıtmış gənclər içərisində bacarıqlı dövlət qulluqçuları, ölkənin bank, maliyyə sektorunda, sənaye sahələrində öz sözünü deyən bacarıqlı menecerlərin sayı artmaqdadır. Əminliklə demək olar ki, yaxın onillik ərzində həm idarəetmədə, həm biznes sferasında məhz dövlət dəstəyi ilə təhsil alaraq ölkəyə qayıdan bugünkü gənclər ordusu aparıcı qüvvəyə çevriləcək.
-Bəs ümumiyyətlə, ölkədə gənclər, tələbələr üçün yaradılan şərait sizi qane edirmi?
-Ölkədə fəal vətəndaş cəmiyyəti formalaşıb. Vətəndaş cəmiyyətinin mühüm bir hissəsini tələbə gənclər təşkil edir. Prezidentin vətəndaş cəmiyyətinin inkişafına verdiyi dəstək nəticəsində ölkədə qeyri-hökumət təşkilatlarının potensialı artmaqdadır. Gənclər təşkilatları bu sferada da xüsusi fəallığı ilə seçilir. Bu gün nəinki ölkə hüdüdlarında, həmçinin dünyanın bir çox ölkələrində Azərbaycanın gənclər təşkilatlarının təşkil etdikləri tədbirlər Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, Azərbaycan mədəniyyətinin təbliğı, beynəlxalq tələbə hərəkatında layiqli təmsilçilik gənclər təşkilatlarının böyük potensiala malik olmasının göstəricisidir. Son illərdə gənclərimizin səsi beynəlxalq forumlardan, toplantılardan daha çox eşidilməkdədir. Avropada, ABŞ-da, Asiyada təhsil alan gənclərimizin Azərbaycanın təbliği, ərazilərimizin işğalına dair həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq istiqamətindəki səyləri müsbət nəticələr verir. Bununla belə, biz hələ proseslərin başlanğıcındayıq. Fikrimcə, əldə etdiyimiz hər bir nəticəni daha yaxşılaşdıra bilərik. Mən ölkə gəncliyinin buna qadir olduğuna inanıram. Dünya ölkələrində Azərbaycanı təmsil etməmiz yalnız qısamüddətli forum və toplantılarda iştirakla bitməməlidir. İnanıram ki, istedadlı gənclərimiz yaxın gələcəkdə BMT, Avropa Şurası, ATƏT və başqa beynəlxalq qurumlarda ölkəmizi təmsil etmə hüququ qazanacaq, beynəlxalq layihələrə koordinatorluq edəcəklər.
-Gələcək planlarınız barədə də söz açardınız.
-Xaricdə təhsilimi başa vurub qayıtdıqdan sonra ixtisasım üzrə dövlət qulluğunda işləmək planlarım var. Ölkə rəhbərliyi tərəfindən xaricdə təhsil almış gənclər üçün geniş imkanlar yaradılıb. Eyni zamanda fəaliyyətimi gənclər sektorunda davam etdirmək fikrim var. Hazırda təhsil almaqla yanaşı ictimai fəaliyyətimi də imkan daxilində davam etdirirəm. Ölkəyə döndükdən sonra hansı sahədə fəaliyyət göstərməyimdən asılı olmayaraq ictimai fəaliyyətimi də davam etdirmək niyyətindəyəm.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info