“Hədəfimiz regionda sülhə yardım etməkdir”
Tarix: 05.11.2014 | Saat: 23:41:00 | E-mail | Çapa göndər


Elşad Abdullayev: “Bizim tək hədəfimiz, yaşadığımız ölkələrdə və ölkələrimizin daxil olduğu regionlarda sülhün bərqərar olunmasıdır”
Müsahibimiz Dünya Türk Gəncləri Birliyi İctimai Birliyinin baş əlaqələndiricisi Elşad Abdullayevdir:
- Elşad müəllim, Dünya Türk Gəncləri Birliyinin fəaliyyəti haqqında nə deyə bilərsiniz?
- Dünya Türk Gəncləri Birliyi 1992-ci ilin fevral ayında Tatarıstanın paytaxtı Kazan şəhərində türk dünyasından təmsil olunan bir çox gənclik təşkilatlarının nümayəndələri tərəfindən qurulan bir təşkilatdır. Bu təşkilat, Azərbaycan mərkəzli bir təşkilat deyildi. Dünya Türk Gəncləri Birliyi qurulduğu ildən 2010-cu ilə qədər qeydiyyatsız olaraq gənclər təşkilatları platforması şəklində fəaliyyət göstərib. Lakin bu platformaya üzv təşkilatların hamısı öz ölkələrində qeydiyyatlı, hüquqi şəxs olan qeyri-hökumət təşkilatlarıdır.
Hazırda Dünya Türk Gəncləri Birliyinə 18 ölkədən 36 türk xalq və topluluğunu təmsilən 42 təşkilat üzvdür. Azərbaycandan rəsmi üzv olan təşkilat Azərbaycan Respublikası Gənclik Təşkilatları Milli Şurasıdır. 2009-cu ildə Dünya Türk Gəncləri Birliyinin Krımda, Yaltada XIV qurultayı keçirilib. Bu qurultayda rəhbərlik Azərbaycana verilib. Dünya Türk Gəncləri Birliyinin sədri olaraq, III çağırış Milli Məclisin üzvü və hal-hazırda sədrimiz olan Əkrəm Abdullayev seçilib. 2010-cu ilin yanvar ayında da Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən Dünya Türk Gəncləri Birliyi İctimai Birlik olaraq, qeydə alındı. Bu da o deməkdir ki, Dünya Türk Gəncləri Birliyi özü də bir hüquqi şəxs, həm də bir qeyri-hökumət təşkilatıdır. 2012-ci ildə Dünya Türk Gəncləri Birliyi XV qurultayını Türkiyənin İstanbul şəhərində həyata keçirib. Hal-hazırda birlik XVI qurultayına hazırlaşır.
- Dünya Türk Gəncləri Birliyinə üzv olmaq strukturu necədir?
- Dünya Türk Gəncləri Birliyinin strukturu çox sadədir. Hər türk xalqından bir və ya bir neçə gənclik təşkilatı üzv ola bilər. Lakin səsvermə zamanı bir xalq bir səs prinsipinə görə səsvermə gerçəkləşdirilir. Ona görə bizdə 75 milyonluq Türkiyə ilə 15 minlik Şor xalqının demək olar ki, səsvermədə rolu, gücü, funksiyası eynidir. Bu da bizə görə, türk demokratik düşüncəsinin ən bariz nümunəsidir. Dünya Türk Gəncləri Birliyi 1992-ci ildən bu zamana qədər 15 qurultay, Gənclik Günləri Festivalları, 11 dəfə təşkilat rəhbərlərinin toplantılarını və saysız-hesabsız sərgilər, konfranslar, görüşlər, seminarlar həyata keçirib.
