Mənəvi mədəniyyətimizin xalq təqvimi ilə bağlı adətlər, inanclar və mərasimlər sistemi
Tarix: 04.11.2014 | Saat: 22:24:00 | E-mail | Çapa göndər


Etnoqrafik araşdırmalardan məlum olduğu kimi, xalq təqvimi və onunla bağlı adətlər, mərasimlər və inanclar sistemi mənəvi mədəniyyətimizin milli dəyərlər səviyyəsinə gəlib çatan ən zəngin sahələrindən biri olub və bəşəriyyətin ilkinlik çağlarından insan övladının düşüncə tərzi, ibtidai duyum, yozum və təxəyyül imkanlarından qaynaqlanaraq zaman-zaman biçimlənib,
XIX-XX yüzilliyin əvvəllərinə qədər mükəmməl şəkildə gəlib çatıb. Xalqın mənəvi dünyasının bazisini təşkil edən bu dəyərlər etnosun milli kimliyinin müəyyən olunmasında, onun yaddaşının bərpasında, zaman-zaman baş vermiş bir sıra sosial-siyasi hadisələrin mahiyyətinin açılmasında, milli özünüdərkin, özünəqayıdışın müasir mərhələsində milli-mənəvi mədəniyyətimizin dərindən və elmi əsaslarla öyrənilməsində və təbliğində böyük elmi və praktiki əhəmiyyət kəsb edir. Çünki “hər bir xalqın özünə, öz tarixi köklərinə, əcdadları tərəfindən yaradılmış milli-mənəvi dəyərlərinə bağlılığı böyük amildir” (Heydər Əliyev) və təqvim adətlərimiz, inanc və mərasimlərimiz də bu bağlılığı daha da möhkəmləndirən, xalq təfəkkürünə ayna tutan etnoqrafik dəyərlər sistemi olmaqla, araşdırılmasına böyük ehtiyac duyulurdu. Asəf Yunis oğlu Orucovun haqqında bəhs etdiyim 2013-cü ildə “Elm və Təhsil” nəşriyyatı tərəfindən elmi ictimaiyyətə təqdim olunmuş “Xalq təqvimi” (adətlər, inanclar, mərasimlər) adlı monoqrafiyası məhz bu problemə həsr olunmaqla, Naxçıvan Muxtar Respublikası əhalisinin mənəvi dünyasında mühüm rol oynayan təqvim adətlərinə, onunla bağlı xalq inancları və mərasimlərinə elmi-etnoqrafik baxımdan aydınlıq gətirir və özünün aktuallığı ilə diqqəti cəlb edən tarixi-etnoqrafik araşdırma təsiri bağışlayır. Hər şeydən əvvəl, bu monoqrafiya ciddi və müstəqil tədqiqat işi olub, həm sırf tarixi-etnoqrafik araşdırma baxımından, həm də geopolitik və etno-siyasi durumun yaratdığı bugünkü reallıqlar - etnik münaqişələr, torpaq-ərazi iddiaları, xüsusilə bədnam erməni «qonşularımızın» «Böyük Ermənistan» yaratmaq kimi sərsəm xülyaları və s. kontekstindən xüsusi aktuallıq kəsb edir. Məsələ burasındadır ki, uzun illər boyu erməni «tədqiqatçılarının» uydurulmuş «Böyük Ermənistan» ideyasını həyata keçirməyə və Naxçıvan bölgəsinin də oraya daxil olduğunu həyasızcasına «sübut etməyə» çalışdıqları bir zamanda bu məkrli iddianın ağ yalan olduğunu faktlarla aşkara çıxartmaq, tarixi Naxçıvan torpaqlarının Azərbaycanımızın ayrılmaz tərkib hissəsi olduğunu tarixi-etnoqrafik materiallarla təsdiq etmək, siyasi liderlərimizin apardıqları məqsədyönlü xarici siyasətlə yanaşı, etnoqraflarımızdan da böyük sayıqlıq, məsələyə münasibətdə ciddi obyektivlik tələb edir. Bu baxımdan A. Y. Orucovun təqdim etdiyi monoqrafiya elmi-siyasi əhəmiyyətə malikdir. Müəllif apardığı tarixi-etnoqrafik araşdırmaları ilə sübut edir ki, Azərbaycan xalqının tarixi taleyində, mədəniyyətində, ailə və təsərrüfat məişətində xüsusi çəkisi olan Naxçıvan bölgəsi istər inzibati-ərazi, istərsə də antropoloji mənsubiyyət, dil, din, etnik özünüdərk və s. etnoqrafik məziyyətləri baxımından tarixən Azərbaycanın ayrılmaz tərkib hissəsi olub, xalqımıza xas olan bütün maddi və mənəvi dəyərlər bu etnik-mədəni mühitdə də formalaşmış, məhəlli-lokal variantları ilə seçilib.