Dünya Türk Gəncləri Birliyinin yarandığı gündən ən əsas məqsədi, türk dünyası gəncləri arasında həm müxtəlif sahələr üzrə, həm də maraqlar və prinsiplər əsasında, insanlar arasında əməkdaşlığı bərqərar etmək və gücləndirməkdir. Dünya Türk Gəncləri Birliyinin vaxtilə qurucuları olan insanlar o zaman gənc olmalarına baxmayaraq, bu gün artıq xeyli yaşlı insanlardır. 45, 50, 55, 60 yaşlarında olan insanlarımız, Dünya Türk Gəncləri Birliyinin Makedoniyada 2007-ci ildə keçirilən XIII qurultayında alınan bir qərarla, Türk Xalqları Konqresini yaradıb və fəaliyyətlərini orada davam etdirirlər. Ona görə bizim təşkilatda gənclik hər zaman dəyişir. Gənclik yaşından çıxan insanlar fəaliyyətlərini başqa platformalarda davam etdirirlər. Onların yerlərinə isə təşkilatın daxilindən və ya xaricindən gənclər gəlir.
Təşkilatımız məqsədinə çatmaq üçün çətinliklərlə də qarşılaşır. Əfsuslar olsun ki, Dünya Türk Gəncləri Birliyini bütün dünya dövlətləri və dövlətlərarası orqanları tərəfindən fəaliyyətinin rəğbətlə qarşılandığını deyə bilməyəcəyəm. Çünki nəticədə türk dünyasının məsələlərindən biri türk xalqlarının dilini, mədəniyyətini, öz milli identifikasiyasının qorunması məsələsidir. Bu da öz növbəsində bir çox hallarda siyasi problemlərlə üz-üzə qalan xalqların problemi kimi görünür. Misal olaraq bir çox türk xalqlarının adını çəkmək olar - türkmənlər, qaqauzlar, Qaraçaylar, uygurlar, Nogaylar, Kipr, Kosova və Ahıska türkləri, Krım tatarları və sair. Biz dəfələrlə Dünya Türk Gəncləri Birliyi toplantılarında müxtəlif səpkili bəyanatlar, çağırışlar, etiraz aktlarını qəbul etmişik. Bunlardan bəziləri, bu və ya digər türk dövləti olmayan dövlətdə yaşayan türk xalqlarının torpaq və adminstrativ bölgü haqları, yaxud, bəzi türk xalqlarının dillərini, etnik və ya dini özünəməxsusluğun qorunması üçün yaşanan problemlərə diqqətin çəkilməsidir.
Biz çalışırıq ki, fəaliyyətimizdə sosial sahələr üzrə çərçivə qoymayaq. Dünya Türk Gəncləri Birliyi qurultaylarında bir neçə komissiya üzrə işlər aparır. Bu komissiyalar iqtisadiyyat komissiyası, dil-ədəbiyyat komissiyası, idman və gənclik komissiyası, din komissiyası, ekologiya komissiyası və əlbəttə ki, siyasət komissiyasıdır. Bu komissiyalar nə üçün lazımdır? Qurultayın keçirildiyi 4-5 gün ərzində musiqi festivalı, müxtəlif səhnə ifası və təqdimatı ilə yanaşı, biz həm də gəncliyi narahat edən sahələr üzrə bütün problemləri sinifləndirib komissiyalara ayıraraq qurultay iştirakçılarının və nümayəndələrinin bu komissiyalarda işləməsini təmin edirik.
Məsələn, 1998-ci ildə Qazaxıstanda keçirdiyimiz VIII Qurultay vaxtı, bir günlük beynəlxalq konfrans da təşkil etdik. Konfrans, Aral gölünün ekoloji fəlakəti və bölgə ölkələrinə olan təsiri probleminə həsr edildi. 2000-ci ildə Bakıda keçirdiyimiz X Qurultayımızda Qarabağdan didərgin düşmüş yüz minlərlə insanımızın taleyi ilə əlaqədar dəfələrlə müraciətlər etmişik. Yeri gəlmişkən, qeyd edim ki, Xocalı soyqırımı və torpaqlarımızın ermənilər tərəfindən işğalı daim birliyimizin gündəliyindədir. 2004-cü ildə Rumıniyada keçirdiyimiz XI qurultayımızda Qaqauz xalqlarının, Tatar xalqlarının, bəzi ölkələrin Avropaya inteqrasiya etdiyi zaman onlara azlıq haqlarının tanınması məsələsini ortaya qoyduq. 1999-cu ildə IX qurultayımız Çuvaşiyada Çeboksarıda keçiriləndə isə, Volqaboyunda yaşayan türk xalqlarının - tatarların, başqırdların, çuvaşların və başqa xalqların öz ana dillərində təhsil imkanlarının artırılmasını həyata keçirmək məsələsinin vacibliyini bildirdik. Məsələn, sadəcə Tatarıstanın xaricdə iqtisadi nümayəndəliyini açmaq imkanı var. Ancaq Çuvaş Respublikası ilə Başqırdıstan Respublikasına da bu haqqın tanınması mövzusunda simpoziumlar keçirdik.
Simpoziumların sonunda yekun sənədlər təşkil olunub, adı keçən ölkələrin prezidentlərinə, Parlamentlərinə, UNESCO-ya, BMT-yə, ATƏT-in əlaqədar qurumlarına və bir çox aidiyyəti orqanlara göndərildi.
Biz, İctimai Birlik olaraq problemləri əlbəttə ki, həll edə bilmərik. Biz bunu bilirik. Lakin problemlərə cəmiyyətin və ictimai kateqoriyadan olan maraqlı dairələrin diqqətini cəlb edə bilərik. Ən azında bunu bacararıq.
Məsələn, Şimali Qafqazda Qaraçay-Balkar türk qardaşlarımızın bir problemi var. Onlar hər nə qədər problemlərini Moskvaya, mərkəzə yazsalar da, bəlkə də onları dinləyənlər az olur. Ancaq bizim qurultaylarımızda onlardan iştirak edən nümayəndələr təklif edirlər ki, bir də bizim adımızdan mərkəzə xahiş göndərək. Biz də bunu hansısa ölkənin daxili işlərinə qarışacaq şəkildə qətiyyən etmirik. Biz sadəcə qurultaydan təkliflər şəklində, xahişlər şəklində, məktub vasitəsilə yazıb göndəririk. Sadəcə bunu bütün qurultay etdiyi üçün məktubu qəbul edən tərəf də görür ki, bu problem artıq həllini tələb edən bir məsələdir. İnsanlar görürlər ki, problemin həll olunması bölgə xalqlarının qardaşlığı və bir-biri ilə əməkdaşlıq etməsi üçün müsbət bir haldır, ona görə də müraciətlər edilir. Belə olan halda həmin müraciətə ciddi yanaşırlar.
Yaxud, Noqay xalqının əkin sahələri ilə bağlı bir problemləri var idi. Yanlış bölgü ilə bəzən əkin sahələri, bəzən də otlaq sahələri onların əllərindən alınmışdı. Yəni, bu sırf noqaylara qarşı olan bir hal deyildi. Sadəcə onların kompakt yaşadığı bölgələr bu vəziyyətdə qalmışdı. 2012-ci ildə keçirilən XV qurultayda iştirak etdikləri zaman təklif etdilər ki, müraciət formasındakı məktubu biz qəbul edib, Rusiya Federasiyasının prezidentinə və aidiyyəti orqanlarına göndərək. Biz bunu etdikdən sonra demək olar ki, bu məsələ həll olundu. Bu məsələyə də çox ciddi yanaşdılar.
18 ölkədən türk xalqları birliyimizdə təmsil olunur. Bu ölkələri sadalamaq heç də çətin deyil. Bu Çindən başlayaraq, Uyğur xalqı, bütün Mərkəzi Asiya, Əfqanıstan, Rusiyanın bütün türk xalqları, İran, İraq, Suriya, əlbəttə ki, Azərbaycan, Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti və Avropanın bir çox ölkələrindən - Moldovadan qaqauzlar, Ukraynadan Krım tatarları, Rumıniya, Makedoniya, Bolqarıstan, Yunanıstan, Polşa tatarları və s. Bizim hətta üzvlərimiz arasında Litvadan karaimlər var. Bir nüansı da qeyd etmək istərdim ki, biz dünyada yeganə təşkilatıq ki, bütün konfesiyalar təmsil olunur. Buddizmdən Şamanizmə qədər, İslamdan Xristianlığa qədər, Yəhudilikdən Göy Tanrıçılığa qədər və Amerikan Şamanizmi dediyimiz görüşlər belə təmsil olunur.