Monoqrafiyanın aktuallığını şərtləndirən digər bir cəhət mənəvi dünyamızın, məişət və təsərrüfat həyatımızın ayrılmaz tərkib hissəsi olan adətlər, mərasimlər və inanclar sisteminin etnosun milli kimliyinin aydınlaşdırılmasına, dini-mifoloji təfəkkürün formalaşmasına yardımçı olması, eləcə də xalqın ənənəvi təsərrüfat məişətinin bərpasında mühüm əhəmiyyətə malik olmasıdır. Müəllif Naxçıvan bölgəsi əhalisinin mənəvi dünyasının bu sahəsini elmi-etnoqrafik tədqiqata cəlb etməklə, itib-batmaqda olan, elmi-texniki tərəqqinin təsirilə artıq unudulan çoxluca təqvim adətlərimizi qeydə alıb, araşdırıb, elmi təsvirini və təhlilini verib, başlıcası isə onların gələcək nəsillərimizə olduğu kimi çatması üçün əsl etnoqraf fədakarlığı göstərib. Azərbaycançılıq milli ideologiyası baxımından araşdırılan ümdə məsələlər problemə yeni baxışın təzahürü kimi də aktuallıq kəsb edir.
Qeyd edək ki, son illər AMEA Naxçıvan Bölməsinin fəaliyyətə başlaması ilə əlaqədar olaraq burada etnoqrafik tədqiqatların sayının və xüsusi çəkisinin artması müşahidə olunmaqdadır. Səriştəli tarixçi-etnoqraf, AMEA-nın müxbir üzvü Hacı Qadir Qədirzadənin rəhbərlik etdiyi bu etnoqrafik məktəbdə yeni-yeni bacarıqlı etnoqraf-kadrlar yetişir ki, onlardan biri də Asəf Orucovdur. Təqdirəlayiq haldır ki, H.Q. Qədirzadə monoqrafiyaya yazdığı “Ön söz”də A. Orucovun tədqiqatçılıq bacarığını yüksək qiymətləndirir və əsərin böyük elmi əhəmiyyət kəsb etdiyini xüsusi qeyd edir. Müəllif topladığı etnoqrafik-çöl materiallarının elmi təhlilinə, bu materialların digər etnoqrafik bölgələrin və bütövlükdə türk dünyasının etnoqrafik materialları ilə qarşılıqlı-müqayisəli analizinə, Naxçıvan bölgəsi muzeylərində nümayiş etdirilən etnoqrafik eksponatların çoxçeşidliliyinə və tədqiqatına cəlb etdiyi zəngin Azərbaycan, türk və rus dilli ədəbiyyata istinad edərək ümumazərbaycan və ümumtürk mənəvi mədəniyyəti fonunda Naxçıvan bölgəsinin sözügedən problem sahəsində yerini və rolunu müəyyən edib, xalq təqviminin, onunla bağlı meteoroloji və feneoloji müşahidələrin əhalinin təsərrüfat həyatında və gündəlik məişətində mühüm rol oynadığını təsdiqləyə bilib.
Monoqrafik tədqiqatın məzmunundan aydın olur ki, uzun illər boyu Türkiyə, Ermənistan və İran dövlətləri ilə eyni etno-coğrafi məkanda həmsərhəd yerləşməsinə və karvan-ticarət yollarının üzərində olmasına baxmayaraq, feodalizm və kapitalizmin ilk dövrlərinin natural-təsərrüfat qapalılığı, etnik psixologiya, ailədə, təsərrüfat məişətində və mənəviyyatda mühafizəkar varislik, İslami dəyərlərin güclü təsiri, həmçinin etnosun özünün milli və yerli xüsusiyyətləri burada empirik biliklər, təcrübələr, sınamalar və vərdişlər sisteminə əsaslanan mükəmməl xalq təqvimi adətləri və onunla bağlı mərasimlər və inanclar kompleksi yaradıb. Müəllif elə bu xalq təqvimi kompleksini sözün həqiqi mənasında kompleks araşdırmalara cəlb edib, ilk dəfə olaraq Azərbaycan etnoqrafiyası elmində Naxçıvan bölgəsi əhalisinin xalq təqvimi və onunla bağlı meteoroloji və feneoloji müşahidələr sahəsində yaratdığı bütün dəyərləri aşkara çıxarıb.
Giriş, üç fəsil, nəticə, istifadə olunmuş ədəbiyyatın və məlumatçıların siyahısından tərtiblənən monoqrafik tədqiqatın I fəslində müəllif xalq təqviminə əsasən ilin fəsillər üzrə bölgüsü, 12 heyvanla bağlı türk təqvimi, yazın qarşılanması, Novruz bayramının keçirilməsi ilə bağlı adətlər, mərasimlər və inanclar, yayla bağlı təqvim adəti - Su səpən bayramı, qışla bağlı təqvim adətləri, inanclar və mərasimlər kimi təsərrüfat və məişət əhəmiyyətli ənənəvi, mənəvi dəyərləri tədqiqata cəlb edib, bölgə əhalisi arasında yayılma arealını, yaranma səbəblərini, mahiyyətini, genezisini, etnoqrafik əlaqələrdə rolunu tutarlı elmi-etnoqrafik dəlillərlə aşkar etməyə çalışıb və buna nail olub.