Çünki türk xalqı çox konfesiyalı xalqdır və bu məsələdə isə biz tolerantlığa üstünlük veririk.
- Dünyada türk gənclərinin əsas hədəfi nədir? Regional prosesləri izlədikdə hədəfi nədə görürlər?
- Əslində bizim tək hədəfimiz var. Bir cümlə ilə desək, yaşadığımız ölkələrdə və ölkələrimizin daxil olduğu regionlarda sülhün bərqərar olunmasıdır. Bizim bütün fəaliyyətimiz o hədəfə çatmağın bir pilləsidir. Biz əgər dini tolerantlıqdan danışaraq deyiriksə ki, tolerantlıq həm də təşkilatımızın içindədir, əlbəttə ki, bu demək deyil ki, tolerantlıq bir hədəfdir. Bəs nə üçün biz bunu vacib görürük? Çünki tolerantlıqla dostluq var olduqca, sülhü bərqərar etmək mümkündür. Yaxud da siyasi görüşlər. Mən siyasi görüşlərdən onu deyə bilərəm ki, bizim üzvümüz olan təşkilatların bəziləri öz ölkələrində kommunistdir. Bəziləri liberal, bəziləri isə öz ölkələrində milliyətçi qruplardandır. Solçuluq var, sağçılıq, milli təəssübkeşlik var. Biz onların siyasi tərəflərinin təşkilatımızda dominant hala gəlməsini istəmirik. Buna ehtiyac da yoxdur. Biz onun qarşısını almırıq. Çünki onlar tədbirlərə gələndə daha çox türk kimliyi ilə, türk olma şüuru ilə iştirak edirlər. O, siyasi tərəfini öz ölkəsində qoyur gəlir. Ancaq söhbətlərində bilirik ki, bu hansı siyasi yolun tərəfdarıdır. Bəlkə də o yol onun öz ölkəsində ən doğru yoldur. Buna görə də siyasi vicdan azadlığına da böyük hörmətimiz var. Bu da əslində bir hədəf deyil. Siyasi plüralizm yolu ilə siyasi sahəyə çıxa biləcək təlatüm dalğalarının qarşısının alına biləcəyinə inanırıq. Bu da sülhün bərqərar olunmasıdır.
Yaxud da eyni millətdən olan nümayəndələr var. Məsələn, tatarlar. Rumıniya tatarları, Polşa tatarları, Tatarıstan, Krım tatarları bir araya gələndə bu gün Dünya Tatar Hərəkatında onların baxışları, onların yeri tamam fərqlidir. Lakin onlar Dünya Tatar Hərəkatında olan fikir ayrılıqlarını qurultaya gələndə unudurlar. Çünki burada bizi birləşdirən bir ad var: Türk! Ola bilər ki, tatarların içində gedən proseslərə eyni şəkildə baxmırsan, lakin sən onu münaqişə halına da çevirmirsən. Şübhəsiz ki, fərqli baxış hər kəsin haqqıdır. Yəni, sülh deyəndə burada həmçinin, xalqlararası sülhdən söz açılır.
Bütün sahələrin sülhünü təmin etmək üçün o sahələrdə insanların dialoqunu təmin etmək lazımdır. Çünki bəzən insan tanımadığının düşmənidir.
Hədəfimiz də ölkənin və ölkənin daxil olduğu regionun sülh içində yaşaması prosesinə yardım etməkdir.
Təkrar edirəm ki, biz, ictimai birliyik. Əlbəttə ki, nə qədər istəsək də bəzi konfliktləri sülhə çevirə bilmərik. Ancaq sülhə doğru gedən siyasətlərdə, dövlətin proqramlarında yer tuta bilərik və buna çalışırıq. Bundan sonra da belə davam edəcəyik.
- Türk gəncləri daha çox hansı sahələrdə birləşməyi üstün tuturlar?
- Dünya Türk Gəncləri Birliyinin çox gözəl bir tərəfi var. Artıq 22 il ərzində fəaliyyəti boyunca 4 beynəlxalq təşkilat qurub. Bu təşkilatların artıq üçü müstəqil təşkilatlardır. Qətiyyən DTGB rəhbərliyi altında olmayan təşkilatlardır. Ancaq hamısı DTGB tərəfindən qurulan təşkilatlardır.
Bunlardan birincisi, Dünya Gənc Türk Yazarları Birliyidir ki, onun rəhbəri Əkbər bəy Qoşalıdır. Bu təşkilat, 1998-ci ildə DTGB-nin Qazaxıstanda keçirilən VIII Qurultayında alınan qərar ilə quruldu. Daha sonra Bakıda qeydiyyatdan keçib, müstəqil təşkilat oldu. İkincisi, Dünya Gənc Türk Jurnalistlər Birliyidir ki, 2004-cü ildə Rumıniyada keçirilən XI Qurultayımızda qəbul edilərək qurulub. Bir il sonra Ankarada qeydiyyatdan keçib. Rəhbəri İraq Türkmanlarından Şəmsəddin bəy Küzəçidir. Bu təşkilatın 10 illiyini bu yaxınlarda qeyd etdik. Üçüncü təşkilat isə 2013-cü ildə yaradılan Dünya Gənc Türk İş Adamları Birliyidir. Mərkəzi İstanbuldadır. Təşkilatın rəhbəri Demet xanım Onuşdur. Dördüncü təşkilat yaradılıb. Amma hələ ki, qeydiyyata düşməyib. Bu 1998-ci ildə yaradılan Dünya Gənc Türk Elm Adamları Birliyidir. Mərkəzi Qazaxıstandadır. Rəhbəri isə gənc alim, professor Dosay Kenjetaydır. Bəzi təşkilatların quruluşu başlayıb. Lakin hələ sona yetməyib. Dünya Gənc Türk Lider Xanımlar təşkilatının qurulması gündəmdədir. Çünki, 2012-ci ildə belə bir qərar alınıb ki, qurulsun. Ancaq tam şəkildə qurulmayıb.
Nəyə görə biz bunu edirik? Çünki bizə görə dünyadakı türk gənclərinin əməkdaşlığı mütləq sahələr üzrə olmalıdır. Əlbəttə ki, “türk” sözü bizi birləşdirən bir sözdür. “Türk” sözü məcazi mənada desək çətirimizdir ki, onun altında biz yığışırıq. Necə ki, bir ev tikilərkən sütunlara, otaqlara, dam örtüyünə ehtiyacı var. Məhz “türk” sözü də həmin o dam örtüyünün nişanəsidir. Bu dam örtüyünün sağlam qala bilməsi üçün biz sütunlarımızı möhkəm saxlamalıyıq. Bu sütunlar isə sosial sahədə daha çox ixtisas və maraq dairələri üzrə olan sahələrdir. Bu sahələrin də əlbəttə ki, başında gələn idman, ekologiya, din, iqtisadiyyat, ticarət və buna bənzər sahələrdir. Bu sahələr üzrə XVI qurultayımızda da yeni uğurlarımıza imza atacağıq.
-Gənclərə tövsiyələriniz...
- İlk əvvəl sizin qəzetin rəhbərliyinə öz təşəkkürlərimi çatdırmaq istəyirəm. Bunu da xüsusi qeyd etmək istəyirəm ki, “Palitra” qəzeti öz dəsti-xətti olan bir qəzetdir. Demək olar ki, 2003-cü ildən bəri sizin qəzetin oxuyucusuyam. Çünki o vaxta qədər mən Türkiyədə çalışırdım. Saytınızın olması qəzetinizin oxunaqlığını artırıb. Təbrik edirəm. Çox gözəl bir fəaliyyətdir.