Əsərin II fəsli bütünlüklə bölgə əhalisinin təsərrüfat məişəti ilə bağlı adətlərə, inanclara və mərasimlərə həsr olunub, daha dəqiq desək, əkinçilik, maldarlıq, üzümçülük, bağçılıq, bostançılıq və arıçılıqla bağlı xalq təqviminin etnoqrafik araşdırılmasını özündə cəmləşdirib. Burada xüsusilə maldarlıqla bağlı döl ayı, köç ayı, danaqıran, oğlaqqıran, qoçqarışan, naxırqovan; əkinçiliklə bağlı şum, əkin, səpin, biçin, xırman; arıçılıqla bağlı beçə vermə, pətək qoyma, bal kəsmə və s. kimi adətlər, inanclar və mərasimlər xüsusilə qabarıq şəkildə tədqiq edilib.
Nəhayət, əsərin III fəsli “Əhalinin ənənəvi qış hazırlığı” adlanmaqla, məişət qayğıları ilə bağlı təqvim adətlərinin, mərasim və inancların (ərzaq məhsullarının, dadlıq və çərəzlərin hazırlanması, mal-qara üçün yemin tədarük olunması, qış yanacaq ehtiyatı, evlərin qızdırılması və s. məsələlərin) tədqiqinə həsr olunub. Müəllifin tədqiqat obyekti kimi seçdiyi və Naxçıvan bölgəsi əhalisinin uzun əsrlər boyu yaratmış olduğu bu milli-mənəvi dəyərlər xalqımızın uzaq keçmişindən üzü bəri düşüncə tərzinin, dünyaduyumunun, estetik-bədii zövqünün, empirik yaradıcılıq qabiliyyətinin məhsulu kimi minilliklərin təcrübəsi, əməli vərdişləri bünövrəsində təşəkkül tapıb, bəziləri unudularaq aradan çıxıb, bəziləri isə günümüzün reallıqlarına qovuşub. Müəllif xalq təqvimi ilə bağlı bu adət, inanc və mərasimləri qeydə alıb, etnoqrafik dəqiqliklə təsnifatını verib, hətta unudulmuş təqvim adətlərinin neçəsini də bərpa edib. Bu mənada müəllifin vaxtında gördüyü işlər, etnoqrafik araşdırmalar təqdirəlayiqdir.
Monoqrafiyada əldə olunan nəticələrdən aydın olur ki, Naxçıvan bölgəsi əhalisinin zaman-zaman yaratmış olduğu təqvim adətləri, mərasimləri və inancları həm təbiət hadisələri, fəsil dəyişmələri ilə, həm də əhalinin məişət həyatı ilə sıx bağlı olub, məhəlli və dünyəvi xarakteri ilə seçilib, əksəriyyəti türk etnik-mədəni mühitində formalaşıb, özünün etnogenetik qaynaqları ilə ümumtürk milli-mənəvi dəyərləri ilə səsləşib. Təqvim adətlərimizin ümumtürk dəyərləri ilə müqayisəli araşdırılması, yayılma arealının müəyyənləşdirilməsi, məhəlli-lokal xüsusiyyətlərinin aşkara çıxarılması, onların formalaşması dinamikasının izlənilməsi, nəhayət, bəzi məhəlli-lokal xüsusiyyətlərinə baxmayaraq, bu milli-mənəvi dəyərlərin Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi qiymətləndirilməsi də tədqiqat işinin başlıca yeniliklərindəndir.
A. Y. Orucovun elmi ictimaiyyətin mühakiməsinə təqdim etdiyi monoqrafiyada qoyulan məsələlər, etnoqrafik tədqiqata cəlb edilən problemlər ermənilərin ərazi iddialarını puça çıxaran tutarlı faktlar və etnoqrafik materiallar toplusudur. Müəllifin ilk dəfə olaraq elmi dövrəyə daxil etdiyi tarixi-etnoqrafik materiallar, çoxsaylı məlumatçıların siyahısı, eləcə də türk dünyası yazarlarından geniş şəkildə istifadə onun tədqiqatçılıq bacarığını göstərməklə, Azərbaycan etnoqrafiyası elminin mənbəşünaslıq bazasını da zənginləşdirir. Müəllif bütün gerçəkliyi ilə sübut edir ki, təqvim adətləri, inanc və mərasimləri türk etnik-mədəni mühitinin ayrılmaz hissəsi olan Naxçıvan bölgəsində formalaşmışıb və burada heç bir kənar etnik təsir ola bilməz.
Müəllifə gələcək tədqiqatlarında yeni-yeni uğurlar arzulayırıq.
Fəzail Vəliyev,
Tarix elmləri doktoru, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info