Tək arzumuz budur ki, “Palitra” qəzetinin oxuyucuları türk dünyası və türk gəncliyi haqqında gündəlik olmasa da, günaşırı məlumat əldə etməyə çalışsınlar. Sözüm xüsusi ilə gəncliyə aiddir. Biz bu gün yolda gedərkən çoxumuzun üzü gülür, çoxumuzun işləri yolundadır. Lakin elə türk elləri və yurdları var ki, oralarda insanlar təbəssüm nədir unudublar. Biz bunları hiss etməliyik.
Digər bir tərəfdən, gənclər bir-birlərinə dayaq olmalı, komanda şəklində çalışmağı bacarmalıdırlar. Ancaq bu şəkildə ölkəmizin sabahı üçün bu gün nə isə etmək mümkündür. Bunun üçün isə ölkəmizin gənclərlə əlaqədar proqramlarında aktiv yer almaq lazımdır. Misal üçün, bizim təşkilatın fəaliyyətinin güclənməsinin bir səbəbi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin bizə verdiyi dəstəkdir. Digər səbəb isə Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəyidir. Bu dəstəklər heç bir zaman unudulmaz. Bu dəstəklər var olduğu müddətcə missiyamızın öhdəsindən gələcəyik. Şübhəsiz, bu dəstək cənab Prezidentimizin gənclər siyasətinin məntiqi davamıdır.
Lakin bir məsələ də var ki, gənclik hər zaman yardım gözləməməlidir. Ən azından oxuyub çalışmalı, maraq dünyasının sərhədlərini artırmalıdır. Bu sərhədlər ən az türk dünyası qədər genişdir.
“Palitra” qəzeti vasitəsilə oxucularımıza bildirmək istəyirəm ki, türk dünyası ilə olan həmrəyliklərini gündəlik yaşayış tərzinə gətirsinlər. Əgər İraqda türkmənlərin, Qaraçayda malkarların, Krımda tatarların, Suriyada bucaq və həllac türklərinin bir problemi varsa, o problemi özümüzə yaxın bilməliyik. Çində uyğurların, İranda Güney Azərbaycanımızın bir xahişləri varsa, biz onu eşitməliyik. Mənəvi də olsa cavab verməliyik. Sadəcə mədəniyyət və gənclik siyasətindən danışıram. Türk millətinin qardaşlığının qarşısını heç kim ala bilməz. İnanmıram ki, hər hansı bir ölkə, türklərin birlik və bərabərlik arzusuna qarşı çıxmış olsun. TÜRKSOY türk xalqlarının, türk topluluqlarının birləşdiyi qurumdur. TÜRKSOY-un fəaliyyəti UNESCO-dan heç də geri qalmır. Türklər nə yaradırlarsa yaratsınlar çox gözəl alınır. Türk milləti nəyə imza atırsa-atsın, o, əbədiyyətə imza atır. Onu da qeyd edim ki, bu günə qədər türk millətindən zərər görən olmayıb. Türklərin birgə fəaliyyətindən də, birliyindən də heç bir xalq zərər görməyəcək.
Fikir versəniz, uyğurların Doğu Türküstan ölkəsindən tutmuş, Mərkəzi Asiya, Batı Türküstana, Güney Azərbaycan, Quzey Azərbaycan və Türkiyə, oradan da Balkanlar doğru bir xətt olmaqla, yaz bu yerlərdə eyni vaxtda başlayır. Mən bu qurşağa “Novruz qurşağı” deyirəm. Bu yerlərdən cənuba tərəf hər zaman isti, şimala tərəf hər zaman soyuqdur. Düşünürəm ki, Novruz qurşağında yerləşən türk xalqlarının dünyaya bəxş edəcəyi sadəcə bir şey var, o da təzə açmış yaz gülü kimi yaz təravətidir.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info